YOU'VE GOT MAIL...

Bəzən düşünərsən...
Gələcəyi, gələcəyin gətirəcəyini... Göləzdiklərini, ya da gözlədiklərinin tam əksi olacağını.. İstəməzsən pis düşünəsən, amma ehtimal eləmədən də fikirlərin rahat buraxmaz... İnsan gələcəyi o vaxt düşünər ki, orada, naməlum zaman olan "gələcəkdə" həyatını davam etdirməyə bir səbəbi olsun... Və hər kəsin öz səbəbi var... Mənim də səbəbim var, sənin də eləcə... Və bizim ortaq səbəbimiz... Bizim "SƏBƏBİMİZ" :)
Bəzən düşünərsən...
Keçmişi, keçmişin buraxdığı izləri... Olanları, iradənddən asılı olmayaraq gözlədiklərinin əksi olanları... Düşünərsən və keçdiyin o xırda, balaca, təcrübəsiz ömür yoluna çönüb bir baxarsan... Səhv yolla getdiyini də görərsən, döz yolla getdiyini də.. Nəticə çıxararsan. Daha yaxşı olmaq üçün çarə gəzərsən... Bəzən getdiyin cığır, indiki yolun keçmişin izləri ilə üst-üstə düşər, amma tamam əks olan yolla gedənlər də az deyil... Bəzən isə iki insanın fərqli yolu eyni cığırda kəsişər və eyni yolu gedər... mənim də ayrı olan yolum var idi bir zamanlar, sənin də eləcə... Və bir gün yollarımız birləşdi, bizim ortaq yolumuz oldu... Bizim "YOLUMUZ" :)
Bəzən düşünərsən...
İndini düşünərsən, bu günü, bu günün gətirəcəyini.. Anı yaşayarsan... hiss etdiklərindən bəzən qorxar, çəkinər, bəzən cəsarət edib heç nədən çəkinməzsən... bu günün səni incidərsə keçmişə boylanarsan, gələcəyi çağırarsan... Tək qalarsan bəzən "bu gün" deyilən zamanda. Gələcək olan sabahın "bu günündə" də tək qalacağını bilərsən. Keçən dünənin "bu günündə" də tək olduğunu xatırlayarsan.. Keçmişini unudan və gələcəyini bilməyənlərin işləri olmaz o zamanlarla... Bu gününü qınayarlar ..və başa düşməzlər... Mənim bu günüm sənsiz... Sənin bu günün mənsiz... Və bizim ortaq olan bu günümüz, yalnızlıqdan gizlənən günümüz... Bizim "BU GÜNÜMÜZ" :(
Bəzən düşünərsən...
Təklikdən, birlikdəlikdən.. Gizlənməkdən, qaçmaqdan.. İnsanlardan, səni başa düşənlərdən, başa düşməyənlərdən, başa düşməyib özünü başa düşən kimi aparanlardan, səni dinləməyib özünü dinləmiş kimi aparanlardan, hisslərinə şərik çıxanlardan, səni həqiqətən düşünənlərdən, əslində düşünməyib özünü düşünürmüş kimi aparanlardan... Darıxanlardan, darıxmayanlardan, darıxsa da göstərməyənlərdən, darıxdığından ölənlərdən, yox olanlardan, yox olsa da var olanlardan... özünü göstərib gizlədənlərdən, həsrət qalanlardan.. Mən isə bir varam, bir yoxam, sən də bir yoxsan bir varsan.. gecələri düşüncələrimizdə, fikirlərimizdə var olarıq, qovuşarıq, gündüzləri günəşin işığı ilə bir də yox olarıq.. ayrılarıq.. Yenidən gecə birləşmək üçün... Mənim üçün sən olarsan... Səninçün də mən eləcə... Və bizim ortaq xəyallarda var olmamız... Bizim "XƏYALLARIMIZ" :)
Bəzən düşünərsən...
Qovuşma anını... Təsəvvür eliyərsən... Ən xırda anları yaddaşına yazmaq üçün həyəcanlanarsan... Günləri sayarsan... Düşünərsən və düşünməkdən doymazsan... Həmin  anı hesablamaq üçün barmaqların yetməz saya... Təqvimləri əzbərləyərsən... O günün olacağını bilərsən... gözləyərsən.. sonda... yenə gələcəyə sarılarsan və başa, ən başa qayıdarsan - məktubun əvvəlinə...
...və bəzən düşünərsən...
Gələcəyi, gələcəyin gətirəcəyini...! :)

P.S. Əgər bir gününün məni düşünmədən keçdiyini bilsəm, səni düşünmədən keçirtdiyim günləri hesablamağa çalışıb, özümə təsəlli vermək istəyərəm.. Amma hesab doğru alınmaz... Çünki səni tanıdığım gündən bun günə kimi, səni düşünmədən keçirtdiyim zaman bir saniyəyə belə dolmadı... :(

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)