SOYUQ BAKI VƏ YORĞUN QIZ...

Gələn keçən Bakıya şaxtanın, qışın, qarın yaraşmadığını deyir. İnsanlara qalıb Bakıya nəyin yaraşıb yaraşmadığını müzakirə etmək? belə də baxanda elə insanlara qalıbaxı.. Hər gün şəhərin sinəsində o başdan bu başa, bu başdan o başa iz qoyan insan və insancıqlara. Təəssüf hissi ilə içimi çəkirəm. Şaxta bizi dondursa da, başımıza xeyir olmadı deyəsən. Ya da bəlkə də oldu - ancaq bir azcıq, o da baxır kimə. Axı atalar yaxşı deyib - "Ayağını isti, başını soyuq saxla". Düzü, bizim qızlar başlarına özünlərindən böyük, yekə qulaqcıqları olan toxunma papaq qoyub, ayaqlarına nazik yubka geyinəcək qədər cəsurdular. Onlar cəmiyyətin "fərqli üzüdür", mənim böldüyüm "qızlar kateqoriyası"nın aşağı-yuxarı punktlarından biri. Daha başqa punktlar da var amma onları saymayacağam bu gün :) Mən və mənim kimi qızlara gəldikdə isə biz cəmiyyətin qeyri-üzü, amma "standartları"yıq. Desəz necə? Bunu bilməyə nə var, insanın özü kimiləri tanımağa nə var? ..yox, yox, özümü heç də tələbəlik illərindəki kimi çoxundan fərqli hiss eləmirəm. Mənim də çoxu kimi balon kurtkam, ponponlu papağım, sol çiyinmdən sallatdığım içi dolu olan özüm boyda çantam, cins şalvarım, və şalvarımı içinə saldığım uqilərim, gözümdə də eynəyim var. Fərq ancaq saatı sağ qoluma salmağım ola bilər, o da ki mənim heç vecimə deyil. Heç inanmıram nəsə diqqət çəkəsi bir şey olsun. Sadəcə mən və mənim kimilər cəmiyyətin "qeyri-üzü" sayılır, vəssalam. Nə isə sözüm onda da deyil, deyəsən söhbətdən uzaqlaşdım, axı bu tamam başqa mövzudur :)

Bu gün mülayim şaxtalı havada şəhərin mərkəzi küçələri ilə axşam tərəfi yavaşca addımlayanda ətrafımdan ötüb keçənlərə baxdım, xeyli baxdım həm də. Nə əcəb məndən dedim özlüyümdə özümə :) Tanımadıqlarım.. və düşündüm ki, bəlkə də məhz onlardan hansısa birini nə vaxtsa tanıyacağam. bəlkə həyatımda kiçicik iz qoyacaq, bir epizod olacaqlar, ya da bəlkə böyük. Kim bilir? Həyat insanı tanımadığı döngələrdə gəzdirməyi çox sevir axı, hələ o döngələrdə tanımadığın insanlarla tanışlıq varsa, bu tamam başqa hekayədir. Bəlkə  də o tanıdığımız insanları da bir müddətdən sonra heç xatırlamayacağam. Xatirlamamaq deyil də, beynimizin arxiv qovluqlarına əlavə olunurlar sadəcə bəziləri. Məsələn elə bu dəqiqə, 3 il əvvəl hazırlıqdakı Səadət adında o siçan sifət qızı xatırlardım. Səadət.. nə qəribə sözdü ümumiyyətlə.
Tanımadığın insan sıxlığının arasından keçəndə isə sənə tanış sima həmişə gözünə girir, gözlər tapır bir-birini, bunu da qrup yoldaşım Rövşənlə sıxılıqda rastlaşanda bir daha öz-özümdə təsdiqlədim. :)


Bu gün soyuq Bakının sinəsinə iz qoyan insanlardan biri də yorğun qız - mən idim. Onu da bilirəm ki, təkcə mən "yorğun" deyiləm bu şəhərdə, onu bilirəm.. bilib, başa düşməyim xeyli zamanımı alsa da öyrənmişəm. Adətən insanlar yorğun olanda heç nə fikirləşmək isdəmirlər, amma məndə əksi olur deyəsən. Daha çox düşünürəm onda, müşahidə eliyirəm, özümlə danışıram, barışıram, küsürəm.. mühakimələr, gərəklər, əslindələr,  bəraətlər, günahlandırmalar..

Heç kəsə heç nəyi sübut etməmək, heç kəsə özünü sübut etməmək isə bu dünyada mənəvi olaraq ən rahat yaşamaqdır. İstəmədiym müddətcə dəyişilməyə həvəs, güc, yoxdu. Özümü, özümə sübutm daha vacibdi. Sübut da deyəndə ki nəyi sübut edəcəyim axı. Nəyim var ki, nə də edim!? Beləyəmsə, beləyəm, sevdiklərim və sevmədiklərim var, əslində fikir verməsəm də mənim rutinimə çevrilən adətlərim var. Bəlkə də onlarla bütövəm, ya onlarla yarımçığam. Bəlkə onlardı mənim yorğunluğum, bəlkə də yorulmadığım anlarımdı..
sizin də var mənim rutinlərim kimi rutinləriniz, inkar etməyin. Etmirsiz ki? - lap yaxşı :)
məsələn mən:
..çayı ilıqdan bir az isti, anamdan sonra limonlu sevirəm
..qəhvəmi südlü, şirin sevirəm
..axşam saat 9-dan sonra öz guşəmə çəkilib sakitlikdə kitab oxumağı sevirəm
..yemək bişirəndə, bayırda hava necə olur olsun pəncərəni tam açmağı sevirəm
..şaxtalı havanı sevirəm
..şokoladı südlü sevirəm
..əl-üzümü soyuq suyla yumağı sevirəm
..söhbətin ortasında deyilən sözə uyğun mahnı bilirəmsə mütləq söhbəti kəsib o mahnını oxumağı sevirəm :D
..paxlavanı şəkərburadan çox sevirəm
..dəliliyi sevirəm

utansam da deyim ki, idmanı sevmirəm..
kişmişli bulkanı sevmirəm..
yeməkdə soğanı sevmirəm..
77 nömrəli avtobusda qaranlıq düşəndə içində yanan sarımtıl işığı sevmirəm..
uzun köynəklə qısa kurtka geyinən qızları sevmirəm..
ç-nı ц, c-nı cь kimi tələffüz edən insanları sevmirəm..
nauşniklərimi evdə qoymağı sevmirəm..

siyahımı uzatmağa nə var ki,
mənəvi tərəfi var sevib sevmədiklərimin,
insanları var hələ bir də..
hər kəsdə, hamımızda nəsə var.
hər birimizdə eyni olduğumuz qədər fərqlilik,
fərqli olduğumuz qədər eynilik var..

bir də məndə yorğunluq var..
..Bakıda da soyuqluq var


p.s.
..evə gələndə yolüstü bakumozdan sifariş verdiyim sevdiyim yazıçım Remarkın  iki əsərini götürdüm:

  • "İnsanları sevmelisin"
  • "Ölesiye yaşamak"
(Hələ kitabların adlarındakı pozitivliyə bir baxııııın ;) )

p.p.s.
..və evə gələndə avtobus gül dükanının qarşısından keçərkən düşündüm öz-özümə.. düşündüm ki, bir gün mənə böyük bir dəstə ramaşka alan insanı sevəcəyəm :D 
..bircə dənə qurumuş ramaşkamsa hələ də dəftərimin içində qalır. birinci və tək gülüm. . .






Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)