AXI İNANMAYACAQDIM...

İnsanlara inamımı 2012-ci ilin isti yay aylarında tamam itirdiyimi düşünürdüm. Topçubaşov adına Eksperimental xəstəxananın yaşıllıqlarla dolu həyətində ilana bənzər dəyişik rəngli gözləri olan kişinin timsal göz yaşları ilə əlindəki dərman reseptini bizə uzadaraq "balam xəstədi bu, bu, bu dərmanları almışam,  amma, bunlara pulum çatmır nə olar kömək etdin" deməsi ilə bacımın böyük məbləğdə pulu ona verməsi və Allahdan övladına dönə dönə şəfa diləməsi bir olmuşdu. Hansı ki, o məbləğ həmin dərmanların hamısını almağa yetəcək qədər idi. İndi mən qınanıla bilərəm ki, bir əlin verdiyini digəri bilməməlidir. Bu nədir bura yazmışam!? Amma məsələ heç də düşünüldüyü kimi deyil... 2-3 gün sonra eyni göz yaşları, eyni sözlər eyni dərman resepti və eyni alınacaq dərman adları ilə kişi şəxsən mənə yaxınlaşdı. Heç nə demədim, eləcə üzümü çevirib getdim. Halbuki, içimdə insanları onların ən incidən hissləri ilə oynayan bu alçağa çığıracaq milyonlarca sözüm var idi. Uzun müddət özümə gələ bilməmişdim o hadisədən sonra. Onsuzda insanın yaşının üstünə yaş gəldikcə, bərkə boşa düşdükcə, ətrafında baş verən və şəxsən özünün başına gələn hadisələrdən nəticə çıxartdıqca, çox böyük təəsüflə, insanlara olan inamı zərrə-zərrə azalır. Bu ən yaxın dost da ola bilər, tanımdığın o vicdansız insan kimi insanları aldadan insan tipi də ola bilər.. 

Bir də mənim kimi sadəlövh, ürəyiyumşaq və tez aldanan insanlar var. O insanlar ki, beyin ilə, ağıl ilə yox, ürəklə addım atırlar və dərs çıxarmaq üçün mütləq başları əl-hədd daşına dəyməlidir. El içində onlara, yəni bizlərə bu sadəlövhlüyə görə "axmaq" desələr vallah, billah incimərəm. Sözün düzünə nə üçün inciyim ki? 

Bəzən bizim kimilərin bəxti orda gətirir ki, etdiyimiz bəzi sadəlövh hərəkətlərin qarşısında düşdüyümüz qarmaqarışıqlığın içindən çıxmaq üçün yaxşı insanlar ətrafımızda olur. Onda da "yaxşı ki, filan vaxtı filan şeyi eləmədim" və ya "demədim" sözləri ilə özümüzü təsəlli eliyib, sadəlövhlüyümüzün məsuliyyətini boynumuzdan atmaq üçün bəhanələr düşünürük. Vay o gündən o bəhanələr də tapılmaya...

Bizim kimilərin sayı azalır, bizi də özünüzə bənzətdiniz sonunda, bəylər.

Sözün qısası, 3 aylıq fasilənin ardından şəxsən insanlara bu dəfə zərrə-zərrə deyil, bir dəfəlik yekə pay şəklində inamımın itdiyini elan etmək üçün sazımı əlimə almışam. . Tez aldanan olmaq üçün yaşım və məqamım artıq böyük deyilmi görəsən? Sitatın sonu.



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)