MƏTBƏX

Əvvəl axır bütün xanımlar yaxşı ya pis yemək bişirmək məcburiyyərtində qalırlar. Kimisi ailə həyatı qurur, kimisi tək yaşamaq məcburiyyətində qalır və s. və i.
Mənim yemək bişirməyə başlamağımın səbəbi tamam fərqli olsa da artıq bir neçə müddətdir ki, bu işin öhdəsindən gəlməyi bacarıram. Adətən, evdə ana yeməyi necə bişirirsə qızlar da onun kimi bişirir.  Amma təbii ki, istisnaları unutmuruq. Çünki, bacarıqlı ananın tənbəl qızı və ya əksi də ola bilər :)
Blogum adətən "kitabmeyilli" olsa da, bu bölməni açmağıma səbəb hər dəfə eyni yeməyi bacımdan soruşmağım unutmağım olur. Onunla whatsapp söhbətlərimin 88%-i yemək reseptləri ilə doludur. Hələ arada "mama belə bişirmirdi, sən düz bişirmirsən!" deməyi də unutmuram :)
Düşündüm ki, hər halda burada özüm üçün kiçik bir kulinariya bölməsi yaratsam, həm bacımın başı sakit olar, həm də anamın o ləziz yeməklərindən mənim kimi cavan aşbazlar da istifadə edə bilər.
Diqqətinizdə olsun ki, bu bölmə hər dəfə yenilənəcək :)

P.S. Uzun müddətdən sonra bu bölməni yenidən və yeni üsulla işlətməyə başladım. Aşağıdakı reseptlərə artıq link şəklində daxil ola biləcəksiniz. İlk reseptimiz alma piroqudur.

Qeyd: Bütün yeməkləri gözəyarı elədiyim üçün kq söhbətlərini dəqiq bilmirəm =)

RESEPTLƏR
  


1. Xəmiraşı (əriştə)
2. Tifteli 
3. Kələpur 
4. Bif stroqonov 
5. Qozlu badımcan dolması
6. Tvoroqlu perojki
7. Kələm dolması.
8. Borş
9. Julyen
10. Fisincan (ət və toyuqla)
11. Səbzi (tikə və yumru ətlə)
12. Alma piroqu (yumurtasız) 
13. Göbələk şorbası 

***


1. XƏMİRAŞI (əriştə)

Əvvəlcə soğanla birlikdə çəkilmiş, duzlanıb istionlanmış ətdən xırda, yumru yumru (şarik) dairələr düzəldib iri qazanda olan ət bulyonun içinə atıb bişiririk. Bişirdikcə köpüyünü yığırık. Şarik ətlər bişdikdən sonra bulyonu ətlə süzüb yenidən təmiz şəkildə qazanda saxlayırıq. Bir stəkan qaragöz lobyanı da qaynadaraq bişiririk. Bir kündə xəmir üçün: iki stakan un, bir yumurta, duz, su nəqədər getdi. Xəmiri yoğurduqdan sonra, 15-20 dəqiqə qıraqda üstünü ortub saxlayırıq ki, özünə gəlsin. Xəmir yumuşalandan sonra yaymağa başlayırıq. Hardasa 1mm qalınlıqda yayırıq, nazik olmamalıdır, amma çox da qalın olmamasına diqqət etmək lazımdır. Sonra yaydığımız xəmiri əl böyüklüyündə qatlamağa başıayırıq. Qatladıqca içinə un səbirik çoxlu ki yapışmasın. Ruletə bənzər bir forma alacaq xəmir. Sonra başdan başlayaraq onu olduqca, çoox nazik-nazik kəsməyə başlayırıq. Kəsdikdən sonra ələkdən keçirib unlarını təmizləyir və bir məcməyinin içində yayıb bir az quruduruq. Sonra bulyonla birlikdə bişirilən şarik ətləri yenidən qazın üsdünə qoyuruq qaynayana yaxın bişmiş qaragöz lobyaları tökürük, sonra da nazik doğradığımız əriştələrimizi. Xəmiri tökəndə diqqətli olmaq lazımdı, çünki xəmir bulyona görə çox düşsə şişəcək və sulu yeməkdən çox kaşaya oxşayacaq :) Əriştəni də tökdükdən sonra bişirməyə başlayırıq. Xəmir də bişdikdən sonra üstünə bir dəstə keşniş tökürük. Süfrəyə verəndə sirkə ilə verilir.
Nuş olsun! :)


