Posts

Showing posts from 2015

İLİN SON YAZISI.. -6-

Image
..yeni ilə hardasa nə az nə çox düz 10 saat qalıb. :) Mənsə metrodayam. ..anamın yanına tələsirəm. .ona baş çəkməyə, ürəyimdəkiləri ona deməyə tələsirəm.. Metroda hardasa 7-8yaşında bir oğlan anasının əlini üzünü öpür. Nəsə istəyir ondan, amma anası vermir :) gülümsündüm. Anası da görüb oğlunu sığallıyıb öpdü. Mənzərə qəşəng idi. Bu il nə gələcəyə qaçmağın, nə də keçmişlə yaşamağın bir xeyri olduğunu öyrəndim. Öyrəndim ki, bu gün bu gündür vəssalam. Bacarırsan yaşa. Bacarmırsansa, deməli.... deməlinin arxasınca çox söz deməy olar, amma siz özünüz seçin. Çünki, hər seçim bir yoldu və hər yol mütləq bizə nələrsə öyrədir. Mütləq! Amma bu gün tələsmək olar.. ..sevdiklərimizə, itirdiklərimizə, səhvlərimizi düzəltməyə.. Gələn il anamı daha çox başa düşmək arzusu ilə... 3 il aradan sonra, öz evimdə :)

OXUDUĞUM KİTABLAR.. III

Bu il qarşıma 100 kitab oxumağı məqsəd qoysam da məqsədimə çata bilmədim. Hətta aylarla kitab əlimə almağa fürsətim belə olmadı. Amma, səbəbi məlumdu. Ona görə də çox da təəssüflənmirəm sözün doğrusu :) Ötən il 35 kitab oxusamda, bu il cəmi cümlətanı 12 kitaba yer verə bildim. Belə götürsək, hər aya bircə kitab. Beləliklə: 1. Jojo Moyes - "Sevgilimden son mektup" - son oxuduğum "Ardında bıraktığın kadın" qədər təsir etməsə də, maraqla oxudum. 2. Erix Maria Remark - "İnsanları sevmelisin" - Remarkı çox sevirəm. Amma, təəssüf ki bu əsəri dərinliklə  xatırlaya bilmədim. yəqin ki yenidən oxuyacaqlarım siyahısında yer alacaq! 3. Varis Dirie - "Səhra çiçəyi" - yazarın adı sizi də çaşdırmasın. Bu azərbaycanlı Varis deyil, özü Afrikanın səhralarından qaçıb ABŞ-da model olan qızcığazdır. Öz həyatını qələmə alıb və kitab əsasında kinosu da çəkilib. Olduqca maraqlı və həyəcanlı əsərdir. Kinosu da məsləhətlidir. 4. Aleksandr Javelius - "Leyla&

Təqvimlər...

Təqvimlər heç zaman aldatmır.. nə səni mənə gətirəcəyi, nə də sənin yanına gedə biləcəyim zamanı vəd edən günləri qırmızılamır.. yenidən sənli günlərin gələcəyinə ümid vermir,     ..vəd vermir, ..heç zaman aldatmır təvqimlər.. Təqvimlər heç zaman yanılmır.. qəlibə düşmüş həftələr, aylar hər yeni il boyu mənə boylanır.. özümün işarələdiyim günlər gəlir, keçir, uçur.. ..amma, yenidən sənli günlərin gələcəyinə ümid vermir, ..vəd vermir, heç zaman aldatmır təqvimlər.. Təqvimlər heç zaman qaytarmır.. artırdığı qədər azaldır, ..alır, qoparır, aparır. sonra arsızca yaraları sarıyır.. ..sağaltmır yenidən sənli günlərin gələcəyinə ümid vermir, ..vəd vermir, heç zaman aldatmır təqvimlər.. Təqvimlər heç zaman unutdurmur.. bacarmır.. səni dünyaya bəxş edən avqust, məni sənə pay verən yanvar və qəddarca səni məndən qoparan oktyabr necə çıxsın təqvimdən!? necə qəlibi pozulsun!? necə nizam korlansın!? ..unutdurmur yenidən sənli günlərin gələcəyinə ümid vermir, ..

