BƏLKƏ YENƏ QAYIDAQ?

Başlığı yazandan sonra əslində nə qədər poetik olduğunu hiss etdim, yaxşı bir şeir başlığı ya qafiyəsi olardı əslində deyilmi? :) 

Amma mənim əsas qayıtmaq, qaytarmaq istədiyim blogda hər ay yeni bir post yazmaq vərdişimi bərpa etməkdir. 

Necə maraqlı idi oxuduqlarımı, yazdıqlarımı, gəzdiklərimi, çəkdiklərimi paylaşmaq?! Ürəyimin bir hissəsində qalan və qaranlıqdan heç yerə çıxa bilməyən sözləri nəhayətində işığa qərq etmək, yazılara tökmək.. Qaldıqca qalır çünki, unudulduqca unudulur, paslanır, kəsəri, itiliyi zəifləyir sözlərin, fikirlərin.. 

Misal üçün bəzən özüm də vəcdə gəlirəm ki, keçən il düz 21 şəhərə səfərim olub, müxtəlif qitələrə, ölkələrə.. 
...gəl ki, heç birinin adı belə keçmir burada. 
O qədər görümşəm, götürmüşəm, müqayisə edib nəticəyə gəlmişəm. 
...gəl ki, hamısı öz içimdə, öz düşüncələrimdə. 

Və budur, yazılara tökülməyən hər fikrim axar su kimi axıb gedib.

Axı yazdıqca insan düşünür, və eyni zamanda yazılar əks etdirir özündə yaşamını. Maraqlarını, rutinini, əyləncəni, qəm-kədərini, sevincini və sevgini. Tək sözlə, hər şeyini. 

Əslində başqalarında kənardan baxıb həvəslə izlədiyin rutinlər bir də baxırsan ki öz həyatının bir parçasıdır, gündəlik qayğıların, vərdişlərin, həyat tərzindir, sadəcə sən hiss etmirsən. Çünki unutmusan özünə kənardan baxmağı. Unutmusan özünə, etdiklərinə dəyər verməyi və etdiyini düşünməyi. ən çox etmədiyini düşünür insan, ən çox əlində olmayanları, əldə etmədiklərini..

Elə mən özüm də elə deyiləmmi?...

Həyatım boyunca rəsm çəkmək istəmişəm, rənglərin incəliyində itmək, özümü itirmək. Bir dəfə cəhd etdim bu yaşıma kimi cəmi 3 ya da 4 dərs getdim.. sonrası yoxdur. Böyük boşluqdur, soruşma...

Halbuki onun əvəzinə, əlimdən çox gözəl embriodery tikmək gəlirmiş. Bu il kəşf etdim o bacarığımı, məktəbli zamanlarımda sevə-sevə tikdiyim güllərə embriodery deyirmiş xaricilər və o qədər maraqlı naxışlar var imiş ki... Bu da yaradıcılıq deyilmi, əsas başlamaq deyilmi?... başla hardansa bir yerdən.

Florist olmaq ən böyük xəyallarımdan biri olub. Gül kompazisiyaları düzəltmək, onları bir biri ilə uyuşdurmaq, standartdan kənar olan büketlər yığmaq.. hər gün güllərlə əhatələnmək. İncəlik və zərifliyin içində dövr etmək. Hətta bir dəfə 1 aylıq təcrübə kursunu da yazıldım, amma getmədim, gedə bilmədim..

Halbuki onun əvəzinə, evimi dibçək gülləri ilə bəzəmişəmmiş. Hərəsi bir xasiyyətdə, bir zəirflikdə və gözəllikdə. Onlara qayğı göstərmək, qulluq etmək, sulamaq, xasiəyyətlətinə uyğun davranmaq özü də bir floristin işi deyilmi?

Amerikada yaşadığım dövrdən başlayaraq nə üçün blogger olmadığımı çox düşünürdüm bir ara, əlimdə fürsətlər var idi. Amma heç birindən istifadə edə bilmədim, etmədim sadəcə...

Halbuki indi düşünürəm ki, gör neçə ilin bloggeriyəm mən :) 10 ili aşıb burada yazdıqlarım, belə paylaşan olsaydım bu yazıları çoxdan paylaşmışdım insanlarla, deməli məsələ elə bunun özəlliyindədir, mənim görünməz olmaq istəməyimdə. 

Başqalarının səyahət şəkillərinə, videolarına maraqla baxmışam həmişə. Kimiləri səyahət etməli olunacaq yerlər, gəzilməli muzeylər və ya restoranlarda yazar, çəkər. Mənsə ekranın bu tayından baxaram.

Halbuki, mən də son 2 ildə özümə maraqlı olanları çəkmədim? Özüm üçün siyahıma almadım? Dost-tanışa məsləhət bilmədim?

Yəni sözümün canı odur ki, hamımız əslində öz maraqlarımızı yaşayırıq. Sadəcə fərqli yaşayırıq... görməyi, fərqində olmağı bilənə.

Kitab oxumaq da ki, öz yerində.. Hər aya bir kitab bitirməyimiz şərt oldu! Son 2 ildir ki ilkin gəncliyimdə oxuduğum kitabları yenidən oxumaq istəyirəm. oxumadıqlarımı da oxumaq istəyirəm. Çoxlu çoxlu oxumaq istəyirəm. Hər gün oxumaq.. Bunun üçün nə olur olsun şərait yaratmaq lazımdır! 

P.S. başlığa şeir yazmağı unutmamalı..

Xoxo




Comments

Popular posts from this blog

XATİRƏLƏR... XATİRƏLƏR... :)

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

ONUN SEVGİ MƏKTUBLARI