2. TİFTELİ

Əti soğanla birlikdə çəkirik, duz, istiot, bir az da yumru düyü vururuq (çox vurmaq olmaz, çünki düyü şişirş). Ərik boyda yumru şariklər düzəldirik. Düzəltdiyimiz şarikləri  suxariya batırıb hər tədəfini kərə yağında qızardırıq. Sonra nisbətən yastı olan qazana yığırıq. Qızarmış şariklərin üstünə qabığını soyub xırda doğradığımız pomidorları, və üsdünə çıxacaq qədər su tökürük. Sonra düz istiot əlavə eliyib yağını da tökdükdən sonra vam xodda qaza qoyuruq ki bişsin. Suyu çəkilib yağa düşdüsə deməli hazırdır. Əgər suyu çəkilərsə və düyüsü hələ də bişməzsə bir az da su əlavə eliyib yenə bişirmək lazımdır. Yanında qarnir kimi püre, qreçka eləmək olar.
Nuş olsun! :)

3. KƏLƏPUR (Biz hərdən buna "Bibərli ət" də deyirik =) )

Sümüklü, yağlı, qəşəng əti tökürük iri qazana, içinə su töküb qoyuruq qazın üsdünə, kəfini yığıb qaynadırıq. Qaynamağa başlayanda içində duzunu atırıq, bir soğan soyub atırıq bütöv. Ət bişəndən sonra, gözdüyürük bulyon bir az yağa düşsün ki, parça bozbaş kimi çox sulu  çıxmasın. Bir az suyu çəkiləndən sonra soğanı tulluyuruq, bulyonu süzüb təmizləyirik. Süzülmüş ətli bulyonu yenidən qaza qoyuruq. Üstünə 4 - 8 yerə bölünmüş bibər (acı sevənlər acı yaşıl istiot da qata bilər), pomidor tökürük. İstiotunu vururuq, duzuna baxırıq lazımdırsa əlavə edirik. Qoyuruq bişməyə. Pomidor, bibər bişəndən sonra yemək hazır olur. P.S. Padurqam kələpuru tamam başqa cür bişirir.
Nuş olsun! :)

4. BİF STROQONOV

Can ətini (can ət olmasa ətin yumuşaq yeri də ola bilər) döyürük, barmaq qalınlığında doğruyuruq. Soğanı xırda-xırda doğrayıb qovururuq (nə çox, nə də az olmalıdır. az olsa quru çıxır.). Soğan qızarmamalıdır rəngi dəyişənə yaxın əti tökürük üstünə qarışdırırq. Qarışdırandan sonra ətin üstünə çıxacaq qədər su tökürük. Kəf olsa kəfini yığıb duz istionun tökürük. Suyu çəkilsə və ət hələ bişməsə yenə də su töküb bişirmək lazımdır. Elə ki, ət bişdi su çəkilib yağa düşəndən sonra bir qaşıq mayonez və ya smetan qatıb qarışdırırq. Mayonez qatanda duzuna fikir vermək lazımdı çünki mayonez yeməyi duzlu eliyir. Qazın üstündə bir az qarışdırdıqdan sonra götürürük. Bunu toyuğun döş ətindən də eliyə bilərik. Onda sadəcə olaraq döş ətini döymürük, adi qaydada barmaq qalınlığında doğruyuruq. Qalan bişirilmə qaydası eyniylədir. Qarnir kimi yanında hər şey gedir. Mənsə ən çox kartof qızarmışını sevirəm ;)
Nuş olsun! :)

