YENƏ YENİDƏN..

Yenidən blogumda yaza biləcəyim mövzular tapmağıma çox sevinirəm. Deməli, bunun üçün nələrdənsə başlamaq, nəyinsə ucundan tutmaq lazım imiş.
Yazılarıma qayıtmazdan əvvəl yarım qoyduğum kitablarımı bitirməyi özümə söz vermişdim əslində. Və ona görə də başladım oktyabrda yarım qoyduğum Hakan Mengüçün "Ben ney'im" kitabından, keçdim yayda yarımladığım Maksim Qorkinin "Uşaqlıq" romanına. Sonra da əlimə İvan Turgenevin "Atalar və oğullar" kitabını götürdüm və yeni ilimə o kitabla daxil oldum. Bundan əlavə, 2018də uşaq pedaqogikası ilə bağlı Adem Güneşin də iki ayrı kitabını oxumuşam.

• Hakan Mengüçün kitabı sırf özünü inkişaf,
motivasiyaya sufi tərəfdən yanaşmadan bəhs edən özünüdərk kitabı idi və nə yalan deyim ki müsbət təsirlərini hiss etdim. Bu o deməkdir ki, insan istər istəməz zaman zaman bu tip kitablara müraciət etməyə ehtiyac duyur, yaşı nə olur olsun.

• Maksim Qorkini qeyd etdiyim kimi, yayda əlimə almışdım. Amma yarım qalmışdı nəsə. Sevə sevə oxumağıma baxmayaraq yarım saxlamışdım. Əslində bəzən evdə zaman tapmadığım da olurdu, lakin indi düşünürəm ki bəhanədən başqa bir şey deyil bu səbəblərin hamısı :) Əsər avtobioqrafik olduğu üçünmü, ya həqiqətən maraqlı olduğu üçünmü çox sevdim və kitabı bitirəndə yarımçıq sonluğundan sonra bildim ki, əsərin ikinci hissəsi də var imiş. İkinci hissə səhv etmirəmsə "Özgə qapılarda" adlanır. Bu il onu mütləq tapıb oxumalıyam. Bir də Qorkinin "Ana" əsərini yarımçıq qoymuşam. Onu da bir ara bitirməliyəm.
Bundan başqa Maalofun "Afrikalı Leo" əsəri artıq 3il olacaq ki yarım qalıb 😁 Bəli utandım. Yarım qalan kitabların içində Bukovskinin "Qadınlar" əsəri, Oudry Hepburnun həyatından bəhs edən "Zerafet" kitabı, Bulqakovun çox təriflənən "Master və Marqarita"sı, lap çoxdan yarımçıq qoyduğum həyatda baş verən hadisələr və itkilərdən bəhs edən "Motherless daughters" və xatırlamadığım daha 2-3 kitab var. İnanıram ki bunları bu il bir bir bitirəcəyəm və eyni zamanda, yeni yeni kitablar oxuyacağam, alacağam.

Məsələ burasındadır ki, çox böyük qəlb ağrısı ilə bunu yazıram ki son dəfə 2016cı ildə kitab almışam, təbii ki özümə. Əvəzində isə balaca kitabqurdu böyütməyə başlamışam və oğluma kitabları sevməyi aşılamışam. Ona çoxlu kitablar almışam. Və  bu gün onun kitabların içində oturub dəqiqələrlə onları səliqəylə çevirib baxmağı mənə çox ləzzət edir. Digər tərəfdən də
mənim kitablarımı da vərəqləyir,
üzqabıqlarına həvəslə baxır, içində yazılanları başadüşürmüşcəsinə incələyir
və qətiyyən cırmır. Bu məni çox sevindirir.
Böyük həvəslə illər sonra özümə alacağım ilk kitabın isə nə olacağını fikirləşimişəm artıq :) Artıq kitabxanamı yeniləməyin vaxtı gəlib çatıb.

Ümumiyyətlə, hərdən keçən 4-5 il əvvəlki yazılarıma baxanda görürəm ki, nə gözəl maraqlarım var imiş. Necə sakit, öz dünyama bağlı bir qızcığaz imişəm. Əslində indi o həyatı yaşıyan insanlara necə qibtə edirəm. Halbuki, bir zamanlar özüm elə olmuşammış. Əgər özüm elə olmuşamsa deməli yenə də ola bilərəm axı. Yəni ana olmaq beləmi insanı dəyişdirir? Yəni budu? Məncə deyil.. və nə yaxşı ki bunu başa düşürəm yavaş yavaş.

Özünə qayıdış nə gözəldir deyilmi? Yenə yenidən mən olmaq..☘


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)