SEVGI AXTARIŞINDA...


...Bir pasiyentimlə söhbətim heç yadımdan çıxmaz. O,sevgini görmüşdü. Daha doğrusu, realda deyil, yuxusunda...
-Buyurun,danışın...

O, təxminən mənlə həmyaşıd olardı. Şabalıdı saçlarını yana yığmış, tez-tez əli ilə üzünə tökülən tellərini arxaya itələyirdi. həyəcanlı görünürdü. tez-tez gözlərini qaçırırdı.

-Heç bilmirəm. necə başlayım...-udqundu.

-Hardan istəsəniz Oradan başlayın. Rahat olun. Ikimizdən başqa heç km yoxdur otaqda. Istədiyiniz yerdən başlayın.

-Mən sevə bilmirəm. çox istəyirəm sevmək,ama alınmır.

-İndiki gənclərin əksəriyyətinin problemi budur. Narahat olmayın. Siz bu barədə tək deyilsiniz. Əzəldən sevə bilmirsiniz,yoxsa hər hansı xoşagəlməz təcrübədən sonra sizdə bu problem yarandı?

-Əslində heç özüm də bilmirəm.

-Əzəldən sevdiyiniz insan olmayıb,yoxsa olub və indi qorxursunuz yeni bir münasibətə başlamağa...

-Əslində ünsiyyətdə olduğum insanlar olub, tam “mən bu insanı sevirəm” deyə düşünərkən, onun yalanlarının və xəyanətinin şahidi olmuşam və bitib. Əslində dərinliyinə baxsaq,heç kimi sevməmişəm. çünki sevginin nə demək olduğunu bilmirəm. onu sadəcə bircə dəfə yuxuda görmüşəm...

-Yuxuda? Davam edin. Mən də sevgi axtarışındayam. Siz ən azından,yuxuda da olsa görmüsünüz.

-Əslində bu barədə çox da danışmaq istəmirəm. tək deyəcəyim odur ki, bu elə bir hissdir ki, siz bunu real həyatda yaşaya bilməzsiniz. Mən o yuxudan sonra anladım ki, bu həyatda yaşayan insanların yaşadığı hiss-sevgi deyil. Sevgi tamam başqa bir hissdir. O, elə bir hissdir ki, sözlərlə ifadə oluna bilməyən. saf,təmiz. Bütün iyrəncliklərdən, ehtirasdan uzaq bir şey...Bilmirəm,necə ifadə edim...

-Yəni onu görmüsünüz.Necə idi? Nə formasında idi?

-Saçları bir az uzun. Qara geyinmişdi. Ancaq o qədər müsbət aurası vardı ki...

-Onu real həyatda görmüsünüz?

-Hə. O,real həyatda mövcuddur.

-Tanışlığınız var?

-Xeyr. Yoxdur. Əslində o yuxunu görməmişdən əvvəl,yəni həmin axşam bir şam yandırmışdım. Eşitmişdim ki, şam yandıraraq arzu diləsən,arzuların daha tez yerinə yetir. Mən də həmin axşam çəhrayı rəngli bir şam yandırdım. Başqa arzularımın olmasına baxmayaraq, şam tam əriyənədək, bütün ruhum və qəlbimlə onu dilədim –qəhrəmanımı. Və nə təsadüfdür ki, şam əriyəndən sonra, nəlbəkidə onun qəlibinə baxdım. Şamın ərintisindən ürək formalı bir şey yaranmışdı. Gözlərimə inanmadım. Inanırsınız,hələ də o qəlibi saxlayıram. Və həmin gecə mən yuxuda onu gördüm. Əslində o axşam heç onu düşünməmişdim belə. Ağlımdan belə keçməmişdi.

-Siz əminsiniz ki, bu sevgi idi?

-Bəlkə də yox. Ama o an,yuxuda keçirdiyim sevgi və sevinc dolu hisslər..Mən indiyə qədər özümü belə rahat və huzurlu hiss etməmişdim. Tamamlanmış kimi. Ilk dəfə özümü yarımçıq hiss etmədim. Bu odur-dedim.-Mənim qara geyimli şahzadəm...

-Bəs sonra?onu yenə yuxularınızda gördünüzmü?

-Görürdüm. Ama artıq görmürəm. daha çox,qarmaqarışıq, yozumu olmayan yuxular görürəm. çünki..

-Çünki nə?

-Çünki ona artıq qəhrəman kimi baxmıram.

-Niyə?

-O çox yaxşı insandır. Ama bəzi reallıqlar var ki,biz istəməsək də onunla üz-üzə gəlirik. Olar bu barədə danışmayaq?

-Olar. Davam edin.

