KİTABSIZ AYLAR...

Salam Qədirzadə Asifin Sevdasız qaldığı aylardan bəhs etdiyi kimi, mən də kitabsız keçirdiyim aylardan danışmağa başlayımmı, başlamayımmı heç bilmirəm.. demək olar ki artıq bir aya yaxındır ki, ölkədən kənardayam və bunun nə qədər davam edəcəyi haqqında heç bir fikrim yoxdur. Türküdə deyildiyi kimi uzun ince bir yoldayız.. Bir gün mütləq Amerikaya səfərim barədə ətraflı yazı yazacağam, çətinliklər, keçirdiyim həyəcan, prosedurlar və s. hamısı ayrıca bir mövzudur və inanıram ki,gələcəkdə kimlərəsə mütləq lazım olacaq. Çünki,mən özüm də gəlməmişdən əvvəl onlarla blog və məqalələr oxuyub, insanlarla əlaqə saxlamışdım. Amma bu gün, sevdiyim və təəssüf ki uzaq düşdüyüm kitabları yada salmaq istəyirəm.

Bakıda olduğum müddət ərzində Yasunari Kavabatanın "Min durna" əsərini oxuyurdum. Yarımçıq qoymamaq üçün onu əl çantama atdım. Və yolum Bakumoz tərəfdən düşəndə qalxıb bir iki kitab almaq istədim yol üçün. Gözümə ilk dəyən Nik Vuyçiçin "Hüdudsuz" kitabı oldu. Nazik olduğu üçün elə yoldaca oxuyub bitirəcəyimi düşündüm amma olmadı. Daha bir kitab isə Amin Maalofun "Afrikalı Leo" kitabı idi. Otağımda yüzlərlə kitab olduğu halda sadəcə 3-nü çamadanıma qoyub düzəldim yola. Qeyd etdiyim kimi, Vuyçiçin kitabı gözlədiyim və düşündüyüm effekti vermədi. Bilmədim tərcümə zəif idi, bilmədim bu cür kitablar oxumaq üçün mənmi yaşa dolmuşam, yoxsa ümumiyyətlə yola çıxdıqdan 2 saat sonra qrip və qızdırma ilə baş vurduğum neçə saatlıq yol idi taxsırkar. Nə isə deyib keçək.. 

Nə yalan deyim, burada kitab oxumağa geninə boluna zamanım var. Di gəl ki, nə üçün oxuya bilmədiyimi özüm də bilmirəm. Yenə də bunu həyatımda baş verəcək və baş verən möcüzəmiz ilə əlaqələndirib buna da bir bəhanə taparaq nə isə deyib keçirəm. Amma Kavabatanın əsərini oxuyub bitirdim. Vallah o əsəri o qədər tərifləmişdilər ki, amma mənim ağız dadıma heç uyğun olmadı nədənsə. Keçdim Afrikalı Leoya. Həəə, bax o kitab maraqlıdır. Ümumiyyətlə Maaloufun yazdığı əsərləri sevə-sevə oxuyuram. 

Keçənlərdə yaşadığımız şəhərin kitab mağazasına girdim. Təqribən Akademkitabxananı xatırladırdı amma ordan daha səliqəli idi, və kitabdan savayı böyük bir dəftərxanası da var idi. Ümumiyyətlə kitaba, dəftər kitaba, və ya bu qəbildən nəsnələrə aid çox böyük bir yer idi. Kitablara baxa-baxa üz qabıqlarının gözəlliklərinə heyran qaldım. Və Lamiyənin kitabların üz qabıqları haqqda yazısını xatırladım. Onsuzda kitablardan bir iki addım uzaq düşdüyüm bir zamanda ingiliscə kitab oxumayacağımı bildiyim üçün onu almağın elə də ağıllı bir fikir olmayacağını düşündüm və yoldaşım nə qədər israr etsə də heç bir kitab almadan mağazadan çıxdıq. 

Bu gün isə hələ Atatürk limanında olarkən Elif Şafakın "havvanın 3 kızı" kitabını 15 dəq əlimdə saxladıqdan sonra pul verməyə heyfim gəldiyi üçün təzədən yerinə qoyub arxama baxmadan kitab bölümündən çıxdığımı xatırladım və bəlkə kitapyurdundundan sifariş edə biləcəyimi düşündüm. Amma sağ olsun dhl kitabın öz qiymətinin 2 misli bahası çatdırılma qiyməti oxudu mənə. Mən də düşündüm ki ona verəcəyim pula bir e-book reader alaram və kitabları sevməsəm də elektron şəkildə oxuyaram. Və bu həvəslə sözü gedən xanım yazıçının kitabını yüklədim. Görüm bu kitabsızlıq hara qədər davam edəcək... ;(

p.s. bu arada bloga bir balaca əl gəzdirməyin də vaxtı gəlib çatıb deyəsən..

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)