XOŞBƏXT OLMAQ ÜÇÜN 20 ADDIM..

Həyatının ən pis anlarında kimsə gəlib sənə xoşbxətlikdən, ona çatmaq üçün 20, 50, lap 100 addımdan danışsa dişinin dibindən çıxan sözləri ona deyib "axı sən nə biləsən!?" kimi kinayəli sualı da üzünə yapışdırıb yola salarsan. İnanmırsız? Az eləməmişəm, bunu.. Amma "zaman hər şeyin dərmanıdır" şablon cümləsini işə salaraq, bu dərmanı təsdiq etmək məcburiyyətindəyəm. Nə edəsən ki, bu doğrudur. Əgər spazmalqon fiziki ağrının dərmanıdırsa, zaman da ağrayan ruhun dərmanıdır. İstifadəsi isə reseptsiz və həkimin məsləhəti olmadandı həm də. Əlimizdən heç nə gəlmir.. Əgər özünü incitmək istəmirsənsə nələrdən hardansa başlamalısan.

Biri mənə bir gün bu mövzuda bir şeylər yazacağımı desə sol qaşımı alnımın ortasına qədər qaldırıb tərs tərs baxardım ona. Amma görürsüz, bu gün heç kəsin deməsini belə gözləmədən özüm xoşbəxtlik üçün çalışıram. Axırıncı oxuduğum Anna Qavaldanın "35 kiloqram ümid" kitabında belə bir cümlə elə hey fikrimdə dolaşır artıq neçə gündür:

"Balaca, gör sənə nə deyəcəm: bədbəxt olmaq, xoşbəxt olmaqdan xeyli asandır. Mən isə asan yol axtaran adamları sevmirəm, eşidirsən, sevmirəm. Daim sızıldayan adamdan zəhləm gedir! Lənət şeytana, xoşbəxt ol! Xoşbəxt olmaq üçün nəsə et!"

..mənsə düşündüm xeyli. . .

İnsan özünü xoşbəxt hiss etməsi üçün, nə var dövlət, nə insan faktorları, nə maddiyyat ona kömək edə bilməz. Daxilimiz.. Bəli, bəli. Bunu elə hamımız bilirik. Həyatdan azca da olsa başı çıxan insan bilir ki, özünü rahat və  xoşbəxt hiss eləməsi üçün əvvəlcə hissləri və beyni özünü o cür hiss etməlidir. Hətta mən belə həyatımın ən qaranlıq günlərində, içdən içə bunu bilir, buna inanırdım. Mən bilirdim ki, daxilim özü də bilmədən  rahatlıq və xoşbəxt olma istəyini itələyir. Bir gün hər şeyi başa düşəcək, həyatımı istiqamətinə qoyacağam.. Onda da mənə xoşbəxlikdən danışanlara nə kinayəli baxışlarla suallar verəcək, nə də xoşbəxt insanlara axmaq kimi baxacağam. Hər bir qaranlıq gün, xoş günlərin qədrini daha çox bildirir insana və əlindəkilərinin dəyərinin əslində dəyər vahidinə sığmayacaq qədər dəyərli olduğunu göstərir. Mən bunu bilirəm, və bilirəm ki bunu hər insan bilmir. . .

Bu gün səhər oxuduğum bir məqalə məni oturub bunları düşünməyə, düşündüklərimi yazmağa sövq etdi. Bu gün hamı mənim kimi fikirləşmir, bu gün mənim 2 il əvvəl və ya 4 il əvvəl yaşadıqlarımı yaşayan yüz minlərlə insan var. Amma əgər yüz minlərin içindən bir həmyerlim mənimlə eyni fikirdədirsə, mənim kimi sönmüş həyatının işığını aram aram yandırmağa çalışırsa və bundan bir balaca da qorxursa yəqin ki aşağıda sadalayacağım 20 addım onu da az çox düşündürəcək. Bildiklərimizdir, sadəcə bəzən bildiklərimizi təkrarlamalıyıq ki, tətbiq edə bilək. Çünki hətta dəfələrlə bişirdiyimiz şirniyyatın reseptini əzbər bilsək belə onu bişirən zaman dəftəri açıb resptə, inqridientlərin qədərinə bir də göz atırıq hər ehtimala qarşı.
Xoşbəxtlik və rahatlığın da öz resepti var. Kimdən çəkinirsiz ki, onları tez-tez təkrarlamaq üçün? İnsanlar nə üçün xoşbəxt olmaq istəyini dilə gətirməkdən utanır, "eee yox əşşi nəyimə lazımdır?" cümləsini də deyir üstəlik. Gəlin birlikdə təkrarlayaq, utanmadan, çəkinmədən.. mənə də bu təkrar vaxtaşırı lazım olur :)

