BÖYÜKLƏRİN NAĞILI
Yəqin ki hamımız nağıl oxumuşuq. Sizi bilmirəm, amma mən uşaqlıqda dəhlizimizin qaranlıq otağıma düşən zəif işığında, anamın məni yatmağa göndərsə də gizlin-gizlin, yorğanımın altında nağıl kitablarını su kimi içə-içə oxuyub böyümüşəm. Əhməd Cəmilin "Can nənə bir nağıl de" şeirindəki balaca oğlana nağıl deyən nənə kimi mənim nənəm mənə nağıl demədiyi üçün öz nağıllarımı ona görə də həmişə özüm oxumuşam. Və elə yəqin o yaşlarımdan da kitabların qoxusunu sevib onları bir də əlimdən buraxmamışam.
Hardasa, 2-3 il əvvəl üz qabığı qopmuş, içində "Tapdığın nağılı", "Oxxayla Əhmədin nağılı", "Məlikməmmədin nağılı" olan nağıllar kitabını oxumaq istədim, amma alınmadı. Gülmək tutdu məni. Həəəə, dedim özüm-özümə, yaş o yaş deyil. :)
Mənə görə hər şeyin "uşaqlar üçün" və "böyüklər üçün" kateqoriyası olduğu kimi, nağılların da belə bir bölgüsü var. Məsələn necə ki, uşaqlar və böyüklər üçün cizgi filmləri, kinolar, verlişlər, hətta dərmanlar ayrı olur, eləcə də nağıllar. Soruşa bilərsiz ki, bəs böyüklərin nağılları nəcədi, nədi? Orda da pərilər, hurilər, divlər, Gülüstani İrəm olur? Mən də sizə filoloqların dediyin deyəcəyəm ki, nağıl ərəb sözü olan "nəql"dən götürülüb, adətən əfsanəvi, fantastik qüvvələrin iştirakı ilə cərəyan edən uydurma
hadisələr və şəxslər haqqında hekayə, rəvayət şifahi xalq
yaradıcılığının bir növüdür (mənbə).
Uşaqlıq nağıllarımı oxuya bilmədiyim üçün mən də zaman-zaman böyüklər üçün nağıllara müraciət elədim. Amma o dövrün nağıllarından fərqli olar, böyüklərin nağılları mətnaltı mənalar gizlədirmiş. Və onları da yaşın artdıqca başa düşə bilirsən. Kafkanın "Çevrilmə" və ya "Metamarfoz" əsərində Qreqor Zamzanın bir gün yuxudan durub böcəyə çevrilməsi heç də real deyil, fantastikadır. Ya elə bu günlərdə bitirdiyim Borxesin "Ölümsüz" əsərindəki ölümsüzlük çayının arxasınca gedən, onu tapan, başına qeyri-real hadisələr gələn həmin sərkərdə. Və bunun kimi saysız, mətnaltı mənaları özündə gizlədən əsərlər və ya nağıllar var.
Amma böyüklərin nağılı bununla bitmir. Bir qisim yazıçılar, böyükləri mətnaltında eşələnmədən xilas edərək, elə hər şeyi birbaşa nəql edərək uşaqlıq illərinin nağılını yazırlar. O nağıllar ki, dediyim birinci qisim fantastik nağıllardan xoşbəxt sonluqları ilə fərqlənir. Axı biz öyrəşmişik, nağıllar xoşbəxt qurtarır hər zaman. Məsələn, Xalid Hüseyninin əsərləri nağıla bənzəyir, orada mistika olmasa da, nağıla bənzər hadisələr olur. Onun əsərləri reallıqla qeyri reallıq arasında oynuyur. Amma Markes əsərlərində mistikanın içində reallığı yaradıb, nağılla dünya arasıda var gəl edir.

Biz nağıllarla böyümüşük.. Xeyir quvvələrin ağ simurq, şər qüvvələrin qara simurq olduğuna inanmışıq. Saçından asılıb ayağından qan damlayan və ayağının altında divin yatdığı o gözəl şahzadə qızlara yazığımız gələrək, mərhəmət hisslərini yetişdirmişik özümüzdə. Yuxusu gələndə yatmasın deyə barmağını xəncərlə kəsib içinə duz səpən Məlikməmmədin çəkdiyi ağrını hiss edib yatmamışıq dərs oxuyub imtahana hazırlaşdığımız gecələrdə, Fatiməni gözəlləşdirən çayları xəyal edib bəzənmişik güzgüdə, dostluğun qədrini bilmişik qədir bilməz Tıx-tıx xanıma baxıb. Bizi nağıllar yetişdirib, bizi nağıllar Remarka, Drayzerə, Borxesə, Kamyuya, Markesə nə bilim, minlərlə dünya yazıçılarına çatdırıb.
Və ən əsası bizə nağıllar öyrədib xoşbəxt sonluğu. Əgər bu gün xoşbəxt sonluq yaşamırsızsa üzlüməyin, deməli hələ bu son deyil. Hər birimiz öz nağılımızın baş qəhrəmanıyıq. Qəhrəmanıqsa, deməli, seçilmişik. Seçilmişiksə bu elə özü özlüyündə bir xoşbəxtlikdir. Deyəsən Koelyonun pozitivliyinə çox aludə oldum, fikir verməyin :D
Elə bu pozitiv notlarla nağıllar aləmindən real dünyamıza qayıdıram və Paulo Koelyonun "Kimyagər" nağılından son bir sitatla göydən üç almanı çağırıram :)
"Yer üzündə hər bir insan hər zaman dünya tarixində baş rol oynayır və təbii ki, özünün xəbəri olmadan."
P.S. Balacalarınıza nağıl oxuyun, oxutdurun ki, onlar da uşaq nağıllarının izi ilə böyüklərin nağıllarına gəlib çıxa bilsinlər.
Comments
Post a Comment