ORHAN PAMUK - MASUMİYET MUZESİ

BAŞLAYANDA: Kitabı bal ayımızı Türkiyədə keçirəcəyimizi və qayıdanda 2 günlük İstanbula baş çəkəcəyimizi dəqiqləşdirdikdən dərhal sonra Bakumozdan sifariş etdim. Toya iki həftə qalmış sifarişim gəldi və  sevinə-sevinə kitabımı götürdüm. Düşünürdüm ki, iki həftəyə kitabı bitirəcəyəm və İstanbula gedəndə mütləq muzeyə baş çəkəcəyəm. Amma təbii olaraq heç nə gözlədiyim kimi olmadı :) Çünki kitabı 10 səhifədən artıq oxuya bilməmişdim. Toy hazırlıqları, fikirlər filan imkan vermirdi kitab oxumağa. Olsun, fikirləşdim. Kitab çox axıcı idi əslində, ona görə də iki günə Türkiyədə bitirə biləcəyimi düşündüm.  Amma yenə də hər şey gözlədiyimin əksi oldu. Kitabı çamadanıma qoymadığımı, təyyarəyə oturanda xatırladım :D hər il ən azı bir dəfə ölkədən kənarda səyahət edən mən, birinci səfər idi ki kitabsız yola çıxırdım. Kefimi çox poza bilərdim, amma etmədim, nə qədər də olmasa adı üstündə "bal ayı" idi :) 

3 gündən sonra artıq telefonumdan kitabı e-book formasında oxuyurdum :D

BAŞ TUTMAYAN PLAN: Kitabı özümlə götürmədiyim üçün və e-bookdan oxuma surətim aşağı olduğu üçün əsəri iki günə bitirə bilmədim. Ona görə də, İstanbula baş çəkəndə muzeyə getmədim. Bunu gələn səfərim üçün saxladım. Və kitabı bitirmədən getmədiyim üçün peşmançılıq da çəkmirəm. Demək olar ki, özlüyümdə qurduğum bütün planlar baş tutmamışdı. Amma gələcək İstanbul səfərimdə artıq səbirsizliklə görməy istədiyim bir məkanın olması çox gözəldir, deyilmi?


ƏSƏR HAQQINDA: Orxan Pamukun bu günəcən səhv etmirəmsə, cəmi 1 kitabını, "Mənim adım qırmızı" romanını oxumuşam. Rəfimdə illər əvvəl aldığım "Qar" romanı da öz növəbəsini gözləyir. Amma, indi o əsəri Azərbaycan dilində aldığıma peşmanam düzü. Çünki, illər keçdikcə əsəri orjinaldan oxumağın ləzzətinin daha ayrı olduğunu dərk eləmişəm. "Masumiyet muzesi"ni də Azərbaycan dilində satılmasına baxmayaraq, türk dilində zövq alaraq oxudum. Pamuku çox da bəyənmirəm düzü. Səbəbini bilməsəm də Elif Şafaka da eyni hissləri bəsliyirəm. Amma yazıçıların şəxsi keyfiyyətləri ilə əsərlərini qiymətləndirmirəm. Əsərlərini sevə-sevə oxuyuram halbuki. 

"Masumiyet muzesi" bizim keçmiş Bakının həsrətində olduğumuz kimi, türklərin də keçmiş İstanbul həsrətinin yanğısını söndürür sanki. Kitab insana o qədər nostalji hisslər verir ki, sanki özün də o illərdə yaşamısan. 

Qısa məzmun ondan ibrətdir ki, o dövrün "sosyete" yəni indiki qlamur təbəqəsindən olan Kamal (Kemal) adlı nişanlı gənc, münasibətlərini ciddiyə almadığı Füsun adlı 18 yaşlı qızla gizli eşq yaşayır. Nişandan sonra qeyb olan Füsun və Kamalın onu illərcə axtarışı, onu xatırladan əşyaları toplaması, onu tapması və əli dəyən hər əşyanı ondan xəbərsiz özü üçün gizləməsi və sonda bu müzeyin hansı səbəbə və necə ərsəyə gəlməsidir. Həqiqətə bənzər uydurma hekayə. Pamuk əsəri o qədər reallıqlarla dolu yazıb ki, hələ də bunun sadəcə olaraq təxəyyülün məhsulu olduğuna inanmaq çətindir. Bəlkə də, əsərin məzmunu kitabda da adı keçən "yeşil çam" kinolarını xatırladır, amma təsvirlər, əsərdəki real olan xırda detallar, İstanbulun küçələri, kafeləri, apartmanlarının adları, əşyalar, hadisələr insanı oxuduqca oxumağa vadar edir. Sözü keçən taksim, Eminönü, Dolmabahçe və s. yerlərdən keçdiyimi xatırlayanda bir gün Azərbaycan ədəbiyyatını da oxuyanda eyni hissləri keçirmək istədiyimi düşündüm.

 
MƏNƏ TƏSİRİ: Əsəri oxuduqdan sonra İstanbulda çəkmiş olduğumuz şəkillərə baxdıqda, əslində
həqiqətən şəhərin içi dolu nağıl, hekayə olduğuna bir daha əmin oldum. İstanbulun Hilton otelində oturub, Kemalin Hilton otelində çox kübar nişan keçirdiyi gecəni oxuyanda və  ara sıra pəncərədən görünən "Kız kulesi"nə baxanda, bir daha uyğun zamanda uyğun kitab seçə bildiyim üçün sevindim.


P.S. ..və sevdiyimlə əl-ələ İstanbul küçələrini gəzərkən, əslində bizim də arxamızda qoyduğumuz illərdən qalan əşyaların hələki muzeyimizin bir otağının bəlkə yarısını tuta biləcəyini özlüyümdə götür qoy etdim :D

"Her akıllı insan hayatın güzel bir şey olduğunu, amacının da mutlu olmak olduğunu bilir,” dedi babam üç güzel kızı seyrederken. “Ama yalnızca aptallar mutlu olur. Nasıl izah edeceğiz bunu?”"

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)