SOMERSET MOEM - "AY VƏ QARA QƏPİK"

Kitabı necə aldığımı keçən yazılarımın birində yazmışdım.. Həqiqətən də kitabın üz qabığındakı Pol Qogenin öz rəsmi insanı istər istəməz cəlb edir.. Necə ki, bütün əsər boyunca Moem bu kobud, acıdil, yalnız özünü düşünən bir insanın ətrafdakılar tərəfindən diqqəti cəlb etdiyini uzun uzun bəhs edir, yəqin mənim də diqqətimi kitabın üz qabığı çəkmişdi..
Yadımdadı, üniversitetdə oxuyarkən Mədəniyyət tarixi fənnini bizə sənətşünas Kübra Əliyeva keçirdi.. Onun dərslərini elə çox sevirdim, mühazirələrini elə sevə-sevə dinləyirdim ki.. Hətta o fənn üçün ayırdığım dəftər ən səliqəli və indiyə qədər saxladığım dəftərdir :) Sözün qısası, o bizə Qogen haqqında da mühazirə yazdırmışdı və o zaman onun Londondan nə üçün Taitiyə köç etdiyi mənim elə də diqqətimi cəlb eləməmişdi. Amma onun haqqında bu avtobioqrafik əsəri oxuduqca, vikipediyada, ümumiyyətlə internetdə istər istəməz onun haqqında məqlələr axtardım, çəkdiyi rəsm əsərlərinə baxdım...
Əsər haqqında onu deyə bilərəm ki, həqiqətən uzun zaman idi belə maraqla bir kitab oxumamışdım.. Moemlə də ilk tanışlığım elə bu əsərlə oldu və deyə bilərəm ki, qələmini çox bəyəndim. Əsərin ən təsir edici hissəsi, onun Taitidə özünü tapması və digər qadınlarından fərqli olaraq, yerli və özündən xeyli balaca xanımı olan Atadan ömrünün son günlərinəcən ayrılmamağı oldu.. Əsərdən bir daha yaradıcı insanların əslində nə qədər əziyyət çəkdiklərin, yaratmaq üçün özlərindən, ruhlarından imtina etmələri qənaətinə gəldim. Sadəcə olaraq, Qogenin tək fərqi onda idi ki, o heç nəyi, heç kəsi sevmirdi.. Acımasız, acıdil, kobud, sevgidən uzaq.. Bəlkə də, onun sevgi anlayışı tamam fərqli olub, o qədər fərqli ki, onu necə dərk etdiyini özünə belə etriaf edə bilməyib.. Yalnız ölüm ayağında olarkən yaratdığı o misilsiz abidənin məhvi ilə Qogenin bütün sirləri beləcə günümüzə gəlin çıxmadı. O sirrin qırıntılarından sadəcə bir neçə rəsm əsərləri xəbəri verir, o qədər..

P.S. Mən yenə də əsərin annotasiyasından narazıyam.. Elə bil ki, əsərdən bixəbər insanlar ona annotasiya yazır. Başlıqda "bir qara quruşa dəyməyən bayağı var-dövlət meşşanlığı" yazır.. Halbuki, Qogen hec zaman var-dövlət arxasınca qaçmır. Əgər belə olsaydı, heç zaman Londonda rahat evini, gəlirli işini atıb səfil həyatı seçməzdi..


ƏSƏRDƏN YADDA QALAN CÜMLƏLƏR

* İnsana mif yaratmaq qabiliyyəti verilmişdir. Ona görə də adamlar cəmiyyətdə seçilən ayrı-ayrı şəxlər haqqında hərisliklə, qəribə və sirli əhvalatlar uydurmaqdan özünü saxlaya bilmir, fanatik bir inamla yaratdıqları əfsanənin bir parçasına çevrilirlər.

* Yadımda deyil, hansı müdriksə məsləhət görüb ki, ruhi müvazinəti saxlamaq üçün gündə iki dəfə xoşlamadığın işi gör.

* ..təsadüfi bir oxucunu bir-iki saat məşğul etmək, ya da eləcə ona yol yoldaşı olmaq üçün yazılmış kitab müəllifə necə iztirablar, necə ağrılar bahasına başa gəlir. Amma deyilənlərə inansaq, bu kitabların çoxu böyük həssaslıqla yazılıb, fikirlə zəngindir, bəziləri isə az qala ömürlük zəhmətin bəhrəsidir. Bütün bunlardan mən belə nəticə çıxarıram: yazıçı ancaq əsəri ilə nəfəs almalıdır, nə haqqındakı dedi-qoduya, nə tərifə, nə də uğursuzluğa məhəl qoymamalıdır.

