İLİN SON YAZISI *13*

2022..

Öyrədən il, öyrəndiyim il.
İnsan gənc ikən düşünür ki, müəyyən yaşdan sonra öyrənmək artıq ikinci plana keçir. Lakin, elə məhz yaş ilərilədikcə görürsən ki, əslində öyrənməli olduqların, həyat məktəbi dedikləri məhz yaşın artdıqca sənə öyrədir. Öyrənmək istəməyib dirənirsənsə həqiqətən də "sinifdə qalırsan". Döngüyə girirsən və yaşadığın o istəmədiyin hadisələri yenidən yaşayırsan, həyatına çəkirsən bu və ya digər şəkildə, digər hadisələrdə. Ona görə də dərs çıxarmağı, həyatı dərk edib, qəbul etməyi bacarmalısan, öyrənməlisən.

Mənə  isə 2022 çox şeyi öyrətdi. Əvvəli çox asan idi, səlis idi, rahatlıq və huzurla dolu idi. O rahatlıq ki, mən son 5 ildir hər yerdə axtarırdım onu. Nəhayət tapdığımı düşündüyüm anda hər şey tərsinə çevrildi. Qlobus kimi dünyam tərsinə çevrildi. İlin sonunda həzm edə bilmədiyim, bəlkə də həzm etmək istəmədiklərimlə məni xeyli çətinə saldı və sanki sinifdə qoymaq istədi. Çaşdım. Duruxdum. Üsyan etdim. Narazılıq etdim. Hər şey birdən necə bu qədər dəyişə bilər? Daxili rahatlığımı tapmışam dediyim bir zamanda, hər şey necə birdən-birə əlimdən balıq kimi sürüşüb suya düşə bilər? Mən ki müdriklik yolunda irəliləyirdim. Mən ki şərtsiz sevgini öyrənirdim.. Bununla da şikayətlərim başladı. Bəlkə də məyusluq idi, düşündüyüm, planladığım, arzu və  niyyət etdiyim həyata çatmışdım əslində amma nəsə çatmırdı. Nəsə o deyildi, hiss etdiyim yalnız məyusluq idi, sevinc yox idi. Buludların arxasından gah çıxıb parlayan, gah da gizlənən və hər tərəfi boz edən günəşə bənzəyirdi sevincim. Bütün bu yaşananalar isə məni susdururdu bir az.
..özümə qapandım və daxilimə sığındım mən də. Baş verənləri həzm etməyə və qəbul etməyə öz icazəmlə razılıq verməli idim. Hələ də o periodu keçirəm, ürəyimə dolan o məyusluq və narahatlıq hissləri ilə baş etməyin yollarından keçirəm hal-hazırda. Amma bilirəm. Bilirəm ki hər şey öz qaydasına düşəcək. Hər şey olmalı olduğu kimidir, mənə öyrədir və mən də öyrənirəm. Hər gün bir fəqrindəliklə, hər gün bir etirafla öyrənirəm.. Həyatımın altı üstünə çevrilsə də, altının üstündən də yaxşı olduğunu bilirəm. Və bunu dərk etdiyim üçün də şükr edirəm. Üsyan yoxdur artıq. Mənim indiki halım üçün olmalı olduğum yerdəyəm. Bunu artıq qəbul etməyə başlamışam.

2022-nin mənə öyrətdikləri, göstərdikləri ilə bərabər verdikləri də çox oldu. Kitablar oxudum, şəxsi inkişafıma xeyli zaman ayıra bildim, təbiətin qoynunda üç ay zaman keçirdim, işimin başına qayıtdım, yeni hobbi yaratdım özümə, öz yuvamı, ocağımı qurdum, daha çox düşündüm, daha çox yazdım, xeyli ilklər etdim.

Zaman isə dayanmadan axdı və məni ilin sonuna indi olduğum daxili vəziyyətimdə çatdırdı.. 

2022-nin öyrətdiyi hər dərs üçün ona təşəkkür etmək istəyirəm. Mənə asanı da çətini də, yaxşını da pisi də, rahatlığı da narahtlığı da, sevinci də məyusluğu da, müdrikliyi də cahilliyi də, gümrahlığı da yorğunluğu da, sakitliyi də əsəbi də bu 365 gündə öyrətdi, yaşatdı, göstərdi. 

Hər bir günüm üçün təşəkkür edirəm.
Hər bir günüm üçün şükr edirəm.
Baş verənlərin hamısının mənim üçün lazım olduğunu bilirəm və hər birini qəbul edirəm.

2023-ün isə gəlişini səbrlə gözləyirəm. Çox yükləmək istəmirəm 2023-ü, böyük gözləntilər qoymuram qarşısına, yormuram onu. Olacaqları, olanları qəbul etmək və rahatlıqla sindirmək istəyirəm sadəcə. Yaşadığım və yaşayacağım hər şey üçün indidən şükr edirəm. Və bilirəm ki, öyrəndiklərimi tətbiq edəcəyəm. Və istədiyim həyatı, yaşayacağım reallığı özümün yaratdığım bir il olacaq.
Çünki mən ali varlıq və ali şüur olaraq hər şeyin ən yaxşısına və istədiyim, yaşamağa niyyət etdiyim həyata layiqəm. 

Mən bu dünyanın kiçik bir zərrəsiyəm və varam. Bu sistemdə bir parçayamsa deməli Ali Şüura və Yaradana məxsusam. İçimdə isə ondan çox böyük bir işıq gəzdirirəm. Yaradanın zərrəsi olmaq məni həyata yenidən qaytarır.. 

Yuvamda, ocağımda keçirdiyim ilk yeni ilimdir. Xeyirlidir. Uğurludur. Sağlamdır. Öyrəndiklərimi asanlıqla göstərəcəyim ildir. Müdrikliyimlə irəliləyəcəyim ildir. Gözləntilərim yoxdur, yaşayacaqlarım var. Olmalıdırlar yoxdur, artıq qəbul olanlar var, reallığım var. Şükürlər var. Bir də niyyətlərim var. Təşəkkürlər öyrədən 2022, xoş gəlirsən yaşayacağım 2023!


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)