BİR ŞEİR...

Gözəl bir bahar günü,
Səninlə mən, ikimiz,
Çıxaydıq bu şəhərdən,
Qərib quş tək uçaydıq,
Təbiətin qoynuna.
Məskənimiz nə dəniz,
Nə də ki, dağ olaydı.
Bir tərəfdə çəpərdən,
Yamyaşıl bağ olaydı,
Bir tərəfdən axan çay.
Biz isə sahilində,
Çay süfrəsi açaydıq.
Sonra bahar yelindən,
Tutub xeyli qaçaydıq,
Çay daşından ataydıq,
Elə çay quşlarına,
Sonra bizi tutaydı,
Qəfil çoban mürgüsü,
Mürgüləyib yataydıq,
Beş- altı dəqiqəlik.
Sonra gələn dumandan,
Göz- gözü görməyəydi,
Gözümüz çən- dumandan,
Gündüzü görməyəydi,
Toqquşaydı buludlar,
Hünərin var, bax göyə.
Bir yağış yağaydı ki,
Tut ucundan, çıx göyə.
Sığınaydıq daşlara,
Ikimiz də susaydıq,
Çəməndəki quşlara,
Birgə qulaq asaydıq.
Sonra,
Açılaydı göy üzü,
Və bu şıltaq təbiət,
Yenə aldadıb bizi,
Bizimlə oynayadı.
Qayıtmaq istəyərkən,
Hava qaralıq daha,
Dönməliyik deyərkən,
Yenidən tutulaydı.
Yox! Yox! Biz ölməyəydik,
Deyirəm ki, sadəcə,
Qayıda bilməyəydik.
Gecəni orda qalıb,
Bir alaçıq quraydıq.
Sevgimizə qapılıb,
Hər şeyi unudaydıq.
Min gecəlik həsrəti,
Bir gecəyə sataydıq.
Dəcəl bir uşaq kimi,
Heç nəyi qanmayaydıq,
Sabah gələn günləri,
Düşünüb, anmayaydıq.
Bizə nə var deyəydik,
Sabahların özüylə
Gətirdiyi kədərdən.
Kimə bəxş edəcəyi,
Sevinc dolu göz yaşı,
Qürur dolu zəfərdən...
Amma heyif, həyatla
Üz-üzə gəlməliyik.
Gerçək dolu saatla,
Göz-gözə gəlməliyik.
Səhər naəlac qalıb,
Geriyə qayıdaydıq.
Amma yenə, yenə də,
Macəra bitməyəydi,
Bircə günlük bir ömür,
Belə tez itməyəydi.
Qayıdanda azaydıq,
Qarışdırıb sağ- solu,
Ürək həyəcan dolu,
Yol hardandır soraydıq,
Elə bir- birimizə.
Yolu tez tapmayaydıq,
Bir insan olmayaydı,
Yolu göstərsin bizə.
Sonra... Eh, bu sonralar,
Nə vaxtadək sürəcək?
Gerçək özünü aşkar
Axır ki, göstərəcək.
Sənə, elə mənə də.
Heç nə demirəm daha.
Amma yenə, yenə də,
Iştaham pis deyil haa..

Raqif Raufoğlu

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)