5. QOZLU BADIMCAN DOLMASI

Əti soğanla çəkib duz istiotunu vururuq. Adi qiymə hazırlayırıq. Sonra qıraqda xırda doğranmış soğanı yağ-soğan eliyib qiymənin içinə qatırıq. Soğanı çox qızartmamaq lazımdır ki quru çıxmasın. Üstünə doğranmış bir yarım xırda pomidoru qatırıq və bir ovuc və ya daha çox (baxır qiyməyə) doğranmış və ya döyülmüş qoz qatırıq. Duz, istiot, bir az da sarıkök əlavə eliyib bişiririk. Lazım olsa yağ əlavə eliyiri. Elə ki pomidorun suyu çəkildi deməli dolmanın içi hazırdı. Qıraqda saya görə badımcanları təmizdiyirik yuyuruq. Arasını kəsib içini duzluyuruq. Sonra acısını yaxşıca çıxardıb bitki yağnda bir az qızardırıq. Qızartdıqdan sonra bir az soyuyur və içinə hazırladığımız qiyməni qoyub düzürük qazana. Bir balaca su töküb qoyuruq qazın üstünə. Su çəkilib yemək yağa düşdüsə deməli hazırdı. Bu qiyməni üç dolma yeməyində də istifadə eləmək olar, daddı alınır.
Nuş olsun!

6. TVOROQLU PEROJKİ

Xəmiri: 1 paçka tvoroq, bir paçka kərə yağı, bir yumurta, soda, duz, un nə qədər getdi. Yağ yumuşaq olmalıdı ki tam qarışdırmaq olsun əldə. Xəmir yağlı olduğu üçün unu çox-çox tökə biləcəyinizi düşünə bilərsiz, amma elə də çox tökmək olmaz. Xəmir yumuşaq olmalıdı. Bərk olsa xəmir o yumşaqlığı və dadı vermir.
Perojkinin içinə nə isdəsəz qoymaq olar: qiymə, kartof, göbələk və s.
Nuş olsun! :)


7. KƏLƏM DOLMASI

Əti soğan, varsa quyruqla bir yerdə çəkirik. Üstünə bir az yumru düyü, xırda doğranmış keşniş, şüyüd, sarıkök, darçın, duz, istiot vurub yaxşıca qarışdırırq. Qıraqda aşdığımız kələmləri qaynadıb yumşaldırıq. Çox qaynatmırıq ki, bükəndə cırılmasın. Qaynanmış kələmlərin içinə hazır əti qoyub səliqəylə büküb qazana yığırıq. Üstünə bir az sarıkök tökürük, xırda doğranmış pomidor tökürük. Bir az su əlavə eliyirik, yağını da töküb qoyuruq bişməyə. Arada kəfini yığırıq. Əgər suyu çəkilib bişməsə su əlavə eləmək lazımdı. Elə ki ət də, kələm də bişdi yeməyimiz hazırdı.
Nuş olsun! :)

8. BORŞ

Çox da böyük olmayan yağlı sümüklü və tikə ətləri yuyub qazana qoyuruq üsdünə xeyli su töküb qaynadııq. Kəfini yığdıqdan sonra duzunu tökür. Ət qaynayıb bişdikdən sonra əti sümüklərindən ayırırıq və bulyonu borşu bişirəcəyimiz qazana töküb ayırdığımız ətləri içinə atırıq. Aldığımız bərk kələmi iki yerə ayırırıq və soğanı doğradığımız kimi doğrayırıq.  Bulyonumuza uyğun miqdarda doğradıqdan sonra tökürük bulyonun içinə. Sonra 4-5 dənə dəfnə yarpağını (lavrovıy list) yuyub atırıq bulyona qarışdırırq. Qıraqda çuğunduru və kökü sürtkəcdən çəkirik. Kələmi tökəndən beş dəqiqə sonra onları da əlavə edirik. Sonra soğanı xırda xırda doğruyub ayrıca tavada yağ soğan edirik qızılıya çalana yaxın tomat tökürük. Bir az qarışdırıb əlavə eliyirik borşun içinə. Sora boyundan asılı olaraq 1-2 diş sarmısağı xırda doğruyub atırıq. Bir dənə kartofu doğruyub atırıq. Dadına baxıb duz istiotunu əlavə eliyirik. Kartof bişəndən sonra altını söndürürük. Üzərinə xırda doğradığımız cəfərini əlavə eliyirik. Süfrəyə xama ilə verilir.
Nuş olsun!

9. JULYEN



Göbələklərin qabığını soyub çubuğunu çıxarıb yaxşıca yuyuruq. Bir balaca qaynadırıq. Qıraqda qiymə hazırlayırıq. Bir az bitki yağı tökdüyümüz listə qaynadığımız göbələkləri səliqə iklə düzürük. İçinə bir az duz səpirik. Hansı göbələyin içi su salıbsa onu mütləq boşaldırıq. Sonra qiyməni göbələklərin içinə doldururuq üsdünə sürtkəcdən keçirdiyimiz holland pendirini qoyuruq. Və alt üst qızdırdığımız 220 dərəcəlik dxovkaya qoyuruq. Pendir əridikdən sonra çıxarıb süfrəyə veririk.
Nuş olsun!





