ARXİVLƏRİM(İZ)...

Deməli bəzən olur ki, blogun arxivində, komputerimin arxivində, qeydiyyatda olduğum sosial şəbəkələrdəki profillərimin və səhifəmin arxivində, şəkillərimin arxivində, kravatımın altında gizlətdiyim özümçün düzəltdiyim keçmiş günlərimdən yadigar  bir-iki para əşyalarımı saxladığım qutu arxivimdə, dərsliklərimin arxivində, əl yazmalarımın, gündəliyimin arxivində gəzişirəm..

Maraqlı olur.

Keçmişinə qayıdırsan. Xatirələri oyadırsan. Utandığın və ya fərəhləndiyin günlərin izlərinə düşürsən.

Dünən blogun arxivində "draft" bölməsində 20-yə yaxın yarımçıq yazılarıma göz gəzdirdim. Nə arxasını yazmağa əlim gəlir, nə də ki silməyə. Hətta bir dəfə "Yarım qalan fikirlərim" başlıqlı yazı da yazmışdım amma o gündən bu günə daha neçə-neçə yarımçıq fikirlər arxivi yaranıb.

Komputerin arxivində winrar, sənədlərlə dolu qovluqlar, şəxsi qovluqlar, gizli qovluqlar, unutduğun qovluqlar. İş komputerində sənə məxsus olan şəxs qovluq və sair və ilaxır və ortaya çıxan bu görüntü.



Şəkillərim, ailə albomlarım, getdiyim 3-5 ölkədən özüm üçün saxladığım "board passes"lər, biletlər, pullar, xəritələr və digər şəxsi, nətttər deyərlər "privat" əşyalarım. İldə bir iki dəfə açılar ağzı qutunun, o da neyçünsə qış aylarında, soyuq havalarda.

Qışın soyuqlarında demişkən, elə soyuq günlərin birində blogumla eyniadlı səhifə də açmışammış. Varlığını belə unutmuşdum. Onun da arxivində bir az dolandım. Ayrılıq dolu idi.

Sonra şəxsi, gizli gündəliyim.. Bəli, у меня тоже есть дневник.
..və onun olanlardan, keçənlərdən sətir-sətir yazdığım səhifələri.

 

Bu aralar keçmiş günlərimdə çox gəzinirəm, məlum... İndi də arxivlər küçəsinə gəlib çıxmışam. İtə-itə, tapıla-tapıla.. Bir onu bilirəm ki, o küçədə itmək maraqlıdı, çünki orada uşaqlığımın qoxusu, səhvlərimin qorxusu, hekayələrim, yarımçıqlarım, bütövlərim var. İndiki mən olmağıma səbəb çox yazılar, çox şəkillər, çox xatirələr var...

Bu yazını yazmağa başlayanda isə düşündüm ki, görəsən hisslərin də arxivi olur?


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)