#ElinaÜçünSusma


Susa bilmədim..

İçimi qəribə hüzün bürüyüb. Onun arıq canı və o canda, o ürəkdə olan təlaşlar. Nə üçünsə onu çox yaxşı başa düşürəm. Baxmayaraq ki, onun kimi əxlaqsız damğası vurulmamışdı mənə. Amma ürəyim hiss edir onun hiss etdiklərini.. 14 yaşlı qız əxlaqsız ola bilər ümumiyyətlə? bilirəm, içinizdən olar niyə olmur ki cavabını verən mütləq tapılacaq. Amma mən bir söz deyim sizə, məncə olmur! 14 yaşında tərbiyəsiz qız olmur, o yaşda, yeniyetməliyin ən pik anında onu başa düşməyən valideynlər olur, onu  qəbul etməyən cəmiyyət olur, özünə, ruhuna yaxın tapmadığı, rəfiqənin, dostun yoxluğu olur, və yenicə dəbə düşən builling sözünün mənasını daşıyan sözlər olur və bütün bunlara tab gətirməyən zəif ruh olur.. Yalnız bundan sonra həmin o körpə ürək böyüyür və həddi buluğa çatdıqda seçimini edir. Əxlaqsız olmaq, yoxsa olmamaq... Düzü əxlaq anlayışı mənim üçün artıq o qədər cılız mövzuya çevrilib ki. Çünki, bilirəm.. Özünü mələk kimi göstərib dünyanın ən iyrənc xəyanətini edən insanları  bilirəm. Əxlaq imiş...

Eh Elina.. özünü o pəncərədən atdığın anın görüntüsü heç gözümdən getmir. Bilirsən, bir zamanlar mən də elə sənin yaşında olanda sinifimizdəki oğlanlar tərəfindən təklənmişdim. Düzdü 10-15 il əvvəl cəmiyyət indiki qədər mundarlanmamışdı, hələ heç kəs heç kəsə əl vura biləcək curətdə deyildi. Amma bütün sinifin oğlanları məndən küsmüşdü boş yerə və 8 martda bütün qızlara hədiyyə almışdılar məndən başqa :) sonra üzr istəmişdilər, amma nə olsun indi bu yaşımda belə o utancaqlıq hisslərim və pərt olduğum məqam hələ də yadımdadır.. Yetkinlik dövrü qəddarlıqla tanışlıq dövrüdür Elina, kimisi bu dövrdən travmasız kimisi travmalı çıxır, kimisi isə ümumiyyətlə bacarmır.. Mən sənin balaca ürəyində nələrin gizləndiyini bilmirəm, sənin əxlaqsız, tərbiyəsiz olduğuna da inanmıram. Çünki mən yüngül təbiətli qızlar görmüşəm, elə məktəbdə də, məktəbdən sonra da.. nə üçünsə onlara deyilən sözlər, olunan hərəkətlər təsir etmirdi, bəs sənə niyə etdi?.. Bilmirəm, sən nəyinsə qurbanısan sanki. Bəlkə də ölmək deyildi məqsədin. Bəlkə də sadəcə diqqət çəkəcəkdin, bəlkə də səndən əl çəkmələrini belə istəyəcəkdin. 3 cü mərtəbədən yıxılsam uzağı əzilərəm düşünmüşdün bəlkə.. kim bilir ki bunları özündən başqa. Amma əclaflar doludu.. Məktəbinin direktoru kimi vicdansızlar bilirsən nə qədərdi? Böyüdükcə biləcəkdin bunları.. Amma böyümədin, böyüməyəcəksən, həmişəlik 14 yaşında qaldın.
Nifrət edirəm sənin dalınca danışan hər kəsin kəlmələrinə. Onsuzda əxlaqsız idi deyirlər ilə başlayan cümlələrə.. Sizə nə? Əxlaq keşikçiləri...

Elinanın intihara cəhdi və ölümü sanki nələrisə tərpəddi.. Sosial şəbəkələrdə aksiyalar başladı. Dj Turalın videosundan sonra onun səsinə səs verən sosial aktivlərin sayı artdı, psixoloqlar təmənnasız konsultasiyalarla yeniyetmələrimizə dəstək ola biləcəklərini söylədilər, heç kəs susmadı Elina üçün. Arzu Jalilin yazdıqları isə əslində güclü insan və zəif insan kateqoriyasını elə gözəl göstərdi ki. Məlumatlandırıcı məqalələr, çağırış postları, online imza kompaniyaları... Nəyisə dəyişsin kaş. Nələrisə dəyişsin artıq!..

Heç nə demirəm mən, susa bildiyim qədər susur, danışa bildiyim qədər danışıram. Amma mənim də bir xahişim var.. Mən psixoloq deyiləm, baxmayaraq ki psixologiya ilə yaxından maraqlanıram, mən influencer deyiləm, baxmayaraq ki insanların həyatını yaxşı yöndə dəyişən məslələr hər zaman maraq dairəmdə olub. İxtisasım da tamam fərqli sahədədir.. Amma mən çox yaxşı dinləyiciyəm, çox yaxşı sirdaşam, çox yaxşı dostam, məsləhətçi deyiləm amma doğru yolu görməyi bacaran və nəticə çıxara bilənəm, məndə güclü empatiya var və bu asanlıqla qarşımdakını hiss etməyimə səbəb olur.

İndi isə, bu yazımı oxuyan dostum, səndən xahiş edirəm. əgər sənin də sıxıntın varsa, danışacaq heç kəsin yoxdursa, ürəyinin dərinliklərinidə gizlədiklərini boşalda biləcək bir yaxının yoxdursa, depressiya, sıxıntı sənin yaşama həvəsini əlindən alırsa, nə olara çəkinmə.. yaz mənə. Kim bilir bəlkə tanımadığın və heç zaman üzünü görmədiyin və görməyəcəyinə əmin olduğun biri ilə danışmaq səni çox yaxşı edəcək hə? Mən hər zaman burdayam, bir e-mail qədər yaxınında. (v.a.abdullayeva@gmail.com). 

Mənim də əlimdən bu gəlir.
Gələcəyimiz üçün, sizlər üçün...

Nə olar ölməyin.. Ölümü düşünməyin belə. Çünki çətin də olsa yaşamaq gözəldir..

Sənin üçün mən də susmadım Elina, sənin timsalında çətin dönəm keçirən heç bir balamız üçün susmadım, susa bilmədim!..

#Elinaüçünsusma


Foto: Tural Əlisoy

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)