MÜHARİBƏ İLLƏRİ, ƏSİRLİK HƏYATI..

Müharibədən, əsirlikdən, onların iyrənc və murdar nəticələrindən çox kitablar oxumuşuq, çox filmlər izləmişik. Yaşım artıdqca düşünürəm ki, yazıçıların və ya rejissorların bizə çatdırmaq istədikləri hadisələrin hamısnın bircə-bircə real həyatdan toplandığını başa düşürük, amma bəlkə də dərk etmirik.. Müharibənin var oluşuna razılığa necə olur ki müasir dövrdə də göz yumulur axı?! necə olur ki bu canavarı hələ də sərbəst buraxırlar.. lənət olsun!
..bizim tariximizdə isə bir də Xocalı vəhşilikləri var... Hər il milyonlarla pul töküb, mənasız mərasimlər, heç nəyə bir xeyri olmayan kampaniyalar keçirilir. Abidələr qoyulur, nə bilim 26 fevrala 3 gün qala abidələrin ətrafı yuyulur, güllər əkilir. Hər dəfə "..filan ölkə Xocalı soyqrımını tanıdı!" kimi nidalı cümlələrlə jurnalistlərin üzündə təbəssüm və gözlərində parıltı ilə verdiyi xəbər sanki "Qarabağı aldıq ura!" nidasının əvəzidir. Amma yox.. Nə olsun tanıdı axı?! Bunu siyahıda göstərilən ölkələrin müəyyən rəsmiləri tanıdı, siyasi oyunları davam etdirmək üçün tanıdı. Bəs adi insanlar? Bəs əsl reallıq? ABŞ-ın Texas ştatında bir vətəndaşa yaxınlaşıb "Do you have any information about Khodjali genoside?" sualını versəm, süni gülüşləri ilə əminəm ki "No, no" cavabını verib dişlərini ağardacaqlar. Düzü onların bunu bilib bilməməyinin nə faydası var axı.. Mən Suriya qaçqınları haqqında hər gün onlarla xəbər oxuyuram, ölən uşaqların şəklinə baxıb "..vay, vay, yazıqlar." və ya "dəhşət!" deyib keçib gedir, sonra gündəlik həyatıma davam edirəm. Eləcə də, neqtivi özlərindən uzaqlaşdırmaq üçün ürəyləri gedən avropa və amerikalılar. 20 ildən çoxdur ki baş vermiş bu faciə haqqında məlumatlı olmaq onlara nə verir axı? ..təbii ki heç nə.
Məni yandıran isə, müharibənin çətinliyini görümüş, bu cür əziyyət, vəhşilik görmüş hər bir ölkədən ən azı bir nəfərin dünyada çox tanınan, bestseller olan, dünyaya hayqıran əsərləri var axı.. Erix Mariya Remark dünya müharibələrindən, Xalid Hüseyni Əfqanıstan müharibələrindən, Aleksandr Cavelius Bolqarıstan müharibələrindən, nə bilim, oxumadığım yüzlərlə müharibədən və onun dəhşətlərindən, nəticələrindən, çətinliyindən yazan yazıçılar. Bütün dünyaya yayılan o əsərlər.. və onların, o ölkələrin həqiqətləri. Onlara qarşı olan haqsızlıqların çığırtısı.
Bəli, oxumuşam, Seymur Baycanın "Quqark" romanını oxumuşam, Rasim Qaracanın "Yedii hekayə" kitabını oxumuşam. Bəli, baxmışam, "Haray" filminə, "Fəryad" filminə baxmışam. Amma bu o deyil, demək istədiyim, görmək istədiyim, çatdırmaq istədiyim deyil.. Əsərlərdən hansı "bestseller" olub dünya üzrə, kinolar hansı beynəlxalq mükafatları alıb.. heç bir. Bəli, heç bir.

Bu gün isə xəbər saytlarının birində,  Xocalıdan qaçan zaman əsir düşmüş bir xanımın başına gələnləri bircə bircə danışdığı məqalə qarşıma çıxdı. Qanım dondu. Onun həyatı heç də "Leyla" əsərindəki əsir qadınların həyatından fərqli deyil.. O canlı şahiddir. O bu gün danışır, yazır, işləyir, övlad böyüdür. 
Jurnalist Vüsalə Məmmədovanın lent.az saytı üçün hazırladığı o real həyat hekayəsini bura yerləşdirirəm. Sadəcə oxuyun.. Başa düşün.. Dərk edin..


ƏSİRLİKDƏ 8 GÜN... 

p.s. yazı jurnalistin dilindən yazılıb

Mesaj aldım. Məni Buzovnaya görüşə dəvət edirdi: “Heç vaxt bacım olmayıb ürəyimi boşaldım. Səni bacım bilib, iyirmi iki ildir içimdə yığılan nə varsa, hamısını danışacam. İstədiyini yazarsan, istəmədiyini isə bacının sirri kimi qoruyub saxlayarsan... Amma bil ki, sənə bütün sandıqlarımı açacam... Bizim insanlar kobuddur, əsirlikdə olduğumu bilənlər hamısı birinci soruşur ki, “orda sənə neylədilər”. Bu vaxtacan o qədər günaha batıb yalandan and içmişəm ki... Allah keçsin günahımdan, amma artıq gizlətmək istəmirəm... Daha içimdə saxlamaq istəmirəm...”

Şənbə günü səhər tezdən onun verdiyi ünvana yollanıram. Təkəm, fotoqrafımız Fəxrəddin Buzovnada yaşadığından bir azdan gələcək. Məni gülər üzlü, şirin dilli bir xanım qarşılayır. Bu, 20 yaşında 8 gün erməni əsirliyində olan Xocalı sakini Dürdanə Ağayevadır. Fotoqrafımızın gələcəyini biləndə “Tez çəkib getsin, onun yanında hər şeyi danışa bilməyəcəm. İkimiz olaq” - deyir.

Dolabdan mavi üzlü bir dəftər götürüb gətirir:

- Gecələr yuxum qaçanda oturub hər şeyi burda yazıram. Danışmağa dilim gəlməyən hər şeyi... Gizlətməyə haqqım yoxdu. Mən erməni təpiyinin altından diri çıxan adamam. Bəlkə hər şeyi danışdığıma görə məni qınayacaqlar, amma gizlətsəm mənim başıma gələnlər balalarımızın da başına gələcək. Mənim gördüklərimi Xocalıdan meşə ilə qaçıb canını qurtara bilən adamlar görməyib. Onlar müharibəni görüb, amma ermənini görməyiblər. Ermənini görən adamın gizlətməyə haqqı yoxdur. O hadisələri olduğu kimi danışmayan insanlar haqsızdır... Mənim heç anonim danışmağa da haqqım yoxdur.
Balalarımız həqiqəti bilməli, düşməni tanımalıdırlar. Düşmənə qalib gəlmək üçün onu yaxşı tanımaq lazımdır.

Fotoqrafımız Fəxri şəkilləri çəkib gedən kimi qapını arxadan möhkəm bağlayıb, söhbətə başlayırıq.

70-ci illərin əvvəllərində Ağdamın Seyidli kəndindən Allahverdi adlı bir gənc Xocalıdan sevib-seçdiyi Nübarla evlənir. Nübar ailənin tək qızı olduğundan valideynlərini tək qoyub Ağdama gələ bilmir. Belə olanda gənclər həyata Xocalıda, Nübarın valideynlərinin yanında davam etməyi qərara alırlar. 1972-ci ildə ailənin ilk sevinci dünyaya gəlir. Allahverdi gah “anam”, gah da “bacım” dediyi qızına Dürdanə adını verir.

“Ayağı uğurludur, özündən sonra üç qardaşı doğuldu” deyirlər.