* Cəsarətli söz yalnız onu deyənin dilində təzə görünür. Ona qədər həmin sözü bəlkə min dəfə, daha böyük cəsarətlə deyiblər.

* Saatın kəfkiri sağa-sola nə qədər hərəkət etsə də, yolunu dəyişmir.

* Ona elə gəlirdi ki, həyat roman yazmaq üçün bir fürsətdir, adamlarsa hazır obraz.

* Onda mütaliəyə qızğın bir ehtiras vaardı, həyatda görmədiyi azadığı mütaliədə tapır, xəyallar dünyasında yaşayırdı.

* - Niyə bu yaxşı qadınlar çox vaxt darıxdırıcı, quru adamlara ərə gedirlər, görəsən?
- Ona görə ki, ağıllı kişilər yaxşı qadınları almır.

* Başqasının dərdinə acımaq gözəl hissdir, amma bunu bacaranlar çox vaxt qəsdən dostlarının kədərindən ikiəlli yapışırlar, təki istedadlarını nümayiş etdirsinlər. Qeydinə qaldıqları adamı daha da dərdə salır, yara üstündən yara vururlar. Göz yaşlarına qərq olmuş ürəyi bir də ağlatmaq nəyə gərəkdir?

* Böhtan qarşısında qorxu qadının ən səmimi hisslərini təbiilikdən çıxarır.

* O vaxt hələ bilmirdim ki, insan təbiəti necə ziddiyyətlidir, bilmirdim ki, ən səmimi adamlarda belə süni nəzalət də olur, alicənab adamlar necə alçala bilir, məzlumlar necə xeyirxah olur.

* Kim deyir, başqalarının onun haqqında nə düşündüyü onu maraqlandırmır o, çox vaxt özünü aldadır. Belələri, yəqin, demək istəyirlər ki, onsuz da öz bildiklərini edəcəklər.

* İnsan, həmkarlarından müsbət rəy eşitməyə elə hərisdir ki, haqqında deyilənlərdən o qədər ehtiyat edir ki,  qapısını düşmənə də tanıdır.

* Kim deyirsə əzab insanı nəcibləşdirir, o səhv edir, insanı xoşbəxt həyat nəcibləşdirir, əzab isə adamı cılızlaşdırır, qisasa çağırır.

* Məgər dünyanın qiymmətli incisi olan gözəllik sahildə düşüb qalan bir daşdı ki, hər yoldan ötən götürsün? Gözəllik hər vaxt ələ düşməyən, görünməmiş ecazkarlıqdı, sənətkar onu dünyəvi xaos içindən, ruhi zabları bahasına yaradır. Onu dərk etmək qabiliyyəti hər kəsə verilmir. Gözəlliyi başa düşmək üçün, onu yaradan sənətkarın yaşantılarını yaşamalısan. Gözəllik sənətkarın bizə bəxş etdiyi melodiyadır; qəlbimizin tellərində onun yenidən səslənməsi üçün bilik, həssaslıq, fəhm gərəkdir.

* Səni maraqlandıran bir adamdan sözü bir-bir çəkmək bilsəniz necə əzabdlr!? Elə bil, pozulmuş,xətləri qarışmış bir əlyazmasını oxuyursan.

* - Mən keçmiş haqqında düşünmürəm. Mənim üçün yalnız əbədi olan bir gün var.

* ..evli ola-ola başqa qadına vurulan kişilər azdırmı? Hər şey qurtarandan sonra ər arvadının yanına qayıdır, arvadı da onu qəbul eləyir, hamı da bunu təbii sayır. Qadınlara gəldikdə, niyə başqa cür olmaıdır?

* ..sevgidə zəriflik var, nəvaziş, qayğı çəkmək arzusu var, xeyirxahlıq və sevinc bəxş etmək  istəyi var; sevmək təmənnasız olur, yox əgər belə deyilsə, onda ilahi bir sehrlə yaşanan təmənnadır sevgi; amma sevgidə utancaqlıq və çarəsilikdə vardır.

* Sevgi adamın bütün varlığını tələb eləyir; aşiq özünü unudur; hətta ən bəsirətli adam belə daşa düşə-düşə təsəvvür eləmir ki, sevgi ötəri ola bilər. Sevgi insanın qanını və ruhunu xəyallarla isidir, insan bilə-bilə xəyali varlığı həqiqi varlıqdan çox sevir. Sevgi insanı qaldıra da endirə də bilər. Sevən adam özünə məxsus olmur. O da bir fərd kimi mövcud deyil, indi o öz "mən"inə yabancı olan bir məqsədə çatmaq üçün bir aləm, bir vasitədir.

