DƏYİŞİKLİKLƏR...

Günlərin bir birini necə əvəzlədiyini heç hiss etmirəm. Bir də baxıram ki, gözlədiyim günlər artıq qeyd olunub və geridə qalıb. Zamanın bu qədər sürətlə axıb getməsi bilmirəm xeyrimizədir ya yox. Sonuncu dəfə bloguma cızma-qara edəndə ad günüm idi və oğlum cəmi bir ayına yenicə girmişdi. Mənsə bildiyimiz postpartum hallarında, hormonlarımla vuruşurdum. Artıq o gündən nə az nə çox düz 3 ay keçib, bir həftədən sonra isə oğlum 4 ayına girəcək. Bu müddət ərzində böyük bacımın 35 yaşı, Sevgililər günü, vizamın son tarixi və Bakıya qayıdışım, vətəndə 3 həftə keçirib vizamı təzələyib yenidən ABŞ-a gəlməyim, bir ayın içində körpə ilə 2 dəfə 19 saatlıq səmalarda gəzişmək☺, 8 mart, bacım oğlunun 5 yaşı, çərşənbələr və Novruz bayramı gözümün önündən bir saniyə kimi ötüb keçdi sanki. Halbuki, bu tarixlərin hamısnı gözləyir insan. 

İndi isə qabaqda çimərlik mövsümünü, günəşli günləri, oğlumun ilk sözünü, ilk addımını və s. və s. və s. gözləyirəm. Amma kaş bunlar bir göz qırpımında keçib getməyə..

Ümumi götürəndə bir zamanlar kiçik bir dünyası olan qızcığazdan həmin dünyanın qapılarını oğlunun üzünə açan anaya çevrilmişəm. Çox şey dəyişib həyatımda, adicə əvvəl etdiyim şeyləri indi edə bilmirəm. Məsələnin bu tərəfinə gəldikdə isə bir çox analar kimi vaxt çatışmazlığından şikayət edib "saçımı daramağa belə halım və vaxtım yoxdur" deyib, hər şeyi körpənin üzərinə də atmayacağam. Onlar hamısı bəhanədir, inanın mənə. İnsanda sadəcə qəribə yorğunluq, 9 ayın bitkinliyi, çox güclü dəyişim gedir. Həm xarici görünüşcə, həm daxili, həm mənəvi həm fiziki - hər baxımdan. Artıq üzərində olan bir neçə statusun üzərinə biri də əlavə olunur, - analıq, hansı ki, onun yükü də yüngül deyil. Bu dəyişimləri qəbul etmək isə asan deyil. Bir-birinə qarışıb, yolunu çaşmış qarışqalar kimi bədənində var gəl edib çaxnaşma salan hormonlar yerinə oturanacan, bədən quruluşundakı dəyişikliyi qəbul edənəcən, yuxusuzluğa öyrəşənəcən, ətrafdan hər kəsin məsləhətinə göz yummağı və əsəbləşməməyi öyrənənəcən o yorğunluq səndən çıxmır ki çıxmır. Hələ bura əlavə etmədiyim o qədər xırda nünanslar var ki. Bir sözlə dünyaya övlad gətirmək ana üçün yenidən dirilmək kimi bir şeydir. Anaları sevməmək mümkün deyil.. və qulağımda sırğa etdiyim, bir zamanlar anamın tez tez bizə dediyi o unudulmaz kəlam - "Ana olarsan ana qədri bilərsən"!

Sözün qısası yazmağa söz çoxdur, elə başlqayaq qonşumuz Condan.

Yox, zarafat etdim. Qonşularımı tanımıram 😄 

Saçımı daramağa vaxtım çatsa da, nə yalan deyim kitab oxumağa vaxtım çatmır. Bəlkə də istəsəm ona da vaxt çatdıraram, amma ki yanımda üzümə qığıldıyıb gülən balaca parlaq gözlər varkən o dəqiqlərimi kitaba sərf etmək istəmirəm. İndi ancaq onu oxumaq, onu öyrənmək gəlir içimdən, axı onu bir də heç zaman belə görməyəcəyəm. Amma Amin Maalofun Afrikalı Leosu hər zaman o kitab rəfimdə eləcə qalıb məni gözləyəcək. Bu da ana olduqdan sonra sözü gedən dəyişikliklərə aiddir, bir zaman kitabla nəfəs alan mən, indi öz istəyim və arzumla onları bir müddətlik kənara qoymuşam. 

Yazmaq isə hər zaman fikrimdə dolaşır. Bəzən gecələr yatmazdan əvvəl gözümü yumub yazıram nələrsə ağlımda. Amma nə bura, nə vərəqə köçürmürəm. Çünki, yuxu daha şirin gəlir həmin anda. Nə deyəsən axı bu dəyişikliklərə. ☺

Daha sonra qısaca olaraq,

...kinolara baxıram
...yeni reseptlərlə yeməklər bişirirəm
...hardasa 10 ildən sonra seriala baxıram
...telefondan və sosial şəbəkələrdən az istifadə edirəm
...körpə ilə bağlı çoxlu məlumatlar oxuyub, axtarışlar edib, sonra nəticə çıxarıram
...küçədə tanımadığım insanlarla salamlaşıb hal-əhval tuturam
...hər gün 2 saat gəzirəm

və indi xatırlaya bilmədiyim daha bir neçə nələrsə.

Dəyişikliklərdən söz düşmükən, bu günlərin birində ağlıma maraqlı bir fikir gəldi. Bir halda ki, oxumağa və yazmağa ürəyimcə vaxt ayıra bilmirəm, o zaman yeni mərhələyə addım ata bilərəm. O mərhələ ki, nə vaxtımı alacaq, nə də əlavə vaxt tələb edəcək - vloggerlik. Bəli, bəli :) 
Belə düşündüm ki, qaldığım şəhərdən, ümumiyyətlə ABŞ-dakı həyatdan bir neçə dəqiqəlik videolar hazırlayıb paylaşım. Bu videoların heç biri ölkəmizlə ABŞ-dakı həyatın müqayisəsi xarakterini daşımayacaq, çünki hər bir halda müqayisə olunmayacaq dərəcədə fərqlidir. Elə bu vəsilə ilə də, 7 illik blogum 3 dəfə ad və görünüş dəyişikliyinə məruz qalacaq :) Xeyirli olsun!

Məsələ burasındadır ki, hər ilin bizə nə gətirəcəyini heç birimiz bilmirik. Ona görə də dəyişikliklərə hazır olmaq lazımdır. İstər yaxşı, istər pis... Amma kaş yaxşının şkalası pisin şkalasından həmişə dəfələrlə yüksəkdə olsun. Həyatımız yaxşı dəyişikliklərə məruz qalsın. Pis olan, pis dediyimiz dəyişikliklər isə yaxşının zəmini olsun, ya da yaxşını görməyimizə səbəb olsun.

P.S. Hər şey dəyişsə də, yazı yazarkən yanımda limonlu çayım heç zaman dəyişməyəcək. Çünki, hər zaman nələrsə  dəyişilməz olaraq qalır :)


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)