AYAQÜSTÜ...

İşə rahat gedirəm. Rahat dediyim oturduğum kimi, formamı dəyişmədən. Həmişə eyni oturacağda, sağ tərəfdə, pəncərənin yanında otururam və heç tərpənmirəm. Fikirlərdən ayılanda bir də baxıram ki, təzə bəy hamamını fırlanır avtobus və dayanacağa çatıram.
İşdən rahat gəlmirəm.. pilləkənlərdən aşağı düşdükcə ürəyim sıxılır. Küçəyə çıxıb bir metrodan çıxan tələsik insanlara, bir də başımı qaldırıb səmadakı buludlara baxıram. Boğazımı qəhər incidir hər dəfəsində, uduram...
Bu gün də, dünən hiss elədiyim boşluğu hiss elədim. Məni bu anda heç yerdə heç kəs gözləmir düşüncəsi. İflic kimiyəm. Bəlkə də elə deyil? Ruhum ağrıyır. Çarə nədi? Düşürəm kitab mağazasına. Çantam ağırlıq eliyir çiynimə. Hansı kitabı alacağımı hələ dəqiq bilmirəm. Yolboyu düşünmürəm də. Çatıram. Girirəm içəri. Girişdə məni siqnal səsi qarşılayır biubiu. Çantamdakı kitabda barkod qalıb gərəy çıxardım yoxsa bütün mağazalar biubiu ilə qarşılayacaq məni, çantamı axtaracaqlar. İçəri keçmirəm satıcıya baxıram. Oğlan əli ilə gəl gəl işarəsi verib gülümsünür. Mən də gülürəm. Fikirləşirəm ki, əgər paltar mağazası olsaydı çoxdan securitylər çantamı boşaldır, ya da başlarını çantamın içinə salıb ordan təhlükə axtarırdılar. Üzdən oxşuyuram təhlükəli birinə, ya oğruya? Optik eynəkli, çin çubuğları ilə saçını yığan, özü boyda çanta gəzdirən biri necə görünür kənardan görəsən..
Girirəm içəri. Sakitlikdi. Barmaqlarım kitabların üstündə gəzişdirirəm. Hər yerdən kitab ətri gəlir. Xeyli zaman idi kitabları ancaq sifarişlə aldığım üçün kitab mağazalarına getmirdim. Lap başa gedirəm. Gözlərim gəzir kitabların üzərində cild cildi, nazik dəftərçəyə bənzəyən kitaba sataşır. Aytən Cavanşir "Ayaqlarım üşüyürdü". Tanış gəldi. İnternetdə rastıma çıxıb kitabın adı. Qiyməti 1.40azn. Düşünürəm 0.40 olsa alardım yəqin. 1manata heyfim gəldi. Açıram mündəricatı. Hekayələr. 14 səhifəlik hekayədi kitabın adını daşıdığı yazısı da. Oxuyuram. İlk dəfədir ki almaq istədiyim kitaba pul verməyib yerindəcə oxuyuram. Elə belə, ayaqüstü. Sonra mənə gülümsünən satıcı oğlan görünür. "-Sizdə Əli Xəyyamın kitabı var?". Səsim necə yad çıxdı, cingildədi qulağımda. Əli Xəyyam. Hardan gəldi ağlıma onun kitabını almaq? NİYƏ MƏHS O KİTAB? "-Bulud bağçalarını deyirsiz xanım? Buyurun." Onu deyirdim.. əlim boyda kitab. Qiymətinə baxıram 10azn. 300cə tiraj, limitli buraxılış. Sevinirəm. Onun birini mən alacağam, fikirləşirəm. Vərəqləmədim heç. Birbaşa kassaya. 10 azn ödədim. Çıxanda yenə biubiu sıqnalı məni yola salır. Bu dəfə çönəndə bir qız gülümsəyir mənə. Mən də təbəssümlə qarşılıq verirəm. Heç kəs çantamı yoxlamadı..
Çıxıram sakit mağazadan səsküylü izdihama. Kassada bir kitabın pulunu ödəsəm də, 1.40 manatlıq kitabı da özümlə aparırdım. Buludlara baxıram. Ürəyim üşüyürdü.. Hekayə hardasa təsir eləmişdi..
Hava buludludu. Əlimdəki kitab da həmçinin. Açıram ilk səhifəni.. İlk şeir.. Yağış çiləməyə başlayır. Vecimə deyil. Yol gedə-gedə oxuyuram. Sehrinə düşdüm Əli Xəyyamın. Simasını yadıma salıram onun. Bulud bağçalarında dolaşıram.. özümü saxlaya bilmirəm.. Vərəqlər çevrildikcə çevrilir. Dayanacağa qədər oxuyuram. Şeirlər, ayrılıqlar içimi incidir. Bu şeir ona aiddir, bu mənə, bu anama, bu daxilimdi sanki, bu ayrılığımız, bu heç zaman birləşməmə ehtimalımız, bu qovuşmaqdı, bu vidadı, bu ilkdi, bu sondu... içim içimə sığmır. Dayanacağa çatmamış 38 saniyəlik svetaforda şeir yazıram beynimdə.. alınır, cızma qara eləmək lazımdı..
Dayanacaq, avtobus, oturacaq, əliuşaqlı qadına yerimi verirəm, ayaqüstü oxuyuram. 71-ci səhifə, tıxac, evə çatıram, çızma qara eləmirəm, şeiri unuduram..
Evə girdim, çantamı hazırladım və uzaq yola çıxdım. Hardayam ki? Olduğum yerdə deyiləm bu dəqiqdi. Çantamda iki kitab var biri yalnızlığın nəsri Herman Hesse - Yalquzaq, digəri yalnızlığın nəzmi Əli Xəyyam - Bulud bağçaları. Hessenin əsəri öz möhrünü vurub təhlilə ehtiyac duymuram, Əli Xəyyamı isə içimdən şiddətli tövsiyə eləmək keçir. Ayrılığı yaşayan hər kəs üçün.. orda hamımızdan yazılıb...
Gözlərim bağlanır.. 03:24
Və burda baş verən heç nə gözümnən qaçmır...

Bulud bağçalarından seçdiklərimin, sevdiklərimin bəziləri...












Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)