FREDERİK BEQBEDER - UNA VƏ SELİNCER

Image
BAŞLAYANDA: Elə kitablar var ki, onları oxuduğun zama bir səhifədə azı 4-5 dəfə Google-u ziyarət edirsən. İçindəki real məlumatlar,  maraq oyadacaq tarixi hadisələr istər istəməz bu axtarış saytına üz tutmağa vadar edir insanı. Elə yazıçılar da var ki, onlardan bu tip əsəri ərsəyə gətirmələri gözlənilməz olur. Bayağı əsərlərdən bu qədər ciddi bir əsərə keçid, heç də hər yazıçının işi deyil. Həm kitab, həm də yazıçı haqqında qeyd etdiyim bu abzasların hər ikisini isə Frederik Beqbederin "Una və Selincer" (Oona and Salinger) əsərinə aid edirəm. Əsəri, iyul ayında dostlarımdan birinin facebookda paylaşdığı "Bakıya çatan kimi alacağam" postundan sonra fikrimin bir küncündə saxlamışdım. Sentyabrda aldığım kitabı noyabrda oxuyub bitirdim. Səkkiz metro stansiyasında hər gün açıb qurtum-qurtum su içən insan kimi yavaş-yavaş oxudum. GÖZLƏNİLMƏZLİK: Frederik Beqbederin Azərbaycanda ən çox tanınmasına səbəb, "Məhəbbət üç il yaşayır" əsəri oldu. Mən də kitabı

BULUDLARA ÇATAN OĞLAN - SOBİECH... N2

Image
Həyatının sayılı günlərini yaşasan da hər hansı bir məqsəd dalınca düşürsənsə, deməli, həyatını boşa yaşamamısan. "Mən döyüşdə düşməsinə baxmayaraq, döyüşü uduzmayan oğlan kimi yadda qalmaq istəyirəm" - demişdi Zach Sobiech. Bəlkə də, onun həyatı da adi uşaqların həyatı kimi olsa idi, bu qədər məqsədli olmazdı. Ya da məqsədi olsa da, bu qədər çox tanınmazdı. 18 illik ömrünə musiqi qrupu yaratmaq, youtube-da milyon baxış sayısını keçən məhşur  "Clouds" ("Buludlar") mahnısını oxumaq, albom buraxmaq, çox mehriban bir ailədə böyümək və son ana kimi yanından ayrılmayan sevgilisi Amy ilə unudulmaz anlar keçirməyi sığdıra bildi. Zach Sobiech 1995-ci ildə Amerikanın Saint Paul şəhərində, bəzi amerika kinolarında gördüyümüz kimi çoxuşaqlı ailədə, adi uşaqlar kimi dünyaya gəldi. Amma təəssüf ki, həyat heç də hər zaman insanların istəkləri üzərinə qurulmur. 14 yaşında sümük xərçəngi diaqnozu qoyulan Zach, çox çətin, ağrılı bir yeniyetməlik dövrü keçirir.

OXUYACAQLARIM VƏ OXUMADIQLARIM...

Image
Dünən işdə sakitlik olduğu üçün XXI əsr müasir dünya ədəbiyyatından ən çox satılan, ən çox oxunan 100 kitab siyahılarına baxdım. Həm goodreads-dən, həm BBC-nin siyahılarından, həm də türk-rus mənbələrindən eyni kitabların adını görüb, ümumi nəticəyə gəldim və özüm üçün fürsət düşdükcə alacağım kitabların siyahısını tutdum. O sıraya bir-bir kitabları əlavə etdikdən sonra, əslində, bəzi şedevrləri hələ də oxumadığımı da öz-özlüyümdə düşündüm. Məsəl üçün, bütün dünyanın ağız dolusu danışdığı Dostoyevskidən cəmi bircə əsəri "Qumarbaz"ı oxumuşam. Lev Tolstoyun uşaq vaxtı hekayələrini oxumuşam sadəcə. Nə yalan danışım axı, rus ədəbiyyatını elə də sevmirəm. Amma bir dəfə təsadüfən adı və qısa məzmunu qarşıma çıxan Çexovun "6 nömrəli palata" əsərini bir gecəyə elektron formada ləzzətlə oxumuşdum. Məsələn, mən "Master və Marqarita"nı yarımçıq qoymuşam, digər dünya yazarlarından bəh eləsəm, Sartrdan oxumamışam, Morua da, Kortazar da yarım saxladıqlarım sırasındadı