Həyat 1985-ci ilə qədər belə uğurlu, sevincli və şən keçir. Allahverdinin vəfatı 13 yaşlı yeniyetmə Dürdanənin kədərlə, itki ilə ilk tanışlığı idi...

Ailəyə kömək edən babası 90-cı ildə rəhmətə gedəndə evin bütün yükü anasının üstünə düşür. Dürdanə məktəbi bitirən kimi tikiş sexində, altı aydan sonra isə rabitəçi kimi işə başlayır. Burda iş daha yaxşı idi, həm maaş bir az artıq idi, həm də növbəli iş olduğundan gecələr işləyəndə gündüzləri evdə olub torpağı əkib-becərməkdə anasına kömək edirdi. Qardaşları hələ lap uşaq idilər, anası ilə əl-ələ verib onları böyütməli idi...

- Anam torpağı əkib-becərib, aparıb tərəvəz satıb, bizi o pulla saxlayıb. Ona görə də ali təhsilim yoxdu, məktəbi bitirən kimi, 16 yaşımdan başladım işləməyə ki, anama kömək ola bilim. Köməyi yox idi, həmişə deyirdi ki, Dürdanə mənim oğlumdur. Hamıya əri dayaq olur, mənə isə Dürdanə. Hər ay maaşını gətirib mənə verir...

Ailənin ağır günləri bitməmiş, Xocalının ağır günləri başlayır:

- Yaşadığım bütün dəhşətlərə rəğmən fəxr eləyirəm ki, necə atam öləndə anama arxa olub, onunla çiyin-çiyinə qardaşlarımı böyütməyə kömək elədimsə, müharibə də başlayanda qardaşım səngərdə döyüşəndə, mən də öz rabitəçi kabinəmdə oturmuşam. Xocalının mühasirədə olduğu bir vaxtda mən də hərbçi kimi xidmət eləmişəm. Biz ailəlikcə xidmət eləmişik. Anam da Aqil Quliyevin dəstəsində olan əsgərlərə yemək bişirirdi. Deyirdi ki, o uşaqlar üçün əlimdən nə gəlirsə eləməliyəm. Onlar öz analarının yanından gəlib bizi qoruyurlarsa, deməli bu müddətə onlar həm də bizim oğlumuzdular. Özüm bişirim, ürəyimə yatsın ki, yaxşı yedilər. Qardaşım Elşad böyümüşdü, 19 yaşı var idi. Əsgərlərlə postda dayanırdı. Ondan kiçik qardaşlarımı isə anam hərbi hissəyə göndərirdi ki, gedin əsgərlərin çirkli paltarlarını gətirin yuyum. İşdən gəlirdim ki, həyətdə bütün məftillərin üstü doludur əsgər “buşlat”ı ilə. Onu nə zülmlə yuyurdu qadın... Xocalı blokadada idi, mağazalara heç yerdən  mal gəlmirdi, yuyucu toz da tapılmırdı... Yuya-yuya deyirdi ki, bizə görə uşaqlar evlərindən uzaq düşüblər, çirkli olar, canları qaşınar, analarının gözünə yuxu getməz.

Xocalı blokadada idi. Ağdamdan helikopterlə nə isə gəldi, gəldi. Gəlmədisə... Gələndə də çox vaxt elə helikopter yerə enə bilmirdi. Təhlükəli idi, hər an ermənilər vura bilərdilər:

- Neçə dəfə olmuşdu ki, Ağdamdan bizə çörək gətirən helikopter enə bilməmişdi, elə göydən kisələrlə çörəyi yerə səpələyib qayıtmışdı. Bir tərəfdən atəş səsi, o biri tərəfdən helikopterin uğultusu, küləyi, o küləyin havaya qaldırdığı toz, bir tərəfdən də göydən səpələnən Ağdamın zavod çörəyi... Adamlar helikopterin onları silkələyən, uçuran küləyinin altında dayanıb göydən düşən çörəyi havada tutmağa çalışırdılar... Son aylarımızı elə yaşamışıq...

Bu müddət ərzində Xocalının işığı yox idi. Hamı xəbəri rabitəçilərdən gözləyirdi:

- Xocalı telefon qovşağının rəisi Cavid Əliyev böyük, ağ-qara bir televizor tapıb poçtun həyətinə qoyub, poçtdan elektrik çəkmişdi. Bütün kənd ağsaqqalları yığışıb AzTV-nin “Xəbərlər”ini gözləyirdi ki, görək bizə nə vaxt kömək göndərəcəklər...

Faciənin baş verdiyi günə qədərki həyatlarından qısa xatirələri danışa-danışa gəlib çıxırıq o günə:

- Sadə kənd qızı idim. Uzun, qalın hörüklərim var idi. Anam darayıb hörür, ucuna qara rezin vururdu. Həmin gün səhər növbəmi həmkarım Gülbahara təhvil verib evə gəlib, yatdım. Yuxudan oyananda yenə anam saçlarımı darayıb hördü. Nazik qırmızı paltarım var idi, onu geyindim. Ayağım yalın idi, kolqotka da geyinməmişdim. Qazımız gəlirdi, evlər isti idi. Atışma düşəndə axşam evdə oturmuşduq...

- Hamınız evdə idiz?

- Mən, anam, nənəm, bir də iki kiçik qardaşım. Böyük qardaşım postda idi. O vaxt 15 yaşından yuxarı uşaqların hamısı posta çıxırdı. İndi 15 yaşlılar uşaqdılar, onları isə müharibə tez böyütmüşdü. Qonşuda Teyyub dayı var idi, kişisiz ev idi deyə atışma düşən kimi birinci çıxıb bizi çağırırdı: “Ay Nübar, uşaqları da götür gəl bizim zirzəmiyə”.

Atışmaya öyrəşmişdik, hər axşam olurdu. Amma bu başqa idi, bu dəfə evlər silkələnirdi. Teyyub dayı çağıranda tez üstdən ağ rəngli gödəkçəm var idi, onu geyinib, altı düz uzunboğaz çəkməmi yalın ayağıma çəkdim ki, bir azdan qayıdacam, anamgillə qaçdım onların zirzəmisinə. Qonşumuz Şərqiyə xala qızı İradə ilə hardasa 11-in yarısına kimi zirzəmidə oturub sonra dedilər daha sakitlikdi, duraq gedək evimizə.

Ermənilər tələ qurmuşdular, atmırdılar ki, camaat arxayın olub yatsın. Qəfil başladılar. Erməni aeroportu alır, biz hələ zirzəmidə gözləyirik ki, ara sakitləşsin, qayıdaq evə. Qonşuda Məhəmməd dayı var idi, onun da arvad-uşağı bizimlə idi. Qəfil qapını açdı ki, “Ay bədbəxtlər, burda niyə yığılmısız? Camaat meşəni keçir”. Zirzəmidən çıxmaq istəyəndə gördük hər yan qıpqırmızıdı... Qırmızı güllələr qaranlıq səmada işıq saçırdı. Hər yan qan kimi idi. Güllənin qırmızı işığı elə düşürdü ki, adam vahimələnirdi. Zirzəmidən sürünə-sürünə çıxıb üz tutduq meşəyə tərəf...

- Evdən qızıl, pul götürə bilmədiz?

- Heç nə. Amma nənəmin pul kisəsi həmişə boynundan asılı olurdu. Mənimsə çantam əlimdə idi, bir yerə çıxanda onu özümlə götürürdüm, zirzəmiyə gedəndə də yanımda idi.

- İçində nə var idi?

