OXUYACAQLARIM VƏ OXUMADIQLARIM...

Dünən işdə sakitlik olduğu üçün XXI əsr müasir dünya ədəbiyyatından ən çox satılan, ən çox oxunan 100 kitab siyahılarına baxdım. Həm goodreads-dən, həm BBC-nin siyahılarından, həm də türk-rus mənbələrindən eyni kitabların adını görüb, ümumi nəticəyə gəldim və özüm üçün fürsət düşdükcə alacağım kitabların siyahısını tutdum. O sıraya bir-bir kitabları əlavə etdikdən sonra, əslində, bəzi şedevrləri hələ də oxumadığımı da öz-özlüyümdə düşündüm. Məsəl üçün, bütün dünyanın ağız dolusu danışdığı Dostoyevskidən cəmi bircə əsəri "Qumarbaz"ı oxumuşam. Lev Tolstoyun uşaq vaxtı hekayələrini oxumuşam sadəcə. Nə yalan danışım axı, rus ədəbiyyatını elə də sevmirəm. Amma bir dəfə təsadüfən adı və qısa məzmunu qarşıma çıxan Çexovun "6 nömrəli palata" əsərini bir gecəyə elektron formada ləzzətlə oxumuşdum. Məsələn, mən "Master və Marqarita"nı yarımçıq qoymuşam, digər dünya yazarlarından bəh eləsəm, Sartrdan oxumamışam, Morua da, Kortazar da yarım saxladıqlarım sırasındadır. Oxumadığım və oxuma sırasının gəlmədiyi yüzlərlə oxunmalı əsərlər olduğunu bilirəm. Əksəriyyətinin kitabxanamda olması isə ayrıca xoşbəxtlikdir mənim üçün. Sadəcə, mən uşaq vaxtımdan oxumağa həvəs göstərdiyimdən, məktəbdə latın əlifbasını öyrənsəm də, bədii ədəbiyyatı kiril hərfləri ilə su kimi içidiyimdən, indiki müasir şəraitdə və imkanların bol olduğu zamanda, təkcə latın əlifbası ilə çap olunan kitabları oxuyanların "aaa sən heç Dostoyevski oxumamisaaaan?" soruşaraq məəttəl və təəccüb dolu sualları insanda (şəxsən məndə) bir balaca gülüş və eyni zamanda qıcıq oyadır. Nə isə :)

Necə deyərlər, ata evində olanda özümün ayrıca kitab rəfim var idi. Darıxanda, ya nə bilim sıxılanda, özümü bir az pis hiss edəndə onların içində qurdalanır, oxuduqlarımı açıb bir də gözdən keçirir, ya da özümə əlimdəki kitabı bitirdikdən sonra oxumaq üçün yenisini seçirdim. Kitablarım mənə həmişə sakitlik gətiriblər. "Kitab da cehizdən sayılsın" prinsipinə uyğun olaraq, köçəndə bütün kitablarımı atam səliqə ilə qutulara yığdı (hələ yır-yığış təzə başlayanda artıq 3-4 dəfə otağımıza gəlib "qızım, kitablarını da aparacaqsan?" sualını vermişdi). Yoldaşım da mənim üçün kitab rəfi düzəldəcəyinə söz verib. Amma, bəzi təxirəsalınmaz işlər və gündəlik qayğılar bu planımızı sonraya saxlayıb. Mən də kitabsız otaqda qala bilmədiyim üçün, günlərin bir günü, Qurban bayramında "Ali və Nino" kitab mağazasında 3 kitab alana 4-cü kitab 40 qəpik aksiyasından 4 dənə kitab alıb gəldim :)  Tumbamın üstünə düzəndən sonra ürəyim sakitləşdi. Keçənlərdə Orxan Adıgözəlovun "Acgöz Madam Bovarilər" yazısını oxuyanda, orada "..evimizdəki kiçik kitabxanam yerləşən ərazidə olanda müsbət aura əldə edirəm. Ora mənim üçün müqəddəs məbəd təsiri bağışlayır. Hətta yataq otağımın yanındakı böyük pəncərənin aşağı taxta haşiyəsinin üstünə bir neçə kitab qoymuşam. Yuxudan oyanarkən, gecə yatarkən də onları görür və sevinirəm."  - bu sətrlərə rast gəldim, dedim ki hə deməli mən tək deyilləmmiş :)

İndi oxumaq istəyib oxuya bilmədiyim, qutulardakı kitablarıma əlim çatmadığı üçün, mən də siyahımla həm yeni-yeni kitablar oxumaq, həm də kitabxanamı bir az da zənginləşdirmək qərarına gəldim.
Siyahımda 11 kitab var. Onlardan əksəriyyətini həmin o, onluq, yüzlük siyahılardan seçmişəm. Bir ikisi isə almaq istəyib xatirimdə tutduqlarımdır.

Müasir dünya ədəbiyyatında çox satılan əsərlər sırasında "Harry Potter" və "Twillight"ın seriyaları da çox ön sıralardadır. Kitabxanamda isə, o qəbildən Bettina Belitzin trilogiyası var. Onun da sonuncu kitabı qutuların birindədir :) Əminliklə deyə bilərəm ki, yuxarıda sözü gedən o kitab seriyalarını heç zaman oxumayacağam. Heç filmlərinə belə baxmamışam.  Amma bilirəm ki, qocalanda, ya 30 yaşlarıma çatanda rus ədəbiyyatı mənim zövqümcə olacaq. Axı bu danılmaz faktdır k, illər keçdikcə insanın zövqü dəyişir, həm yeməkdə, həm geyimdə, həm musiqidə və s. və s. eləcə də kitabda.

Seçdiyim əsərlər isə, müxtəli ölkələrin yazıçıları tərəfindən yazılmış, müxtəlif motivli və maraq dairəmə olduqca yaxın kitablardır. Görək, içindəkilər gözləntilərimi qarşılayacaqmı.

Aldıqca siyahımın üstündən xətt çəkmək diləyi ilə.. =)
 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)