ORHAN PAMUK - MASUMİYET MUZESİ

Image
BAŞLAYANDA: Kitabı bal ayımızı Türkiyədə keçirəcəyimizi və qayıdanda 2 günlük İstanbula baş çəkəcəyimizi dəqiqləşdirdikdən dərhal sonra Bakumozdan sifariş etdim. Toya iki həftə qalmış sifarişim gəldi və  sevinə-sevinə kitabımı götürdüm. Düşünürdüm ki, iki həftəyə kitabı bitirəcəyəm və İstanbula gedəndə mütləq muzeyə baş çəkəcəyəm. Amma təbii olaraq heç nə gözlədiyim kimi olmadı :) Çünki kitabı 10 səhifədən artıq oxuya bilməmişdim. Toy hazırlıqları, fikirlər filan imkan vermirdi kitab oxumağa. Olsun, fikirləşdim. Kitab çox axıcı idi əslində, ona görə də iki günə Türkiyədə bitirə biləcəyimi düşündüm.  Amma yenə də hər şey gözlədiyimin əksi oldu. Kitabı çamadanıma qoymadığımı, təyyarəyə oturanda xatırladım :D hər il ən azı bir dəfə ölkədən kənarda səyahət edən mən, birinci səfər idi ki kitabsız yola çıxırdım. Kefimi çox poza bilərdim, amma etmədim, nə qədər də olmasa adı üstündə "bal ayı" idi :)  3 gündən sonra artıq telefonumdan kitabı e-book formasında oxuyurdum :D

..VƏ YENİDƏN SENTYABR

Image
Bu gün evdən çıxarkən havanın sərin mehi üzümə vurduqda, nəhayət ki, zamanın gəlib çatdığını hiss etdim.  ...yazmaq zamanının. Hiss etdiklərimi yazmaq asan iş deyil mənimçün. Belə baxanda heç çətin də deyil əslində. Amma mən, yazmaq üçün çox və yoğun hiss etdiyim şeylərin nisbətən səngiməsini gözləyən biriyəm. Yoxsa yaza bilmirəm. ..təbiətim belədir nə edə bilərəm. :) Hərflərdən və cümlə qurub yazmaqdan uzaq düşdüyüm 1 iyul - 30 sentyabr tarixləri arasında həyatımı tamamilə dəyişəcək hadisələr, o hadisələrin gətirdiyi sevinc, həzinlik, həsrət, xoşbəxtlik, qovuşmaq və onlarca düzəltmə sözlər düzəldə biləcəyim hissləri yaşadım. Bir zamanlar özünü heç kəsin diqqət göstərmədiyi, cəlb olunmayan, cılız qızcığaz kimi hiss edən Abdullayeva, bu gün  qurmuş olduğu öz yeni və balaca ailəsinin xanımı Alməmmədova olub :) Sentyabrda çalınan vağzalı məni çox bağlı olduğum ailəmdən, mənə mənsub olan otağımdan, hər küncündə anamın xatirəsi yatan evimizdən, gündəlik vərdişlərimdən,

YALNIZLIĞI ANLAYAN ADAM - ADNA... N1

Image
Sadəcə onlar haqqında yazmaq istəyirəm. Bir-bir. Hamısına ayrıca yer ayıraraq.. Müəyyən rəqəmə sığdırdıqları ömür kitablarını onlardan izinsiz  vərəqləmək, adları keçən bütün yazıları oxumaq və sonra sadəcə yazmaq, nə yazacağımı bilmədən. Onu biz Dadaş Adna adı ilə tanıyırıq. Əsil adı isə Əbdülqasım idi. Əbdülqasım İsrafil oğlu Adnayev. Dadaş adını nə üçün götürdüyünü bilmirəm, amma mən nə üçünsə şəklinə baxandan sonra Əbdüqasım adını da çox yaraşdırdım ona, baxışları, saqqalı, qaşları elə bil o ad üçün yaranıb. Amma o Dadaş idi, doğulduğu Sədərəyin dadaşı. Adna 1978 ci ilin 3 fevralında dünyaya gəlib, 2015-ci ilin 1 martında, ömrünün 37-ci ilini qeyd etdikdən bir ay sonra uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyinin gətirdiyi qəfil sonla dünya ilə vidalaşıb.   Fotoqraf idi, kənd həyatını şəhər camaatına göstərən fotoqraf. Onun səhifəsinin adı da fərqlidir, nə filankəs photography, nə photoblog nə başqa bir şey, sadəcə Kənd Fotoğrafının Günlüğü . O həm də şair i

SUALLARIM VAR...