- Pasportum, ana nənəmin hədiyyəsi olan qızıl saatım, qızıl sırğalarım və nazik qızıl boyunbağım. Qonşu qız mənə qırmızı rəngli bir pomada vermişdi, çəkməyə qorxurdum ki, birdən deyərlər buna bax, Nubarın qızı pomada çəkir. Kənd yeri idi, utanırdım. Amma çəkməsəm də, həmişə çantamda saxlayırdım. Bir də, blokadada olduğumuza görə maaşı xərcləməyə yer yox idi, yığırdım. Hardasa iki minəcən pulum var idi, o da çantamda idi. Çantamın qulpu da uzun idi, poçtalyon kimi boynuma asıb, qabağımda saxlamışdım. Meşədə də sürünəndə qarşıma patron çıxdıqca doldururdum çantama ki, birdən qabaqda bizimkilərdən əli silahlı gördüm, onlara verim... Qaça bildiyimiz yerdə qaçır, atışma çox olduğu yerdə isə sürünürdük. Orda yerimək mümkün deyildi, güllə başının üstündən keçirdi. Ancaq uzanıqlı, qarın içi ilə sürünə bilərdin. Birdən topuğumdan güllə dəydi... Qaça bilmirdim, sürünmək də çətinləşdi... Sonrasını xatırlamıram. Gənc idim, bəlkə qorxudan huşumu itirmişəm, bilmirəm. Bir də gözümü açdım ki, hər yer qan, cır-cındır, pal-paltar, ağacın budağından, kollardan parçalar asılıb qalıb. Camaatın əynindən cırılıb çıxıb. Kimsə qaçanda ətəyi ayağına dolaşıb, cırıb atıb, qaçıb... Hər yana körpə meyitləri səpələnib, kişi meyitləri saysız-hesabsız...

- Səhər açılmışdı, yoxsa hələ gecə idi?

- Yaralananda gecə idi, amma özümə gələndə artıq səhər açılmışdı. Təxminən səhər saat 8-9 radələri olardı.

- Harda idiz?

- Qara Qayanın üstündə, şumluqda... Oracan sürünüb gəlmişdik. Ağdamın Şelli kəndinə ayaqla on dəqiqəlik yol qalmışdı. Bizim taleyimizi bir neçə dəqiqə həll elədi. Sağa-sola baxdım ki, yanımda heç kim yoxdu. Amma arxadan Valeh Səadətlə gəlir.

- Onlar kim idi?

- Valeh bizim kəndçi idi, toylarda gitara çalırdı. Təzə evlənmişdi, yoldaşı Səadət hamilə idi, iki aya ana olacaqdı. Gözümün qabağında güllə Səadətin düz qarnından dəydi. Sonra ard-arda neçə yerindən dəydi, o gülləbaranın altında Valeh əllərini necə başına çırpıb “Səadət” deyib qışqırırdı. Elə bil havalanmışdı.

- Neçə yaşları olardı?

- Səadət məndən bir yaş kiçik idi, 19 yaşı var idi. Valehsə hardasa 3 yaş məndən böyük olardı. Sürünüb getdim ona tərəf, dedim “Valeh, qorxma, qışqırma, sağalar”. O isə məni eşitmirdi. Mən öldüyünü bilmirəm, dirənmişəm ki, yaxşı olacaq. Valeh başına döyə-döyə dedi ki, “Səadət öldü, Səadət getdi”...
Ay Allah! Onun ailəsi yanında öldü, bəs mənimkilər hanı? Sağa-sola baxıram, gözlərim hədəqəsindən çıxır ki, anam yox, qardaşlarım yox, nənəm yox. Heç kim yox! Hanı bunlar? Güllə yağış kimi yağırdı, bir az sürünüb yaxınlıqdakı xəndəyin içinə düşdüm. Xəndək səngər kimi idi...

- O səngəri kim qazmışdı?

- Sadəcə şumluq idi, düzəngah idi. İnsanlar güllədən ora ilə sürünə-sürünə qaçmışdılar, eləcə orda yer açmışdılar. Yəni bir az da aşağıdan sürünüm, güllədən gizlənim deyən insanların bədəni qazmışdı o xəndəyi. Mən o xəndəkdən başımı qaldırıb başladım hər tərəfə baxmağa ki, bəlkə bizimkilərdən kimisə tapam. Elə bu vaxt bir az qabaqdakı balaca çalada məndən kiçik qardaşımı gördüm. Bədəni qan içində, çalaya söykənmişdi, üz-gözü palçığa batmışdı.

- Sağ idi?

- Güllə sağ böyrəyindən dəyib yaralamışdı.

- Valeh necə oldu?

- O yazıq da daha ölmüş arvadına keşik çəkəcək halda deyildi, arxamca sürünüb gəlib mən düşən xəndəyə düşmüşdü. Bir də Qamboy adlı bir kişi var idi, Xocalıya Xankəndindən gələnlərdən idi, o 5 yaşlı oğlu ilə sürünüb gəlirdi. Gəlib Valehə çatdı, hamımız xəndəyin içində cərgə ilə düzülmüşük. Qardaşım, arxada mən, məndən sonra Valeh, axırda da Qamboy oğlu ilə. Başımızı qoruyuruq ki, güllə dəyməsin. Bu vaxt səs gəldi: “Qalxın ayağa!” Erməni səsi idi. O an nə hiss elədiyini söz ilə deyə bilməzsən, adam havalanır, özünü yuxuda hiss eləyir. Deyirsən “Bu həqiqət ola bilməz”.

Dürdanə pıçıldayaraq qardaşına “Elşad, bizi tutacaqlar”, - deyir. Bu vaxt səs yenə gəlir:

- Qalxın, təslim olun, qorxmayın, sizi öldürməyəcəyik!

Elşad: Qalxmayaq!

Valeh: Çarəmiz yoxdu... Burdan o yanası yoxdu... Bizimki bura qədərmiş...

Dürdanə: Elşad, yüz faiz bizi öldürəcəklər. Ya burda öldük, ya orda. Nə fərqi var?

Elşad: Qalxın ayağa...! Valeh qalxdısa, hamımız qalxmalıyıq. Biri qalxsa biləcəklər ki, yanında da adam var. Gəlib bizi qıracaqlar.

Bu günə kimi müharibədə əsir düşənlərin düşmənə necə təslim olduğunu filmlərdə çox görmüşdülər. Eynən o cür – çarəsiz, ümidsiz və səssiz halda ayağa qalxıb, əllərini boyunlarının arxasına qoyurlar...

- Bizi qabaqlarına salıb hardasa 3-4 kilometr yol apardılar.

- Yaralı halınızla?

- Elşadla mən yaralı idik, Valeh ilə Qamboy isə yaralı deyildi.

- Bəs 5 yaşlı körpə o yolu necə getdi?

- Atasının belində. İndi o uşağın hardasa 28 yaşı olar, böyük kişidi...

- O 3-4 kilometr yol hara aparırdı?

- Əsgərana. O yolu necə getdik... Can çox şirin şeydi, insan həm canından, həm də başına gələcəklərdən qorxur. Biz gedirik, ermənilər də avtomatın qundağı ilə arxadan vura-vura, söyə-söyə... Bizi nalayiq, dilə alınması mümkün olmayan sözlərlə söyürdülər. Qardaşımın, o iki yad kişinin yanında indiyəcən eşitmədiyim sözləri eşidib ölüb yerə girirdim. Söyüb, döyüb, təpikləyib aparırdılar. Qardaşıma arxadan elə təpik vurdular, tamam palçığın içinə yatdı... Qar, palçıq dizdən idi... Ayağımız haracan qara, palçığa batır, təzədən əlimizlə ayağımızı dartıb çıxardır, yola davam edirdik. Qardaşımın belinə neçə dəfə təpiklə vurmuşdular, ağ gödəkçəsi var idi, yarısı qan idi, yarısı palçıq. Biri də mənə deyirdi ki, “Sənin otunu, suyunu özüm verəcəm”.