Birinci addımla irəli:

1. Başqalarının fikri
Nə fərqi var ki başqaları nə düşünür? Əgər sən özün qəbul etdiyin qərardan razısansa, bu səndən başqa heç kimə aidiyyatı olmamlıdır. Bir düşün, əgər sən başqalarının sənin necə yaşamağını həll etmələrinə icazə verməsəydin, indi nələri əldə etmiş olardın. Özün ol və özün üçün nəyin daha xeyirli olduğunu düşünürsənsə onu et.

2. Hirs və qəzəb
Hirs səni içindən yeyəcək. Həyatda səni incidən, sənə pislik edən insanlarla yaşamağı öyrənməlisən. Və burada əsas vacib olan  məsələ sənin o insanı bağışlamağın deyil. Əsas - içində aşıb daşan ağrını yüngülləşdirməkdir. Unutma: səni hirsləndirib, əsəbləşdirən insan səni idarə edir.
"Əgər inciklikləri unutmağı öyrənsən, həyat asan olacaq"

3. Öz vücudunu qəbul etməmək
Səni xarici görünüşün haqqında yalnız bir insanın fikri narahat etməlidir - özünün. "Düzgün" tipli bədən quruluşu yoxdur. Ən əsası odur ki, sənə öz vücudunda rahat olsun və sən sağlam olasan. Başqalarına icazə vermə sənə qəşəng olmadığını desinlər. Çünki əgər sən özünü yetəri qədər qəşəng hiss edirsənsə deməli bu elə belədir. (p.s. mən burada bir az artıq kilo ilə razılaşmıram.)

4. İdeal ömür yoldaşı tapmaq istəyi
Belə biri mövcüd deyil, ona görə də heç axtarmağa belə cəhd etməyin. İrəliyə doğru istiqamət alın, çünki beynimizdə qurduğumuz ideal həyat yoldaşı obrazı bizə irəliləməyə mane olur. Bütün ürəyinlə sevə biləcəyin, özünü rahat hiss edə biləcəyin və səni olduğun kimi qəbul edən, özünə uyğun birini seç. Nə qədər tez bir zamanda "ideal" insanın olmadığını dərk etsən, yaşamaq da bir o qədər asan və rahat olacaq.
"O ideal deyil. Elə sən də həmçinin. Siz ikiniz də heç vaxt ideal olmayacaqsınız. Amma əgər o heç olmasa bir dəfə səni güldürə bildisə, səni heç olmasa iki dəfə düşündürə bildisə, əgər ona insanlıq yad deyilsə və o səhvləri bağışlamağı bacarırsa, onu heç zaman buraxma və həmişə qeydinə qal. Qoy o heç sənə şeir oxumasın, səni hər saniyə düşünməsin, amma sənə özünün bir parçası kimi inansın. Onu incitmə, ona xəyanət etməyə cəhd etmə və ondan mümkünsüz şeylər etməyini gözləmə. Analiz etmə. Əgər onun yanında sənə xoşdursa gülümsə, əgər səni qəzəbləndirdisə qışqır, və yanında olmayanda onun üçün darıx. Bütün ürəyinlə sev. İdeal insan mövcud deyil, amma hər zaman sənin üçün ideal olan bir insan olacaq."   Bob Marli

5. İdeal həyat
Necə ki, ideal həyat yoldaşı olmur, eləcə də çox ideal həyat olmur. Hər insan öz xoşbəxtliyinin dəmirçisidir. Ona görə də əgər sən bütün gücünlə əmək sərf etməyə hazır deyilsənsə, böyük ehtimalla, xoşbəxtlik yan keçəcək. Sənin tərəfindən olunan seçimlər, birbaşa sənin həyatında əks olunur. Ətrafında yaxşı dünya qurmaq yalnızca sənin özündən asılıdır.

6. İmkanlı olmaq
Çox insanlar bir gün milyoner olmaq fikri ilə yaşayırlar. Hətta bəzi insanlar üçün bu həyatın məqsədidir. Və əlbəttə ki o istəyə çatmaq üçün çox, olduqca çox çalışmalısan. O qədər pul haqqında düşünməyi burax, ürəyincə olan bir işi seç və bütün ürəyini ona ver.

