UĞUR ƏLDƏ ETMƏYİN SADƏ ÜSULLARI
Hər bir insanın özünə xas vərdişləri var və bu olduqca təbii haldır.
Sadəcə olaraq, insanların seçimlərindən asılı olaraq bu vərdişlər onları
uğurun zirvələrinə və yaxud da əksinə, olduğu vəziyyətdən daha
aşağılara apara bilər. Bəzi uğur qazananlar isə, uğurun xırda
nüanslarını vərdiş etmədikləri üçün, qısa zaman ərzində əldə etdikləri
bütün nailiyyətlər əllərindən uçub gedir.
Bəs uğur nədir? Uğurlu insanlar özlərində nələri vərdiş edirlər?
Ümumiyyətlə daimi uğurun sirri nədədir? Bəlkə bu heç elə də çətin bir
şey deyil. Sadəcə bir neçə vərdişləri qazanmaqla biz uğur yoluna ilk
addımımızı ata bilərik. Gəlin bir neçə vərdişlərə göz ataq, onlardan
hansıları özümüzdə formalaşdıra biləcəyimizi götür-qoy edək.
1. Uğurlu insanlar heç zaman geri çəkilmirlər.
Onlar yıxıla bilərlər, ancaq həmişə ayağa qalxıb öz arzularının
arxasınca gedəcəklər. Transandantalizmin ən önəmli təmsilçilərindən biri
olan amerikan yazıçısı və mütəfəkkiri Ralf Valdo Emerson bu barədə belə
deyir: "Bizim şöhrətimizin böyüklüyü heç zaman yıxılmamağımızda deyil,
hər yıxıldığımızda qalxa bilməyimizdədir."
2. Həyata optimist baxır və hər bir vəziyyətdə pozitiv bir məqam tapmağı öyrənirlər.
Məsələn, Tomas Edison elektrik lampasını kəşf edərkən 1000 dəfə
uğursuzluqla qarşılaşıb. Ondan bu haqda soruşanda isə o dedi: "Mən heç
vaxt 1000 dəfə uğursuzluqla qarşılaşmamışam. Mən elektrik lampasını
düzəldə bilməməyin 1000 yolunu müvəffəqiyyətlə kəşf etmişəm." Göründüyü
kimi uğurlu insanlar öz düşüncələrini nəticəyə yönləndirilər,
problemlərə deyil.
3. Uğurlu insanların aydın məqsədləri olur və onlar nəticəni görmə qabiliyyətini özlərində təkmilləşdirirlər.
Təsəvvür edin, siz uçuşa hazırlaşırsınız və bilet alarkən deyirsiz
"Zəhmət olmasa, mənə Amerikaya bir bilet verin." Amerikanın 50 müxtəlif
ştatı var və əgər sən hara getdiyini bilmirsənsə, həyat səni hara oldu
apara bilər. Ona görə də sən uğurlu olmaq istəyirsənsə, sənin dəqiq
məqsədlərin olmalıdır və sən nə istədiyin bilməlisən. Əgər sən hələ bu
haqqda düşünməmisənsə bu heç də gec deyil, özünə zaman ayır və necə
deyərlər, "brainstorm" et, beynindəki bütün fikirləri bir-bir nəzərdən
keçir. Bir vərəq götürüb orada bu sualı yaz - "Mənim həyatda məqsədim
nədir?" ..ağlına gələn hər şeyi yaz. Bəlkə də sən yazdıqca hönkürtü ilə
ağlayacaqsan, bəlkə də ruh yüksəkliyi, həyəcan hiss edəcəksən, amma əmin
ol ki sonda bunu həyata keçirsən də, keçirməsən də həyatdan nə
istədiyini biləcəksən. Bu arzular sənin həyatını mənalı, səni isə güclü
edəcək.
4. Uğurlu insanlar həyatda sevdikləri işlə məşğul olurlar.
Ən vacib məsələrdən biri də odur ki, sən öz arzuladığın sahəni tapasan
və onun üzərində öz işini qurasan. Konfutsi bu haqda belə deyir: "Sən öz
sevdiyin işi seç, o zaman ömrün boyunca bir gün də olsa
işləməyəcəksən." Stiv Cobsun da motivasiya üçün çox faydalı fikirləri
var: "Sizin zamanınız məhduddur, ona görə də bunu başqa birinin həyatını
yaşamaqla boşa keçirməyin. Başqalarının fikirləri və nəticələri ilə
yaşayan insanların tələsinə düşməyin. Başqa fikirlərin sizin daxili
səsinizi əzməsinə imkan verməyin. Və ən önəmlisi, öz ürəyinizin və
intuisiyanızın sizi izləməsi cəsarətinə sahib olun, çünki onlar
haradansa artıq bilirlər ki, siz əslində nə olmaq, necə olmaq
istəyirsiz. Yerdə qalan hər şey ikinci dərəcəlidir." Çox uğurlu
sahibkarlardan biri Riçard Branson isə öz fikrini belə izah edir: "Əgər
sən bir şeydən zövq almırsansa, əylənmirsən onu etmə. Biznesə atılmaq
çoxlu qan, tər və gözyaşları (və kofein) tələb edir. Lakin günün sonunda
sən mütləq fərx edə biləcəyin bir şey inşa edə bilirsən."
5. Uğurlu insanlar öz zamanlarını boş yerə sərf etmirlər.
Onlar zamanın son dərəcə qiymətli olduğunu bilirlər və onlar bilməkdən
savayı, dərk edirlər ki, zaman yeganə məhvumdur ki biz onu geri ala
bilmirik.
6. Uğurlu insanlar öz talelərini özləri yaradırlar.
Onlar lotoreyada qalib olmağı gözləmirlər, onların həyat üçün aydın bir
planları var və onlar müvəffəqiyyətin yolu olduğu üçün qurduqları
planları mütləq nizamlayırlar. Onlar həyatın "havasının" sağ istiqamətə
doğru əsəcəyi zamanı gözləmək əvəzinə hərəkət etməyi üstün tuturlar.
Uğurlu insan olduğu vəziyyətin passiv izləyicisi deyil, o öz taleyinin
film rejissorudur.
7. Hər zaman öyrənirlər.
Uğurlu insanlar heç zaman inkişaf etməyi dayandırmırlar. Fərqi yoxdur,
bu intellektual istiqamətdirmi, daxili özünüinkişafdırmı, yoxsa yeni
bacarıqların mənimsənilməsi. Mahatma Qandi deyir: "Elə yaşa ki, sanki
sabah öləcəksən. Elə öyrən ki, sanki ömürlük yaşayacaqsan." Volter isə
çox gözəl vurğulayır: "Nə qədər çox oxuyuramsa, o qədər çox əldə edirəm,
və getdikcə daha çox əmin oluram ki, mən heç nə bilmirəm."
Bu sadalanan sadə misalları öz həyatımızada hamımız tətbiq edə bilərik.
Bunun üçün bizdən çətin heç bir şey tələb olunmur. Ümumiyyətlə, insan
həyatda böyük şeyləri hər zaman xırda və sadə vərdişləri özünə
aşılamaqla əldə edir. Mənə görə, səbr və iradə uğurun əsas dayaq
nöqtələridir. Əgər bunları özümüzdə formalaşdıra bilsək, digər sadalanan
bütün nüansları həyat fəaliyyətimizdə vərdiş halına gətirə bilərik.
Uğur bizi təkr etməsin! :)
Vəsilə ABBAS
mənbə: http://www.beautyandtips.com
Comments
Post a Comment