- Sizi tutanların təxminən neçə yaşı olardı?

- Mənə elə deyənin hardasa 25 yaşı olardı, cavan adamlar idi. Bu cür gəlib çatdıq Əsgərana. Bayaqdan o gəldiyimiz yol nə imiş? Erməni arvadları necə töküldülər üstümüzə... İnan, əllərinə icazə verilsəydi, onlar bizi ordaca didərdilər, boğardılar. Bax, o arvadlar bizə hücum edəndə, ölümümü aldım gözümün qabağına. Əsgərandakı ermənilər bizə lap nifrət eləyirdilər. Xocalıdan çox adam əsir düşdü, amma onların hamısının başına bizimki qədər müsibət gəlmədi.

- Hara aparılmağınızdan asılı idi?

- Erməni kəndlərinə aparılanların qızılların, pulların əllərindən alıb buraxmışdılar. Bizi isə... Bizi çox pis bir yerə apardılar. Gör üstündən neçə il keçib, amma o günlərin bir saniyəsi belə yadımdan çıxmayıb. O gün Facebookda kimsə erməni milli qəhrəmanlarının şəklini paylaşmışdı. Qəfil gözüm sataşdı, elə bil məni tok vurdu. Dilim tutuldu, nəfəsim kəsildi... Fərqinə vara bilmədim ki, artıq azadlıqdayam, elə bildim yenə həmin vaxtlardı...

- Şəkildəki kim idi?

- Əsgəranda Karo adlı bir şərəfsiz var idi, azərbaycanlıların qənimi idi. O vaxt onu görəndə necə havalanırdımsa, şəklini görəndə yenə o hala düşdüm. Onun mənə verdiyi zülmlər dillə deyiləsi deyil. Döymək nədir ki? Əsir döyülər də, söyülər də... Nə isə, Karo haqda sənə ayrıca danışacam. İndi onu deyim ki, bizi erməni arvadların əlindən alıb gətirdilər polis şöbəsinə, “KPZ”-yə. Pilləkənlə türmənin zirzəmisinə enib içəri girəndə gördük yalan olmasın, Xocalının yarısı burdadır. Qız, gəlin qarışıb bir-birinə.

- Təxminən nə qədər adam olardı?

- Hardasa əlliyə qədər qadın var idi.

- Ümumi say neçə idi?

- Ümumi çox idi. Bizi orda sorğu suala tutub, siyahıya aldılar. Qeydiyyat apardıqları otaq yaxşı isti idi, soba yanırdı. Orda çantamı aldılar. Erməni əlini çantamın içinə salıb ovucla patron çıxardanda “Ay qancıq, sən bizə güllə atmısan” deyib ovcundakı patronları necə zərblə üzümə çırpdısa, heç ayağıma güllə dəyəndə elə möhkəm ağrıtmamışdı... Siyahıya alandan sonra bizi dəhlizlə aparıb bir dəmir qapını açdılar, dedilər girin bura.

- Qardaşınız yanınızda idi?

- Yox, qadınları kişilərdən ayrı saxlayırdılar. Qardaşımı, Valehi və Qamboyu uşağı ilə başqa kameraya apardılar, mən qaldım qadınların yanında. Kamera dar, qaranlıq yer idi. Yuxarıdan böyük, şüşəsiz pəncərələri var idi, külək qarı, yağışı içəri vurmuşdu, hər yan su, nəmişlik idi. Biz hamımız o suyun, betonun üstündə ət-ətə oturduq. Qara günümüz o kamerada başladı. Bir də o vaxt bizim kişilərin “saxladığı” erməni qadınlar da orda idi, guya əsir düşüblər.

- Onlar Xocalıda neyləyirdilər? Çıxıb getməmişdilər?

- Yox. Sənədlərini dəyişib müsəlman adı ilə qalmışdılar. Ermənilər gətirib onların altına döşək saldılar, çörək verdilər. Bizim körpələrsə acından ağlaşır...

- Uşaq çox idi?

- Xeyli uşaq var idi.

- Yaralılara yardım eləyən yox idi?

- Qətiyyən! Xocalıda kitab mağazasının satıcısı var idi, adı Vaqif idi. Onu gətirib atdılar qadınların içinə. Artıq döyülməyə halı yox idi, ölü kimi idi. Erməni dedi bu onsuzda öləcək. Bunu buraxacağıq, sizinkilərdən alacağımız var, bununla dəyişəcəyik.

- Vaqif yaralı idi?

- Bilmədim onun yanında partlayış olub, ya nə... Bədənində salamat yer yox idi. Bütün bədən deşik-deşik idi. Elə bil aşsüzən idi. Dərisində bir millimetrlik sağlam yer tapmazdın. Onu gətirib uzatdılar bizim ortamıza. Qadınlar yığışdı başına, hamı istəyirdi nə isə kömək eləsin. Ayaq tərəfi mənə düşmüşdü. Ayaqlarına qan işləmirdi, donurdu, cütləyib basdım sinəmə. Ayağındakı baş barmaqlarını ağzıma salıb başladım hava verməyə. Ovxalayıb, qızışdırmağa çalışırdım. Mən nəfəsimlə qızdırmağa çalışırdım, o isə zarıyırdı ki, “Barmağımı sıx, barmağımı...”

- O qadınların içində ananız, nənəniz yox idi?

- Yox, amma orda bir kəndçimiz dedi “Dürdanə, ananı gördüm, güllə dəydi, öldü”. Soruşdum yaralandı, yoxsa öldü? Dedi yox, yıxıldı, öldü. Artıq anamın öldüyünü bilirəm, böyük qardaşım mənimlə əsir düşüb, amma iki kiçik qardaşınla nənəmdən xəbərim yoxdu. Divarın o üzündə isə kişiləri elə döyürlər ki, bağırtıları allahın yanına gedir. Kişilər elə qışqırır adamın tükləri qabarır. Qadının qışqırması başqa, bu çığırtıdır. Amma kişilərin əzab çəkərkən bağırması dəhşətliymiş.

Əsirlikdə ilk günün birinci yarısı belə keçdi. Günorta qapı açıldı, çox iyrənc bir vedrə ilə su gətirib hərəyə yarım stəkan verdilər. Nə qonşu kameradan gələn kişilərin bağırtısı, nə də qadınların arasında ölü kimi uzanılı qalan Vaqifin zarıltısı kəsmirdi. Axşam düşdü, hava qaraldı, qapı yenə açıldı...

Artıq qapı yarım saatdan bir açılmağa başladı...

- Hər qapı açılanda 2-3 qadını aparıb-gətirirdilər...

- Yaşına fikir verirdilər?

- Onlar üçün fərqi yox idi.

- Yaşlı qadınları da aparırdılar?

- O qədər də yaşlıları aparmırdılar. Əllərində fənər var idi. Qadınların saçlarından tutub başlarını qaldırır, üzlərinə baxır, görəndə cavandı, aparırdılar. Yəni əsasən cavanları seçirdilər...

Divarın o üzündəki kişilərin bağırtısı altında qadınların kameradan aparılıb-gətirilməsi əsirləri daha çox təşvişə salmışdı. Çarəsiz qadınlar nəyin bahasına olursa-olsun, aparılanlardan olmaq istəmirdilər. Aparılanların niyə aparıldığını hamı bilirdi, amma hara aparıldıqlarını heç kim bilmirdi. Divarın o üzündən gələn bağırtını hamı öz atasının, qardaşının, ərinin, oğlunun səsinə bənzədirdi... Kişilərin bağırtısı təcavüzə məruz qalan qadınların səsini batırırdı... Sanki çarəsiz kişilər zorlanan qadınların da yerinə bağırırdılar...

