MƏNİM ADIM QIRMIZI...

İsti acı kofe və kəmşirin krouasanın, isti yay səhərində ara sıra əsən mehin müşayəti və verdiyi həzz ilə uzun aradan sonra yazdığım bu yazını avqust ayı boyunca keçdirdiyim o çox qəribə hisslərə, duyğulara, təcrübələrə borcluyam.. 

Bu ilin səkkizinci ayında mən yenidən doğuldum. Bu ilin yay fəslinin sonuncu ayında mən içimdəki yaraları sağalda-sağalda yenidən dünyaya gəldim..

Daxilimdəki böyüyə bilməyən, ya da  böyümək istəməyən, bəlkə də böyüməkdən qorxan o balaca qızcığazı sevə-sevə, əzizləyə-əzizləyə baş verən hadisələri danışa-danışa, başa sala-sala böyütməyə başladım. Onu qadın etdim, həm də elə gözəl qadın ki.. Öz dəyərini bilən, özünü, varlığını, daxilini və xaricini sevən, özünü vacib bilən və bu vacibliklə başqaları üçün ən yaxşısını etməyi bacaran, sözlərini seçən və sevdiklərinə ən gözəl cümlələri və sözləri deyən, ocağının istisini qoruyan, öz yuvasına niyyət edən, sevdiklərini sevgiyə və qayğıya bürüyən əsl qadın kimi qadın!

Və özümdən bir parçamı, qara zeytunumu, öz qızımı doğru böyütməyə, zamanı gəldikdə qadın olması, qadın olmaqdan qorxmaması üçün düzgün yolu göstərməyə, onun üçün bir yolgöstərən olmağa niyyət etdim.

Bu ayda şüuraltımda çox gəzdim, theta frekansıma qalxdım, indinin vacibliyini dərk etməyə başladım, gələcəyimizin ağzımızdan çıxan hər kəlmə olduğuna bariz şahid oldum, bir ruhu yola salıb öz daxilimdə çox çapalayıb çırpındım. Sonda isə, məni seçməyən və mənim seçmədiyim ruha xeyir dua verib, yola saldım.. Verdiyi və öyrətdiyi dərs üçün təşəkkür etdim, qəbul etdim və şükr etdim..

Ümumiyyətlə, son ildə insanın şüuraltısı, travmaları, nəsil və kök karmaları ilə işləmək dəb halını aldı. Bəlkə də dəb deyil, bəlkə də illərlə insanların içində yığılıb qalan o ağrı-acını tökməyə axtardıqları yer əlçatanlaşdığı üçün hamı ona doğru üz tutdu.. mənsə bir qəbilədəyəm, onların ən ilkində və ən başlanğıcında. Mandalada. Çəkdiyim hər mandala kimi, çiyin-çiyinə verib, yan-yana durub əsas rəsmi çəkərək ortaya çox gözəl və sinxron bir əsər çıxarmağa müvəffəq olduq.. Qırmızılara büründük, qırmızı çadır qurub ətirli kakao içdik, mənim anamın bişiridiyi k
kakao kimi, bir az fərqli, sanki daha özgüvənli.. O sehirli qırmızının sehrindən hələ də çıxa bilməmişəm, sevmədiyim qırmızı rəngin möcüzəsini içimdə, rəngini isə qoluma dolanan o qırmızı ipdə daşıyıram. Mən bir qırmız çadırda doğulmuş qadınam, qırmızılara bürüyən qırmızı Gülün və qırmızı Narın qırmızı çadırında yenidən dünyaya gələn qadın..
...mənim adım qırmızıdır!

Həyatın dərinlikləri istiqamətində çox başlanğıc bir yolda addımladığımı hiss edirəm. Harada nə üçün olduğumu, başıma gələn hadisələrin hansı dərslər üçün olduğunu və öyrənməli olduqlarımı ayırd etməyə çalışıram və alınır. Geridə qoya bilmədiyim insanların, həyatımın hər zərrəsini xatirələri və günahları ilə dolduranları hissə-hissə çıxarıram, hissləri ilə, varlıqları və xatirələri ilə. Günahlandırmadan, lənətləmədən.. sadəcə qəbul edirəm və yola salıram.

Gözlərimi yumanda da səhərlər pəncərəmdən gördüyüm günəşin Xəzərin üzərinə saldığı qızılı parıltısı, gecələr isə Bakımın işıqları canların göz qapaqlarımın altında. O hissləri yaşayır və hiss edirəm. Qəbul edirəm, niyyət edirəm və buraxıram..

Sonra isə düşünrəm, kainatın nə qədər sonsuz və ucsuz-bucaqsız, çox mükəmməl və bir o qədər də vahiməli olduğunu. Doğulan və sönən ulduzları düşünürəm, bizim qalaktikadan uzaqda, milyonlarla qalaktikaları düşünürəm və özümün o qədər kiçik bir zərrə olduğunu dərk edirəm ki.. Amma sonra deyirəm, mən varam, mən bu kainatın, bu varoluşun və möhtəşəmliyin bir parçasıyam, bir zərrəciyiyəm. Mən seçilmişəm.

Mən varam..
..və mənim adım qırmızıdır!






Comments

  1. Anonymous1/9/22 01:15

    ❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)