YENİ BAŞLANĞICLARA - 2026 -
Yeni nəsillərin, zedlərin, alfa və betaların çox köhnə və dəbsiz görə biləcəyi blog yazımla özümü özüm kimi hiss etdiyim yerdə. Olsun ildə bəlkə də 5-dən artıq yazı yazmıram. Amma nəfəs alan və tarixləri, illəri yenilənən blog varsa deməli yaşayır.. Deməli yaşayıram...
2025-ci ilim bir göz qırpımında keçdi sanki. Hesabat vermək istəmirəm, amma "ən"lərimi yazmaq keçir ürəyimdən :)
..ən xoşbəxt olduğum gün - yoldaşımla 10 il sonra ABŞ vizamızı almağımız oldu.
..ən çox arzu etdiyim yerə səyahət - yoldaşım və balalarımla Maltaya, Pasitanoya etdiyimiz səfər idi.
..ən çox huzurlu, daxili rahatlıqla dolu olan gün - Nyu-yorkda hündür mərtəbədən yağan leysan yağışa baxa-baxa, "over the rainbow" mahnısına qulaq asıb, südlü isti çayımı içib, içimdəki əvəzsiz və şükran dolu hisslərimi yazdığım anlar idi, unutmuram o hissləri.
..ən çox nostalji və xoş kədər yaşadığım anlar - yenidən ABŞ-da Tacomanın tanış küçələrində gəzmək, yaşadığımız binanın ətrafında gəzişmək, Seattleda batan günəşi yenidən seyr etmək və s. və s. və s.
..ən çox qəzəbləndiyim gün - papanın 70 yaşını qeyd etməyimiz olmuşdu.
..ən çox kədərləndiyim gün - Qabili itirməyimiz...
..ən çox itdiyim ay - oktyabr...
..ən çox xəstələndiyim ay - noyabr
..ən çox tək qaldığımı hiss etdiyim zaman - Cavidin Belarusiyada olduğu günlər
..ən çox nifrət edib ikrah hiss etdiyim gün - yolumuzu, qismətimizi kəsənlərin xəbərini almağım oldu. Allaha tapşırdım.
..ən çox məyus olduğum gün - Cavidin işinin alınmadığını eşitməyim olmuşdu.
..ən çox özümə inandığım gün - haqqımı tələb edib, əlavə ödənişimi almağım idi.
..ən çox rahatladığım gün - ən yaxın dostuma 2 il əvvəlki hadisəni ətraflı danışmışdım. Bilirdim ki, bilmədiyi çox şeylər var.
..ən çox narahat olduğum gün - 500$ itirməyimiz oldu (sonra tapdıq).
..ən çox başa düşmədiyim, empati edə bilmədiyim, hətta ən pis desəm qınadığım hadisə - Fidanın toyu.
..ən çox istirahət etdiyim günlər - bacılarla getdiyimiz spa günü, yayda Bilgəh, dəniz macəralarımız.
..ən yaşadığım ilkim - pişiyimə balalarını doğmağa kömək etdim.
..ən çox arzuladığım - onların sayı çoxdur və 2026da da olunacaqlar siyahısındadır 😉
hamısı mənim 2025-də xatırladığım, yadıma düşən hisslərini yoğun yaşadığım hadisələrdir. və əminəm ki, daha çoxları da var. Bu il mənim üçün 50-50yə oldu. həm çox sevindim, həm çox kədərləndim, həm çox itdim, həm çox daxilimə yönəldim, həm çox rahatladım, çox başa düşdüm. Mən bu il yenə də böyüdüm. Mən hər il böyüdüyümü hiss edirəm. Hər il bir az da dəyişdiyimi, sakitləşdiyimi, müdrikləşib özümə daha çox sual verdiyimi görürəm.
Hər şey üçün 2025-ə təşəkkür edirəm. O mənə qırmızı rəngdə gəlirdi. Yenə də qırmızı olaraq qalacaq.
2026- isə mənim üçün yaşıla bənzəyir. Yolumun açıq olduğu ildir. Sanki yeni ən gözəl başlanğıcların ilidir. Sakitliyin, huzurun, özünü daha çox dərk etməyin, bir az daha müdrikləşməyin, özdəyəri daha çox bilməyin, şükürün, duanın ilidir.
İnsan hər zaman yeni ildə ən yaxşı şeylərə fokuslanır, bu çox gözəldir. Amma dərk edirsən ki, çətinliklər də mütləq olur, olacaq. Və onlardan dərs çıxarmaq, fokuslandığımız ən yaxşı şeylərin yoluna işıq tutur. Mən sadəcə şükürlüyəm. Həyatı anlamağı bacara bildiyim üçün.
Xoş gəlmisən 2026 - 1!
Badəmi qaldırdım yeni ilə, yeni başlanğıclara! ⭐

Comments
Post a Comment