KİTABLARLA DANIŞDIQLARIM...


 2023-cü ilimin məndəki və həyatımdakı qısa icmalından sonra ənənəyə uyğun olaraq ötən ildə oxuduğum kitablar barədə danışmaq istədim. Bu il artıq dördüncü il olacaq ki, Goodreads də "reading challange" edirəm özüm üçün. Məsələn, bir il 5 ədəd kitabı oxuyacağamı hədəfləyirəm, amma 8 kitabla ili bitirirəm. Növbəti il hədəfimi 8 kitab edirəm və 10 kitab oxuyuram, daha sonrakı ilə isə 10 kitabı hədəfləyərək girirəm. Belə belə keçmiş illərimlə yarışaraq kitab oxuma vərdişimi yenidən bərpa edirəm. Bəli, bu ilki hədəfim isə 10 kitabdır. Bəlkə də köhnə kitabqurdu üçün 10 kitab çox azdır, amma ailə-məişət həyatım, balalar bəzən insanın maraqlarının ləng irəliləməsinə səbəb olur. Mən isə düşünürəm ki, əsas odur ki, irəliləyiş, hərəkət var. Bu axı ətalətdən dəfələrlə yaxşıdır.

2023-cü ilimin ən gözəl kəşflərindən biri isə Storytel online kitabxana oldu. Bəli, mən də əsərləri kitabdan oxumağı sevirəm. Bəli, mən də kitabı qoxlamağı, ona toxunmağı, qeydlər etməyi, qulağını qatlamağı sevirəm. Amma bir zamandan sonra online kitab oxuma vərdişi yarandı məndə sanki və bir çox əsərlər əlçatan vəziyyətə gəldi açığı. Yeni evimizə köçəndən sonra kitablarımın hamısını özümlə gətirməmişəm. Sadəcə bir qismini, çox az bir qismini. Ən yeni aldığım kitablarımı, qisaca desək. Ona görə də Storytel mənə 2023-də çox sirdaşlıq etdi. Həmçinin, 2023də kəşf edəcəyim yeni kitablar və yazıçılarla yanaşı ötən illərdə oxuduğum kitabları yenidən oxumaq istəyi də yarandı məndə. Məsələn 10-12 il əvvəl oxuduğum Norveç meşəsi, Zəfər tağı, Çərpələng uçuran və s. və s. Artıq 2 kitab oxumuşam təkrar. Həqiqətən də insana illər keçəndən sonra eyni kitabı yenidən oxumaq fərqli təsir bağışlayır. Məncə bunu hiss etmək çox maraqlı hissdir. Böyüdüyünü, düşüncə tərzinin, anlama qabiliyyətinin nə qədər dəyişdiyini rahat hiss edə bilir  insan.

İndi isə istəyirəm 2023 üçün oxuduğum kitabların siyahısını çıxarım. İçində psixoloji kitabların da ayrıcalığı olduğu siyahı. Çünki məlum, söhbət 2023-cü ildən gedir axı...

Let's get started.

