MƏMMƏD ƏFƏNDİYEV KÜÇƏSİ...

İstiqlaliyyət küçəsindən Axundov bağına döndüyüm Məmməd Əfəndiyev küçəsi. Tək tərəfli maşın yoludur, səhərlər sadə görünür. Adi bildiyimiz keçid küçələrindən biri. Amma gecələr Bakının iri sarı işıqları simiclik eləmir, o küçəni də bəzəyir. Və hər şey oktyabrın sonuncu şənbəsi saatların əqrəblərini bir saat irəli çəkməklə başlayır. Əvvəllər günəşli olan 6 radələri, qaranlıqda sarı işıqlara boyanır.
İstiqlaliyyət küçəsindən Axundov bağına döndüyüm Məmməd Əfəndiyev küçəsi.. Bu gün də hər gün keçdiyim kimi həmin küçədən keçəndə birdən dayandım. Yola baxdım. Sakit idi. Və işıqlar səhər heç söndürülməyəcəkmiş kimi gur-gur yanırdı. Yol ortasında durub laaap sondakı işığa baxdım. Bəlkə də bir iki yoldan keçən də mənə baxırdı yolun ortasında qəfil dayandığım üçün, bilmirəm.. Fikrim bir neçə müddət əvvələ qaçmışdı yenə çünki. Anamdan sonra hər
dəfə o sonuncu işıq mən altından keçəndə sönürdü. Bilmirəm.. Bəlkə də adi bir təsadüf idi. Ya mənim əlamətlərə inamım. Amma hər dəfə niyə başqaları yox məhs mən keçəndə sönür düşünürdüm. İçimdə də işıqlarım sönürdü bir-bir.. çətin idi.. ağır idi..
Bu gün həmin işığın altından keçərkən isə əslində xeyli müddətdi ki sönmədiyini xatırladım bu "qaranlıq işığımın". İşıqlar yanırdı küçə boyu.. həm də heç sönməyəcəklərmiş kimi gur-gur..

P.S. Bu gün Məmməd Əfəndiyev küçəsindəki həmin o "qaranlıq işığım" mənə "40-cı qapı" Azərbaycan kinofilmindəki ən sonuncu səhnəni xatırlatdı. Oğlan yanıb sönən işığın altında oturur və itirdiyi atasına "Ata, niyə məni tək qoydun?" deyib ağlamağa başlayır və bu zaman bütün qaranlıq küçə işıqlanır...
Bu isə mənim həyatıma o qədər bənzəyir ki...




Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)