MƏN "SİYASƏTƏ" QARIŞMIRAM...

Ev xanımı statusunu aldıqdan sonra özümə bəzi qadağalar qoymuşam, məsələn, ağlaşma türk seriallarına baxmamaq kimi. Amma keçənlərdə bu sözümün üstündə durmadım. Yaxşı ki də durmadım, çünki, tarixi faktlar qarşısında susub qalmışdım və suallaım var idi. Ən birinci sualım isə o oldu ki, ağız dolusu qardaş Türkiyə dediyimiz ölkədən nəsə öyrənə bilmişikmi heç olmaya? Ataların bir sözü var, deyir "Qonşu qonşuya baxar özünü oda yaxar." Biz ancaq bunu iki blok o tərəf qonşularımıza edə bilərik vəssalam. Amma tarix oxuyaq, siyasət öyrənək, yox atam balası, bunlar bizlik deyil. Ən azından böyük bir kütlə üçün deyil (indidən qeyd edim ki, mən istisna olan müəyyən kiçik faiz cəmiyyətimizi nəzərdə tutmayacağam bu yazıda). Bizim siyasi biliklərimiz çayxanada hər şeyi massonların bir də "yevreylərin" boynuna atıb əsas məqamda isə "sənə lazımdı? bir tikə çörək pulu qazanırsan. başıvı aşağı sal yoxsa o da əldən gedər" cümləsindən qırağa getmir.. çox təəssüflər. Keçirəm söhbətimin canına..

Erdal Eren məhkəmə qarşısında, 1980

Bir dəfə Teomanın "Daha 17" mahnısını Teonun səhifəində paylaşıb mahnının tarixindən yazmışdılar. Mahnıda hələ 17 yaşı olan siyasi kommunist aktiv gənc Erdal Erenin yaşının balaca olmasına baxmayaraq asılaraq edam edilməsindən yazılmışdı. Mahnıya bu dəfə tama fərqli yanaşıb bir daha dinlədim və axtarışa keçdim. Vikipediyada haqqında ətaflı yazılmışdı. Və Erdal Eren haqqında çəkilən filmlər yazılan mahnılar, sözlər, məqalələrin siyahısı verilmişdi. Onların içində bir serial diqqətimi çəkdi "Hatırla sevgili".