* Sevməyən qadının onu sevən kişiyə qarşı qəddarlığı qorxulu olur. Qadının qəlbində nə xeyirxahlıq hissi qalır, nə səbr-dözüm. Onun varlığında şiddətli bir qəzəb tüğyan edir.

* ..özgənin işinə yarayırdı, öz işini görə bilmirdi..

* - Həyar ağır və amansızdır. Kimsə bilmir ki, dünyaya niyə gəlmişik, heç kim deyə bilməz ki hara gedirik. Qismətimizlə barışaq gərək. Sadəliyin, sakitliyin gözəlliyini duynaq lazımdı. Həyatda rlə sakit və başıaşağı dolanmaq lazımdır ki, taleyin amansız gözü bizi görməsin. Sevgini də, mehribanlığı da sadə və adi adamlarda axtaraq gərək. Onların sadəliyi bizim çoxbilmişliyimizdən yaxşıdır. Kiçicik daxmamızda sakit, dinc bir həyat yaşayaq, onlar kimi sadə, nəcib və ürəyiyumuşaq olanq, həyatın mənası bax budur.

* ..adamlar, onlar haqqında rəyimizə necə yanaşırlarsa, bizim təsir və nüfuz gücümüz də elə müəyyənləşir. Kimə ki, belə bir təsir göstərə bilmirik, ona nifrət etməyə başlayırıq. Məncə, bu, insan ləyaqətinə əskiklik gətirir.

* İnsanın yaratdıqları onun haqqında çox şey deyir. İnsan dünyanı necə görmək istəyirsə, bu istək onun davranış və münasibətində də o cür əks olunur, insan özü də o cür görünür; burada insanın ən kiçik əhəmiyyətsiz görünən hərəkətləri, onun sifətinin çox vaxt özünə də məlum olmayan, qeyri-adi, qeyri-ixtiyari, ani dəyişən ifadəsi düzgün nəticə çıxarmağa kömək edə bilər.

* Olduğu kimi yox, görünmək istədiyi kimi davrandığından, bəzn adam, doğurdan da, dəyişib tamam ayrı adam olur.

* İtin quyruğunu kəsməklə qoyun olmur. Orijinal görünməyə cəhd etməklə istedadsızlığını gizlətmək olmaz.

* Hərəmiz dünyada bir cür tənhayıq.

* Çox istəyirik ki, başqaları da qəlbimizdən keçənləri duya bilsin, amma onlar duya bilmir, başa düşə bilmirlər bizi, ona görə də həyat yollarında birgə yox, yan-yana, bir-birimizi tanmadan-bilmədən, hərə öz yolunda addımlayır. Biz o adamlara oxşayırıq ki, əcnəbi ölkədə yaşayıb onun dilini çox pis bilirlər, nə qədər gözəl və mənalı danışmaq istəsələr də ,danışıq kitabçasından öyrəndikləri adi sözləri deməyə məcburdurlar. Onların beyninyə sayısız-hesabsız ideyalar olsa da, yalnız bunu deyə bilirlər. Günəş şərqdən çıxır, qərbdən batır.

* Həyat amansız, yaşamaq zillətdir, buna baxmayaraq bəzn qoca təbiət övladlarına əzab verməkdən ləzzət alır.

* Qorxu insanları qəddar olmağa vadar edir.

*
______________

Comments

  1. Anonymous14/1/13 13:17

    Salam, Xanim Abdullayeva. Z.o. Eserin annotasiyasini (bashligini) tam ve deqiqlikle qeyd edesiniz. Yeni ashagidaki kimi:

    "Romanda bütünlüklə özünü sənətə vermiş insanın ya­rat­maq eşqi, Ay kimi əlçatmaz dahilik işığı və onunla mü­qa­yisədə bir qara qu­ruşa dəyməyən bayağı var-dövlət meş­şanlığı üz-üzə qoyulur. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.

    Dahi və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəd­darlıq – eyni bir şəxsdə bu sifətlərin olması mümkün­dür­mü? Dahiliklə əc­laflıq bir araya sığa bilərmi? Sənətkar yaşadığı cəmiyyətin əxlaq qa­nunları ilə hesablaşma­lı­dır­mı? “Yaradıcı adamın içində bir iblis də var” – bu deyim doğrudurmu? Görkəmli ingilis nasiri S.Moem kitabda bu prob­lem­­ləri bədii bir dillə açıqlayır."

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)