Image
...bu gün bizi uzaqlığı təyin etmək üçün rəqəmlər qoya biləcəyimiz hər hansı bir uzunluq vahidi ayrı salmır. ən pisi sənin harada olduğunu bilmirəm. ürəyiməmi köçmüsən? göyəmi uçmusan? yerəmi enmisən? bu dünyadanmı getmisən? ..qeybə çəkilmisən. gözlərimi yumanda əlimə toxunacaq qədər mənə yaxın olan sən, nə qədər uzağa gedə bilərsənmiş o kipriklər bir birindən ayrılan kimi... nə qədər uzağa? boşliğamı? tamlığamı? ..hara? ..yollara düşüb axtarmaq Məcnun kimi. adını sayıqlamaq hər döngədə, hər yoldan keçənə səni soruşmaq. getdiyim yerlərə birdə boylanmaq, hər birinci gün özümü daha yaxşı aparacağıma söz vermək və gizləndiyin yerdən bir gün çıxacağına ümid etmək.. əbəsdi eləmi? ..səni təsvir edən sözləri diqqətlə seçirəm. çünki sənin təsvirindən qorxuram. necə qorxmayım axı? sənin kimisi mənim üçün bir də dünyaya gələcəkmi? qarşıma çıxacaqmı? ..əlbəttə cavabı məlumdur. səni səhv tərənnümdən qorxuram. bir uğursuz kəlimə qoyub getdiyin və yaddaşıma həkk etdiyim gözəlliyinə xələl g

KAKTUSUN GÜLÜ :D

Image
Klişe sözlərdən qaçmaq üçün özündən müraciət formaları çıxartmaq məcburiyyətində qalırsan bəzən. Amma bəzi sözlər var ki onlar şablon olsa da sevirsən, əl əxsus da sənə müraciət olunanda.. məsələn hər şeyim deyəndə əslində nə boyda yükün altına girdiyini duyursan, balam deyəndə onun yanında laaap balacalaşırsan, sevgilim deyəndə sevildiyini, sevdiyim deyəndə yalnız səni sevdiyini hiss edirsən, həyatım deyəndə hər şeyinlə səni qəbul etdiyini başa düşürsən, səni sevirəm deyəndə bu iki sözün birləşməsini ancaq və ancaq onun dilindən onun səsi ilə eşitmək istəyirsən. Bir də durduq yerdə məni niyə sevirsən? Mənim nəyim xoşuna gəlir? suallarının cavabını axtarırsan. Gülüm deyəndə incəsi olursan və əgər sevdiyin güllə səni çağırırsa.. :) mənsə bu gündən etibarən "kaktusun gülü" oldum. Kaktus fəlsəfəmizi birlikdə yürdüəcəyik.. sadəcə birlikdə. . . gələcəyimizdə. ..və bir il sonrakı hədiyyəmin nə ola biləcəyini açdım sənə. Sözümü sevdin. Mən səni sevdim. Sənsə yenə də məni sev

BETTİNA BELİTZ - "AŞK KIRIKLARI"

Image
BAŞLAYANDA : İki il əvvəl "Əli və Nino"-da türk dilində kitabların düzüldüyü rəfi qarışdıranda "Aşk kırıkları" kitabının bəzəkli üz qabığı, adı mənə romantik bir əsər, melodrama tipli kitab olduğunu pıçıldadı. Od qiymətinə aldığım kitabı bir dəfə bacım əlinə alıb oxumaq istəsə də, onun məhşur kitabı yarıda buraxma sindiromu özünü bu əsərdə də biruzə verdi. Mənim üçünsə oxuma zamanım 2 il sonraya təsadüf elədi. Demək olar ki, bir ay idi ki oxumaq üçün yastığımın qırağına qoyduğum və hərdən birdən bir iki səhifə oxuduğum 614 səhifəlik kitabı 50-ci səhifələrdən sonra 3 gündə bitirdim. ALDANIŞ: Nəhayət ki, mən də kitabın üz qabığına aldandım. "Harry Potter", "Twilight" və bu kimi qəbildən olan heç bir kitabı heç zaman oxumamışam və diqqətimi də çəkməyiblər. Bilmirəm nəyə görə, amma uşaqlıqdan fantastik və başqa dünyalardan bəhs edən kitabları sevməmişəm heç vaxt. Mənə maraqlıdır ki, Alman yazıçısı olan xanım Bettina Belitz nə üçün əsəri

