SON PİLLƏ VƏ YENİ BAŞLANĞICA SEVGİLƏRLƏ - 29

                                                                        ....yazımı çox sevdiyim bacılarıma həsr edirəm


..29 yaş

Zaman gəldi çatdı və mən də yeni yaşımın verdiklərini, aldıqlarını, qaytardıqlarını, öyrətdirklərini, unutdurduqlarını yazmaq üçün gəldim. 29 sanki çılğın gəncliyin son pilləsi kimi gəlir mənə. 30 yaş daha olğun, daha müdrikləşmişdir sanki, 20lərə bənzəməz. Sanki həyat 20nin son pilləsi ilə yeni həyatımın başlanğıcını bilərəkdən kəsişdirdi ki mənə bunu qəbul etmək çətin olmasın. Sözsüz və qəti şəkildə deyə bilərəm ki, indiki həyatım, qayğılarım o qədər fərqli və gözəldir ki... Amma, amma.. keçmişimi də az düşünmürəm şəkillərə baxıb zamanı vərəqlədikdə... nə isə, mətləbdən çox uzaqlaşmayım mən.

Bu gün əslində fərqli bir şey yazmaq istəyirəm, təkcə bu yaşımın deyil, 20lərin mənə öyrətdiklərindən -sevgidən, ələxsusda sevilməkdən. Və buna görə də bir az keçmiş illərə uşaqlığıma qayıdacağam. Təkcə yazımda yox, gözümü yumacağam və düşünərək, hiss edərək yazacağam.. bir az şəxsi, bir az ailə içi və bir az da xatirələrlə dolu.. uzun olacaq, bəlkə də mənasız olacaq. Amma mənə çox dəyərli olacaq....

..biz çox uşaqlı, geniş ailəyik. Dörd bacı, demək olar ki dörd fərqli xasiyyət və  bir birimizə elə də çox bənzəməyən dörd fərqli sima. Uşaqlıqda, ilkin gənclik illərində nə qədər mehriban olmuşuq deyə bilmərəm. Amma indi onları nə qədər çox sevdiyimi və nə qədər mehriban olduğumuzu dəqiq bilirəm. Mənim sıram üçüncü olub aralarında. Üçüncü övlad olmuşam, nə birinci, nə axırıncı, nə də ata və ana tərəfimdən nəvələrdən birinci və ya sonbeşik olmuşam. Deyirlər axı həmişə, ya birincilər çox sevilir, ya axırıncılar. Mənə aid olmayub qısası bu deyim. Amma uşaqlıqdan nə üçünsə mənə həmişə deyərdilər ki, mama səni hamıdan çox istəyir. Bilmirəm bunu nəyə görə deyirdilər, düzü mən özüm də elə dəhəşətli hiss eləmirdim, çünki uşaq idim. Amma ürəyimdə həmişə o var idi ki, bu dünyada məni ancaq anam sevir, anamdan başqa heç kəs sevmir və hamıdan da çox o sevir. Deyilənə görə getdiyi hər yerə məni aparırmış, musiqi təhsilim üçün məhs məni fortopiano dərslərinə yazdırıbmış və sair və ilaxır, nə bilim, indi fikirləşirəm ki, görəsən bu göstərici idi hamıdan çox sevilmək üçün? Bilmirəm.. indi olsa idi özündən xəbər alardım bəlkə də. Amma bir dəfə unutmuşam neçənci yaş günüm idi. hardasa 6-1o yaş arası olardı. Saatlar 12-ni vurmuşdu və yanvarın 12si olmuşdu. Mən də yerimə girib gözümü yummuşdum ki yatım. Amma doğum günü həyəcanımdan yata da bilmirdim. O vaxtlar biz hələ balaca olduğumuz üçün, otağımıza işıq düşsün deyə anam dəhlizin işığını da yanıq saxlayardı. Eh nə gözəl xatirələrdir bunlar.. Mama ehmalca gəldi, başımı sığalladı, sığalladı, sığalladı, məni öpdü getdi..  O, bizi heç zaman öpüb quzaqlamazdı uşaq olanda, amma bu uzaqlığa baxmayaraq onun sevgisi bizi hər zaman əhatə edərdi, sadəcə məsafəli idi. Tərbiyə metodunun bir qolu idi yəqin, öpüb əzizlənmirdik biz. Bax ona görə də həmin gecə yaddaşıma bir ömür boyu yazıldı.. və o zaman onun məni sevdiyini daha çox bildim. Ürəyimin necə döyündüyünü indi də xatırlayıram hətta, onun nəfəsini, hərarətini, əlinin istisini indi də hiss edirəm..

..amma heç nə belə qalmadı.

