ÖTƏN 2019-CU İLİN KİTABLARI

Bu yazımda 2019-cu ildə oxuduğum və aldığım, eyni zamanda mənə hədiyyə olunan kitablardan danışmaq istəyirəm.

Deyə bilərəm ki, ötən 3 ilimə baxanda 2019-cu ildə kitab oxuma və alma vərdişimi yenidən bərpa etməyim göz qabağındadır. Düzü, bu məni xeyli sevindirdi. Belə ki, oxuduğum kitabların sayını 19 kitabla daha da artırdım və kitabxanama 19 yeni kitab əlavə etdim. yeni kitablardan üçü isə hədiyyədir. Hədiyyəlik olan iki kitabı kitabxanamda olan Sartırın "Ürəkbulanma" əsəri ilə barter etdim, digər bir kitabı isə bizim məhşur dj Fateh öz instagram hesabında keçirdiyi kiçik bir yarışma ilə məni qaliblərdən biri elan etdi və kitabı mənə hədiyyə etdi. :) 

İndi isə oxuduğum kitabların siyahısına keçmək istəyirəm:

  • İvan Turgenyev "Atalar və oğullar"- bu 2018-ci ildə yarım saxladığım kitab idi, oxuyub bitirdikdən sonra çox bəyənmişdim. İki fərqli oğul və iki fərqli ata.
  • Etel Lilian Voyniç "Ovod" - Bu əsəri hələ o zamanlar anam çox tərifləyərdi. Oxudum və mən də bəyəndim. Amma onun ardımı deyim, əsərin digər hissəsimi deyim, axırı o ikinci kitabı olan "Qırılmış dostluq" əsərini isə oxuya bilmədim, nəsə ilk cümləsindən mənə maraqsız gəldi.
  • Elçin Səfərli "Mənə dəzidən danış" - Səhv etmirəmsə Elçinin Azərbaycan dilində yazdığı ya tərcümə olunduğu ilk əsəridir. Ümumi xatirələrini cəmləşdirdiyi bu kitab hardasa uşaqlıq xatirələrini oyadır insanda. Amma Səfərlini rusca oxumağı daha çox sevirəm sanki. Melanxoliyam tutanda əsas da :)
  • Sabahattin Ali "İçimizdəki şeytan" - Bu kitabı bir dəfə oxumuşammış sadəcə adını oxuduğum kitablar siyahısna əlavə etməyi unutmuşam. Amma əsəri təkrar oxumaq və xatırlamaq mənə xoş oldu. Sabahattin Alinin dəsti xəttini çox bəyənirəm.
  • Sabahattin Ali "Kürk montolu madonna" - Bu əsəri sevməmək olarmı? Bu əsəri "İçimizdəki şeytan"ı bitirər bitirməz təkrar oxumağa başladım və əsərə bir daha yenidən vuruldum.
  • Sabahattin Ali "Kuyucaklı Yusuf" - digər iki əsərdən sonra Sabahattin Ali üslubundan ayrılmaq istəmədim və orjinal türkcədən bu əsəri də oxumağa başladım. Amma yenə də üç əsər arasında ən favorim Madonna oldu.
  • Vaqif Musa "Səhər mehi" - Bu kitab haqqında və onu əldə etməyim haqqında ayrıca bir post yazmışdım. Çox uzun zaman idi ki, belə sovet kitabları oxumurdum. Nə yalan deyim xoş gəldi mənə. Bəsitliyi, sadəliyi.
  • Mark Levi "Bir birimizə demədiyimiz sözlər" - Bu kitabı bir neçə dəfə əlimə götürüb oxumaq istəmişdim amma nəsə alınmamışdı deməli qismət bu ilin imiş Oxudum yəni. Kinoya bənzər kitab təsiri bağışladı. Sakit, baş ağrıtmayan kitab idi.
  • Amin Maaluf "Afikalı Leo" - ah mənim Leom :) bu kitabı 3-4 ilə bitirdim desəm? oxudum 3-4 il ara verdim, yarım buraxdım amma nəhayətində bitirdim. Amin Maalofun şərq fəlsəfəsinə dayanan ikinci əsəridir ki oxuyuram və çox bəyənirəm.
  • Elif Şafak  "Havannın üç kızı" - Bu kitab haqqında da yanılmıramsa ayrıca postum var. Necə deyim, belə bir başqa cür əsərdi. Əsərin əvvəli çox maraqlıdı insanı maraqda saxlayır amma sonu bir az elə bil ki əvvəlinə uyğun gəlmir. Ona görə 5ulduzdan 3 ulduzla qiymətləndirdim bu əsəri.
  • J.M. Vascones "Şeker portakalı" - bu əsər mənim ürəyimə, xatirələrimə, yaralarıma çox toxundu...
  • Hakan Mengüç "Kalbin temizse hikayen mutlu biter" - Hakanın ilk kitabı olan "Ben neyim" mənə çətin zamanlarımda kömək olmuşdu və o 2018-ci ildə oxuduğum cəmi 3 kitabdan biri idi. Mənə bəzi məqamlarda doğrunu görməyimə yardımçı oldu və sufiliyi, sufi fəlsəfəsinin çox az qismini açdı qarşımda. Bu kitabı isə birincisi qədər qüvvətli deyildi məncə. İndi üçüncü kitabı üzərində işləyir. Yəqin ki onu da alacağam :)
  • Elif Şafak "On dakika otuz sekkiz saniye" - Bu kitabı alanda birinci ağlıma Koeliyonun "On bir dəqiqə" əsəri gəldi nəsə. Hələ ilk cümləsini oxuduqdan sonra plagiyat dedim. Amma getdikcə əsərin tamam başqa səpgidə olduğu açığa çıxdı. Əsərdə çox məqamlara toxunub Elif, hətta bəzi hissələrində əsəbdən kitabı əlimdən qoyub, bir iki dəfə otağı fırlanıb təzədən kitabı əlimə aldığım olub. Əsərdə fantastik tərəflər də az deyil. Bir onu deyim ki, əgər ölüdən qorxursunuzsa axşamlar bu kitabı oxumağınız məsləhət deyil :D
  • Uliyam Qoldinq "Milçəklər kralı" - əsər insanın qaydalar olmasa necə vəhşiləşə biləcəyini, əslində necə içimzdə vəhşiliyn yatdığını bariz açıb göstərir bizə. Uşaqların dilindən yazılan həm yeniyetmələr üçün, həm də elə yetişkinlər üçün olduqca ibrətamiz əsərdir. Bəzi hissələri darıxdırıcı olsa da maraqlıdır.
  • Sergey Kozlov "Kirpi dumanda" - Bəli, həmin o məhşur kirpicik. Bunu mənə kitab sərgisində bir satıcı çox təriflədi. Elə kitabdı ki sanki hər zaman tumbanın üstündə olmalıdır. Darıxdın aç bir bölümünü oxu və düşün ..
  • "İkiqai japonların uzun və mutlu yaşam sırrı" - iki nəfərin xoşbəxtlik axtarışından və deyəsən qismən də olsa onu tapmalarından danışır. Yapon fəlsəfəsi hər bir halda, özlüyündə insanı dərinliyə çəkir və olduqca maraqlıdır. Kitab da maraqlı idi. "İkiqainin uyqulama rehberi" bölümünü də aldım, amma həyatə keçirə bilmədiyim hissələri olduğu üçün müvəqqəti yarım saxlamışam.
  • John Boyne "Çizgili pijamalı çocuk" - dəhşət əsərdir. İkinci dünya müharibəsində yəhudilərin başına gətirilərin müsibətlərin incə və mətnaltı bəhsidir. Kinosu da var. Amma əsər insana o qədər pis təsir edir ki, kinoya baxa bilmədim. Çox təsir edicidir.
  • Stefan Sveyq "Bir çöküşün hikayesi" - Əla əsərdir. Əslində hər birimizin elədiyimiz nələrisə digərlərinin maraqlarını oyatmaq üçün olduğun, amma bunun bir iki günlük maraqdan sonra  hamı üçün yaddan çıxan bəsit bir şeydən başqa heç nə olmadığını göstərir. Gözəl dərs çıxarılası əsərdir.
  • Corc Oruell "Paris və Londonda qara qəpiksiz" - Bu 2019-cu ildə bitirdiyim sonuncu əsər oldu. Nə yalan deyim bu əsərdən sonra restoranların mətbəxində nələrin baş verə biləcəyini təsəvvür edəndə, əl-əxsus da nahar zamanı insanların çox olduğu zaman kəsiyində, dəhşətə gəlirəm bir anlıq.
Harper Linin "Bülbülü öldürmək" əsəri ilə yeni ilin kitab challenginə start verdim. İnanıram ki, bu il də ötən 2019-cu ilim kimi kitab baxımından çox məhsuldar olacaq. Həm kitabxanamı, həm də oxuduğum kitabların sayını bir az da artıracağam. 

