Yerlə göy arasında...

Mama,

Sənsizliyin 13-cü ilini də geridə qoyduq. Eyni həsrət, eyni duyğular, eyni yetimlik, eyni sənsizlik bir zərrə olsa belə dəyişməyib. 13 il... amma mən hələ də sənin son nəfəsində "Mama, sən mənim hər şeyimsən" dediyim anda axıtdığın göz yaşlarını unutmuram... Mən hələ də sənin üçün əlim əsə-əsə sıxdığım üzümün suyunu sənə verməyimizi unutmuram.. Mən eyniylə 24 yaşımda oluram 13 oktyabr tarixində. Sənsizliyi sənə ifadə etmək çox çətindir. Güzgüyə baxıb öz gözlərimdə, öz üzümdə sənin gözlərinin yorğunluğunu görmək məni daha çox incidir hər ötən il.. 

Kaş belə olmazdı. Heç nə belə olmazdı... 

Son günlərdə özümü yerlə göy arasında bir yerdə hiss edirəm. Nə yerdə, yaşadığım həyatda tapıram özümü, nə də göylərə qalxa bilirəm. İkisinin arasında bir yerdəyəm.. İçimə dönürəm, özümü sorğulayıram, həyatı sorğulayıram, itkilərimizi, itirdiklərimizi, bizdə qalanaları və gedənləri düşünürəm.. Böyümək çətin gəlir, bəzən dayandırmaq istəyirəm hər şeyi. Amma heç nə əlimdən gəlmir, ruhumun xəstəliyi cismimə vurur...

Bilirsən, mən heç böyümədim. Böyüyə bilmədim. Çox çalışdım. Çox istədim. Çox çırpındım. Amma səni itirdiyim ilimdən o yana gedə bilmədim. Necə ki, sən 57-ci ilində qaldın. Məni də ömürlük həbs etdin o yaşıma...

Gözümün nuru idin... Doğurdan da şəkillərə baxıram, o nur getdi. Anasızlıq bu qədər ağır imiş. Sənsizik bu qədər incidici imiş. 

Bəzən düşünürəm ki, 13 il yas saxlamaq nəyə lazımdır ki. Gəlməyəcəyini bilə bilə niyə incidim özümü? Niyə çəkim o günlərin xiffətini?.. Amma olmur. Hər il oktyabrda sənin simanı sonuncu dəfə gördüyüm o gecədə ilişib qalıram. 

Özüm ana olsam belə, ana həsrəti ilə burnumun ucu göynəyir. Səni daha çox tanımaq istəyərdim, daha dərin bilmək istəyərdim səni. Nə üçün bəzən gözünün dolduğunu, heç yerdən ağladığını düşünəndə əslində ağlama səbəbini bilmək istəyərdim... Qorxularını, narahatlığını, tək qalmaq istəyini, bizim tez tez əzizləməməyinin səbəbini soruşmaq istəyrədim.. O qədər sirrləri, o qədər öyrənməli olduqlarımı özünlə apardın ki..

Sonra da bizə bu həyatdan baş çıxar dedilər. İsti qucağından soyuq yalnızlığa düşdük... 

Ömrümün sonuna kimi 13 oktyabrda 24 yaşında olacağam, mama... Yaşım neçə olur olsun. Saçımdakı ağların sayı nə qədər artır artsın.. 

Sən hər zaman mənim ruhumun bir parçası olacaqsan, ta ki bir gün səninlə əbədiyyən görüşənə kimi...

Yerin rahat, ruhun nurla dolsun!

***

HƏR SƏHƏR ÇÖRƏYİMƏ HƏSRƏT YAXIRAM,

SƏNİN GÜLÜŞÜNDƏN QATIRAM ÇAYA.

BİR AZ İÇİMDƏKİ SƏNƏ BAXIRAM

BİR AZ DA ÇÖLDƏKİ SƏNSİZ DÜNYAYA

Qismət Rüstəmov



Comments

Popular posts from this blog

XATİRƏLƏR... XATİRƏLƏR... :)

ONUN SEVGİ MƏKTUBLARI

PAYIZ - ÖYRƏNCƏLİK, AYRICALIQ... - II