FREDERİK BEQBEDER - UNA VƏ SELİNCER

BAŞLAYANDA: Elə kitablar var ki, onları oxuduğun zama bir səhifədə azı 4-5 dəfə Google-u ziyarət edirsən. İçindəki real məlumatlar,  maraq oyadacaq tarixi hadisələr istər istəməz bu axtarış saytına üz tutmağa vadar edir insanı. Elə yazıçılar da var ki, onlardan bu tip əsəri ərsəyə gətirmələri gözlənilməz olur. Bayağı əsərlərdən bu qədər ciddi bir əsərə keçid, heç də hər yazıçının işi deyil. Həm kitab, həm də yazıçı haqqında qeyd etdiyim bu abzasların hər ikisini isə Frederik Beqbederin "Una və Selincer" (Oona and Salinger) əsərinə aid edirəm. Əsəri, iyul ayında dostlarımdan birinin facebookda paylaşdığı "Bakıya çatan kimi alacağam" postundan sonra fikrimin bir küncündə saxlamışdım. Sentyabrda aldığım kitabı noyabrda oxuyub bitirdim. Səkkiz metro stansiyasında hər gün açıb qurtum-qurtum su içən insan kimi yavaş-yavaş oxudum.

GÖZLƏNİLMƏZLİK: Frederik Beqbederin Azərbaycanda ən çox tanınmasına səbəb, "Məhəbbət üç il yaşayır" əsəri oldu. Mən də kitabı oxuduqdan sonra əsərdən seçdiyim cümlələri qeyd etmişdim. Amma o kitabı oxuyandan sonra düşündüm ki, bir də yəqin ki Beqbeder qələmindən heç nə oxumayacağam. Lakin kitabı almaq istədyini qeyd edən dostumun kitab zövqündə zərrəcə yanılmadığını bildiyim üçün, mən də yeniden Beqbedər müraciət etdim. Gözləmədiyim bir əsərlə qarşı-qarşıya qoydu məni yazıçı. Burada yazıçılıarın digər tərəflərini kəşf etdim, internetdə şəkli dəfələrlə qarşıma çıxan o qara saçlı,
"alma yanaqlı" xanımın əslində Oona olduğunu və o Oonanın Çaplinin xanımı olduğunu öyrəndim və Çarlı Çaplinin bir zamandan sonra Amerikada bəzi kütlə tərəfindən nüfuzdan düşdüyünü, bundan əlavə, Oonaya qədər qadınbaz olduğunu bildim, həmişə mənə maraqlı olan Selincerin inzivaya çəkilmə səbəblərinin nə ola biləcəyini dəqiqləşdirdim. Bunların hamısını kitabı oxuduqca öyrənim, ən əsası isə  nəyə görə əsərin adının Oona və Selincer olmağını aydınlaşdırdım. Bu yazıçı ilə qlamur qızı birləşdirən nə idi?

ƏSƏR HAQQINDA: Əsər Nobel mukafatçısı Yucin O'Nilin illər əvvəl üz çevirdiyi 15-16 yaşlı qızı Oona O'Nilin cəmiyyətdəki mövqeyi, qlamur həyatının, ətrafındakı dostlarının təsviri ilə başlayır. 22 yaşlı Selincerin ona ilk baxşıdan aşiq olması ilə yaranan sevgi münasibəti öz məsumluğunu qoruyaraq bir neçə aydan sonra da bitir. Bitməyinə bitir, amma bu Selincer üçün hələ də illər uzunu davam edəcək əslində. Araya müharibə girir və İkinci dünya müharibəsində Selincer könüllü olaraq cəbhəyə yollanır. Səbəb heç də vətən sevgisi, patriotluq filan deyil, o hər zaman səbəb kimi Oonaya olan sevgisini misal göstərir. Həmin dövr ərzində Selincer Hemiqueylə görüşür və onların arasında maraqlı söhbət alınır. Ümumiyyətlə, əsərdə Heminquey, Kapote, Fitjerald kimi yazıçıların adları dəfələrlə sadalanır. Əsgərlikdə olduğu müddət ərzində isə Oona özü də bilmədən özündən 36 yaş böyük olan Çarli Çaplinə aşiq olur və onlar ailə həyatı qurular. Oona nə az nə çox 8 övlad dünyaya gətirir. Bəs əsər necə bitir? Əsərin əvvəlində qeyd olunur ki, Beqbeder Selincerlə görüşmək üçün Korniş meşəsinə üz tutur, lakin o buna cürət etmir və Selincer yenə də və daha da mənimçün və mənim timsalımda bir çox oxucu üçün sirli qalır. Bu tip əsərlər mənə görə heç zaman bitmir, çünki orada adı çəkilən insanların hamısı bir tarixdir və tarix heç zaman bitmir