Əsgəran Polis şöbəsinin zirzəmisindəki dar, qaranlıq, rütubətli kamerasında ət-ətə oturub üzlərini bir-birindən, hətta qucaqlarındakı körpələrindən də gizlətməyə çalışan əsirlərin arasında Məleykə adlı yaşlı bir qadın var idi. Oğlu qonşu kamerada var gücü ilə bağıran kişilərin arasında idi Məleykə xalanın. İnsanın nəfəsi daralan bu kamerada çiyin-çiyinə oturduğu Dürdanənin dilsiz kədəri onu oğlunun kəsilmək bilməyən bağırtısından çox sarsıdırdı. Axı bu cılız, cansız qızcığaz onun gözünün qabağında böyümüşdü. Axı yeddi ildir onun anası ilə bərabər necə ailə saxladığının, yıxılmamaq üçün göstərdiyi bütün çabaların şahidi olmuşdu. Axı anası Nübar arvadın Dürdanənin toyu üçün qurduğu xəyallarından xəbəri var idi Məleykə xalanın… Axı o da bir oğul anası idi… Dürdanənin burda, bu şəraitdə, əsirlikdə, erməni əlində… Yox, bütün bunları Məleykə xala Dürdanəyə rəva görmürdü…

Yaşlı qadın cəld hərəkətlə başına bağladığı şalı açıb bir göz qırpımında ortadan ikiyə böldü. Əlini atıb yanında qorxudanmı, soyuqdanmı tir-tir əsən Dürdanənin uzun, qalın, qara və palçığa bulanmış saçlarını qarışdırdı. Dürdanə hələ heç nəyi başa düşmürdü. Məleykə xala şalından cırdığı o hissəni Dürdanənin başına bağlayıb yaşlı qadınlar sayağı tırna vurdu. Başını iki əlinin arasına alıb baxdı, alınmamışdı…

Bu vaxt o əlini ayağının altına aparıb ayaqqabısının altındakı palçığı sivirib gənc qızın hamar üzünə, alnına çəkdi. Sonra bir də iki əli ilə onun başını tutub baxdı. Deyəsən, bu dəfə alınmışdı. Dürdanənin gəncliyini palçıqla gizlətmək mümkün olmuşdu. Amma Məleykə xala yenə əmin deyildi. Buna görə də hər dəfə qapı açılanda bir göz qırpımında cansız qızcığazın boynunun dalından tutub aşağı basır, başına ətəyinin altında gizlədirdi. Hər dəfəsində də eyni sözü pıçıldayırdı:

- Burda dur, tərpənmə!

Qəhrəmanlıq təkcə əlinə silah alıb döyüşmək deyil. Yaşlı qadının gücü ancaq bir nəfəri qorumağa çatırdı, amma bu da az deyildi...

- Məleykə xala orda məni bacardığı qədər qorudu. O mənim içimdəki səsi eşidir, nədən qorxduğumu bilirdi... Mən ölənə qədər onun əllərindən öpmüşəm...

- Yarım saatdan bir aparıb-gətirdikləri qadınlar...

- Bəzilərini yarım saat, bəzilərini isə 20 dəqiqəyəcən saxlayırdılar. Eləsi var idi lap tez gətirirdilər...

- Kameraya qayıdanda nə halda olurdular?

- Onlar apardıqları qadını döymürdülər, incitmirdilər... Sadəcə ləkələmək xatirinə aparırdılar. Bir dəfə orda mənə dedilər ki, “hər türk qadınının gözündən axan bir damla yaş bizim üçün bayramdır. Çünki sizin kişilər illərlə bizim qadınları özlərinə məşuqə eləyib, erməni qadınlarını çox oynadıblar. İndi onların qisasını sizdən alacağıq. Yetərincə də aldıq...”
Ermənilər bizi yaxşı tanıyırdı. Bilirdilər ki, bizə verdikləri istənilən fiziki işgəncənin ağrısını sabah unudacağıq. Amma bu ləkə təmizlənməyəcək. Bu ləkə ilə dünya bizə dar olacaq. Həyatımız məhv olacaq. Gələcəyimiz olmayacaq. Erməni bilirdi ki, bizim qız üçün namusunun ləkələnməsi ölümdən betərdi... Bilirdi ki, bizim insanın əsas yaralayan nədir... Bilirdi ki, güllə yarası sağalacaq, amma namus yarası yox.

- Qadınların hamısını apardılar?

- Yox, elə qapı açılanda qabaqda əllərinə kim keçirdi, gözlərinə kim xoş gəlirdisə, aparırdılar.

- Bəs o “döşək üstdə oturan əsirlər” neynirdi?

- Elə birinci onları apardılar... Sənə bir nəfərdən də danışım. O qadını mən ömrümün sonuna qədər unutmayacam...
Adı deyəsən Ceyran idi... Dedilər Gürcüstan azərbaycanlısıdır. Necə olmuşdusa, Xocalıya gəlmişdi. Ya ərini ora işə göndərmişdilər, ya da kiminsə qonağı idilər... Bilmirəm, nə isə ki, o Xocalı adamı deyildi, bizdən deyildi. Bircə onu bilirəm ki, gürcüstanlı idi. Qəşəng, səliqəli geyimdə, yubkada, koftada, ayağında ev başmağı, başını sadə yaylıqla arxadan bağlamışdı, qabaqdan da qısa saçları üzünə tökülmüşdü, yupyumru, ağ, girdəsifət bir qadın idi. Çox gözəl idi, çox...

- Yaralı idi?

- Yox, dedi bizi evdən tutub gətiriblər. Yoldaşı da kişilərin arasında idi. Hələ qadınları “aparmamış” birinci onu gətirən erməni gəldi, axtarıb tapdı, götürüb apardı.

- Hara?

- Bilmədik. O qadın nə dəyişilmədi, nə sonradan gəlib çıxmadı. Nə də sonra orda ona rast gəlmədik... Xocalı sakini olmadığından heç bir siyahıda da adı yoxdur. Onun bu həyatda nə izi qaldı, nə tozu. Gözəlliyinin qurbanı oldu yazıq... Onun gözəlliyi mənim yadımdan çıxmır.

- Neçə yaşı olardı?

- Hardasa 27-28.

- Erməni onu aparanda heç nə demədi?

- Yox, elə gəldi bir-bir fənəri sifətlərə tutub onu axtardı. Tapdı, götürüb apardı.

- O sizin aranızda nə qədər qaldı?

- Hardasa beş-altı saat. Demək, onu hələ gətirəndə gözaltı eləyiblər. O gözəllikdə qadın ilim-ilim itdi...
Sonra bir qadın da var idi, indi adını yadıma sala bilmirəm. Böyük oğlanları yoldaşı ilə kişilərin arasında idi, azyaşlılar isə onunla idi...

Ermənilər körpələrin ən kiçiyini döyəndə anası dayana bilməyib özünü irəli atır:

- Onu vurma!

- Niyə? Olmaya matahdı?

- Bu gün ad günüdü... Döymə...

- Belə de...! Bəs bunu bayaqdan de uşağa hədiyyə verək! Ey, türk küçüyü! Əlini divara qoy! Üstünü divara söykə, ovcunu mənə göstər!

Qorxudan saralan körpə döyülməmək üçün ona deyiləni edir. Erməni cibindən çıxardığı tapança ilə uşağın düz ovcunun ortasından atəş açır:

- Bu da sənə ad günü hədiyyəsi! Bu deşiyi həmişə ovcunda gəzdirərsən!

