29 FEVRAL

Dörd ildən bir olan, dörd ildən bir həyatımıza gəlib gedən ekstra 24 saat, əlavə bir gün..

Hələ uşaq idim, məktəbli idim bu günün varlığı məni fərqli düşündürüb, fərqli hiss etdirəndə. Həmişəki kimi də necə və niyə sualını verərkən, və buna cavab axtararkən tapırdım özümü. O zamanlar resurslar bu qədər çox olmazdı, valideynlərimizdən, dərsliklərimizdən, əgər bizim kimi kiminsə bəxti gətirirdisə evindəki o qırmızı üzlü ensiklopediyalardan suallarımıza cavab tapardıq qismən. Limitli, kasad, yalnız bir və ya iki dildə. İndi isə əlimizi klavyaturada gəzdirərək ingilis, rus, türk və doğma dilimizdə minlərlə məlumatlar, məqalələr, resurslara çata bilirik. Bəlkə də ona görədir ki, çox şeyin sehri qalmayıb..

Yaşımın neçə olmağından asılı olmayaraq 29 fevral mənə həmişə qeyri adi hisslər bəxş edir. Həm də doğulduğum ilin təqviminə də 12 ildən bir mütləq düşür bu tarix.

Bəlkə mövzudan kənar olacaq, amma mən uşaqlıqdan özümü heç vaxt hamı kimi hiss etməmişəm. Düşünürəm ki, elə bu fərqli hiss etməyim də, bəzən adi olan şeyləri mənim üçün bir az adilikdən kənar edib. Böyüdükcə əslində başa düşəcəkdim ki, bu həyata Allahın gözü ilə baxmaqdır. Elə insanlar var ki, deyirlər çönüb keçmişə, geriyə getsəm heç nəyi dəyişdirməzdim. Mən isə elə deyə bilmirəm. İsətəyərdim elə deyim, çünki düşünürəm ki, bu cümləni ürəkdən qurmaq, əslində etmədiklərinlə və ya etdiklərinlə hal-hazırda var olduğun halından çox razısan. Özünü olmaq istədiyin yerdə görürsən. Demək ki, mən hələ o yerə gəlib  çatmamışam. Mən məsələn keçmişimə getsəydim bir çox şeyi dəyişdirərdim və fərqli baxış bucağımın fərqində olduğum andan etibarən bu fərqliliyi qiymətləndirər və dəyərləndirərdim. Rutin məişət həyatının içinə salmazdım bu qədər özümü. Çünki məişət o qədər  dərin bir  bataqlıqdır ki, ayağını çəkdikcə aşağı çəkir və yuxarılara doğru yüksəkliklərə qalxmaq istəyən ruhununun qanadlarını öz çirkabına bulaşdırır, yapışqan çirkli qanadlar azad çırpına bilmir büzüşür, qırılır və sən dərinlərə doğru batırsan, batırsan.. Özümü hamı kimi hiss etməməyim isə mənim fiziki görünüşümlə bağlı deyil, kənardan standart azərbaycanlı xanımam, ya da adi görünüşlü uşaq və ya gənc idim.. Amma içimdə, daxilimdə olan o fərqli baxış bucağı, hadisələrə yanaşma tərzi, hiss etdiklərim, ön görüşlərim, intuisiyam hamı kimi standart olmayıb heç zaman və deyil. Məişət dedikdə isə ailəmi, övladlarımı və yuvamı nəzərdə tutmuram, sadəcə onlarla birlikdə gələn, kənarlardan lüzumsuz yapışan, nə üçün "etməliyəm" olmasını başa düşmədiyim amma etməyə "məcbur olduğum" məsələlərdir məişətin bataqlığı mənim üçün. 

Ürəyimin sol küncündə isə çırpınan bir hiss var, adını tam dəqiq bilmədiyim. Məni gör deyir, mənə zaman ayır deyir, görməzdən gəlib ürəyinin ən qaranlıq və qapalı yerində saxlama deyir. Hər gün o hisslə yatıb o hisslə oyanır, o hisslə həyatıma davam edirəm. Onun çırpınışı və səsini, elə hey "Mən burdayam!" deyişini eşidirəm.. Nədir o hiss!? Mən əslində bilirəm. Fərqliliyimin fərqində olduğum fərqli ruhumun səsidir.. Qanadlarını məişətin çirkabında batırdığım, maraqlarını heçə saydığım, səhvlərim ucbatından yenicə baş qaldıran qanadlarını sındırıb qorxumdan gizlətdiyim o fərqlilik.. Mənim ruhumun enerjisidir o, yığmışam qara bankaya ışığını saçmasın ətrafa. O isə azadlıq üçün çırpınır. Qorxumu dəf etsəm, dilimi açsam inanıram və bilirəm ki azadlığına qovuşacaq. Rahat nəfəs alacaq dərindən. Çırpınmayacaq və çırpındırmayacaq.. Huzur o zaman gələcək. 

 29 fevral mənə bunları yazdırdı bu gün. Sabahdan isə yazın müjdəsidir. Keçən ilimlə bu günümü müqayisə edirəm hər gün bəlkə də. Bu gün yeganə gündür ki, mən onu keçən il yaşamamışam. Keçən ilimin kədərinə bulaşmayan və heç vaxt bulaşmayacaq yeganə gün!


Fevral 29, 2012  - 12 il əvvəl yazdıqlarım... Bu il anamı itirdim.

Fevral 29, 2020 - 4 il əvvəl yazdıqlarım... Bu il Leylam dünyaya gəldi.

2024-ü sevgi ilə, sevinc ilə, xoşbəxtlik ilə, rahatlıq və huzur ilə bitirməyi niyyət edirəm! OLDU!OLDU!OLDU!



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)