MƏNƏ TƏSİRİ: Yalan danışmayacağam, bəlkə də əsər mənə lazımından çox təsir edib. Bəlkə də səbəbi bir çox yeni məlumatlar əldə etməyim olub hər səhifədə. Hətta Selinceri yenidən keşf etdyimi belə deyə bilərəm. Hələ də cehiz qutularından çıxmayan kitablarımın içində Selincer və onun çovdarlıqda uçurumdan qoruyan balaca oğlanı məni rahat buraxmır. Yenidən açıb oxuyacağıma əminəm.
Bu əsər özündə bir neçə əsərin məzmununu birləşdirib sanki. Məsəlçün, ilk əvvəli Beqbedersayağı başlayır, diskolar, barlar, qadınlar. Sonra əsər səmtini dəyişir və bizi 1930-cu illərə, o dövrün cavanlarının həyatına, rəngsiz filimlərdəki həyatı tərənnüm edən dövrə çəkib aparır. Selincerin cəbhəyə qatılması ilə əsər müharibə ab-havasına bürünür. 1939-1945-ci illərdə İkinci dünya müharibəsinin dəhşətləinin xırdalıqlarına qədər araşdırıldığı açıq-aydın hiss olunur.  Əsərdə növbəti mərhələ isə Çaplinlə Oonanın birgə həyata başlamasıdır. O isə dünyaca məhşur ulduz olan bığlı, çəlikli, burnu şiş ayaqqabılı Çarli Çaplinin şəxsi həyatından bəhs edən maqazin verlişini xatırladır. Əsərin sonu isə əvvələ qayıdışdır. Kitabı oxuduqdan sonra fikrimdə öz-özümə elə hey Selinceri düşünürəm... yalnızca onu...
Selincer cəbhədə olarkən Oonaya məktublar yazır. Düzdür, o məktubların hamısına cavab gəlmir, amma, Oonanın ona yazdığı sonuncu cavab məktubunu yaxşı təsvir edib Beqbeder. Əslində Frederik məktubların orjinalı ilə tanış olmağı Oona ailəsindən xahiş etsə də rədd cavabı alıb və özünün təxəyyülündə canlandırdığı məktubları əsərə çevirib (p.s. içində məktublar olan əsərlər haqqında isə Lamiya Blue-Fox çox maraqlı araşdırma aparıb və hər dəfə əlavələr edir).

Əsəri oxumazdan əvvəl Şahbaz Xuduoğlunun bu məqaləsini oxuyun. Sizdə kitaba qarşı daha çox maraq oyadacağına əminəm.

P.S. Qarşılıqsız sevgi yaşaşmasam da, onun nə demək olduğunu nə üçünsə başa düşürəm. Niyəsini bilmirəm, sadəcə empatiya qururam. Bu əsərdə isə qarşılıqlı sevginin və yaş fərqinin çoxluğuna baxmayaraq xoşbəxt və kübar ailə həyatının fonunda ilk sevgisinin travamasını üstündən ata bilməyən insan həyatı, ən önəmlisi tarixə iz qoyan şəxsiyyətlər müqayisə olunur.

 

"Sevgi laqeyd qalmadığın halda özünü laqeyd göstərməkdir. Sevgi bir-birini axtarmaqdır. Bu kiçik oyunu düzgün aparsan, o bütün ömrün boyu davam edə bilər."


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)