7. Uğurun özünün sənin qapını döyəcəyini düşünmək
Heç vaxt heç nə özü özünə göydən yağmayacaq. Nəyisə əldə etmək üçün ona nail olmalısan. Əlində olanlara şükr et, və həyatının hər anının qədrini bil. Ömrünün sonuncu günü imiş kimi yaşa və baş verən hər hadisədən xeyirli bir təcrübə qazanmağa çalış.

8. Bəhanə
Bəhanə axtarma. İdman zalına getmək istəyirsən amma vaxtın yoxdur? Onda tezdən dur. Sən bəhanə tapdıqca, eləmək istədiyin və ya eləməli olduğun şeyləri eləmədiyin üçün yaranan günah hissindən canını qurtarmaq istəyirsən. Nəticə əldə etmək istəyirsən? O zaman şikayətlənməyi burax və işlə məşğul ol.

9. Keçmiş münasibətin haqqında fikirlər
Təbii ki, siz elə belə ayrılmamısınız. Əgər keçmişin haqqında düşünmək istəyirsənsə, buna ancaq həyat təcrübəsi kimi bax. Artıq olmayan hisslərdə ilişib qalma, çünki onlar sənin başqa biri ilə xoşbəxt olmağına mane olur.

10. İnadkarlıq
 Mən bilirəm, təbii ki özünün doğru olmadığını qəbul etmək çətindir. Amma digər insanların da doğru ola bilmə şansı sənin qədərdir, ona görə də inadkar olmağı burax və bununla barış. Nə qədər az inadkarlıq göstərsən, yeni biliklərə o qədər çox açıq olarsan. Təsəvvür et, özündən başqa heç kəslə razı olmasan necə olarsan, nə qazanarsan, nə itirərsən?

11. İşlərini sonraya saxlamaq
 Bəsdir hər şeyi sabah eləyəcəyəm haqqında düşündün. Bu günlə yaşa və cəhənnəm olsun hər şey, artıq bunu et. Hər şeyi öz zamanında. Zamanı öz imkanlarınla uyğunlaşdır. Ən vacib məsələləri bacardığın qədər tez elə. Hər işi vaxtında görsən, stressdən və həyəcandan azad olacaqsan, və sənin sevdiyin işlərlə məğul olmağına zamanın qalacaq.

12. Təcrübə
Ömrümüzdə bir dəfə də olsa çox sevdiyimiz insanlar bizi incidir. Mənfi emosiyaları artırmaq gələcək münasibətlər üçün heç də yaxşı nəticələr yaratmır. İki eyni insan olmur heç vaxt, ona görə də indiki dostunu və ya sevgilini köhnələri ilə müqayisə eləməyə dəyməz. Çalışın yeni münasibətləri təmiz səhifədən başlamağı bacarın.

13. Neqativ
Düşüncələr reallığa çevrilir ona görə də düşüncələrini idarə etməyi bacar. Həyatı yarıya qədər dolu, yarıya qədər boş stəkan kimi qəbul etməyi burax. Həyatda şükr etməli olduğun çox şeylər var, sadəcə sən heç vaxt bu haqda düşünmürsən. Optimist insan üçün mümkün olmayacaq şey yoxdur.

14. Başqalarını müzakirə etmək
Nə üçün axı başqalarının həyatında nə baş verdiyi hər zaman digərlərini bu qədər maraqlandırır? Əgər biz başqalarının davranışına ayırdığımız diqqəti özümüzün davranışımıza ayırsaydıq, həyatımızın mənası indikindən də qat-qat çox olardı. Sən heç zaman təsəvvür belə edə bilməzsən ki, başqalarının həyatında əslində nə baş verir, ona görə də onun hərəkətlərini qınamağa heç bir haqqın yoxdur.

15. Qısqanclıq
Xoşbəxtlik istədiklərinizi əldə etməklə bitmir - bu sadəcə sənin istədiklərinin səndə olmasıdır, vəssalam. Bəsdir başqalarının paxıllığını çəkdin. Əlində olanları qiymətləndirməyi bacar. Hər bir insanın həyatı əvəzolunmazdır, unikaldır. Elə ona görə də, sözüsüz ki səndə də elə şeylər var ki, o digər insanlarda yoxdur. Qısqanclıq axı mənfi hisslərdən başqa heç nə gətirmir.

