XATİRƏLƏR... XATİRƏLƏR... :)

İndiki şagirdlərdən xəbərim yoxdur, amma bizim məktəb illərimizdə 12-14 yaşımızdan etibarən xatirə dəftərləri tutmaq olduqca dəb idi. Bəzən çantamızda 2, hətta 3 xatirə dəftəri ilə evə gələrdik :)  Xatirə dəftərini yazmaq böyük ritual idi bizim üçün. Xüsusi qələmlər, flomasterlər, "nakleykalar", Mahsun Kırmızıgülün, Özcan Denizin, Seda Sayanın, Sibel Canın, Muazzez Ersoyun, Ebru Gündeşin, Songül Karlının (sadəcə o illərdən adını və şəkillərini bilirəm, kim olduğu haqqında məlumatım yoxdu :D) böyük ölçülü və "nakleykalı" şəkilləri və s. və i.  Qiymətini əzbər bilsək də, məktəbin həyətində balaca kardon qutu qoyub satan əmilərdən, xalalardan "Əmi/xala bu "nakleykalar" neçəyədir?" sualını soruşardıq. Çox vaxt pulumuz olmaz, sadəcə şəkillərə baxar, hansı təzə gəlib, hansından bizdə var məsələlərini müzakirə eliyib geri qaytarardıq. Sonra lavaş turşuları, alçaların dəb olmadığı, qalmur meyvə sayılmadığı vaxtlarda nubarlıq alçaları alardıq onlardan.. eh.. nə isə onlar sözüm deyildi heç, onların özü ayrıca bir mövzüdü. İndiki mövzü xatirə dəftərləridi...
Məsələn xatirə dəftərlərindəki suallara böyük məsuliyyətlə  yanaşardıq. Evdə də həmin dəftərlərə böyük maraq olardı. Bacılarım da alıb əllərinə mütləq vərəqləyərdilər. Elə mən də onların sinif yoldaşlarının xatirə dəftərlərini eşələməy sevirdim :D
Xatirə dəftərlərini ya dərslərimi hazırladıqdan əvvəl, ya da sonra yazardım. Bu dərslərimin nə dərəcə ağır olub olmamasından asılı idi. Sonra da
böyük bacımı çağırar, "Qurban olum, bir dənə adımı dəftərin başına yaz da nolar. Amma qəşəng olsunaaaa" - əvvəli yalvarış, sonu isə ultimatum xarakterli cümlə qurardım. :) Böyük bacımın o vaxtlar qəşəng yazı qabiliyyəti var idi. Sinifimizdəki bir çox qızlar dəftərlərini bəzəmək üçün ona verdikləri də olurdu. Düzdü indi özüm də ondan geri qalmıram əl işləri məsələsində, amma 6 il yaş fərqimizi nəzərə alsaq 12 yaşlı bir yeniyetmə qız üçün 18 yaşlı bir növcavanın əl qabiliyyəti daha gözəl və çəkici və fövqəladə sayılırdı.

Adımı bir gözəl yazdıqdan sonra, ürəyimcə kənarları bəzəndikdən sonra keçirdik "nakleyka" seçmə mərhələsinə. Əgər xatirə dəftərini yazağım qız mənə yaxın idisə, "podruqam" idisə, qəşəng nakleykalarımdan ona yapışdırırdım, məsələn sevdiyim Mahsun

Kırmızıgülü, ya nə bilim bəyəndiyim birini. Yox əgər elə belə uzaq biri idisə Songül Karlı "nakleykalarım" burda köməyimə gəlirdi.
(eləmədim tənbəllik o nakleykadan nümunə tapdım :D) Bəli bəli, eyniylə şəkildəki gördüyünüz şəkillərdən idi hamısı. :)
Bütün yuxarıdakı prosesləri bitirdikdən sonra, sullara cavab vermə mərhələsinə qədəm qoyulurdu. İndi mən sinifdə "cool" olduğum üçün, sinif nümayəndəsi filan olduğum üçün həmişə birinci ikinci yazan olurdum dəftərləri. Ona görə də elə o vaxtlardan bütün fəlsəfi beynimi ortaya qoyur, məsuliyyətli və ağıllı və özündən razı və o .. o .. o .. necə deyim, heç əvəzləyici söz də tapmadım daha :D elə o fikirlərimlə suallara cavab verərdim. Hərdən də "səncə mən bu suala belə cavab yazsam yaxşıdı ya belə?" sualı verib bacılarımdan fikir alar, hərdən tamamilə onların fikirlərini copy past edərdim. Bəli, bəli :) bunu da elədiyim az olmayıb. Hələ çox vaxt 9cu olan o sual "Sevirsinizmi? (mümkünsə adı)" sualı var idia, bütün hamıda ən birinci ona baxardıq. ona da cavabım bir olardı. "Hələ sevən vaxtım deyil." "Sevəndə gəlib deyərəm." filan fesman. :) Hanı? İndi sevirəm amma heç vəd etdiyim heç kəsə demirəm ki, sənin xatirəndəki 9-cu sualın cavabını 14 il sonra tapmışam. Sevirəm adını deməyim də mümkündü :D Hərdən oğlanlar qızların baş hərflərini yazardıya. O sinifdə əsl ajataja çevrilərdi :D Pıçıltılar olardı, gizli eşqlər açığa çıxardı. O günlərin dadı tamam başqa idi...