Mən böyüdüm. uşaqlığı geridə qoydym, böyüdükcə sanki yeniyetməlik, gənclik illəri hamısı məni yenidən ikinci plana saldı. Uşaqlıqda anamın məni çox istədiklərini desələr də böyüdükcə və yaşım artıqca bunun belə olmadığını görürdüm elə bil. Düzünə qalsa anam ayrı seçkilik qoymazdı aramızda, amma və lakin balaca bacım zəif və cılız olduğu üçün onun qayğısına hamımızdan çox qalırdı. Onu əzizləyirdi, həmişə onun üçün hər şeyin ən yaxşısnı saxlayırdı, yedizdirirdi. Hərdən bu məndə qısqanclıqlar yaradırdı bu, amma sonra da eləcə çəkilib gedirdi. Böyük bacım isə onun sirdaşı idi, onunla çox yaxın idilər. İkinci bacımın taleyi isə mənə bənzəyirdi :D aralqıda bir yerdə idik sanki ikimiz də. Bəlkə də o da mənim kimi hiss edirdi bu aralığı.. 
Atama gəldikdə isə onun da övladları arasında ayrı seçkilik qoyduğunu görməmişdim, hiss eləməmişdim. Yəqin ki bu atamızla aramızda olan o qalın pərdə və hördüyümüz divarlardan irəli gəlirdi. Buna baxmayaraq yenə də evin sonbeşiyi və böyük bacı məhvumu burda da özünü göstərirdi. Atamın mənə qarşı heç hiss yox idi sanki, onu heç hiss eləmirdim nə yalan danışım. Atamla kəlmə kəsməzdim, ancaq salam, sağ ol, gecən xeyrə, çox sağ ol və bu kimi klişe sözlər. Gülməli olsa da deyəcəyəm, o məni danışdıranda məni ağlamaq tuturdu. :) Amma uşaqlığımda hərdən evə gələrkən qolunun altındakı qazet bükülüsündən ayaqqabı çıxardı hədən birimiz üçün. Mənim növbəm çatanda gecə həyəcandan yata bilməzdim.. Ehhh.. Məktəbli dövrümdə isə bacılarımla mehriban olsaq da az dalaşmırdıq. İkinci bacımla, balaca bacımla.. Böyük bacım isə elə bil Lyapold idi hər zaman mehribanlıq sərgiləyirdi  :D Bütün bunlar hamısı mənim 10cu yaşlarımın xatirələridir. 

..və yenə də heç nə belə davam etmədi

Mən bir az da böyüdüm. 20lərə keçdim. Gəncliyimin ən çılğın vaxtları. Özümü hamıdan ağıllı və fərqli gördüyüm o illər. Bacılar bir bir ailə həyatı qurur. Həyatımız dəyişir. Artıq uşaqlıqda elə də dərin hisslər bəsləmədiyim bacılarıma isnişirəm. Artıq dalaşmırıq, böyümüşük. Balaca bacımla aram saz oluib :) Amma artıq böyük bacılarımla yaxınlıq edir, dərdləşirdim. Sevgi hisslərim təkcə ailə içi deyil, ümumiyyətlə artırdı. Bura əsl dostluqlar, ilk sevgi və sair və ilaxır daxil idi. Mənim sevməyim ilə sevilməyim arasında nə qədər fərq var idi bilmirəm. Amma ailəm tərəfindən sevildiyimi bilmirdim yenə də. Sevginin isə təkcə əks cinsə aid olmadığını öyrənməyə başlayırdım irəli getdikcə yaşlarım 20lərdə. Atamla danışanda məni hələ də ağlamaq tuturdu düzü, amma artıq ara sıra söhbətlərə başlamışdıq. Anam ailə qurmuş bacılarımı və nəvələrini daha çox düşünür və sevirdi. Bacılarımla  münasibətim xeyli isti idi

..və təəssüf ki erkən 20lərimdə dünyam qaraldı və heç nə bir də əvvəlki kimi olmadı