YALAN HİSSLƏR

Sevgilisi ilə nişan şəkilini paylaşan qız, onlarla insanın bəyənisini bildirən bildirişlər alır, dostlarının, yaxınlarının ürək sözlərini oxuyur. Amma yenə də səhərdən düyümlənən qaşları açılmır, elə göydəki buludlar kimi dolub gəzir. İşdən evə gəlib, şam üçün səhər tezdən işə tələsə tələsə bişirdiyi anasının ən sevdiyi yeməyi qızdırıb qarşısına qoyur. Yeməyə baxır. Baxır.. Baxır.. Udqunur.. Başlayır.. Hər tikəsini ağzına qoyduqca boğazından keçmir. Atası eşitməsin deyə mətbəxin bir küncündə sakitcə, gizlincə oturub hönkür hönkür ağlayır. Anası üçün darıxıb. Anasının ən sevdiyi yeməyi bişirsə də heç vaxt onun əlindən dadmayacağını  bildiyi üçün sıxılıb. Duzlu göz yaşları şit yeməyə qarışıb. Nuş olmur. Göz yaşları dayanmır. Bunu isə 2 saat əvvəl paylaşdığı şəkilə baxan heç bir yaxını heç vaxt bilməyəcək... Xoşbəxtliyin şəklini paylaşan "xoşbəxt" qız insanları aldadır. Həm hava da tutqundu axı. ..tutqun havalar yağışsız ötüşmür. p.s. yenə sənsiz günlər çətindi...

UĞUR ƏLDƏ ETMƏYİN SADƏ ÜSULLARI

Hər bir insanın özünə xas vərdişləri var və bu olduqca təbii haldır. Sadəcə olaraq, insanların seçimlərindən asılı olaraq bu vərdişlər onları uğurun zirvələrinə və yaxud da əksinə, olduğu vəziyyətdən daha aşağılara apara bilər. Bəzi uğur qazananlar isə, uğurun xırda nüanslarını vərdiş etmədikləri üçün, qısa zaman ərzində əldə etdikləri bütün nailiyyətlər əllərindən uçub gedir. Bəs uğur nədir? Uğurlu insanlar özlərində nələri vərdiş edirlər? Ümumiyyətlə daimi uğurun sirri nədədir? Bəlkə bu heç elə də çətin bir şey deyil. Sadəcə bir neçə vərdişləri qazanmaqla biz uğur yoluna ilk addımımızı ata bilərik. Gəlin bir neçə vərdişlərə göz ataq, onlardan hansıları özümüzdə formalaşdıra biləcəyimizi götür-qoy edək. 1. Uğurlu insanlar heç zaman geri çəkilmirlər. Onlar yıxıla bilərlər, ancaq həmişə ayağa qalxıb öz arzularının arxasınca gedəcəklər. Transandantalizmin ən önəmli təmsilçilərindən biri olan amerikan yazıçısı və mütəfəkkiri Ralf Valdo Emerson bu barədə belə deyir: &

XATİRƏLƏR... XATİRƏLƏR... :)

