SƏYAHƏTLƏR VƏ O KİTAB...

Bərpa ilimdir demişdim bu il üçün ilin əvvəlində...

Səyahətlərlə bərpa etdim özümü mən də. Bu il sanki, kainat da mənim bu istəyimə səs verdi. İlin ilk yarısında, ilk 6 ayında 10-a yaxın şəhəri gəzdim. Bu gəzintilər təkcə gəzinti olmadı, karyerama da, özümü inkişafa da, özümü təsdiq və inama da işıq tutdu. Həm də necə işıq.. Ən gurundan :) 

Mart idi...  Belçikanın Brüssel şəhərinə ilin ilk səfərini etdim. Öyrəndim, gəzdim və içimdə özüməinamın ilkin qığılcımları sezildi. Sanki içimdə gizlənmiş bir yerlərdə "mən də varam və burdayam" deyib başlarını dirçəldirdilər.. Bu inamın cücərtiləri ilə Niderlandın Haaqa, Rotterdam, Amsterdam şəhərlərini gəzdim, sonda isə Türkiyənin İzmirinə baş çəkib doğma Bakıma qayıtdım. Amma bilirdim yayda məni hələ iki səfər gözləyir..

May idi... Keçən il vidalaşıb, "görəsən bir də nə vaxtsa buralara gələ biləcəyəm?" dediyim və çox sevdiyim Estoniyanın Tallin şəhərinə yenidən səfər etdim. Bu dəfə bütün dadını duydum Tallinin. Keçən ilin ağrı acısını sağaltmaq üçün məlhəm olmuşdu mənə bu balaca şəhər. Bu dəfə isə ağrılarımın keçdiyini göstərmək üçün qayıtmışdım sanki ora. Necə gözəl yaddaşımda qaldın yenə də.. Necə gözəl yol yoldaşını mənə tanıtdın.. Hər gün bir az da özümü kəşf edirdim içimdən. Daha güclü olurdum və bəli, mən mən olurdum. Beş günlük səfər, mənim həyatımda silinməz dərin izlər və xatirələr qoydu...

İyun idi... Arzular lövhəmdə yazdığım İtaliya və İspaniya məni gözləyirdi. Bir çamadan xəyallarım, həvəsim, inamım və daxilimi titrədən yeni mən ilə yola çıxdıq. Mən və yoldaşım. Uzun aradan sonra, sadəcə ikimiz. İtaliyanın Milan, Komo gölü və Roması, İspaniyanın Madrid və Toledosu. İsti ilə, günəş ilə bütünləşdiyim şəhərlər... Bir zamanlar arzularımı bəzəyən, nəhayət ki mənim də baş çəkdiyim möhtəşəm İtaliya. 14 oktyabr 2012-ci ilin yarım qalan səyahəti. Bir dövrü tamamladım. 

Hər şəhərdə, hər səyahətimdə ancaq danışırdım içimdə. Ancaq öyrənirdim özümü, və öyrədirdim özümə. Məni özümə danışırdım. Mən özümü dinləyirdim. Bacarmışdım. Gerisi yalann idi artıq. Nə keçən günlərin ürəyimi döyündürən qorxusu, nə də edib-etmədiklərim real deyildi artıq. O zaman kəsiyində bir mən idim bir də özüm.. 

Bir də kitabım var idi yanımda ilin əvvəlində doğum günümdə hədiyyə aldığım. Hər təyyarə uçuşlarımda, buludların üzərində oxuduğum, oxuduqca hər kəlməsini içimə hopdurduğum. Mənim özümə inamı mənə göstərən yol bələdçim Pirayenin "Seyir" kitabı oldu. Seyr etdim hər ölkədə, hər şəhərdə, həm ətrafımı,  həm də özümü. Özümə özümü qatdım damla-damla. Yenidən özüm ola bilmək üçün mənə mən olduğumu xatırladan xırdalıqları xatırlayaraq.. 

İndi isə inamımım və özüm olmağın bolluğu ilə özümdən çıxmadan özüm olmaq üçün yolumu gedirəm. Əsl mənə doğru. Deyə bilmədiklərimi deyə bilmək və daha mənalı, maraqlı, özüm olduğum həyatı YAŞAMAQ üçün.. xx

 

Comments

Popular posts from this blog

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

ONUN SEVGİ MƏKTUBLARI

XATİRƏLƏR... XATİRƏLƏR... :)