QARMON İFAÇISI QONŞUMUZ VƏ YA YAĞIŞLA QARMONUN HARMONİYASI

Yaz yay gecələrində məhəllərdə, həyətlərdə, bağlarda nə macəra, nə hadisə desən taparsan, nə əhvalat desən eşidərsən. Bir dəfə ki evin, otaqların pəncərəsi qışın şaxtasını yola salan kimi açır üzünü sərin mehə, isti bürküyə heç yağan leysanlarda belə bağlanmır daha.. və bağlanmayan o pəncərələrdən süzülür evin içinə.. uşaq gülüşləri, yaşlıların domino, nərd tappıltıları, xalaların xısın xısın qibətlərinin pıçıltısı, cavanların gizlin telefon söhbətləri. Bir də bu günkü yağışlı gecədə qarmon ifası.. :) qonşuluqdakı çoxmərtəbəli binanın evlərinin birində bayaqdandır yığıncaq səs küyü, gülüş səsləri, söhbətlər, qarmonun səsi, dəm olan daydayın qarmonun müşayəti ilə ifası qarışıb arxa fonda yağan "şıdırğı" yağışın  və sulu asfaltda o baş bu başa şütüyən maşınların səsinə. Mən də "lyubapıtnı" qonşular kimi qulaqlarımı çəkmirəm ifadan :) həm ləzət eliyir bütün bu eşitdiklərim, həm də məni uzaqlara, xatirələrə aparır.. təkcə baxmaqla, müşahidə ilə deyil, bəzən dinləməklə, gözünü yumub ətrafında olanları eşitməklə də çox şeyi müqayisə eliyir, fərqi hiss eliyir, öyrənirsən.
..bir zamanlar mənim də fortepianoda müşayətim ilə atamın "Alagözlüm" ifasını yəqin ki qonşular mənim indi dinlədiyim kimi dinləyirdi. Amma artıq nə o pianonun qapağı açılır, nə də mənim barmaqlarım həvəs göstərir ifa etməyə. . .

..hal hazırda isə mən bu fikirlərimdən bixəbər dəm dayı oxumaqdadır:

Özün getdin intizarın qaldı yar
Məhəbbətin yoxsa gözə gəldi yar
Dost tanışlar bəlkə bizə gəldi yar
Bəs nə deyim məni sənsiz görəndə?
(bu yerini xor şəkilində oxuyurlar:D)
Deyimmi yar əhdini, andını pozdu getdi
Əllərini əlimdən hirs ilə üzdü getdi ...
..sağ ol dayı :D

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)