Elif Şafakın Tanrı axtarışı


O qədər olur ki məndə bir kitabı almaq istəyirəm, amma nə üçünsə heç cür o kitabı almaq qismət olmur. Mağazada kitab rəfindən götürüb baxıb qoyuram yerinə təzədən. Bəzən pulum olmur almıram, bəzən pulum olsa da almaq istəmirəm. Sanki zamanı gəlmir. Mən keçən yazımda da yazmışdım ki, kitabları biz seçmirik. Onlar lazımı vaxtda özləri gəlib tapır bizi, elə bil ruh halımız özləri cəzb edir kitabı bizə. Elif Şafakın "Havvanın üç kızı" kitabı da o kitablara aiddir. Ramazan ayının axır həftəsində aldım kitabı. Əsərdə qəhrəman təkcə özünü axtarmır, həm də bütün kitab boyunca Tanrını da axtarır və bu mənim indiki ruhum və düşüncələrimlə o qədər üst-üstə düşürdü ki. Bir tərəfdən də oruc tutub bu ibadətimi yerinə yetirirdim deyə, içimdə nələrisə oynatdı elə bil kitab. Nə qatı dindar olmaq, nə inanclı olmaq, tutqu ilə dinə bağlanmaq, nə də ateist olub Allahı inkar etmək var bu bədəndə, bu ruhda. Adət və ənənə olaraq islam koloriti altında böyüdüyümüz üçün qanımıza işləyən müsəlman və ya islami ənənələrlə müasir dövrün kəsişməsində bir yerdə sıxışıb qalmışıq sanki. Qalmışıq deyirəm, çünki mənim kimi düşünən xeyli insan var. Və əgər Elif Şafak da məhz bu mövzuya toxunubsa deməli, onun da ruhunda bu gəl getlər, ətrafında bu ruh halında olan insanlar az deyil məncə. 

Kitab haqqında xırdalıqlara daxil olmasam da qısa olarq deyim ki, əsər anası və atası arasındakı dini ayrı seçkilik ata materialist, ana qatı dindar, iki qardaşı arasında qatı təzad biri idealist sosialist digəri yenə qatı dindar olan qəribə ailədə böyüyən Nazpəri, qısaca Pəri haqqındadır. Onu daim izləyən xəyali körpə uşaq, hər zaman iki tərəf arasında qalan xasiyyəti, nə tam avropalı nə tam müsəlman ideologiyası, atasının istəyi və inamı ilə Oxforda daxil olmağı, İranlı olub "iranlı" olmayan Şirin, dindar Mano, Tanrı dərslərini verən Azur hoca və 2016cı ildə baş verənlər. Hamısı maraqlı idi, amma gəlki əsərin başında skandal adı ilə oxucunu marağ içində saxlasa da sonda o skandalı üzdən yazıb və elə də təsiredici iz buraxmayan məsələ ilə bitirdi kitabı. Ümumi götürəndə bütün əsər boyunnca insanı maraqda saxlamağı hər zaman bacarır Şafak. Qələmini bəyəndiyim yazıçıdır, keçmişlə müasir dövrü o qədər gözəl sintez edir ki. Bu onda yaxşı alınır. Amma bu əsər mənə tam yazılmış gəlmədi. Sanki qıraq bucağından hansısa epizodlar çıxarılıb, nələrsə yarımçıq qalıb, tam aydınlanmayıb. 

Amma oxuduqca din üzərinə, Tanrı üzərinə çox düşündüm mən də. Zatən son zamanlardır çox düşünürəm. Ona görə bu kitabın əlimə keçməyi tam zamanında olduğunu qeyd etdim. Həqiqətən yerində, zamanında oxunan kitab insanın ruhunu sakitləşdirir..

Necə deyərlər xoş qiraətlər.

P.S. Son zamanlardır kitabdakı cümlələri işarələmirəm, içimdən gəlmir. Və kitabın içinə də əlfəcin qoymuram "qulağını" qatlayıram. Niyəsini də bilmirəm. :)

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)