Qapı çırpıldı...

- Uşağın neçə yaşı olardı?

- Hardasa 5 yaşı olardı... Çox balaca idi...

- Qadının neçə uşağı var idi?

- Beş. Üçü yanında idi, 21-22 yaşlı oğlanlarını isə ataları ilə bir yerdə əsir götürmüşdülər. Onları evlərindən tutub gətirmişdilər. Sonra dedilər onun böyük oğlanlarını güllələyiblər, ərini də asıblar. İndi o əlindən güllələnən körpə yekə kişidi, Qobustanda yaşayır.

Kamera həm divarın o üzündən gələn kişi bağırtıları ilə, həm ac, yaralı körpələrin ağlaması ilə, həm də kameranın ortasına atılmış yaralı Vaqifin zarıltısı ilə çalxalanırdı. Qaranlıq düşdü. Lənətə gəlmiş qapı yenə açıldı. Bu dəfə ermənilər yerdə meyit kimi uzanıb canı ilə əlləşən, bununla belə kameraya dolmuş səssiz təlaşın, canlara darışmış vəlvələnin fərqində olan, divarın o üzündən gələn və kəsmək bilməyən kişi bağırtılarının altında güclə eşidiləcək səslə zarıldayıb “Qızlar, onsuz da mən öləcəm, özünüzü fikirləşin” deyən Vaqifi götürüb apardılar...

- Hara aparırdılar?

- Dedilər aparırıq dəyişək. Doğrudan da onu qaytarmışdılar. Sonralar mən Elman müəllimin yanında makinaçı işləyəndə gəlib orda mənim əllərimdən öpmüşdü.

- Yaşayırdı?

- Möcüzə idi, amma yaşayırdı. Allah istəyəndə hər yerdə saxlayır.

- Vaqif sizinlə nə qədər qaldı?

- Heç bir gün qalmadı... Amma o kişi nə qədər əziyyət çəkdi. Kaş ki, bu mobil telefonlar o vaxt olardı... Amma yox! Yox! Xoşbəxtlikdən o vaxt telefon olmayıb. Yoxsa onlar elə şeyləri çəkib yayardılar ki... Başa düşürsən nələri deyirəm... O bizə ölümdən də betər olardı...

Gecə düşdü. Qapı yenə açıldı:

- Uşaqlı qadınlar gəlsin! Dəyişməyə aparırıq! Qabağa gəlin!

Bir azdan qapı yenə açıldı:

- Yaralılar, tez olun! Sizi dəyişirik! Kameranın küncünə çəkilməyin, adam boşaldıqca qabağa gəlin!

Qapı yenə açıldı:

- Yaşlılar! Qocalar! Kaftarlar!

Söyə-söyə, təhqir eləyə-eləyə qadınları 4-4, 5-5 aparırdılar. Gecə saat 2-3 olardı ki, kamera tamam boşaldı. Bütün qadınlar azad edilmişdi. Amma təkcə qadınlar! Çünki divarın o üzündəki kişilərin tükürpədici bağırtısı kəsilmək bilmirdi...

- Axı siz də yaralı idiz, sizi aparmadılar?

- Adamlar boşaldıqca erməni deyirdi bir az qabağa gəlin. Biz qabağa gedirdik. Qapı içəri açılırdı, mən keçib dayandım qapının dalında. Hamı çıxırdı, çıxa bilərdim, bilirdim ki, adamları dəyişirlər. Amma çıxmadım.

- Niyə?

- Atam-anam ölmüşdü. Valideynlərimdən mənə əmanət qalan qardaşlarımın ikisindən xəbərim yox idi. Kim bilir, bəlkə artıq həyatda Elşaddan başqa heç kimim qalmamışdı... Onu orda qoyub qayıda bilməzdim. Həyatda tək bir qardaşım qalıb, ona da divarın o üzündə işgəncə verirlər, bağırtısı gəlir... Onu qoyub hara gedərdim, necə qayıdardım? O anda qərar verdim ki, Elşad ölsə onunla ölməli, qalsa onunla qalmalıyam!

- Məleykə xala gedəndə sizi özü ilə aparmadı?

- Mən artıq qərara gəlmişdim. Apara bilməzdi...

Bayaqdan insan nəfəsi ilə, göz yaşı ilə, uşaq ağlaması, qorxu, həyəcan, dəhşət, təşvişlə qızınan kamera indi təklikdə daha da bumbuz olmuşdu. Yalın ayaqlarında uzunboğaz çəkməsi, xoşbəxt günlərindən özü ilə gətirdiyi qırmızı paltarı, artıq rəngini dəyişmək üzrə olan ağ gödəkçəsi onu qızdırmaq iqtidarında deyildi. Daha bundan sonra Məleykə xalanın şalının cırığı da onu çətin qoruyardı...

- Saat keçmək bilmir, nə qorxudan yuxun gəlir, nə də acırsan. Amma adam çoxlu susayır. Təxminən iki-üç saata hava işıqlandı, səhər açıldı. Mən dizlərimi qucaqlayıb, çənəmi dizimə söykəyib kameranın bir küncündə oturmuşdum. Və dəmir qapı yenə açıldı... Əlində süpürgə olan qara geyimli qoca bir kişi erməni qadınları üçün gətirilən döşəkləri aparmağa gəldi. Onda məni görüb əlindəki süpürgə ilə üstümə cumdu. Gah süpürgənin sapı ilə, gah da təpiyi ilə məni döyməyə başladı. Onun səsinə 5-6 erməni də tökülüb gəldi. Hamısı da saçlı-saqqallı, qara geyimli... Məni o qədər döydülər ki...

- O vaxta qədər döymüşdülər?

- 24 saat idi əsirlikdə idim, ilk dəfə idi döyülürdüm. Hələ o vaxta qədər mənə əl vurulmamışdı.

- Nə ilə döyürdülər?

- Dubinka, təpik, taxta qırığı, əllərinə nə keçdi götürüb döyürdülər. Onlar üçün qarşılarındakının cansız qız olmağının fərqi yox idi. Onlar döyür, mənsə qışqırırdım. Sanki birdən ayıldım. Öz səsimdən özüm qorxdum və susdum. Fikirləşdim ki, divarın o üzündə allah bilir hansı işgəncələrə dözüb ölməyən, 24 saatdır bağıran kişilər mənim səsimi eşitsələr necə olar? Onlara az zülm verilir ki, bir zərbəni də mən vurum. Niyə bilsinlər ki, divarın o üzündə bir qızı incidirlər. Nə xəbərləri var məni necə incidirlər? Başıma hansı oyunu açırlar? Onlar da ürəyinə salar axı... Var gücümlə üzümü əllərimlə bağladım. Səsimi udmağa çalışdım.
Onlar isə döyürdülər... Yorulunca döyüb getdilər... Ölü kimi kameranın bir tərəfinə uzanıb qalmışdım. Gözüm qaralırdı. Amma onu gördüm ki, erməninin biri bıçaq çıxardıb üstümə gəlir. Ayağımdakı çəkməmi bıçaqla kəsib çıxarıb apardı... Qapı çırpıldı...

Əsirliyin ikinci günü o qapı bir neçə dəfə açıldı. Hər dəfəsində də qaranlıqdan üzləri seçilməyən, ancaq saqqalları görünən əli dəyənəkli insanlar... Döyülməkdən taqəti qalmamışdı. Bir tərəfdən də qonşu kameradan gələn və bu gün dünənkindən də vahiməli olan kişi bağırtıları...

O gün ya kamera çox qaranlıq idi, ya da onun dünyası zülmətə qərq olmuşdu. Heç nə görünmürdü. Ancaq səslər gəlirdi. Kişilər bağırırdı... Qapı açılırdı... Kişilər bağırırdı... Onu döyürdülər... Kişilər bağırırdı... Qapı çırpılırdı... Kişilər bağırırdı...

