İKİ MİN İYİRMİ ÜÇƏ HÖRMƏTLƏ...



Gözlərimi yumub 2023-cü ili düşünəndə ilk 40 günü həyatımın olmaq istədiyim yerində və niyyətlərimin ard-arda olaraq necə həyata keçdiyinin şahidi idim. Nə qədər özümə inamlı, nə qədər özümdən razı, gələcəyə planlar qurub 2023-cü ilimi daha da rəngləndircəyimə əmin şəkildə başlamışdım. Özümü inkişaf, özümü tanıma, yeni iş təklifi, rəssamlıq dərslərim.. Söz vermişdim özümə, 2023-cü il yeni başlanğıclar ili olacaqdı. İlk dəfələr ili olacaqdı.. çox şey edəcəkdim ilk dəfə, məsələn ilk dəfə xaşın ətinin dadına baxacaqdım ki baxmışdım da :), ilk dəfə hamama getmişdim, ilk dəfə rəsm dərnəyinə yazılmışdım və hələ uzun bir siyahım da var idi indi unutduğum. Amma nə oldu? ..40 gün sonra həyatımın altı üstünə gəldi.

..qorxdum çox qorxdum.

İlk dəfələr ili oldu 2023, doğrudur. Amma hərəkət və planlar üçün yox, daxili aləmimin bərpası və yenidən yaranmaq üçün. Mən aylarla susdum, aylarla gizləndim, aylarla öz içimdən çıxmadım. Aylarla bu dünyada yaşamadım, sadəcə nəfəs aldım. Gizləndim... Gizləndim... Gizləndim... Gizləndikcə axtardım özümü, hər göz yaşımda, hər günahlandırmalarımda tapdım. Amma bilirdim, həyatımın altını üstünə çevirdiyim kimi, üstünü yenidən alta qaytara biləcəyimi. Barama idim ətrafımı hörmüşdüm hamıya və hər kəsə. Öz qozamın içində yaşayırdım. Günahlarımla, savablarımla, etdiklərimlə və etmədiklərimlə. Amma bilirdim, kəpənəyin də dünyaya doğuşu var. Bilirdim kəpənək də qanadlarını açıb uçacaq bir gün. Gözəl, rəngli, amma ürkək zərif.

..qorxurdum çox qorxurdum.

Kəpənək qozadan çıxanda çox qorxurdum. O qədər zəif, o qədər köməksiz, cılız, qorxaq idi ki. Amma inanırdım. Qorxu və inamın paralel addımlarını görürdüm, ayaq izlərini seyr edirdim hər gün. Və bilirdim bir gün birinin addımları yeyin olacaq və digərini arxada qoyacaq. İnam qalib gəldi..

İlməy ilməy hördüyüm inam. Qorxsa da addım atan, ayaqları titrəsə də dayanmayan inam.

Bu gün yeni ilimi yaşayarkən 2023ə təşəkkür edirəm hər çətin gününə görə, öyrətdiklərinə və imtahanımı verə biliyimə görə. Qəti şəkildə asan olmasa da, içimdən isə bir günü üçün belə kaş olmazdı demirəm qətiyyən. Çünki o qədər öyrənmişəm, o qədər dəyişmişəm, o qədər rahatlaşmışam ki yaşadığım hər gün ilə. O qədər yüngülləşmişəm ki..

2024 nə ilidir bəs soruşsam özümə, bərpa ilidir deyəcəyəm. Bərpa!





Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)