KÖHNƏ KİTABLAR

Mənim və məndən yaşca böyüklərin hamısı kiril əlifbası ilə oxuya bilir. Ona görə ki, mənim məktəbə getdiyim ildən etibarən dövlətin qərarı ilə latın qrafikasına keçid edildi. Boş yerə bizə keçid dövrününü uşaqları demirlər ki :) hər şeyin keçidini biz görmüşük. Bəlkə də ona görədir bu qədər qəribə olmağımız, özümüzə yer tapa bilməməyimiz, lap dərinə getsəm travmalı olmağımız. Kim bilir.. bəlkə həqiqətən də buna görədir. 
Mənə kitab sevgisini evimzdə o zamanlar mənə çox hündür gələn kitab rəfindəki sıra ilə səliqə ilə düzülmüş kitablar aşılıyıb. O kitablar ki hamısı kiril əlifbası ilə yazılmışdı. Əlimə ilk ciddi bədii kitabımı alanda (adı "Bağışlanmaz səhv" idi) 4cü sinifdə oxuyurdum. "Başımdan böyük" kitablara maraq göstərirdim. Odu budu kitab sevgim heç zaman azalmayıb, əksinə. Bu qədər girişi yazmaqda məqsədim sovet dövrününü kitablarından yazmaqdı əslində, çünki bir kitab rəfi dolusu olan kitablarımızın əksər hissəsi o dövrün tələbinə uyğun sovet qoxulu kitablardır.
Özüm öz kitabxanamı yaratmağa başlayandan bu yana o kitablara dırnaqarası yanaşmağa başlamış, mənasız vaxt itkisi hesab etmişdim. Amma indi kamali həddə çatdıqca əslində bunun heç də belə olmadığını, hətta zaman zaman insanın həmin dövrə qayıdıb kolxoz, sovxoz, partkom filan dövrününü kitablarını da oxuma ehtiyacının yarandığını anladım. Dünya ədəbiyyatını bir kənara qoyuram, məsələn Hüqonun, Kafkanın, Dostayevskinin əsərləri müqayisə olunmazdır sovet ədəbiyyatı ilə..
Əslində bu bir növ kinolarımızla da müqayisədə eyni şeydir. Məsələn, Ulduz, Əhməd haradadır, Dəli kür və indi sübhün bu çağı ağlıma gəlməyən yüzlərlə kinolarımız və müqayisədə müasir kinolarımızdan, Məhəllə, Pərdə, Oğlan evi və baxmadığım daha onlarla kinolar. Motiv, janr çox fərqlidir. Amma bu o demək deyil ki, müasir kinolar çıxdıqca köhnə kinolara baxmırıq. Əksinə..

Keçənlərdə işlə əlaqəli tədbirlə bağlı getdiyim ünvana vaxtından 10dəq tez çatdığım üçün fürsətdən istifadə edib ətrafı bir az gəzdim və səhərin çox tez vaxtı olduğu üçün hamı öz iş yerinə tələsir, mağazalar yavaş yavaş açılır, kafelər çaydanlarını qaynamağa qoyurdu.  Bir ortayaşlı dayı da öz köhnə nəşirli, ikinci əl kitablarını karobkalardan daşın üstünə yığmağa başlamışdı. Mən yanından keçəndə hələ təzə açırdı karobkaların ağzını. Elə üstəki kitablardan biri diqqətimi çəkdi, mən keçdim yanından. Ya qayıdıb alacaqdım, ya da binanı dairə vurub yenidən bu nöqtəyə gələcəkdim ki, ikinci variantı seçdim. Xatirələrlə dolu olan binanı bir də dəfə fırlanıb yenidən dayının yanına qayıtdım və əyilib yerdən kitabı götürdüm. Vərəqlədim. Kişi mənə yaxınlaşdı və digər kitabları da göstərdi. Sonra müsir kitabları da göstərdi amma mən məhz beləsini almaq istədiyimi vurğuladım. Gördü ki kitab oxuyanam :) 2manat idi kitabın qiyməti, dedi oxu qurtar gətirərsən dəyişərəm sənin üçün. Kitabı balaca çantama birtəhər basıb lazımı tədbirə getdim və işə qayıdandan sonra kitabı oxumağa başladım. :) quşçulardan, fəhlə həyatından o dövrün tələblərinə uyğun olduqca sadə dildə yazılmış kitab idi "Səhər yeli". Məni ta uşaqlığıma apardı, nostalji oldu və bu gün bitirdim kitabı. Bəlkə aparıb dəyişdim başqa kitabla. Orda birini də gözaltı eləmişdim. Ya da təzəsini alaram heç dəyişmərəm. May ayında aldığım və oxuduğum birinci kitab idi bu. 

Milçəklərin tanrısı isə hələ də siyirtməmdə durur yarımçıq. Mən yarımçıq qalan kitablarımı oxuyub qurtarmağı söz vermişəm guya amma əksinə onların sayını artırmaqla məşğulam.. :D utanım bir az.

P.S. bir pies qeyd etmək istəyirəm. Nə üçünsə başqasından alıb kitab oxuya bilmirəm, o kitab ki mənim kitabxanamda olmayacaq elə bil ki o kitabı oxumaq mənə qəribə gəlir. İstəyirəm oxuduğum kitabların hamısı əlimin altında olsun. Qəribə xasiyyətdir məndə..


Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)