Image
İndiki şagirdlərdən xəbərim yoxdur, amma bizim məktəb illərimizdə 12-14 yaşımızdan etibarən xatirə dəftərləri tutmaq olduqca dəb idi. Bəzən çantamızda 2, hətta 3 xatirə dəftəri ilə evə gələrdik :)  Xatirə dəftərini yazmaq böyük ritual idi bizim üçün. Xüsusi qələmlər, flomasterlər, "nakleykalar", Mahsun Kırmızıgülün, Özcan Denizin, Seda Sayanın, Sibel Canın, Muazzez Ersoyun, Ebru Gündeşin, Songül Karlının (sadəcə o illərdən adını və şəkillərini bilirəm, kim olduğu haqqında məlumatım yoxdu :D) böyük ölçülü və "nakleykalı" şəkilləri və s. və i.  Qiymətini əzbər bilsək də, məktəbin həyətində balaca kardon qutu qoyub satan əmilərdən, xalalardan "Əmi/xala bu "nakleykalar" neçəyədir?" sualını soruşardıq. Çox vaxt pulumuz olmaz, sadəcə şəkillərə baxar, hansı təzə gəlib, hansından bizdə var məsələlərini müzakirə eliyib geri qaytarardıq. Sonra lavaş turşuları, alçaların dəb olmadığı, qalmur meyvə sayılmadığı vaxtlarda nubarlıq alçaları alardıq onlardan..

DÜZÜN SÖZÜ...

Image
Həyatın ironiyasını başa düşmək üçün həyatın sadəcə hər üzünü görmək, gördükdən sonra dərk etmək və qəbul etmək lazımdır. Bunlardan birini eləmədinsə yaşamaq asan deyil, inanın... Mənim həyatım "puzzle"dır. Və mən istəmədən "puzzle"ın ən vacib hissəsini itirmişəm, həyat şəklimin görüntüsü əksik qalıb, boş qalıb. O boşluğu doldurmaq isə qeyri mümkündür, çünki bənzər hissəni heç vaxt tapa bilməyəcəyəm.. Mənim axı o hissəni doldurumaq kimi bir fikrim də yoxdur heç. O parçam əvəzedilməzimdir! Ona görə mən də sadəcə şəklin görüntüsünü dəyişməli oldum. Bu heç də asan olmadı.. istədiyimi əldə edənə qədər xeyli səhv buraxdım, çətinliklər gördüm, uyğunsuzluq, uğursuzluq əldə etdim. Amma nəhayət ki istədiyim görüntünü aldım.  Mən "puzzle"mı boşluğumla dolduracağam, itirdiyim hissəm ilə sevib, bəzəyəcəyəm..  ONA isə söz verdim...  ..həyatın istər ironiyası, istər tamaşası olsun hər zaman əlini beləcə tutacağam. Çünki O itirdiyim hissəni bəzəyən əsas

SÖZÜN DÜZÜ...

Sözün düzünü desəm, dünəndən yazmaq üçün açdığım beşinci səhifə və draft bölməsində saxladığım iki yazıdan sonra cəhd etdiyim üçüncü fikir tuğyanımdı. :) Nədən yazmaq istədiyimi dəqiqləşdirə bilmirəm: sevgi? xatirələr? nigarançılıq? keçmişin oyunu ya gələcəkdən müdhiş qorxu? Bilmədim. Bilmədiyim üçün çapaladım və sonda fikrimi cəmləşdirmək üçün bir qərar aldım. Cəmləşdirdim "sevdalarımın" üstündə.. və elə o andaca nigarançılığım yox oldu, gələcəydən qorxularım pufff olub uçdular, keçmişin oyununda qaliblər də məğlublar da eyni qutuya qoyuldu. Təkcə bitməyən  sevgimi və  əvəzsiz xatirələrimi saxladı "sevdalarım"... və mən 50 dəqiqədir ki başlayan bu günümün bitməsinə 50 dəqiqə qalmış danışacağam.. yazacağam.. sevgidən və xatirələrdən. . . :) Bu yaz bir başqa yazdır, Bu yaz daha da xoşdur, Vay o qəlbə ki boşdur.. Mikayıl Müşfiq, "Yenə o bağ olaydı"

ŞİRİN KAKAO ..

