ARTHUR GOLDEN - GEYŞANIN MEMUARLARI...

Arthur Goldenin bu əsərini hələ yeniyetmə olanda, hələ fəvvarələr bağının köhnə tarqovı vaxtında, kitab passajı deyilən o şəkillərlə dolu arkaların birində kitabları düzən dayının kitablarının içində görmüşdüm. Kitab rusca idi "Мемуары гейшы". Onda əlimə alıb o tərəf bu tərəfə çevirəndə bacım kinosuna baxdığını və çox maraqlı olduğunu dedi. Elə o vaxtdan da fikrimin bir küncündə saxlamışdım. Keçən ilin axırlarında Bakumozda ikinci əl kitabların içində onu görüb almaq istədiyimi desəm də artıq gecikmişdim. Alınmışdı :) nə üçünsə məhs bu kitabı ikinci əl kimi istəyirdim. Bu ilin fevral ayında isə yenə də Bakumozda ikinci əl kitabların siyahısını görəndə tez yazdım və budur kitab aylar idi kitab rəfimdə oxunacağı zamanı gözləyirdi. Nəhayət ki o gün gəlib çatdı. Cəmi 3 günümü aldı :)
Yəqin ki işlədiyim işlə əlaqədar olaraq çin, yapon, koreya kimi millətləri gözlərinin quruluşuna görə bir birindən ayıra bilirəm. Əsəri oxuduqca da gözümün qabağında hamısını bir bir canlandırırdım.. Sayurini, Mamehanı, Balqabağı, Hatsumomonu, Nobunu, Rəhbəri, Ananı, Xalanı... bir sözlə əsərdə adı keçən hər kəsi.
Geyşalıq sənəti.. onun haqqında geninə boluna məlumat yığdım əsərdən. Geyşalıq sözün əsl mənasında fahişəlikdən və küçə qadını həyatından fərqlənən amma sevginin, ailə həyatının, övladın qadağan olunduğu bir sənətdir. sənətin əsas prinsipi rəqs etməklə, alətlərdə ifa etməklə, çaya dəvət ilə yüksək təbəqənin kişilərini əyləndirmək, onlarla hər mövzuda söhbət edib, zarafatlaşmaq bir sözlə rahatlaşdırmaqdır. Və təbii ki pulu olmayan heç bir insan geyşayla əylənə bilməz. Və gələcəkdə partnyorunun seçilməsi də geyşanın mənsub olduğu okidanın anasından asılıdır. Əsərdə olduqca çox xırdalıqlar, yeni sözlər, geyşa olma adətlərinin pillə pillə mərhələrindən danışılır. Onların kimonolarından tutmuş ta makyaj qaydalarına qədər hər şeydən olduqca ətraflı, maraqlı, axıcı qələmə almışdı Golden.
Əsər mənə olduqca güclü təsir buraxdı və kitabı bitirən kimi kinosuna baxdım. Kino da kitab qədər maraqlı idi. Xəyalımda canlandırdığım obrazları sonradan kinoda görmək özü də başqa bir maraqdır mənim üçün :)
Əsərdə karandaşladığım maraqlı məqamlar, əsl yapon dünya görüşü və fəlsəfəsinə bağlı fikirlər xeyli var. 
"Geyşanın memuarları" əsərinin məndə yaratdığı fikir isə ondan ibarətdir ki, qarşına məqsəd qoyursansa mütləq ona çatırsan. Sadəcə nəyi, kimi istədiyini dəqiq bil.. bunu kəndindən Çiao adında çıxarılan kəndçi, balıq iyi verən balca bir qızcığazın sonradan Gionda mavi gözləri ilə çox fərqli, dünya görüşü ilə ağıllı, daim istənilən birinci geyşalardan olan Sayuri olaraq dəyişməsində və o yolda gedən hadisələrdə gördüm. Məsələ orasındadır ki, geyşalar onları himayə edən "danna"larını sevməyə məcbur deyillər, əsas məsələ onların pulla təmin olunmasıdır. Lakin Sayuri sevir və sonra dannası olur. Çünki onun məqsədi sevdiyi insana çatmaq idi.. və çatdı da.

İndi isə sıra Markus Zusakdadı :)
"Hiç kimse sıradan değil". Bəli, elədi ki var!

Comments

  1. Məncə tək-tük kitablardandır ki, filmi əsərdən güclü alınıb :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)