MƏN SƏNİ SEVMİRDİM...


Mən səni sevmirdim... Amma gecəydi,
Bir bomboş vağzaldı,birdə biziydik...
Yuxulu gözlərin gözümə dəydi,
Yuxulu gözlərin tərtəmiziydi...

Yuxulu gözlərin yuxu görürdü,
Sən özün ən şirin yuxuydun ancaq.
Yuxulu gözlərin yuxu görürdü,
Mən sənin yuxunda yoxuydum ancaq...

Mən gələn qatarın hayında idim,
Bir sərin gecəydi,bir ilıq nəfəs.
Bir də ki, mən sənin yanında idim,
Yaxında olanlar yuxuya girməz...

Sonra qatar gəldi,yuxun dağıldı,
İstədim söz deyəm, karıxdım yenə.
Qatar gecikirdi,mən darıxırdım,
Sən mindin qatara, darixdim yenə...

O gedən qatarın dalinca baxdim,
Dedim,bu gecəni çətin dözərəm.
Bir az da keçsəydi ağlayacaqdım,
Yaxşı ki,gülməyim tutdu özümə...

Sonra da yol boyu uzandı kölgəm,
Sonra da tək-tənha qayıtdım evə.
O qatar,o gecə, o dünya bəlkə,
Tək bundan ötrüydü; MƏN SƏNİ SEVƏM...

Ramiz Rövşən

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)