DƏYİŞƏN TEZLİKLƏR... - ZAMAN

Heç nədən şikayət etməyəcəyəm..
Yaşadıqlarımdan, yaşatdıqlarımdan, heç birindən.

Zamanın bizə vermiş olduğu dəyişmə, dəyişdirmə şansından geninə boluna istifadə etmişəm. İstəyərək və istəməyərək, ən pis halda nə istədiyimi bilməyərək zamana qarşı meydan oxumağımın əvəzini isə yetəri qədər almışam.

Keçən illə bu ilin müqayisəsinə girişmək istəmirəm, çünki onda ən keçmiş xatirələrim oyanacaq. Amma zaman oyununun 3 il əvvəl oynadığı oyunla bu günkü oyunu arasındakı yerlə göy qədər fərqi görmək var bir də. Oyunçular dəyişib, iştirakçılar dəyişib, vəziyyət dəyişib.. Gah artıran, gah azaldan, gah itirən, gah itirilən, gah bütövləşdirən, gah yarım qoyan zaman..

Həmişə yanımda olacaqlarını düşünüb, amma bir gün məni tərk edənlər, ömürlük yanımda olmaları üçün həyatıma daxil edib, amma bir gün tərk etdiklərim, həmişəlik həyatımdan çıxartdığımı düşünüb, amma tərk edə bilmədiklərim..

Ağrılarımı gülüşlərlə sarımaq, kinimin üzərini sevgi ilə örtmək, yalanları doğrulara çatdırmaq lazım idi. Dəyişmək, dəyişdirmək lazım idi. Haradansa, nədənsə, kimdənsə başlamaq...

Dəyişdirən zaman, həm də unutdurur deyirlər.. Nədənsə unutmadım. Yaddaşımdan silə bilmədim. Bağışladım, amma etinasız qala bilmədim. Hər anı, hər dəqiqəni, yaşadığım hər saniyəni.. Zamanın toxunmadığı, toxuna bilmədiyi, toxunmasına icazə vermədiyim xatirələr yazdım.

..mənim özümə görə səbəblərim var idi
..sənin özünə görə yalanların var idi
..onun özünə görə doğruları var idi
..bizim özümüzə görə səhvlərimiz var idi
..sizin özünüzə görə inanma bucağınız var idi
..onların isə heç nədən xəbəri yox idi
..ya da bəlkə də var idi.

Bütün bu şəxs əvəzliklərini fikrimdə şəxslərlə əvəzlədim. Düşündüm.. Əlbəttə hər şey daha fərqli ola bilərdi. Amma yəqin ki, elə burada olmalı idik. Zaman hamımızı olmalı olduğumuz yerə itələyib atdı.

Zaman dəyişdirdi..

Aldı, qaytarmadı, sadəcə əvəzlədi.
Yuxarıda sadaladığım əvəzliklər kimi. . .

Bu günkü dəyişən tezliklərdə - ZAMAN...

                                                                                                   Ardı var...

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)