-Mən sevginin nə olduğunu bircə dəfə görmüşəm. o da yuxumda. Reallıqda isə bu mümkün deyil. Çünki reallıqda sevgi yoxdur. Aşiq olma var,öyrəşmə var,simpatiya var,ehtiras var. Ama sevgi yoxdur. Sevgi elə bir məfhumdur ki, bu surreal bir şeydir. Ancaq nağıllarda,mahnılarda, xəyallarda,filmlərdə olur. Bir sözlə,onu axtarmağa dəyməz.

-Başa düşürəm.-Ani olaraq gözlərimi ona zillədim. O da eyni anda mənə baxdı. Nə qəribədir. Sanki simmetrik hərəkət edirdik. Gözlərini mənə dikmiş, məndən ona kömək etməyimi istəyirmiş kimi,yazıq-yazıq mənə baxırdı.

-Artıq kimisə sevə bilmirəm. kiməsə meyl edə bilmirəm. özümə bir çərçivə yaratmışam. Hər kəsə o çərçivənin arxasından baxıram. O çərçivəni sındıra bilmirəm. insanları qəlbimə yaxın buraxa bilmirəm. əslində bir tərəfdən o çərçivənin sınmasını istəyirəm. digər tərəfdən isə,istəmirəm. çünki o çərçivə sınsa,insanların əsl üzü ilə rastlaşacam. Mənsə bunu istəmirəm.

-Qorxursunuz...

-Qorxu da deyil. Bir növ özünü pis hadisələrdən,xəyal qırıqlığından sığortalamaqdır. Həyat təcrübəm yetərincə var. Madam ki, əsl sevgi yoxdur, o zaman o çərçivəni sındırmaq nəyə gərək. Haqlı deyiləm?

-....

Nə cavab verəcəyimi bilmədim.

-Deyəsən,romantik insansınız?-sualdan yayınmaq istədim.

-Hə. eləyəm. xahiş edirəm,qurtarın məni bu sevgisizlikdən. siz, romantik bir insanın xəyal qura bilmədən yaşaması necə əzabdır,bilirsinizmi? Mən artıq xəyal qura bilmirəm. istəsəm belə qura bilmirəm. son qəhrəmanımı da itirəndən sonra...

-Niyə itirdiniz ki?

-Qanadları sındı. O da adi insana çevrildi. O da sevginin deyil, seksin əsas olduğunu qeyd etdi yazılarının birində. Yəni “salam çirkin reallıq,əlvida romantika.” Əslində gətirdiyi arqumentlər əsaslı və tutarlı idi. Onu nədəsə qınaya bilmirəm. ama mənə geriyə 2 yol qalırdı: ya onu xəyallarımdan silməli ya da romantikamla əlvidalaşmalı idim. Mənsə asan yolu seçdim:-Onu sildim. Və geriyə boş bir romantizm qaldı...Xəyal qura bilmək bacarığından məhrum bir romantizm. Nəyimə lazımdır? Nə etməli? Mənə bir məsləhət verin. Qəhrəmansız bir dünyada yaşamaq,xəyallarsız nəfəs almaq, hər gün sevgisizliklə qarşılaşmaq üçün səhəri açmaq necə çətindir mənim üçün,bilirsinizmi? Mənə xəyanətlərlə,yalanlarla, duyğusuz insanlarla, “kim-kimdən nə qopara bilər?” düşüncəsiylə, hər addımı fırıldaqçılıq olan bu insanların, ədalətsizliyin hökm sürdüyü, romantizmin, humanizmin,dürüstlüyün hər gün damla-damla məhv olduğu bu dünyada yaşamaq çox çətindir. Inanın ki, çox çətindir. Artıq yuxularımda da rahatlıq tapa bilmirəm. çünki yuxuların da reallıqla bir bağlılığı var. Nə edim? Mənə bir məsləhət verin.

-Məsləhət?-Bir anlıq duruxdum. Nitqim tutulmuşdu. Bilirdim ki,susmalı deyildim. Qarşımda əyləşən, mənə baxan qıza nəsə deməli idim. Onu təsəlli etməli,həyata başqa bir prizmadan baxmağı məsləhət görməli idim. Başqa insanlara məsləhət vermək çox asandır. Ancaq özünə necə məsləhət verəsən? nə deyəsən? başqalarını aldada bilərsən. bəs özünü? Özünü necə aldadasan?!

-Yaxşı. Bu qədər bəsdir.-deyib,güzgünün qarşısından qalxdım. Ayaqqabımı geyinib,işə getmək üçün qapıdan çıxdım...
SON
Aynur Lətifovanın "Sevgi axtarışı" hekayəsindən bir parça

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)