Keçid elədim seriala. Kinonun belgesel, yəni sənədli film xarakteri daşıdığını görüb çox maraqlandım. Baş rollarda Cansel Elçin, Beren Saat, Okan Yalabıkın oynadığı serialın əsas mövzusu əvvəlcə sevgi üzərində qurulur. Bir birini sevən iki gənc ailələrinin siyasi görüşləri ucbatından çox böyük çətinliklərlə üzləşirlər (bildiyimiz türk serialı məsələləri). Amma onun fonunda ölkədə baş verən hadisələr, siyasi məsələlər o qədər dəqiq və tarixi video, qəzet və faktlarla verilirdi ki, o sevgi məhəbbət məsələləri ikinci plana keçirdi.
Adnan Menderes edam zamanı, 1961
Hadisələr 1959-cu ildə Adnan Menderesin hakimiyyəti dövründən başlayır və 1980-ci ilə qədər davam edir. Bütün siyasi hadisələsin ardıcılıığı və serialda adı keçən tarixi şəxsiyyətlərin siyahısı kino haqqında verilən məqalədə açıq aydın verilir. 1960-cı il 27 may tarixində ordunun hakimiyyətə əl qoyması ilə Demokrat partiyasının lideri Adnan Menderes və 15 demokratın edam qərarı ilə hadisələr çulğalaşır. Daha sonra 15 nəfərin edamı 3ə endirilir və xalqın seçdiyi ölkə başçısı edam olunur. !960-cı ilədən başlayan və ölkəni başdan başa bürüyən siyasi oyunlar 1980-cı ildə Erdal Erenin edamı ilə sona çatır filmdə. Və film 3 tarixi onilliyə bölünür. Birinci onillik Adnan Menderesin Edamı ilə yekunlaşır.
1. Hüseyn 2. Deniz 3. Yusuf, 1972
İkinci onillik və çəkşmələr, siyasi dünya görüşü fərqləri, gənclər arasında "irelici" və "gerici" fərqi yaranır. Bütün bu hadisələr isə dövlətə əsgəri müdaxilə və 12 Mart Muhtrası ilə, yəni 1971-ci ildə baş vermiş hökümət çevrilişi ilə başa çatır. Və bu dəfə 3 aktivisit sosialist gənc edam edilir.. Sosialist gənclərin inamı, onların öz inadlarından dönməmələri vətəni sevən və onun üçün canından keçmələri, hələ tələbə birliklərinin hakimiyyət qarşısında olan dirənci insanın tüklərini biz biz edir. Barmaqlıqlar arasında olmazın işgəncəsini görən qızlı oğlanlı aktiv gənclər dillərindən bir kəlmə də olsun sirr çıxarmadan birliklərinə sadiqliklərini nümayiş etdirilər. 40a yaxın tutulan gənclər arasında ən öncüləri Deniz Gezmiş, Yusuf Aslan, Hüseyin İnan edam edilir. Mənə ən çox təsir edən siyasi görüşü və inamı, olmazı oldurmaq istəyən kiçik dəstəsi ilə nəhəng Türkiyəni gözü önünə alan gənclərin inamı idi. 25 yaşlı gəncləri nə vadar edirdi bu inama, bu vətən sevgisi onlarda hardan idi qanlarında aşıb daşırdı? Məhkəmələrdə də öz sözünü deməyə çəkinməyən, ölümə belə gülə gülə gedən  3 gənc..
Üçüncü onillik Bülent Ecevitlə (CHP) Süleyman Dəmirəlin (AP) hakimiyyət uğrunda apardıqları mübarizə və bunu altını çəkən xalqdan bəhs edir. Əslində siyasi məsələlərin daha sıx olduğu bu bölümdə artıq serialın əsas məqsədi tarixi faktları ortaya qoymaq idi. Filmin ən maraqlı və tarixi bölümləri məhz burdan başlayır. Siyasi oyunlar baş alıb gedir. Türkiyənin müxtəlif şəhərlərində vətəndaş müharibələri başlayır və artıq təkcə siyasi görüşü fərqli olan gənclər bir birinə nifrət etmir, şiə və sünnilər arasında da qətliamlar başlayır. Artıq ölkədə baş verən siyası və dini radikal çaxnaşmaların qarşını almaq mümkün deyil, üçüncü hakimiyyət çevrilişinin yaxında olduğunu artıq hamı anlayır. Və budur, 1980-cı il 12 sentyabr tarixində türkiyə 3-cü əsgəri müdaxiləyə məruz qalaraq hakimiyyəti partiyanın əlindən alır və 3-cü darbe yekünlaşır. Tarixi hadisələr davam edir, sosializm qalıqlar yerlə yeksan edilir. Etirazların qarşısı alınır və ya dövlət qüvvələri kənara çəkilərək