16. Özünə inamsızlıq
Xoşbəxt insanlarda, bir qayda olaraq yüksək dərəcədə özünü qiymətləndirmə bacarığı var. Onlar özləri olmaqdan xoşbəxtdirlər. Belə insanlar özünə inam saçır, bununla fəxr edir və ətrafdakı hamıya pozitivlik yayır. Əgər özündə olan bəzi nüanslardan utanırsansa, onda bacardığın qədər çalış onları düzəldəsən. Yalnız özün özünü yaxşı tərəfə dəyişə bilərsən.

17. Xoşbəxt olmaq üçün başqalarından asılı olmaq
100%  şikayət edə iləcəyin yeganə insan var - o da sən özünsən. Bir çox insanların etdiyini sən etmə, öz xoşbəxtliyini başqalarının əlinə vermə. Əgər sən özün özünü xoşbəxt etməyi bacarmırsansa, münasibət bu boşluğu doldura bilməz. Xoşbəxtliyini başqası ilə bölüşməmişdən əvvəl, özün öz xoşbəxtliyini tapmalısan.

18. Keçmiş
Bəsdir keçmişlə yaşadın! Sən keçmiş səhvlərində batıb qalmaqla heç nə əldə edə bilməz, heç nəyə çata bilməzsən.Keçmiş təcrübədir bunu unutma və davam et. Sən hər dəqiqə arxaya çönüb baxsan xoşbəxt gələcəyə gəlib çata bilməyəcəksən. Həyatda axı hər şey baş verə bilər. Heç nəyə birmənalı yanaşma və davam et.

19. Hər şeyə nəzarət etmə ehtiyacı
Bəzən sadəcə həyatı öz axarı ilə getməyə icazə vermək lazımdır. Nəzarət edə bilmədiyin şeylərə görə bütün ömrün boyunca həyəcan keçirə bilmzəsən axı. Rahatla bir az, qoy nə olar olar. Naməlumluqla barış və görəcəksən ki əslində onda da həyat necə maraqlı olur.

20. Gözlənti
Gözləntini idarə etmək - xoşbəxtliyin açarıdır. Əgər gözlənti hissindən xilas olmağı öyrənsən - heç vaxt məyus olmayacaqsan. Biz çox tez-tez düşünürük ki, başqalarına qarşı necə münasibət göstəririksə onlar da bizə o cür münasibət göstərəcəklər. Təəssüf ki, bu hər zaman baş vermir. Gözləmə ki, baş vermiş bir hadisə hər zaman eyni cür həll olunacaq. Hər zaman yeni təcrübələrə açıq ol.

Və ən əsası yadında saxla - öz həyatını özün qurursan və onun məsuliyyətini yalnız özün daşıyırsan.

Təbii ki, yuxarıda sadalananların hər biri ilə hamımız razı ola bilmərik. Çünki insanın həyatında elə məqamlar olur ki, sözün əsl mənasında bunların heç birini eləmək sənin istəklərindən və əlində olanlardan asılı olmur.
Məncə hər şeydən əvvəl insan öz içini dinləməlidir. İnsanın daxili ona ən doğru olanı deyir. Nə zaman qəmlənmək istəyirsənsə, daxilindən bu gəlirsə heç bir xoşbəxtlik teoaremi, fikri səni bu istəkdən yan keçirməyəcək.Ya əgər sənin daxilin xoşbəxtliklə, pozitivliklə doludursa heç bir mənfi fikir sənin kefini pozmağa məhəl qoymayacaq.

Hər şey bir qırağa, insan sadəcə yaşamağı bacarmalıdır. Yaşamağın formulu isə təkcə xoşbəxtlikdən ibarət deyil. O elə bir düstürdü ki, vurub, çıxıb, bölüb, toplayandan, kök altına salıb kubunu çıxardandan sonra alınan nəticə xoşbəxtlik olsun. Bax bütün o sadalanan riyazi əməllərdi yaşamaq. Və onların hər birində də xoşbəxtlik parçaları olur.

http://surftrend.ru



Comments

  1. Salam Miss Abdullayeva. Sizinlə necə əlaqə saxlaya bilərəm? Lütfən mənimlə fidan.abdullayeva@gmail.com ünvanından əlaqəyə keçin. Təşəkkürlər

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)