Sevgi qibləgahımı, anamı itirdim. Hansı ki artıq böyüdüyümz üçün başımızı sığallayırdı artıq, bizi öpür sevgisini gizlətmir və qatı tərbiyə disiplinindən kənarlaşırdı biz böyüdükcə. Başımı dizinə qoyub saçlarımı sığallaması üçün bu gün çox şeydən keçərəm göz qırpmadan.. Yaxşı ki, bunu çox etmişəm ki bu gün peşmanlığını çəkmirəm. Anamı itirdikdən sonra sevgilərim yön dəyişdi. İtdi.. dağıldı.. qaçdı.. gizləndi... Anamı itirməklə özümü itirdim, insanlara sevgimi itirdim.. Çünki uşaqlıqda "məni hamıdan çox sevən" o varlıq getmişdi. Çünki mən heç kəsdən sevgi görmürdüm elə bilirdim, hiss etmirdim. Mən sadəcə elə belə yaşayırdım ailəmdə kiminsə məni sevə biləcəyi, mənə dəyər verə biləcəyi ağlıma gəlmirdi. Bunun nə üçün belə olduğunu da bilmirdim. Sanki təkcə anam məni sevirmiş kimi. Qohumlarımla onsuzda yaxın olmamışam, sanki onlarla aramda Çin səddi var idi. Mən 20li yaşlarıma kimi qohumlaırmın arasına düşəndə heç nə danışmamışam sadəcə susub dinləmişəm təsəvvür etmək belə dəhşətlidi. O illərin kompleksi, danışsam heç kəs məni dinləməyəcək qorxusu var idi içimdə. 
O müəyyən dövr olur ki insan sevgini kənarda axtarır ha, anamı itirməzdən əvvəl mən də o mərhələdə idim sanki. Lakin bu itki mənə daha başqa şeyləri göstərdi və gözlərimi açdı.. Hər şeyi yenidən yığmağa başladım. Çox şey yaşadım o dövrlərdə. Çox yad insana üz verdim, astarın da istədilər, çox insanları həyatıma saldım mənasızca, çox yollarda azdım bilməzcəsinə.Sevgilər başıma oyun açdı... Dünyada "məni hamıdan çox sevən"imi itirmişdim və onun əvəzini axmaqcasına başqalarında, yadlarda axtarmağa başlamışdım. 

..təbii ki heç nəyi belə saxlamadım, saxlaya bilməzdim

Ailə anlamının dəyərini öyrəndim mən. Atamla daha yaxın oldum və zaman keçdikcə onunla aramda tikdiyim mənasız səddi, örtdüyüm o qalın pərdələri cırdım. Dost oldum atamla, ona sözü necə asanca deyib rahat ola biləcəyimi öyrəndim, ürəyimdəkiləri ona deməklə onunla necə yaxın ola biləcəyimi gördüm. Bacılarımla daha çox birləşdim, artıq bir birimizə bacıdan da artıq olmağa başladıq. Balaca bacımsız qala bilmədiyimi başa düşdüm, böyük bacımın məsləhəti olmadan çox işə başlaya bilməyəcəyimi anladım, ikinci bacımdan üç gün xəbər tutmayan kimi necə burnumun ucunun göyəndiyini hiss elədim. Heç sözsüz ki, arada yenə bir birimizə acığımız da tutur, yeri gəlir sözləşirik də. Amma çəkişməsək necə bərkişək axı.. Fikirlərimizi də hər zaman üst üstə düşməlidir kimi bir məcburiyyət yoxdur.
Qohumlarıma gəldikdə onlarla daha çox gülüb danışdım və illərin mənasız komplekslərini parçalayıb dağıtdım. Ən vacibi özümə döndüm, özümü yenidən tapdım və ailəmə olan sevgi budaqlarımı bir bir cücərdib çoxaltdım. Amma heç vaxt düşünmədim ki, hiss etmədim ki mən də onlar tərəfindən sevilə bilərəm...ailə qurana kimi. Ailə quranda ailəm üçün bir fərd olduğumu başa düşdüm, öyrəndim. Qohumlarım içində bəzilərinin məni həqiqətən sevdiklərini hiss etdim. Bunu 27 il sonra bildim. Atamın əslində məni sevdiyini, bacılarımın qəlbində özümə məxsus yerim olduğunu. Bunun xoşbəxtliyini yaşamaq tamam başqa hissdir.

..və dahası

Qurbətə gəldikdən sonra bunu artıq nə mən onlardan, nə də onlar məndən gizlətdi. Özümün balaca ailəmi qurduğum zaman əslində öz böyük, geniş ailəmin sevgisini, onun gözəlliyini daddım. Bunu bilməkdən, insanın sevdiklərinə sevdiyini deməkdən gözəl heç nə yoxdu bu həyatda. Şair demiş, zamanında dəyər verin insanlara. Sevdiklərimizi onların bizim üçün nə qədər dəyərli olduğunu yanımızda olarkən, əlimiz əllərinə, gözümüz gözlərinə dəyərkən deməyimiz lazımdır. Bunun üçün mənə 27-28 il lazım gəldi. 29 isə öyərtdi.. 

..həmçinin

Həyat yoldaşımı daha çox sevməyi öyərtdi..
və ən gözəli övlad sevgisini öyrətdi..

İlimin devizi isə:

Sevdiklərinizə sevginizi göstərməkdən çəkinməyin! Çünki, insana ən böyük xoşbəxtliklərdən birini sevdiklərinin sevgisi gətirir...

29cu ilimin musiqisi:


P.S. Arzularımdan bir anlıq olsa belə yan keçmədim, istəklərimi ikinci plana atmadım, səyahət sevgimi heç zaman tərgitmədim, kitablarımı unutmadım, mən mən olmaqdan çıxmadım, özüm olmaqdan bezmədim ;)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)