"MARTİN İDEN" C.LONDON


"Martin İden" əsəri avtobioqrafik xarakter daşıyır. Cek London bu əsəri cənub dənizlərində səyahətdə olduğu vaxtlar yazmışdı. Yeni romanı haqqında o, ilk dəfə 1907-ci il noyabrın 25-də bacısı Elizaya məktubunda yazırdı: "Hər gün işləyirəm. Yeni romandan 95 000 söz yazmışam... Bu mənim ən uzun romanım olacaq."
Bu əsər C.Londonun sayca 21-ci romanıdır.
P.S. Bu kitab uzun müddət idi ki, kitab rəfimizdə var idi. Heç vaxt üzünə fikir verməmişdim. Kitabların arasında gizlənən çəhrayı üzlü kitabın ancaq və ancaq qırağında kirilcə yazılmış "Cek London" yazısını xatırlayırdım, o qədər... 60-cı illərin nəşri olan kitabı çox uzun illərdən sonra kəşf elədim özümçün. O qədər köhnəlib ki, vərəqləri çəvirərkən hətta bəzi səhifələr cırıldı belə.. Amma heç nəyə baxmayaraq mən bu əsəri sevə sevə və böyük maraqla oxudum..

ƏSƏRDƏN YADDA QALAN SƏTİRLƏR

Bəzən onu əslində olduğundan başqa cür görmək arzusu yoldan çıxarırdı, lakin o saat ehtiyatla düşünürdü ki, bu heç bir nəticə verməz, yalançılığa alışmamışdır və çox asanlıqla gülünc vəziyyətə düşə bilər.
***
O bilirdi ki, dünyada xeyir və şər vardır, lakin canlı həyatın ayrılmaz hisslərindən biri olan məsumluq haqqında fikir heç bir zaman onun ağlına gəlməmişdi.
***
-Görəcək günlərim varmış! Bu sarsaq elə bilir ki, mən sərxoşam. – O acı-acı gülümsəyib fikirləşdi: “Axı, mən doğurdan da sərxoşam, yatsam yuxuma da girməzdi ki, bir qadın çöhrəsi məni kefləndirsin.”
***
O, hiddətlə düşündü: bəs beyini mənə nə üçün veriblər. Doğurdan da, məgər o, tələbələrin əldə etdiklərinə nail ola bilməzdimi? Onlar həyatı kitablardan öyrənirdilər, halbuki Martin bilavasitə həyatın özü ilə, yaşamaqla məşğul idi.
***
Qızı düşünmək belə onu nəcibləşdirir və yüksəldir, gözəlləşdirir və onun ürəyində daha gözəl olmaq arzusu doğurdu.
***
..lakin Martinin başı indiyədək həmişə xarici aləmin müxtəlif rəngarəngliyinə qarışdığına görə onun dönüb özünə baxmağa vaxtı qalmırdı.
***
O, təkidlə öz-özündən soruşdu: Mənim beynim nəyə qadirdir? Bu beyin mənə nə verə bilər? Bu beyinin köməkliyi ilə nələr əldə edə bilərəm.? Qıza qovuşa bilərəmmi?
***
..bu ümidsizlik isə xüsusilə ona görə əzablı idi ki, ümidə bağlıydı, öz qidasını ümiddən alırdı.
Donanmanın sürəti həmişə ən yavaş gedən gəminin sürəti ilə ölçülür; hə, deyirəm ki, elə məktəb də bunun kimi. Müəllimlər ayaq saxlayıb geri qalan şagirdləri gözləməlidirlər, mən isə özüm təkbaşına daha tez irəli gedə bilərəm.
***
..elə adamlar var ki, öz fikirlərini ifadə etmək sirrinə bələddirlər, sözləri özlərinin müti kölələrinə çevirməyi bacarırlar, onları əlaqələndirib məharətlə işlədirlər, nəticədə yeni bir şey alınır, bu yeni şey isə ayrı-ayrı mənaların adicə məcmusundan daha dərindir.
***
-Eh, qanmazın biri qanmaz! Ürəyindən yazmaq keçirdi, sən də yazırdın, lakin yazmağa ki, bir şeyin yox imiş. Hə, de görüm nəyin var idi? Gözəllik haqqında körpə uşaq anlayışları, yetkinləşməmiş hissiyyat, dumanlı təsəvvürlər, böyük bir cəhalət zülməti, məhəbbətdən parçalanıb dağılan ürək, bir də ki, sənin məhəbbətin qədər böyük, sənin nadanlığın qədər ümidsiz bir mənliyin.
***
Mədəniyyətin qiyməti özündədir.
***
Ağlı məhəbbət məsələlərinə qarışmamalıdır. Sevdiyin qadın doğur mühakimə yeridir və ya yanılır, bunun heç bir əhəmiyyəti yoxdur. Məhəbbət ağıldan yüksəkdir.