Image
Keçən 10-15 ilimə çönüb baxanda, daha doğrusu adi bir hadisə və ya əşya keçən günlərimi mən istəməsəm də mənə xatırladanda xatirələr zəncirim düzülməyə başlayır.. lap elə bu günkü kimi.. Adicə mətbəxin hər küncündə bir xatirə yatır.  Bu gün soyuducunu açıb südü görəndə anamın şirin kakaosunu xatırladım. Məzuniyyətimin ilk günündən iş dəftərimi bağlayıb, xatirələr kitabımı vərəqlədim. Bu dəfə daha çox keçmişə, 20il əvvələ, bacılarımın subay olduğu, hələ hamımızın məktəbə getdiyi günlərə qayıtdım. İstirahət günləri girdə çügün qazanda anamın bizə bişirdiyi o kakao.. bişənə qədər yanında durub "mama, bişmədi?", "mama, nə vaxt bişəcəəəy?", "mama acından öldümeee" deməylərim var idi. Halbuki yalan deyirdim, mən indiyə kimi heç vaxt səhərlər acımıram :) ..anamın əlindən çıxan hər şeyi sevirdim sadəcə.. ..südü götürdüm, qazanı götürdüm, şəkəri götürdüm, kakaonu götürdüm və bişirdim. 7 dəqiqədən az çəkdi ki çox çəkmədi. Sadəcə bir şeyi düşündüm o zaman 5

AZ ZAMAN ÇOX İŞ...

Demək olar ki, hər birimiz zamanın azlığından şikayət edirik. "Vaxt çatdırmıram", "vaxtım yoxdur", "vaxt uçur" kimi frazalar da bizə çox tanışdır. Şagirdlərdən tutmuş iş adamlarına kimi hamı bir ağızdan bu cümlələri ən azı gündə 2-3 dəfə işlədir. 24 saatın 8-10 saatını yuxuya sərf etsək, vaxt çatdırmadığımızı dediyimiz amma görülməsi vacib olan işlərə vaxt çatdırmamağımız, həqiqətənmi zamanın azlığıdır, yoxsa bizim onu düzgün bölüşdürə bilməməyimizdir? Bu mövzuya müraciət etməyimin əsas səbəbi, özümün də zaman-zaman vaxt qıtlığından şikayət etməyimdir. Düşünürəm ki, hər şeyə vaxt çatdırmaq üçün vaxtın düzgün bölüşdürülməsi əsas məsələlərdən biridir. Amma bunu hamı bacarmır. Bəs nə etməli?  Nədir bizim vaxtımızı alan? Bəlkə faydasız işlər, normaya düşməyən fəaliyyət, ya astagəllik? Gəlin kiçik hesablama edək :) Hər şeydən əvvəl sizin vaxtınızı "yeyən" fəaliyyətlətlərinizi bir yerə qeyd edin. O fəaliyyətlər ki, həyatınıza fay

MƏQALƏLƏR VƏ MÜƏLLİF HÜQUQLARI

Image
Keçənlərdə ilk dəfə olaraq "Xoşbəxt olmaq üçün 20 addım" adlı məqalə tipli yazı yazmışdım.  Yazdıqdan bir müddət sonra isə bir neçə saytda yayımlandığının və təəssüf ki, adımın qeyd olunmadığının şahidi oldum. Məqalənin bəzi məqamları istinad edilən saytdan götürülsə də, tərcümə, cümlələrin yenidən işlənməsi, əlavələrin edilməsi, öz fikirlərim tamamilə bəndənizə aid idi. Məqaləni saytlarda yerləşdirən şəxslərdən müəllifin qeyd olunmasını yazıb xahiş etsəm də, təbii ki heç bir şey əldə edə bilmədim. Mən də bunları nəzərə alaraq, blogumda bu tip yazıları öz imzamla yerləşdirə biləcəyim yeni "Məqalələr" bölməsi açdım  (blogun sağ tərəfində görə bilərsiz). Həmin bölmədə mənə maraqlı olan, müxtəlif dillərdə yazılan (müxtəlif yəni bildiyim dillər :D) məqalələri dilimizə tərcümə edib, özümün də şəxsi fikrimi və ya əlavələrimi qeyd edərək diqqətinizə çatdırmaq fikrim var. Ümid edirəm ki, bundan sonra yazılarımdan istifadə edərkən imzamı da qeyd etməyi unutmazlar :)

ON THE WAY :)

Image
waiting for a magic. ..happiness is on the way :)

SEVGİLƏR.. SEVGİLİLƏR.. SEVGİLİ.. SEVGİ.. 4S (arxiv)

