18 İLLİK İBADƏTİM...

Hər zaman həyatım haqqında düşünəndə ömrümü iki hissəyə bölürəm. 2012-ci ildən əvvəl və sonra. Başıma gələn bütün hadisələr də bu il ilə əməlli başlı səmt dəyişib. Yəni sözün qısası, 2012-ci ildən sonra həyatımı yenidən yazmağa məcbur olmuşam, itkilərimi köksümə basıb yaşamağı, həyatdan aldığım şillənin yerini göstərməmək üçün üzümü əks tərəfə çevirib gəzməyi öyrənmişəm. Üstündən 4 il keçsə də mənim üçün yara eyni yaradır. Qaysaq bağlamayan, qanayan yara.. Ona görə də düşüncəmdən silinməyən xatirələr yazılarımdan yan keçmir.

Həyatımın hər yöndə dəyişilməsi dini inanclarıma, ibadətlərimə, Allaha olan bağlılığıma da təsirsiz ötüşmədi. Uzun illər namaz qılan, hicaba keçməyi düşünən, həcc ziyarəti üçün pul yığmağı planlaşdıran, dinin demək olar ki 80% qadağalarını canla başla yerinə yetirən, Allahdan qorxan bəndə idim. Allahla aramda olan sədd keçilməz və qorxulu idi. Mənim üçün olduqca ağrılı olan günlərdə Allahın möcüzəsini bircə dəfə də mənim və ailəmin görəcəyinə inanaraq hər gün məscidə gedir durmadan dua edirdim.. Təəssüf ki, möcüzə ilə qarşılaşmadım və gözlədiyini almayan bəndə kimi neçə illik ömrümdə ilk dəfə olaraq Allahdan küsdüm.. Həm də necə. Bir var Allaha inanmamaq, bir var inandığından küsmək və bilə-bilə onun istəklərinə qarşı çıxmaq.. Namazı buraxdım, duanı buraxdım, Ondan istəməyi buraxdım, və özümə qadağan etdiyim olmazlara başladım. Amma içimdəki boşluq dolmadı ki dolmadı. Hər şeyi buraxsam da bircə Ramazan ayının gözəlliyindən vaz keçə bilmədim. Orucluqdan, sübh sahurundan, axşam iftarından qala bilmədim.. Və iki il Allahdan incisəm də, küssəm də orucumu tutdum, hər axşam iftarda əlimi açıb "Allahım, sənə inandım, sənə güvəndim...." duasını oxudum. İçimi təmizlədim, özümü təmizlədim. Çoxlu mütaliə etdim, təkcə bildiyimiz əsərləri deyil, məqalələr, insan həyatları, dinlər, insanlar, motivasiya kitabları və sair və sair.. İki ildən sonra Allahımla aramda yeni bir körpü tikdim, tam fərqli. Qorxusuz - sevgi dolu, səddsiz, sərhədsiz - inam dolu, məcbursuz - istək dolu, qadağasız - şükür dolu.. Allaha inamım, sevgim tam fərqli oldu və daha da artdı. Ramazanın, orucluğun təsiri və Allahı unutmağa imkan verməməyi, içimdəki kini dağıtdı. 

10 yaşımdan etibarən Ramazanda oruc tuturam. Bu bütün ibadətlərimdən öndə gəlib və 2015-ci ilə qədər davam edib. 18 il hər səhər ailəmlə, son illər isə təkcə canım atamla sahura durub, axşam iftarımızı açmışıq. Hər il dilimizi, gözmümüzü, qulaqlarımızı, mədəmizi imtahana çəkmişik.. nə gözəl aydır Ramazan.

Bu yazını isə 18 ildən sonra ilk dəfə oruc tuta bilməyəcəyim üçün yazıram :) Allahımın mənə bəxş etdiyi bir möcüzə üçün və bu möcüzəmin üzürlü səbəbləri üçün bu il sevə-sevə yerinə yetirdiyim ibadətimin sadəcə olaraq qismini dəyişəcəyəm. Daha çox şükür edib, daha çox dua edəcəyəm.. 

Bütün verdiyi nemətlərə, bu günə qədər istəklərimə, məsləhət bildiklərinə, yaşadığım həyata görə şükranlar...

Xoş gəldin Ramazan!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)