10. FİSİNCAN (ƏT VƏ TOYUQLA)

1) Ətli fisincan bişirmək üçün əvvəkcə əti ət maşınından çəkirik. Adam başına görə xırda şariklər halına salırlar. Məsələn 3 nəfər üçün 35-40 dənə. Sonra suyu qaynadırıq, qaynamış suya bir az duz əlavə eliyirik və şarik ətləri onun içinə atırıq. Kəfini yığırıq bişir.
Qıraqda iki üç ovuc qozu ət maşınından çəkirik. Çəkilmiş qozu tavada çox az qovururuq vəə qaynatdığımız ətin suyundan bir stəkan tökürük qovrulan qozun üstünə bir az qarışdırırıq sonra çəkirik qırağa. Bişmiş şarik ətləri suyundan çıxarıb fisincanı bişirəcəyimiz tavaya ya qazana yığırıq. Suyunu süzürük. Yenə bir stəkanını tökürük ətin üsdünə, ardınca qovrulmuş qozu tökürük. Yarım çay qaşığı lavaş turşusunu suda ya da bulyon qalıbsa bulyonda həll edib onu da əlavə edirik ətin üsdünə. Duz, isdiot və yağ töküb qoyuruq vam xodda bişməyə. Yanmamamq üçün arabir qarışdırırlar. Bu fisincanın rəngi tünd olsun deyə onu qara tavada ya da keçmişin qaşığı olan ərsinlə bişiririk. Aşla dadlı olur adı da olur fisincan plov. :)
2) Fisincanı tovuqla da bişirirlər və bu daha asandı. Toyuğu xırda tikələrə bölüb yuyub qoyurlar qazana, üsdünə 1 orta ölçülü soğanı xırda xırda doğrayıb tökürlər, onun da üsdünə 2-3 ovuc ət maşınından çəkilmiş qozu tökürlər. Toyuğun üzünə çıxacaq qədər su, duz, istiot, yağ töküb qoyurlar qaza. Yanmamaq üçün ara bir qarışdırırlar. Toyuq bişəndən sonra fisincan hazır olur.
Nuş olsun!

11. SƏBZİ (TİKƏ VƏ YUMRU ƏTLƏ)

1) Yağlı və sümükü ya da tikə ətləri yuyub qazana qoyur və üsdünə su əlavə eliyib qayndırıq. Kəfini yığıb duz tökürük. Ət qaynayıb suyu çəkildikdən və yağa düşdükdən sonra əti sümüklərdən ayırırıq və səbzini bişirəcəyimiz qazana qoyuruq. Qıraqda 12 15 dəstə yuyulmuş kəvəri iri iri doğrayıyırıq və tökürük ətin üzərinə qarışdırırıq. Kəvər bir az su salacaq. Sonra yağ, duz istiot bir az lumuturşusu qatırıq. Qazanın ağzını bağlayırıq. Kəvərin suyu çəkilib yağa düşəndə səbzimiz hazır olur.
2) Əti ət maşınından çəkirik. Sonra ətə uyğun və dəstənin böyüklüyünə görə 2-3dəstə cəfərini ət maşınından çəkirik. Çəkdiyimiz cəfərindən bir xörək qaşığı çəkilmiş ətə qatırıq və qarışdırırıq. Ətlərdən şarik düzəldirlər. Yenə 3 nəfərə əgər plovla yeyiləcəksə 40 dənə, əsas yemək kimi yeyiləcəksə 60 dənə şarik düzəldilir. Sonra qızmış tavaya yağ tökülür və çəkilmiş cəfərilər bir az qovrulur. Sonra şarik ətlər içinə atılır və ətlərin üzünı çıxana qədər su tökülür. Kəfi yığılır və yağ tökülür. Bir iki ədəd albuxara ya da yaz vaxtı alça atırlar. Duz istiot vururlar. Su çəkilib yağa düşəndə səbzi hazır olur. Amma suyu lap tam da çəkilməməlidi. Yanmaması üçün qarışdırmaq lazımdı ara bir.
Nuş olsun!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)