Bəzi kitabları isə yarımçıq buraxmışam. Bunlardan biri jurnalist Vüsalənin yazdığı "Əsir düşərgəsi"dir. Qarabağda əsir düşən insanların danışdığı real hadisələrin toplusu olan kitabı oxudum, oxudum ən sonuncu hekayədə artıq ardını gedə bilmədim. Bütün ruhum çökmüşdü. özümə gələ bilmirdim. indi gör o qızcığaz o hekayələri öz canlı şahidlərindən dinləyərkən kim bilir nələr nələr hiss edib və nə hallara düşüb. Yarım qoyduğum ikinci kitab Herman Hessenin "Kaplıcada bir konuk" kitabıdır. Bu kitab nazikdir və metroda gedib gələrkən oxuyurdum. Sonra araya daha maraqlı kitablar girdiyindən o da yarımçıq qaldı. Amma bitirəcəyəm bu il inşallah. Üçüncü və dördüncü kitablarım "Sanatçının yolu" və "İkiqai uyqulama rehberi" oldu. Onlar bəlkə də daha rahat yaşamı bizə təqdim edirlər amma hələki ordakı öhdəlikləri yerinə yetirməyə sanki şəraitim yoxdu. Amma bu il onları yerinə yetirməyə çalışacağam. Çünki çox faydalıdırlar. Azra Kohenin "Gör beni" əsərindən də 3-4 səhifə oxudum amma onu yarım buraxmamışam çünki mütləq oxumaq istədiklərim sırasındadırlar. 


Özüm isə xeyli kitablar hədiyyə verdim yaxınlarıma, əl əxsus da balacalara. Çünki onlara oxuma vərdişini biz böyüklər aşılayırıq axı. 

Kitablardan əlavə bu il xeyli məlumatlar oxudum, faydalandım, beynimi qidalandırdım. Kinolara baxdım yenə. 

Həmişə olduğu kimi gələn ilə ümidlərim çoxdur. :) Hər barədə...

Hamıya 2020-ci ildə xoş qiraətlər!

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)