Bir də illər keçdikcə biz böyüyərdik. Əslində
böymüəzdik, sadəcə böyüdüyümüzü hesab edərdik. O ki 11-ci sinifə çatdıq köhnə dəftərləri cırıb (indi buna çox təəssüflənirəm), yenisini, daha ciddisini, daha bəzəklisini, daha bir türklər demiş "havalısını" düzəldərdik. Mənim də iki xatirə dəftərim olub birini səhv etmirəmsə 7-8ci sinifdə oxuyanda düzəltmişdim. Onu dəstədən qalma geri deyib çırdım çox heyif ki. Birini də 11-ci sinifdə oxuyanda düzəltdim və budur, üstündən 10 il keçsə də qalır. :)
Bunu saxladığım üçün çox sevinirəm. Çünki orada təkcə sinif yoldaşlarım deyil, müəllimələrim, hətta anam da yazıb. O
dəftərin mənim üçün nə dərəcədə əziz bir xatirə olduğunu ifadə edə bilmərəm. Məktəb illərində dəyərini anlamadan "xatirə" adı altında tutduğumuz o dəftərlər, illər keçdikdən sonra həqiqi xatirə anlamını alır, gülüşümüzə, uşaqlığımıza qayıtmağımıza səbəb olur. Siz təsəvvür edirsiz ki mənim anamın belə xatirə dəftəri qalır. O dəftər ki, məktəbdə oxuyanda onun üstünü anam üçün doğmaca əmim düzəltmişdi (o zaman anamın fikrindən belə keçməzdi ki, qaynı onun üçün xatirə dəftərini bəzəyəcək), o dəftər ki, atam sinif nümayəndəsi olduğu üçün anamın dəftərini ikinci sırada yazmışdı. Bunlar çox böyük dəyərlərdir. Bu dəyərləri ancaq illər keçdikdən sonra başa düşürük.
Kim bilir daha 15il keçəndən sonra mən bu mövzü haqqında nə düşünəcəyəm..
Hərdən fikirləşirəm ki, insan həyatına daxil olan hər kəsə xatirə dəftərində yer ayırsa nə olar görəsən? Təsəvvür edirsiz? Keçmiş sevgililərin, keçmiş qonşuların, bir müddət bir proyektdə çalışdığın əməkdaşlar, hazırlıq kurslarındakı yoldaşlar, nə bilim.. fərqi-fərqli insanlar.. hər getdiyin yerdə, hər addığın addımda qarşına çıxan insanlar, hamısı sənin xatirə dəftərini yazır, bir hüsnxətt qoyur və sonra həyatından çıxır.. onsuzda hamısı beynimizdə bir xatirə buraxmırmı.. sadəcə onlar xəyala çevrilib bir müddət sonra unudulur, dəftərdə olanlar isə bir ömür səninlə birgə qocalır..
Xatirələr də insanlar kimi yaşa dolur...

P.S. yazdığım bu xatirələr uzun oldu. amma hər cümləni dodağımda təbəssümlə yazdım. xatirələrimi çox sevirəm :)


Comments

  1. İnanın mən də eyni cür təbəssümlə oxudum postunuzu. Xəyallarım uşaqlığımda dolandı. Hər halda eyni dövrə təsadüf edir ki, o çağlarımız yazdığınız hər bir ayrıntının eynisini yaşadığımı gördüm.Və bir Azərbaycanlı, xüsusən də xanım bloggeri tanıdığıma çox sevindim.Sevgilər...

    ReplyDelete
  2. Gözəl yazmısız təşəkkür

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami