Posts

Showing posts with the label Həyatdan...

HƏYATIN 31 ANI...

Image
Yaşımın üstünə yaş gəldikcə düşündüklərimizi, hiss etdiklərimizi yaşadığımıza daha çox inanmağa başlayıram. Bura kvant fizikası, atom enerji məsələləri də daxildir amma mən o tərəflərini bilmirəm, o qədər dərinlikləri ilə maraqlanmamışam. Sadəcə, ürəyimizdəkindən, beynimizdəkindən, şüuraltımızdan, ümumiyyətlə bütün var qüvvə ilə, ən xırda hisslərimizlə hiss etdiklərimizdən gedir söhbət.. Elə bu zaman da düşünürəm bu təsadüf olur, yoxsa onu öz düşüncəmizlə həyatımıza çağırmış oluruq? Bəli, rəsmi surətdə bu gün 30lara vəsiqə qazandım mən. Qadının ən gözəl ili hesab olunurmuş 30lar. Keçən ilim daxili aləmimlə çətin idi, bu ilim keçən ilki bütün çətinliklərimi vurub yıxacaq, əminəm buna. İndi isə günümdən 31 anı paylaşmaq istəyirəm :) o anlar ki, illər sonra mənə xatırladacaq bu günümü.. 1. hər zaman saat 9da yatan, bu gün isə sanki doğum günüm olduğunu hiss etdiyi üçün 12dən sonra yatan oğlum 2. məni düz 00:00 da birinci təbrik edən əzizciyəzim Mələk 3. səhər öz əllər

İLİN SON YAZISI - 9 -

Image
 Nə az nə çox artıq 9cu ilin son yazısını yazıram :) bu o deməkdir ki, 9 il böyümüşəm, 9 ilə saysız şeylər - hadisələr, insanlar sığdırmışam, 9 ilə kim bilir neçə dəfə dəyişmişəm özümdən çıxıb, özümə qayıtmışam. 2018-ci ilim o qədər monoton keçib ki, sıra ilə düzüləsi, sadalanası bir şey tapmıram. Bir onu bilirəm ki, daxili çəkişmələrlə dolu olub. İçimdə özümlə, hisslərimlə çox mübarizələr apamışam. Ilimin ən gözəl günlərini isə balamla keçirmişəm. Bu da o deməkdir ki, nə qədər daxilim üçün çətin il olsa da, hər səhərimi oğlumun gülüşü ilə açdığım üçün xoşbəxt olmuşam. Yeni ilimdən isə çox şey gözləyirəm. Və inanıram ki olacaq! Deyirlər ki, yeni ili necə qarşılayırsansa elə də davam edir. Mənsə tam ürəyimcə qarşıladım. Həyat yoldaşımla və balaca oğlumla. Nə gözəldir, elə deyilmi!? ❤ ❤

YAĞIŞLI NOYABR...

..bəli bu mənəm :) uzun-uzun günlərdən və aylardan sonra, köhnə dostum notbukumu dizimin üzərinə qoyub bir iki sətir yazmaq istədim bu gündən yadigar qalsın deyə.. Sadəcə yadigar vəssalam. Başqa niyyətim yoxdur. bir zamanlar Orxan Zeynallının "Mənim şəhərim" mahnısını dinləyərək Bakıda Yasamaldakı evimizdə pəncərədən baxaraq nələrisə, kimisə, uzaqları düşünərək yazılarımdan yazarkən ürəyimin bir hissəsində fikirləşirdim ki bu mahnını həqiqətən şəhərdən uzaqda, başqa ölkədə dinləyərək nələrsə cızma-qara etmək necə olardı görəsən? ..və budur. Bakıdan, Yasamaldakı həyatımdan milyon məsafələr qət edərək yenə həmin musiqini dinləyərək bir iki söz yazıram. Hisslər fərqlidir...  .. hərdən mənə elə gəlir ki, hisslərim korlaşıb, duyğularım sönüküb ya da övlad sevgisi acgözcəsinə bütün hisslərimin üstünə çöküb kölgə kimi. Yalnıca sevgisi də yox, hər şey. Qayğılar, gələcəyə dair fikirlər, başqalarının eqoları ucbatından dəyişən həyat və sairə.. ..bu qədər böyümək istədiyimi

SON PİLLƏ VƏ YENİ BAŞLANĞICA SEVGİLƏRLƏ - 29

Image
                                                                        .... yazımı çox sevdiyim bacılarıma həsr edirəm ..29 yaş Zaman gəldi çatdı və mən də yeni yaşımın verdiklərini, aldıqlarını, qaytardıqlarını, öyrətdirklərini, unutdurduqlarını yazmaq üçün gəldim. 29 sanki çılğın gəncliyin son pilləsi kimi gəlir mənə. 30 yaş daha olğun, daha müdrikləşmişdir sanki, 20lərə bənzəməz. Sanki həyat 20nin son pilləsi ilə yeni həyatımın başlanğıcını bilərəkdən kəsişdirdi ki mənə bunu qəbul etmək çətin olmasın. Sözsüz və qəti şəkildə deyə bilərəm ki, indiki həyatım, qayğılarım o qədər fərqli və gözəldir ki... Amma, amma.. keçmişimi də az düşünmürəm şəkillərə baxıb zamanı vərəqlədikdə... nə isə, mətləbdən çox uzaqlaşmayım mən. Bu gün əslində fərqli bir şey yazmaq istəyirəm, təkcə bu yaşımın deyil, 20lərin mənə öyrətdiklərindən -sevgidən, ələxsusda sevilməkdən. Və buna görə də bir az keçmiş illərə uşaqlığıma qayıdacağam. Təkcə yazımda yox, gözümü yumacağam və düşünərək, hiss ed

İLİN SON YAZISI - 7 -

Bəli... Nəhayət ki, şəxsən mənim üçün sürprizlərlə dolu olan 2016-cı ilin də son saatlatını yaşayırıq. Bakıda, doğma şəhərimdə artıq çoxdan yeni il qarşılanıb, və bütün sevdiklərim 1 yanvar 2017-ci il tarixində şirin yuxudadırlar. :)  Mənsə 2016-cı ilin hesabatını verirəm öz özlüyümdə... Bəlkə də çox insanlar üçün son iki il elə də uğurlu və xoş keçmir. Amma bir zamanlar mənim azalanım olan həyat şkalası indi tərsinə artan sıra ilə gedir, ona görə inciməyin məndən. Müharibələr, krizislər bilmirəm nələr olsa da mənim gözümdə eynəklərim var. Həyatın və dünyanın bu qədər çətin olduğu bir dövrdə tanrı mənə ilin əvvəli körpə gözləntisini, sonunda isə gülüşünü bəxş etdi. mənsə bu il... ..kitablarımdan uzaq qaldım, bətnimdə bir kitab dolusu möcüzə hiss etdim ..ailəmdən uzaq qaldım, öz balaca ailəmi tamamladım ..ölkəmdən uzaq qaldım, qürbət ölkənin necə doğma ola biləcəyini öyrəndim 2016 mənə ANA adını qazandırdı. 2016 mənə həyatın başqa üzünü göstərdi 2016 mənə

...AMMA ONLAR SİYASƏTƏ QARIŞDI

Image
Bundan əvvəlki yazımda türk gəncliyi ilə azərbaycanlı gənclər arasındakı fərqə diqqət çəkmək istəmişdim. Onların siyasətə, sosial məsələlərə, hökümətə olan coşğun münasibəti ilə, bizim (elə içi mən və ətrafım qarışıq) olan passiv, lüzumsuz münasibətimizdən yazmağa çalışmışdım. O yazını yazmağımdan 3-4 gün keçəməmiş Aprel hadisələrindən sonra mayda keçiriləcək gül bayramına qarşı çıxmaq üçün iki gəncimiz Qiyas İbrahim və Bayram Məmmədovun 28 mayda Heydər Əliyevin heykəlinin üzərinə "Qul bayramınız mübarək" şüarını yazması aranı əməlii başı vəlvələyə saldı. Təbii ki, başqa bir şey gözləyə bilməzdik. Hər iki gənc dərxal xəbs edildilər. Qiyasın artıq məhkəməsi başa çatıb və narko bizneslə əlaqədar 10 il həbs kəsilib :) burda deyirlər tragikomediya. Bu yaxınlarda Bayramın məhkəməsi gözlənilir. Yəqin ki onun da aqibəti eyniylə Qiyasdan fərqli olmayacaq.Noyabrın 4-ü keçirilən məhkəməyə hazırlıq icasında Bayramın dediyi sözlər isə məhz qorxmaz gəncliyin bariz nümunəsidir. Bel

MƏN "SİYASƏTƏ" QARIŞMIRAM...

Image
Ev xanımı statusunu aldıqdan sonra özümə bəzi qadağalar qoymuşam, məsələn, ağlaşma türk seriallarına baxmamaq kimi. Amma keçənlərdə bu sözümün üstündə durmadım. Yaxşı ki də durmadım, çünki, tarixi faktlar qarşısında susub qalmışdım və suallaım var idi. Ən birinci sualım isə o oldu ki, ağız dolusu qardaş Türkiyə dediyimiz ölkədən nəsə öyrənə bilmişikmi heç olmaya? Ataların bir sözü var, deyir "Qonşu qonşuya baxar özünü oda yaxar." Biz ancaq bunu iki blok o tərəf qonşularımıza edə bilərik vəssalam. Amma tarix oxuyaq, siyasət öyrənək, yox atam balası, bunlar bizlik deyil. Ən azından böyük bir kütlə üçün deyil (indidən qeyd edim ki, mən istisna olan müəyyən kiçik faiz cəmiyyətimizi nəzərdə tutmayacağam bu yazıda). Bizim siyasi biliklərimiz çayxanada hər şeyi massonların bir də "yevreylərin" boynuna atıb əsas məqamda isə "sənə lazımdı? bir tikə çörək pulu qazanırsan. başıvı aşağı sal yoxsa o da əldən gedər" cümləsindən qırağa getmir.. çox təəssüflər. Keçirəm

UZAQLARDA...

..burada ulduzlar daha uzaqdır, az parlaqdır, xıpxırdadır ..burada yağışlar daha narındır, duyğusuzdur, sadəcə yağışdır ..burada dəniz daha təmizdir, sahili daşlıqdır, suyu dumdurudur, masmavidir ..burada payız daha şəndir, ağaclar hər dondadır, yarparqlar rəngarəngdir ..burada gecələr daha səssizdir, insansızdır, kimsəsizdir, küçələr qorxuludur ..burada evsizlər daha evsizdir, bütün evləri bir çamadandır, yataqları daş yerlərdir ..burada körpələr daha xoşbəxtdir, insanlar kədərsizdir, simalar qayğısızdır ..burada həyat daha asandır, çarələr tükənməzdir, imkan qapıları apaçıqdır ..burada evlər daha sadədir, hasarsızdır, mərmərsiz, aqlaysızdır ..burada çörək daha dadsızdır, doyumsuzdur, ətirsizdir, "nənəsizdir" ..burada həsrətim daha çoxdur .burada uzaqlarda...

CITY OF DESTINY...

Image
Əminəm ki bu gündən etibarən heç nə əvvəlki kimi olmayacaq..  Söhbət həyatımın növbəti addımından gedir. Yaşımın çox olmamasına baxmayaraq, çətin addımlar atdığımı, bəzi zamanlarda büdrədiyimi, yıxıldığımı, və şükürlər olsun yenidən qalxdığımı yaxşı bilirəm. Hələ illər ötdükcə bunu daha yaxşı anlayıram. Arzularımızın arxasınca addımlamaqdan çəkinmirəm. Bu yolda getmək üçünsə bizə ən birinci məqsəd, istək sonra isə xırda faizlərə bölünərək, dəstək, imkan, bəxt və risk lazım idi. Yolumuzun 50%ni keçmişik. Sıra məndədi. Daha doğrusu bizdə :) Həyat bizi bu dəfə talelər şəhərinə aparır, öz qismətimizi yazmağa, tapmağa və ya dəyişməyə..  İçimdə titrək bir qorxu var. "Birdən?" sualı hansı birimizi atacağımız addımlardan çəkindirmir ki? Amma yox, məni heç nə çəkindirmir, inanın. Çünki yarım ordadır. Addım atdığım bu şəhərə, bu küçələrə yenidən qayıdanda fərqlilik duyğusu mənə şirin yuxu kimi gəlir. O yuxu ki, ona gəlib çatdığım anda dejavu yaşayacağam. Zaman məni qorxuzmu

18 İLLİK İBADƏTİM...

Hər zaman həyatım haqqında düşünəndə ömrümü iki hissəyə bölürəm. 2012-ci ildən əvvəl və sonra. Başıma gələn bütün hadisələr də bu il ilə əməlli başlı səmt dəyişib. Yəni sözün qısası, 2012-ci ildən sonra həyatımı yenidən yazmağa məcbur olmuşam, itkilərimi köksümə basıb yaşamağı, həyatdan aldığım şillənin yerini göstərməmək üçün üzümü əks tərəfə çevirib gəzməyi öyrənmişəm. Üstündən 4 il keçsə də mənim üçün yara eyni yaradır. Qaysaq bağlamayan, qanayan yara.. Ona görə də düşüncəmdən silinməyən xatirələr yazılarımdan yan keçmir. Həyatımın hər yöndə dəyişilməsi dini inanclarıma, ibadətlərimə, Allaha olan bağlılığıma da təsirsiz ötüşmədi. Uzun illər namaz qılan, hicaba keçməyi düşünən, həcc ziyarəti üçün pul yığmağı planlaşdıran, dinin demək olar ki 80% qadağalarını canla başla yerinə yetirən, Allahdan qorxan bəndə idim. Allahla aramda olan sədd keçilməz və qorxulu idi. Mənim üçün olduqca ağrılı olan günlərdə Allahın möcüzəsini bircə dəfə də mənim və ailəmin görəcəyinə inanaraq hər gün

AXI İNANMAYACAQDIM...

Image
İnsanlara inamımı 2012-ci ilin isti yay aylarında tamam itirdiyimi düşünürdüm. Topçubaşov adına Eksperimental xəstəxananın yaşıllıqlarla dolu həyətində ilana bənzər dəyişik rəngli gözləri olan kişinin timsal göz yaşları ilə əlindəki dərman reseptini bizə uzadaraq "balam xəstədi bu, bu, bu dərmanları almışam,  amma, bunlara pulum çatmır nə olar kömək etdin" deməsi ilə bacımın böyük məbləğdə pulu ona verməsi və Allahdan övladına dönə dönə şəfa diləməsi bir olmuşdu. Hansı ki, o məbləğ həmin dərmanların hamısını almağa yetəcək qədər idi. İndi mən qınanıla bilərəm ki, bir əlin verdiyini digəri bilməməlidir. Bu nədir bura yazmışam!? Amma məsələ heç də düşünüldüyü kimi deyil... 2-3 gün sonra eyni göz yaşları, eyni sözlər eyni dərman resepti və eyni alınacaq dərman adları ilə kişi şəxsən mənə yaxınlaşdı. Heç nə demədim, eləcə üzümü çevirib getdim. Halbuki, içimdə insanları onların ən incidən hissləri ilə oynayan bu alçağa çığıracaq milyonlarca sözüm var idi. Uzun müddət özümə gələ

MARSEL PRUSTUN SUALLARI...

Adi bir məqalənin və ya cümlənin içində keçən, mənə tanış olmayan fərqi yoxdur klassik dövrün və ya müasir dünya ədəbiyyatının yazıçılarından hər dəfə yenisini tanımaq, haqqındakı məlumatları araşdırmaq maraqlı bir işdir. Ən azından dünya görüşün artır, oxumalı olduğun və ya oxunulması vacib olmayan kitablar siyahına əlavələr olunur. Bu gün isə Marsel Prustu tanıdım. Haqqında heç də standart olmayan informasiyalar əldə etdim və özünün ən məhşur əsərlərindən olan 4800 səhifəlik "İtirilmiş zamanın axtarışında" əsərini heç zaman oxumayacağıma özlüyümdə qərar verdim :)  İndi yazacağım sualları hardan tapdığıma gəldikdə isə, mənim bir gözləri iri, üzü sevincli müəllimə dostum var, onda gördüm. Müəllimənin özünün 14 yaşında qarşısına çıxan bu sualları, Marsel Prust 13 yaşında olarkən bir dostunun doğum günündə ona hədiyyə kimi veribmiş. Suallarla tanış olduqda isə elə bizim 12-16 yaş arasında həvəslə yazdığımız "xatirələr dəftərini" xatırladım düzü. Sualları bura

DISAPPOINTMENT...

Image
Bəzən illərə, aylara tökərik öz əsəbimizi, yolunda getməyən bütün işlərimizi, uğursuzluğumuzu, itkilərimizi. Bir sözlə həyat yolumuzun neqativlərini.. O zaman mənə demişdi ki bir dost, aylardan çıxma hayfını bunu zamanla anlayacaqsan. Deyilənlər doğru çıxır.. Əgər 5il əvvəl bu günlərdə həm iş, həm ailə, həm şəxsi həyatında uğur cızığını çəkirsənsə, il olur ki həmin tarixdə üzü aşağı istiqamət sonra yenidən yuxarı yenidən aşağı.. Cəbr fənnindən keçdiyimiz funksiyalar kimi. Bir cızığ mənfiyə, bir cızığ müsbətə.. İnsan ruhu incədirsə onu adi sözlə də incidə bilərlər. İnsanın qəlbi kövrəkdirsə bir baxışla belə ağlada bilərlər. Nə olar, etməyin belə... Hər il birmənalı şəkildə nələrsə öyrənirəm. Bir-birindən fərqli duyğulardan baş çıxarıram. Necə davranmaq lazım gəldiyini ayırd edirəm. Bəzən hisslərimə güvənirəm, bəzən məntiqimə. Yeni il çox gözlətmədi ilk imtahanını.. Deyəsən dünən bir imtahan daha verdim. Həyat imtahanı. Keçb keçmədiyim müəyyən müddətdən sonra bilinəcək. Ağır baza

DREAMCATCHER NUMBER 28 :)

Image
Deməli, 1988-ci ilin 12 yanvar tarixi də düz 28 il əvvəl çərşənbə axşamına düşübmüş. Yəni biləcəyiniz, tarix bu gün necə lazımdı təkrarlanıb. Nöqtə, vergülünə kimi. Bəlkə də bu gün hansısa bir körpə mən doğulduğum saatda belə dünyaya gəlib. Kim bilir? bəlkə də :) 28 il əvvəl isə həyat indikidən əslində nə qədər gör fərqli idi, dəfələrlə, çox dəfələrlə hətta... Ən azından mən sovet dövrünün yetirməsiyəm. Amma indi? Böyüdüm... həm də necə lazımdı böyüdüm artıq. Böyüdüldüm, böyüdüm və bir gün də böyüdəcəm :) Aramızda qalsın, amma bu ilə arzularım keçən ilkindən də çoxdur ;) ilimin devizi isə: Arzularının arxasınca get! Çünki mütləq bir gün onlara çatacaqsan...

İLİN SON YAZISI.. -6-

Image
..yeni ilə hardasa nə az nə çox düz 10 saat qalıb. :) Mənsə metrodayam. ..anamın yanına tələsirəm. .ona baş çəkməyə, ürəyimdəkiləri ona deməyə tələsirəm.. Metroda hardasa 7-8yaşında bir oğlan anasının əlini üzünü öpür. Nəsə istəyir ondan, amma anası vermir :) gülümsündüm. Anası da görüb oğlunu sığallıyıb öpdü. Mənzərə qəşəng idi. Bu il nə gələcəyə qaçmağın, nə də keçmişlə yaşamağın bir xeyri olduğunu öyrəndim. Öyrəndim ki, bu gün bu gündür vəssalam. Bacarırsan yaşa. Bacarmırsansa, deməli.... deməlinin arxasınca çox söz deməy olar, amma siz özünüz seçin. Çünki, hər seçim bir yoldu və hər yol mütləq bizə nələrsə öyrədir. Mütləq! Amma bu gün tələsmək olar.. ..sevdiklərimizə, itirdiklərimizə, səhvlərimizi düzəltməyə.. Gələn il anamı daha çox başa düşmək arzusu ilə... 3 il aradan sonra, öz evimdə :)

Təqvimlər...

Təqvimlər heç zaman aldatmır.. nə səni mənə gətirəcəyi, nə də sənin yanına gedə biləcəyim zamanı vəd edən günləri qırmızılamır.. yenidən sənli günlərin gələcəyinə ümid vermir,     ..vəd vermir, ..heç zaman aldatmır təvqimlər.. Təqvimlər heç zaman yanılmır.. qəlibə düşmüş həftələr, aylar hər yeni il boyu mənə boylanır.. özümün işarələdiyim günlər gəlir, keçir, uçur.. ..amma, yenidən sənli günlərin gələcəyinə ümid vermir, ..vəd vermir, heç zaman aldatmır təqvimlər.. Təqvimlər heç zaman qaytarmır.. artırdığı qədər azaldır, ..alır, qoparır, aparır. sonra arsızca yaraları sarıyır.. ..sağaltmır yenidən sənli günlərin gələcəyinə ümid vermir, ..vəd vermir, heç zaman aldatmır təqvimlər.. Təqvimlər heç zaman unutdurmur.. bacarmır.. səni dünyaya bəxş edən avqust, məni sənə pay verən yanvar və qəddarca səni məndən qoparan oktyabr necə çıxsın təqvimdən!? necə qəlibi pozulsun!? necə nizam korlansın!? ..unutdurmur yenidən sənli günlərin gələcəyinə ümid vermir, ..

BULUDLARA ÇATAN OĞLAN - SOBİECH... N2

Image
Həyatının sayılı günlərini yaşasan da hər hansı bir məqsəd dalınca düşürsənsə, deməli, həyatını boşa yaşamamısan. "Mən döyüşdə düşməsinə baxmayaraq, döyüşü uduzmayan oğlan kimi yadda qalmaq istəyirəm" - demişdi Zach Sobiech. Bəlkə də, onun həyatı da adi uşaqların həyatı kimi olsa idi, bu qədər məqsədli olmazdı. Ya da məqsədi olsa da, bu qədər çox tanınmazdı. 18 illik ömrünə musiqi qrupu yaratmaq, youtube-da milyon baxış sayısını keçən məhşur  "Clouds" ("Buludlar") mahnısını oxumaq, albom buraxmaq, çox mehriban bir ailədə böyümək və son ana kimi yanından ayrılmayan sevgilisi Amy ilə unudulmaz anlar keçirməyi sığdıra bildi. Zach Sobiech 1995-ci ildə Amerikanın Saint Paul şəhərində, bəzi amerika kinolarında gördüyümüz kimi çoxuşaqlı ailədə, adi uşaqlar kimi dünyaya gəldi. Amma təəssüf ki, həyat heç də hər zaman insanların istəkləri üzərinə qurulmur. 14 yaşında sümük xərçəngi diaqnozu qoyulan Zach, çox çətin, ağrılı bir yeniyetməlik dövrü keçirir.

..VƏ YENİDƏN SENTYABR

Image
Bu gün evdən çıxarkən havanın sərin mehi üzümə vurduqda, nəhayət ki, zamanın gəlib çatdığını hiss etdim.  ...yazmaq zamanının. Hiss etdiklərimi yazmaq asan iş deyil mənimçün. Belə baxanda heç çətin də deyil əslində. Amma mən, yazmaq üçün çox və yoğun hiss etdiyim şeylərin nisbətən səngiməsini gözləyən biriyəm. Yoxsa yaza bilmirəm. ..təbiətim belədir nə edə bilərəm. :) Hərflərdən və cümlə qurub yazmaqdan uzaq düşdüyüm 1 iyul - 30 sentyabr tarixləri arasında həyatımı tamamilə dəyişəcək hadisələr, o hadisələrin gətirdiyi sevinc, həzinlik, həsrət, xoşbəxtlik, qovuşmaq və onlarca düzəltmə sözlər düzəldə biləcəyim hissləri yaşadım. Bir zamanlar özünü heç kəsin diqqət göstərmədiyi, cəlb olunmayan, cılız qızcığaz kimi hiss edən Abdullayeva, bu gün  qurmuş olduğu öz yeni və balaca ailəsinin xanımı Alməmmədova olub :) Sentyabrda çalınan vağzalı məni çox bağlı olduğum ailəmdən, mənə mənsub olan otağımdan, hər küncündə anamın xatirəsi yatan evimizdən, gündəlik vərdişlərimdən,

KAKTUSUN GÜLÜ :D

Image
Klişe sözlərdən qaçmaq üçün özündən müraciət formaları çıxartmaq məcburiyyətində qalırsan bəzən. Amma bəzi sözlər var ki onlar şablon olsa da sevirsən, əl əxsus da sənə müraciət olunanda.. məsələn hər şeyim deyəndə əslində nə boyda yükün altına girdiyini duyursan, balam deyəndə onun yanında laaap balacalaşırsan, sevgilim deyəndə sevildiyini, sevdiyim deyəndə yalnız səni sevdiyini hiss edirsən, həyatım deyəndə hər şeyinlə səni qəbul etdiyini başa düşürsən, səni sevirəm deyəndə bu iki sözün birləşməsini ancaq və ancaq onun dilindən onun səsi ilə eşitmək istəyirsən. Bir də durduq yerdə məni niyə sevirsən? Mənim nəyim xoşuna gəlir? suallarının cavabını axtarırsan. Gülüm deyəndə incəsi olursan və əgər sevdiyin güllə səni çağırırsa.. :) mənsə bu gündən etibarən "kaktusun gülü" oldum. Kaktus fəlsəfəmizi birlikdə yürdüəcəyik.. sadəcə birlikdə. . . gələcəyimizdə. ..və bir il sonrakı hədiyyəmin nə ola biləcəyini açdım sənə. Sözümü sevdin. Mən səni sevdim. Sənsə yenə də məni sev

YALAN HİSSLƏR

Sevgilisi ilə nişan şəkilini paylaşan qız, onlarla insanın bəyənisini bildirən bildirişlər alır, dostlarının, yaxınlarının ürək sözlərini oxuyur. Amma yenə də səhərdən düyümlənən qaşları açılmır, elə göydəki buludlar kimi dolub gəzir. İşdən evə gəlib, şam üçün səhər tezdən işə tələsə tələsə bişirdiyi anasının ən sevdiyi yeməyi qızdırıb qarşısına qoyur. Yeməyə baxır. Baxır.. Baxır.. Udqunur.. Başlayır.. Hər tikəsini ağzına qoyduqca boğazından keçmir. Atası eşitməsin deyə mətbəxin bir küncündə sakitcə, gizlincə oturub hönkür hönkür ağlayır. Anası üçün darıxıb. Anasının ən sevdiyi yeməyi bişirsə də heç vaxt onun əlindən dadmayacağını  bildiyi üçün sıxılıb. Duzlu göz yaşları şit yeməyə qarışıb. Nuş olmur. Göz yaşları dayanmır. Bunu isə 2 saat əvvəl paylaşdığı şəkilə baxan heç bir yaxını heç vaxt bilməyəcək... Xoşbəxtliyin şəklini paylaşan "xoşbəxt" qız insanları aldadır. Həm hava da tutqundu axı. ..tutqun havalar yağışsız ötüşmür. p.s. yenə sənsiz günlər çətindi...