Gecə yarıdan keçmişdi, kişilər yenə bağırırdı, qapı yenə açıldı... Beş-altı nəfər qara geyimli, saqqallı erməninin ayaq səsləri... Kişilərin bağırtısı... Növbəti dəfə amansızca döyülmək və bu dəfə qapının necə çırpıldığını eşitmədi... Huşunu itirmişdi...

- Özümə gələndə ağrı bədənimi bıçaq kimi kəsirdi. İçimdə dəhşətli sancı var idi...

Ağrıdan yerində qıvrılan qızcığazın gözünə ilk sataşan ondan bir az aralıda, kameranın o biri küncündə ağ olduğu güclə sezilən gödəkçəsinin üstünə atılan qırmızı paltarı oldu...

- Əlimi üzümə apardım, ağzım qorxudan yara tökmüşdü... Bədənimə çəkdim, hər yerim sızıldayırdı... Ayaqlarım, dizlərim qan içində idi...

Qaranlıqda kameranın bir küncündən o biri küncünə qədər güclə sürünüb sulu və palçıqlı paltarını geyinəndə sevinirdi...

- İlk dəfə idi ki, atamın öldüyünə sevindim... Nə yaxşı ki, həyatda deyildi... Yaşasaydı, həm “bacım”, həm “anam” dediyi tək qızının düşmən əlinə düşdüyünü, başına nələr gəldiyini bilsəydi ürəyi partlayardı...

Əsirliyin ikinci günü başa çatdı… Artıq onu heç nə qorxutmurdu. Qorxduğu nə vardısa, başına gəlmişdi...

Kameranın bir küncünə qısılıb ailəsi ilə bir yerdə olduğu son dəqiqələri xatırlayırdı...

...Ailəlikcə meşəyə qaçırlar... Anası, qardaşları, nənəsi yanındadır... Əsgəranın tuşuna qədər qaçırlar... Qara qayada atışma düşür... Şumluğa girəndə yaralanır...

- Əvvəlcə elə bildim ayağıma tikan batdı. Çayı keçəndə islanmışdıq. Soyuq, buz kimi sudan çıxan adam... Ayağım donmuşdu, donmuş ayağa da güllə girəndə elə bil tikan girdi. Baxdım ki, ayağımdan qan axır. Sonra getdikcə ayağım başladı istiləşməyə. Birdən də başladı soyumağa. Atışma düşəndə anam bir yana getdi, qardaşlarım bir yana. Hava hələ tam işıqlaşmamışdı. Atışma adamları pərən-pərən elədi. Onda hamını itirdim, hamını... Huşumu da... Kaş ki, heç özümə gəlməyəydim...

- Yara dərin idi?

- Güllə sağ topuğumdan girib içəridə qalmışdı...

Əsirlikdə üçüncü gün başlayır... Bu gün də o birilərindən heç nə ilə fərqlənməyəcəkdi, əgər günlərin sayını itirməsəydi...

- Bu dəfə özümə gəlib gözümü açanda gördüm nə isə işıqlıqdı... Kamerada deyildim, səma görünürdü. Əvvəlcə fikirləşdim ki, yəqin ölmək belə olur... Sonra əllərimi tərpətdim, gördüm əllərim nəyəsə dəyir, amma mən hiss eləmirəm... Bədənimi tərpətmək istədim, gücüm çatmadı, donmuşdum, titrəyirdim... Yenə dedim yəqin adam öləndə belə olur... Üstümə qar yağmışdı... Necə öldüyümü xatırlamağa çalışdım. Axırıncı dəfə bir neçə kişinin üstümə hücum edib döydükləri yadıma gəldi... Sonrasını xatırlamadım... Deməli bu dəfə nəhayət ki, döyüləndə ölmüşəm, canım qurtarıb... Atam, anam burda olmalı idilər... Çağırmaq istədim, səsim çıxmadı... Güclə “Aaaaa....” elədim...

Bu vaxt yaxınlıqdan keçən bir erməni səsə gəlir:

- Qancıq, bəs sən ölmüşdün?

Əlini atıb qızın soyuqdan sırsıra bağlamış saçlarından tutub arxasınca sürüyür. Və Dürdanə indi əslində ölmədiyinin, işgəncələrə tab gətirə bilməyib huşunu itirdiyinin fərqinə varır... Onu ölü bilib zibilliyə atıblarmış... Çılpaq, palçıqlı, donmuş bədəni zibilliyin içindən sürüyüb çıxardanda ora atılmış şüşə qırıqları, konserv qutuları yaralı bədəni bir də doğradı... Bütün bədəni qanın içində idi... Zibillikdən qadın tapdığının sevincini yaşayan erməni əsirin hörüklərindən yapışıb tələsə-tələsə irəliləyir, arxasınca isə Dürdanənin donmuş, yaralı və qanlı bədənini qarın, palçığın, şüşə qırıqlarının üstü elə sürüyüb gətirirdi...

- Hörüyümdən tutub elə sürüyürdü elə bil kisə sürüyür... Apara-apara dedi ki, “Dedik yəqin ölmüsən, atdıq zibilliyə! İki gündü ordasan...” Məni sürüyüb zirzəminin arxa qapısından içəri saldı, tualetin yanından keçib, gətirib kameraya tulladı...
İnana bilmirdim, mən nə günə qalmışam ki, məni aparıb zibilliyə atırlar... İki gün üstümə qar yağır... Sonuncu dəfə anamın öz əlləri ilə hördüyü palçıqlı hörüklərimdən sırsıra sallanır... Niyə ölmürəm ki, canım qurtarsın? Mən neyləmişdim ki, bu əzabı çəkirəm?
Danışmağa heyim yox idi, zorla zarıldadım ki, “Paltar”... Paltarımı tualetdən gətirdi... Düz, qırmızı, sinəsində də iki düyməsi olan paltarımın sinəsini düymə qurtaran yerdən lap aşağıyacan, göbəyimdən də aşağıyacan cırmışdılar...
İstədim suyunu sıxıb geyinəm, taqətim yox idi, gücüm çatmadı. Elə suyu axa-axa geyinməyə başladım. Bəlkə də bir saata geyindim. Halım yox idi, başımı qaldıra bilmirdim, gözlərim axırdı. Axırda geyinib qurtardım... Sonra da gödəkçəmi tapıb gətirib atdı üstümə...

Beləcə, əsirliyin neçənci günü, bəlkə də həftəsi, ayı olduğunu unutdu... Ancaq hava qaralırdı, birdə işıqlaşırdı... Təkcə kameraya doluşan əli dəyənəklilərin üzü və məruz qaldığı işgəncələrin növü  dəyişirdi... Qalan hər şey eyni idi...

- Yemək vermirdilər?

- Heç adını da tutmurdular.

- Bəs su?

- İstəyəndə verirdilər. O da tualetdə saxladıqları vedrədə qar suyu olurdu... Komandirləri Vladik adlı arıq, uzun oğlan idi. Gəldilər ki, səni çağırır... Yerimdən güclə qalxdım, divardan yapışıb yıxıla-yıxıla birtəhər gəldim...

Kiçik otaqda stol, stul, dəmir çarpayı və soba var idi. Dürdanə bu otağı tanıyırdı. Əsir düşəndə onları bu otaqda siyahıya almışdılar...