  • Karmik Astroloji ve ezoterizm işığında, Oğuzhan  Ceyhan - Bu kitabı ezoterik bilgiləri əldə edə biləcəyimə inanaraq açıb oxumuşdum. Amma heç də elə olmadı, çox mənasız bir kitab idi, bildiyimiz illik qoroskop :D məsləhət deyil.
  • Şantaram, Gregory, David Roberts - Bu əsər haqqında fikirlər birmənalı deyil. İnsanlar iki qütbə bölünür, ya çox bəyənənlər ya heç bəyənməyənlər. Mən birinci qütbə aid edirəm özümü. Əsər sanki həqiqətən də 1001 gecə nağılı idi. Hindistanın 1001 gecəsi. Hindistanın, ordakı yaşamın, kasıbçılığın, şəraitsizliyin təsvir olunduğu kitab, mafiyanı sevən insanlar üçün çox maraqlı olacaq. Ümumiyyətlə bu kitaba axı necə maraqsız demək olar? :) Apple TV Şantaramın bir hissəsini çox seriyalı şəkildə çəkmişdi, amma təəssüf ki ikinci sezon ləğv edildi. Mənə görə uğurlu və maraqlı idi. Amma nəsə davam etdirmədilər.
  • Herkes Saklar Yarasını, Mehmet Erkan - Əslində daxilimdəki səs ilə kitabın adı üst-üstə düşdüyü üçün oxumuşdum bunu da. Toxunmuşdu mənə hardasa. Özünü hamı kimi hiss etməyən bir kişinin həyatından bəhs edir.
  • Ve usulca fısıldadı kalbim, Petunya - yox. 
  • Renklerden Moru, Alice Walker - Qara dərili insanlardan bəhs edən kitabda dövrün irqçilik məsələsi olduqca dolğun qabardılıb. Mövzusu dərin, çox şaxəli, gözlənilməzdir. Əsər bir qadının dilindən yazılıb, üslübü axıcıdır. 1982-ci ildə qələmə alınıb və eyni adlı köhnə bir filmi də var.
  • Geçecek mi?, Gökhan Çınar  - Bəli, keçdi..
  •  Cakaranda ağacının uşaqları, Sahar Delcani- Köhnə kitablara yenidən qayıtmaq istəyi məhz bu kitabı oxuma istəyimlə baş qaldırdı. Sanki indi mövzunu daha unutmayacağammış kimi həkk olundu yaddaşıma. İran və orada baş verən çevriliş. İnqilab uşaqlarıdır Cakaranda ağacının uşaqları. 
  • Kendine iyi davran güzel insan, Beyhan Budak - növbəti psixoloji bir kitab. Məncə psixoloji, şəxsi inkişaf və motivasiya kitabları həmin an kəsiyi üçün yazılmış kitablardır. Özünü pis hiss edirsən və dəstəyə ehtiyacın var və hiss edirsən ki, kitabla öhdəsindən gələ bilcəyin mərhələdən. Bəli aç oxu, düşün, dəyiş. Sonra onsuzda yaddan çıxır. Yox, əgər vəziyyət daha qəlizdirsə, bu kitablar sizi daha çox əsəbləşdirəcək. Ən yaxşısı, mütəxəssis bir psixoloqa müraciət etməkdir. 
  • Sen bir başka gittin, Liz Behmoaras - Türkiyədə yaşayan və Türkiyəni çox gözəl tanıyan bu yazıçı ilə ilk dəfə idi tanış olurdum və çox maraqlı baxışı var idi. Əsər iki ölkəni, iki dövrü birləşdirir və maraqlı bir sintez yaradır. Bir az sıxıcılığı olsa da, maraqlıdır.
  • Ne için varsan, onun için yaşa, Hikmet Anıl Öztekin - Bu kitab özünü axtaran bir cavanın hekayəsidir. Öz həyatını yazdığı üçün çox səmimi və axıcıdır. Maraqlı və düşündürən cümlələri çoxdur. Storyteldən oxumuşdum bu kitabı da. Türklərin bir sözü var "naif" bax bu elə kitabdır, işqlı və yumşaq. Kitabı bitirdikdən sonra youtubda ana səhifəmə baxarkən qarşıma bir video çıxdı və budur :)  mən bu yazarı illərdir ki, izləyirəm elə motivasiya videolarına görə. Bunu kəşf edəndə qəribə olmuşdum və gülümsəmişdim. Hikmet Anılın youtube səhifəsi buradadır. Bəlkə kiməsə maraqlı olar :)
Bu yeni ildə isə təkcə kitablarımdan yox başqa yeni maraqlarımdan da yazmağa həvəsliyəm :) bir az səyahət, bir az kitab, bir az güllər, bir az pişiklər :) 

..bir sözlə həyatdan.

Uğur olsun!

Estonia, Tallin / 2023, may

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)