əks partiya gənclərinin bir birini qırmasına müdaxilə etmir. Və sözü gedən etirazların birində ara dağıdılır əsgərin biri öldürülür, lakin günah Erdal Erenin boynuna atılır. Həmin zaman kəsiyində siyasi görüş və aktivliklərinə görə daha 2 gənc tutulur və 1980-cı ildə üçü də edam edilir. Bu hadisələrin fonunda da film yekunlarşır. Türkiyənin 3 dövlət çevrilişini və hər çevrilişdə məhz 3 nəfərin edam olunması siyası oyun idimi yoxsa təsadüf?.. Filmə baxdıqdan sonra Türkiyə tarixini çox araşdırdım, oxudum və nə yalan deyim bu günə kimi haqqında heç bir məlumat bilmədiyim üçün özümü qınadım. çünki olduqca maraqlı, dirəncli və qürülü tarix sərgiləyib Türkiyə yaxın keçmişdə. 
Və bir də çöndüm özümüzə baxdım.. Baxdım ki nə baxdım. Əsla müqayisə etmədim! Sadəcə
21 yanvar, 1990
baxdım. 90-cı illərimizi xatırladım. O zaman insanlardakı vətənpərvər ruhu xatırladım, birliyi, millətçiliyi, dayaq olmağı xatırladım. Dirənci xatirladım. Düzdü o zamanlar yaşım hələ çox balaca idi. Baş verən hadisələri dərk etmirdim, tvdə gördüyüm hadisələri ağlım almırdı. Amma balaca canımla Xocalıda baş verən o vəhşilikləri görüb ağladığımı indi də xatırlayıram axı. Və təəsüf ki təhrif olunan tarximizlə bu gün baş başa qoyulmuşuq.. Nəyin doğru, nəyin yalnış olduğunu belə xatırlamayacaq halda susub oturmuşuq. Kiridilmişik. Hələ gənclərimizi, tələbələrimizi demirəm... Tək dərdləri qızlar, pul, maşın. Daha yaxşı yaşamağı xəyal edirlər amma bunun üçün bircə addım belə atmırlar, addım atanlara gülürlər. Mövzunun əvvəlində yazdığım kimi "sənə lazımdır?" sualını verirlər. Bizdə solçuların böyük əksəriyyəti solçu adı altında iki üç kitab oxuyub özünü aktivist hesab edərək pubların, barların canına düşüblər. Nəyə görə? Nə edirlər heç özləri də bilmirlər. Parçalanmış halda nəsə etdiklərini düşünürlər. Bu tamam başqa mövzudu əslində. Cəmiyyətimizdi. Gəncliyimizin indiki halıdı. Başlı başına qalmış, örnək götürməyə bir siyasi aktivisiti olmayan gəcliyimiz.
30 avqust, 1991
O ki qaldı bu tip sənədli filmlərə, təhrif olunan tariximizlə zəngin bir serial, sənədli film çəkmək iqtidarında deyilik də heç. Çünki tv başdan başa bürokratiyadır. Onlar ancaq qeyri real, Azərbaycan gerçəklərinə uymayan mənasız seriallar çəksinlər və ya kimlərəsə sərf edən mövzular, tarixi məslələr ekranlaşdırılısn. Beləcə yurdum insanını yatızdırsınlar. O hala salsınlar ki yalnızca sabah qazanacağı və ya qazanmayacağı bir tikə çörəyin dərdini çəksin. Düzmü edilir? Axı mübarizə aparanlar da az deyil.. Axı heç bir aşağı təbəqə halından razı deyil. Hardadı bu insanlar? Birlik də yoxa çıxdı, vətənpərvərlik də beləcə əridi getdi. Yalnızca xırda qalıqları qaldı etiraz səslərinin toz dənəcikləri kimi. O dənəciklər ki yatan millətin gözünə dolub gözlərini yaşardır, bir balaca incidir sonra birtəhər sulanan göz yaşı ilə çıxır dənəciklər o gözlərdən. O dənəciklər ki harınlamış məmurların ağzına düşür, onlar da çeynəyib xırçıldadılar, sadəcə xoşagəlməz hiss edirlər özlərini və üstündən bir qurtum su içilər. Az saylı ənəciklər də beləcə göz yaşlarında əriyib, ağız suyunda əzilib gedirlər yavaş-yavaş. 
Uzaqda olanda hər şey daha aydın görünür. Bütün hadisələr məqamlər. Portret aydın canlanır gözümün qabağında. Nə deyəsən, nə edəsən axı..

Əşşi, cəhənnəm olsun! axı biz millət olaraq heç birimiz "siyasətə qarışmırıq"....

..because Big Brother is watching you! :D


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)