***
Mənə vaxt verin! – dedi. – Mənə ancaq vaxt verin!
***
Martin dərindən, bütün varlığı ilə duyurdu ki, dünya gözəl, yaşamaq da, sevmək də, sevmək də gözəl nemətdir.
***
O, nöqtə və vergüllərlə bir-birindən ayrılan bir sıra cümləni deyil, həyatın bir parçasını qıza göstərmək istəyirdi.
***
O yuxuya nifrət edirdi. Həyatda o qədər iş görmək, o qədər şeyi dişə vurub sınamaq lazımdı ki! O, yuxunun oğurlayıb apardığı hər bir ana təəssüf edirdi.
***
..aralarındakı bu uçurumu yaradan səbəbdən çox, uçurumun özü qızı böyük heyrətə saldı. Bu uçurum onların bir-birlərinə nə qədər yaxın olduğunu göstərdi və qız oğlana daha da yaxımlaşmaq istədi.
***
Qız başını oğlanın çiyninə qoyub oxuyurdu, əlləri də oğlanın əllərində idi, bu an onların hər biri o birinin qəlbini öz ovucunda tutub saxlamışdı.
***
Məgər kobud bir matrosu mütəfəkkirə və sənətkara çevirən, onun könül dünyasında böyük bir çevriliş yaradan məhəbbət deyildimi?
***
Böyük müğənnilər heç də həmişə böyük aktyor olmurlar.
***
Bir şey xoşuma gəlmirsə gəlmir, bəs mən nəyə görə özümü elə göstərməliyəm ki, guya mənim xoşuma gəldi! Yalnız buna görəmi ki, o əksəriyyətinin xoşuna gəlir və ya guya xoşuna gəlir? Mən öz zövqümü dəbə uyğunlaşdırmaq istəmirəm.
***
Yoxsulluq yoluxucudur.
***
Siz cəmiyyətdə baş rol oynayan adamların; hər bir adam isə onu dolandırana xidmət edir.
***
Mən inanıram ki, qaçışda ən iti sürətli, mübarizədə isə ən qüvvətli adam qalib gəlir.
***
..hamı həyatını hazır, basmaqalıb miskin bir timsal əsasında qurur. Həm də daim bir-birlərinə baxan, bir-birini yamsılayan bu miskin məxluqlar uşaqlıqdan əlində əsir olduqları mənasız qaydaları yalnız pozmamaq xatirinə öz fərdi xüsusiyyətlərini silib atmağa, canlı həyatdan üz döndərməyə razıdırları.
***
Hamılıqla qəbul olunmuş fikirlərin davamlılığına bu da bir sübut. Mövcud olan şeyi nəinki yalnız doğru, həm də daha yaxşı şey hesab edirlər.
***
Bir halda ki, mən sizin məhəbbətinizə inanıram, onların nifrətinin mənə heç bir dəxli yoxdur.
***
Dünyada mhəbbətdən başqa hər şey gəldir gedərdir. Məhəbbət addım başı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil, əsil böyük məhəbbətdirsə, heç bir zaman yolunu azmaz.
***
Olan olub, keçən keçib, tarix təkrar olunur deyən adam isə danışır.
***
O, yazlnız bir şey bilirdi: həyatında hər hansı bir mərhələ isə sona çatmışdı və nöqtə qoymazdan əvvəl cümləni qutarmaq lazımdır.
***
Gələcək onu maraqlandırmırdı. Ehtimal ki, tezliklə, qabaqda başına nələr gələcəyini öyrənəcəkdir. Lakin bu çox da vacib deyildi. Vacib heç bir şey yoxdur.
***
..xəyal – ölən, lakin özü də bunu anlamayan insanın ruhudur.
***
Onun nə dostu, nə tanışları vardı, birdəki dost və tanış tapmaq da istəmirdi. Nəyə gərəkdir?
***
O, özü də fərqinə varmadan kənardan nə isə bir təkan gözləyirdi ki, dayanıb durmuş həyatını yenidən hərəkətə gətirsin; hələlik isə güzəranı usandırıcı, yeknəsək, boş və tamamilə mənasız keçirdi.
***
Yorulub əbədi bir intizardan,
Yorulub şən keçən məclisdə də biz.
Qorxusuz, arzusuz ömr edən zaman
Bütün tanrılarla könüllərimiz
Dualar eləyir, nə var ki, ürək
Gec ya tez, əbədi susan ürəkdir,
Nə var ki, çaylar da axıb keçərək
Dənizdə lal hamar görünəcəkdir


_________________________

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)