BİR AZCA MƏTBƏXDƏN :)

Xaricdə yaşayarkən bir müddətdən sonra insanın ağız dadı dəlicəsinə nəsə axtarmağa başlayır. Sonra başa düşürsən ki, bu öyrəşdiyin yeməklərin, ədviyyatların, çörəyin dadı və s.-dir. Əlimdən gəldiyincə öz milli mətbəximizin dadlı yeməklərini bişirirəm. Baha da olsa, daima mətbəxdə əlimizin altında olan sarıkök, sumaq kimi ədvaları tapıb yeməklərə əlavə edir və hardasa öyrəşdiyimiz dadı ala bilirəm. Burada olarkən çox şeyləri özüm hazırlamağı öyrənmişəm. Məsələn, çörək bişirməyi, qatıq qoymağı, kəsmik, qatılaşdırılmış süd (sqişonka) düzəltməyi, ev üsülü şaurma eləməyi və s. İnternetdə nələr yoxdur ki indi, möcüzədir. :) 

Bir ara anamın mətbəxindən bişirdiyim yeməkləri paylaşmağa başlamışdım. Amma sonra nəsə paylaşmadım. Kədərlənirdim çünki.. İndi isə burada yavaş yavaş öyrəndiyim, əvvəl  nə üçün alınmadığı, səhvimin nə olduğu, nə etdim ki alındı kimi xırda məsələləri yaza yaza öyrəndiyim mətbəx yeniliklərini öz praktikamla yazmaq istəyirəm. Həm unudanda xatırlayım, həm də ki, yeni öyrənənlərə məncə faydalı olur belə yazılar. Nə qədər ki, boş vaxtım var istifadə edə bilərəm yəni.

Birinci haqqında yazmaq istədiyim resept YUMURTASIZ PİROQ olsun.

Ürəyim yaman ev şirniyyatı istəyirdi bu gün, amma evdə yumurta olmadığı üçün qalmışdım belə. Qaldığım şəhər Bakıdakı kimi deyil. Bakıda hər həyətin girəcəyində ən azı bir dənə balaca dükan olur ki, orada yumurta, çörək, un kimi ən vacib ərzaqları satırlar. Amma burda o xırda dükanlar çox azdı, həm də bir neçə küçə aşağıdadır. Ona görə, mən də internetdə yumurtasız piroq axtarışlarına başladım. Əvvəl-əvvəl uğurlu olmadı axtarışlarım. Çünki, evdə kakao da yoxdur və reseptlərin çoxu kakaolu idi. Sonda bir iki resept tapdım. Onların hamısını birləşdirib, hərəsindən bir inqredient götürüb keçdim mətbəxə. Özümdən alma da əlavə etdim hələ :) Belə ki:

1.5 stakan süd
0.5 stakan duru yağı
1 stakan şəkər tozu
bir xörək qaşığı kərə yağı
2-3 stakan un
vanil
soda+qabartma tozu (mən ikisini də qatdım)
bir az limon suyu
bir dənə alma

Əvvəlcə südü, şəkəri və duru yağı qaba töküb qarışdırdım, sonra kərə yağını xırda-xırda doğrayıb əlavə elədim. Təqribən bir qaşıq limonun suyunu sıxdım onların üzərinə. Unu, sodanı, qabartma tozunu, vaneli ələyərək əlavə elədim və taxta qaşıqla qarışdırdım. Nə çox bərk, nə çox sulu, sıyığa bənzər xəmir aldım. Reseptde məsələn, iki stakan un yazılmışdı amma o çox duru alındı məndə, ona görə bir stakan da əlavə elədim unu. Təqribi baxmaq lazımdır. Listə yağ çəkdim və xəmiri tökdüm. Üzərinə qabığını soyub nazik nazik dilimlədiyim almaları düzdüm. 180-200 dərəcə bizim sabolar üçün yetərli olar. Burada məndə piroqlar 300-350 dərəcədə bişir, fərqlidir. Əvvəlcədən qızdırdığım sobaya qoydum. Həqiqətən də, un məmulatlarını bişirərkən ilk 20 dəq sobanın ağzını açmamaq məsləhətdir. Mən əvvəllər hövsələsizlik edib açırdım və şişmirdi. İndi açmıram və ürəyimcə piroqlar əldə edirəm. Bu piroqumuz isə haradasa yarım saata qədər bişir. Hər kəs öz sobasının dilini daha yaxşı bilir, nə vaxt xəmir çöpə yapışmadı, üstü altı qızardı, deməli, piroq hazırdır. Standart 30 dəq qoyulur, amma mən heç vaxt qoyulan vaxtla bişirmirəm. Öz sobama uyğun şəkildə bişirirəm. Siz də yəqin ki elə edirsiz. :)
Nəticəsi və dadı gözlədiyimdən dadlı oldu. Yumurtasız piroqum hündür, dadlı və səliqəli alındı. 
Sizə də bişirin. Nuş olsun :)



Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)