"ÖLMÜŞ" KİTABLAR...

Hərdən özümə acığım tutur... İllərimi boş-boşuna xərcləyib, mənasız, kolkozdan, sovxozdan danışan kitbalara sərf eləmişəm, və buna görə özüm-özümü çox qınıyıram. Dünya ədəbiyyatıyla 3 il əvvəl yaxından tanış olmağa başlasam da, bu il, yox :) keçən il, yəni 2011-də onu dərk etdim, dərk etdikcə vuruldum və daha çox oxumağa başladım.. Xarici yazıçılarda olan mətnaltı ifadələr, əsərlərdəki fikir zənginliyi, ağır çəki, məna tamlığı, bəsit sözlərdən qaçan cümlələr bir kitabı oxuyub qutaran kimi digərinə keçməyə vadar edir insanı, özünə çəkir..

Kitabları təkcə alıb kitab rəfinə düzmək, onlara baxdıqca özündənrazılaşmaq, özünü göstərmək, ya da nə bilim, özünü "ağıllı" hiss etdirmək deyil məqsədim... Hər kitabın içində azı 10 cümləni 2 dəfə oxuyub mənasına dalmaq, dərk etməyə çalışıram.. Düşünürəm.. və yazıçının həmin ankı fikirlərini, o əsəri yazarkən nə hiss etdiklərini hiss eləmək istəyirəm.. Yazıçıların əksəriyyətinin məndən neçə-neçə çox illər öncə yaşayarkən indiki dövrə aid düşüncələri necə qələmə ala bildiklərinə təəccüb edirəm.. Sonra isə əksinə insanlığın və insan xislətinin əslində nə 100 illər nə də 10 illər öncə və sonra dəyişmədiyi və dəyişməyəcəyi qərarına gəlirəm...

Düzdür, kitablar aldıqca içimdə yüngüllük, fərəh, çox xoş və qəribə hisslər yaranır.. Əgər əvvəllər "nə əsər olur olsun oxuya bilərəm" deyirdimsə, indi çox dar olan insan ömrümə, zamanıma faydalı kitabları, məni düşünməyə vadar edən kitabları, nəsə öyrənə bilcəklərimi, mənəvi baxımdan xeyir götürə biləcəklərimi oxumağı üstün tuturam. Bəlkə də mənim seçdiyim hansısa kitab başqası üçün vaxt itkisi kimi görünəcək.. Amma hərdən elə həmin "vaxt itkisi" hesab etdiyimiz kitablardan da nələrsə öyrənə bilərik (..və sözsüz ki, bu paradoksda sovet illrəindən, pambıq, kənd həyatındam bəhs eliyən əsərləri nəzərdə tutmuram). İndi 5 il əvvəl oxuya bildiyim kitabları əlimə belə ala bilmirəm... və bu baxımdan da görünür ki, dünya ədəbiyyatının yanında Azərbaycan nəsrinin 7 on illiyi sadəcə ölü kimidir, "kimidir" sözü belə artıqdı burda bəlkə də.. Nəsr əsərlərimizin 70 ili yox səviyyəsindədir.. Boşluqdur sadəcə.. Böyük, qaranlıq bir boşluq.. Düzdü həmin dövrlərdə təkcə SSR mövzuları deyildi, məsələn Salam Qədirzadə, Bayram Bayramov, Ələviyyə Babayeva, Elçin və s. kimi yazıçılar da var idi.. Amma əsərlər sıxışdırılırdı.. Beyinlərdəki fikirlər sıxışdırılırdı.. Fikirlər də sıxışdırılarmı heç!? ..bu vəhşi çöl göyərçinin qəfəsə salınmasına bənzəyir. Bu baxımdan əsərlərdə sınıqlıq, yarımlıq hiss olunur.. Və təbii ki, bir oxucu kimi bu məni az düşündürmür..

Kiçik bir layihəm var şəxsi kitabxanamla bağlı. Bu günə kimi çox-çox az sayda müasir gənc Azərbaycan yazarların əsərlərini oxumuşam. Amma artıq hər dəfə kitab alanda mütləq Azərbaycanın müasir yazarlarına da müraciət edəcəyəm. Və mənə maraqlıdır görəsən, 30-40 ildən sonra bu gənc yazarlardan hansıları ədəbi fəaliyyətlərinə davam edib əsl yazıçı olacaq, hansıları isə "həvəskar" olaraq qalacaqlar.. və bir də görəsən o gələcək zamanlarda indiki müasir ədəbiyyatımız o dövr üçün "ölü" adlandıracaqlar, yoxsa.....

Həqiqətən kitab oxumaq böyük bir mədəniyyətdir. Və bu mədəniyyətə çox insan bacarsa da, hər insan malik olmağı bacarmır. Bircə onu deyə bilərəm ki, kitabsız bir günüm olmasın :)

P.S. Və mən indi həyətimizdə "semiçka" satan Fəridə xalanın cavanlıqda nə üçün ac qalıb bütün pullarına kitab aldığını daha yaxşı başa düşürəm... Allah sənə rəhmət eləsin Fəridə xala!



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)