Image
haqqında nə yaza biləcəyimi bilmədiyim, buna baxmayaraq, başladığım, amma söhbətin axırının necə olacağı özümə də qaranlıq qalan bir mövzu: ..çünki düşünmədən yazıram ..çünki sevgi uzun zamandır toxunmadığım yumuşaqlıqdı ..çünki girmədiyim və ya girmək istəmədiyim otağımdı ..çünki o rənglə rənglənə bilmirəm, rəsimlər əyri üyrü çıxır nəsə belə bir şey.. :) bəlkə də sevənlər və sevgili arasındakı fərqi özümçün tapmaq istəyirəm? sevgilər.. rəngli, ağ-qara, monoton - çəhrayı, monoton - boz, çılğın, bədbin, rahat, imkansız, bitkin, alınamayan, gizli, aşkar, utancaq, qarışıq, arsız, abırsız, mənasız ..yox bir dəqiqə! sevgilər mənasız olmaz, olsa o sevgi deyil, çox güman başqa hissdir, elə mənasız bir şey. qısacası, Mikayıl Müşfiqin təbirincə desək, "sevgilərdə qarışıq bilməcələr kölgəsi var.." sevgililər.. əgər söhbət çoxluqdan, -lar -lər şəkilçisindən gedirsə istər istəməz müqayisə olunacaq nələrsə tapılacaq. sevgililər.. kimisi bir birinə ______________

AVTOBUS HEKAYƏLƏRİ..

Evə gecikirəm. Bilirsiz, necə deyim, görüşdən gəlirəm :) və evə adətən gəldiyim saatdan gec gəldiyim üçün atamın qapını açanda papağımın ponponuna əliylə vurub, "nə gec gəldüüüüün?" deyəcəyinə əminəm :) Həmişəki oturacağımda oturmuşam, arxadan bir oturacaq qabağda, sağ sıra, pəncərə tərəf. Hava küləklidi, soyuqdu. Yasamal da həmişəki sarı işıqlarına boyanıb. İnsanlar yorğun, fikirli üzləri ilə evə qayıdır, radioda Qarabağ şikəstəsi səslənir, mənsə yazıram.. Bəzən avtobusda ağız deyəni qulaq eşitmir. Bu gün nəsə sakitlikdi yaman. Ona görə də arxada oturan oğlanın astadan danışsa da səsi aydın eşidilir: - ala o gün bilirsən noldu? - nəə? - diməli metroda qatarda bir qız gördüm. Nəsə sifəti yadımda qaldı da. Düşdük qatardan bir yerdə. Sonra o da avtobus gözdədi mən də. Bu gün baksovet metrosunda mən düşürdüm eskalatorla o qız qalxırdı. Baxan kimi tanıdım. Kopya o idi. Eyni sifət, eyni saç, eyni kofta. Elə qəribə oldum ki. ..həmsöhbətindən cavab gəlmədi və bir iki d

DÜNYANIN MƏRKƏZİ...

Image
Parkın yerdəki dairəvi naxışının düz mərkəzində dayanıb ayaqlarına baxdı və əlini tutan əli bərk-bərk sıxaraq başını qaldırıb soruşdu: - Sənin üçün dünyanın mərkəzi haradır? Nəsə düşünüb əyildi və dodaqlarından öpüb ehmalca qucaqladı və sakit səslə pıçıldadı: - Səni öpə bildiyim, səni qucaqlaya bildiyim hər yer mənim üçün dünyanın mərkəzidir. Xoşuna gəldi. Üç addımdan sonra özü dartınıb öpdü. - İndi bura mərkəzdi? Güldü. Başıyla təsdiq elədi. - Hə əlbəttə. Bəs necə!? Onun da xoşu gəlmişdi. Beş addımdan sonra yenə dartınıb öpdü? - Bəs bura? Bura da? - Bura da. Mən dünyamın mərkəzini özümlə apara bilirəm. Sən olan hər yerdi, hər yer.. Artıq dartınıb öpmədi. Bildi çünki addımlarının sayından asılı olmayaraq əl-ələ tutub gəzdikləri, dayandıqları, oturduqları hər yer dünyalarının mərkəzi olacaq. Başını yuxarı qaldırıb qırmızımtıl səmaya baxdı. Yer kürəsini düşündü. Dünyanın mərkəzində idi. Dünya mərk