- Soba elə yanırdı ki... Elə ürəyimdən keçdi ki, yaxına gedim, cəhənnəm qızınmağım, heç olmasa paltarım qurusun... Otaqda stul da var idi, çarpayıda da yer var idi. Amma orda oturmaq olmazdı, məni qarşılarında yalvarırmışcasına diz çökdürdülər. Onlar oturublar, mənsə yerdə, qarşılarında dizi üstdə çöküb oturmuşam.

Üst-üstə stressdən, döyülməkdən, təcavüzdən havalı kimi dolanan qız özündə güc tapıb nəhayət dilə gəlir:

Dürdanə: Qardaşım sağdı?

Vladik: Buna bax, qardaşını da soruşur! (Qışqırır) Sən nə ürək eləyib məndən söz soruşursan?

Karo yaxınlaşıb Dürdanəyə bir şillə çəkib, söyür. Karonun şilləsinin zərbindən yerə yıxılan qız yenə dikəlib dizi üstdə oturur...

Karo: Sən burda danışa bilməzsən! Səni söhbət eləməyə çağırmamışıq!

Vladik: Səni buraxmayacağıq!

Dürdanə: Niyə?

Vladik: Səni Yerevana göndərəcəm! Orda bizə orqan lazmdı. Cavansan, sənin orqanlarından yaxşı istifadə eləyə bilərik... Bizə gənc böyrək, ürək lazımdı. Daha sən bizə lazım deyilsən, səni aparıb hissə-hissə satacağıq.

Gözü qorxmuş 20 yaşlı qızı bacardıqları bütün üsullarla dəhşətə gətirirdilər:

- Hamısı azərbaycanca danışırdı?

- Hə, başa düşüm deyə, məni qorxutmaq üçün təmiz azərbaycanca danışırdılar. Onsuz da mən çəkdiyimi çəkirdim, onların bir təpiyi bəs edirdi ki, mən qorxum. Orda biri Vladikə ermənicə nə isə dedi. Sonra da bir kitab verdi. Vladik kitabı açıb baxanda dedi “Aaa, “svyazistka””.

- Sizin rabitəçi olduğunuzu hardan bilirdilər?

- Bəs “döşək üstdə oturan erməni arvadlar”, bizim kişilərin xanım elədiyi qadınlar orda niyə əzizlənirdilər? Kimliyimizi bir-bir danışmışdılar... Məni orqanlarımı satacaqları ilə qorxudub, yenidən kameraya gətirdilər.

Onu kamerada növbəti amansızlıqla döyəndən sonra Vladik tapşırıq verdi:

- Əllərini bura qoy!

Vladik Dürdanənin barmaqlarını həmin kameranın dəmir qapısının arasına qoyub sıxdı...

- Qapını var gücü ilə sıxırdı, hər iki əlimin barmaqları da qapının arasında. Yenə bir anlıq qışqırıb susdum. Kişilərimizin divarın o üzündə kəsilmək bilməyən səsləri onların daha böyük işgəncələrə məruz qaldıqlarından xəbər verirdi. Onlara bir dərdi də mən yükləməməliydim. Əzabımı tək çəkməliydim. Qardaşım elə biləcək bacısıdır, başqası elə biləcək qızıdır, yoldaşıdır... Hərəsi bir cür məhv olacaq. Qoy elə bilsinlər qadınların hamısını dəyişiblər. Dişimi sıxıb, inildəyir, ufuldayır, bəzənsə ulayırdım. Amma qışqırmırdım... Bir dəfə erməninin biri mənə dedi ki, sən çox canavar qızsan. Bu qədər əzabın qarşısında nə öldün, nə qışqırdın. Ancaq inildədin... Əslində 5-6 nəfər birdən gəlib məni döyəndə dözə bilirdim, nə qədər möhkəm döysələr də dayanırdım, huşumu itirmirdim. Amma təcavüzə dözə bilmirdim, hər dəfə huşumu itirirdim...

Vladik yeni əyləncəsindən olmazın həzzini alır, bu əyləncənin neçə gündür niyə ağlına gəlmədiyini özünə bağışlamırdı. Ayaq üstdə dayanmağa heyi olmayan Dürdanə əllərindən dəmir qapıdan asılı qalmışdı. Qapının arasından sallanıb qalan qızcığaz güclə eşidilə biləcək səsi ilə soruşdu:

- Axı... mənim... nə günahım... var...?

O isə qapını sıxa-sıxa xoşbəxtcəsinə qışqırırdı:

- Bütün günahlar səndədir, qancıq! Sən bu barmaqlarla məlumat ötürmüsən. Rabitədə işləmisən! Bu lənətə gəlmiş barmaqlarınla Ağdamı, Şuşanı, Bakını köməyə çağırmısan. Bəs niyə gəlmədilər? Sizin torpağınız da bizimdir, qadınınız da, namusunuz da, qeyrətiniz də. Kişi bizik! Eşidirsən? Kişi bizik ki, sən bu gün bizim yanımızdasan! Bizim əlimizin altındasan! Bizim... Bizim... Bizim...

Dürdanənin kamerasından yüksələn Vladikin qışqırığı, qəhqəhələri qonşu kameradakı kişilərin bağırtısı ilə bir-birinə qarışmışdı... Bu səslərin içindən qapıdan asılı qalıb inildəyən, ulayan məsum qızcığazın səsini Allahın özü belə eşitməyə çətinlik çəkirdi...


Cəhənnəmin dibi və yaxud Əsgəran Polis şöbəsinin zirzəmisindəki yarıqaranlıq, rütubətli kameranın nə zamansa pəncərə olmuş, müharibədən sonra bomba səslərindən şüşələri çiliklənib tökülmüş, sadəcə boş çərçivəsi qalmış deşiklərindən soyuq hava özünü içəri təpir, qarı yumurlayıb taleyin üz çevirdiyi Dürdanə ilə qartopu oynayırdı. Elə çovğun idi ki, kameranın dörd bir yanında külək qurd kimi ulayırdı. Dürdanə gözünü qardan qorumaq üçün əllərini üzünə tutmaq istəyirdi, amma... Barmaqları fəaliyyətini itirmişdi...
Divarın o üzündə kişilər bağırır, bu üzündəsə kameranın bir küncünə yığılmış gölməçənin içində çöküb qalan qız bəlkə hansısa təsadüfdən Allah burdan keçər, onu eşidər ümidi ilə dua edirdi: “Nə olar, öldürsünlər... Nə olar... Onsuzda mən artıq heç kimə lazım deyiləm... Mənə bir balaca hey ver, birinə qarşı kobudluq eləyim, vurub öldürsün... Nə olar... Başqa şey istəmirəm, azad eləsinlər demirəm... Çox şey istəmirəm axı... Bütün bu başıma gələnlərdən sonra, azad eləsələr də necə yaşayacam? Kimə lazımam bundan sonra? Ay Allah, sən onlara bir damcı insaf ver, öldürsünlər...”
Qızcığaz müharibə zonasını birinci Allahın tərk etdiyindən xəbərsiz idi...
Kameraya bir az işıq düşdü, bu o demək idi ki, səhər açılıb...

-         Karo gəldi...
Üstündən 22 il keçsə də, yenə Karonun adını çəkəndə gözləri az qalır hədəqəsindən çıxsın. Alnında, üzündə, sinəsində tər puçurları əmələ gəlir... Tez-tez qucağındakı dəsmalla tərini silir... İndiyə qədər danışdığı insanlıqdan kənar hadisələrin heç birində Karonun adı gələndə düşdüyü hala düşməmişdi... Demək ki, Karoya nahaqdan “Azərbaycanlıların qənimi” adı verilməyibmiş...

-         Qancıq, bir işə yaramadın deyə zibilliyə atdıq. Yaxşı dirildin. Gəl, gəl gedirik. Gərək səni necə lazımdı istifadə eləyək. Qəfil ölərsən, bir elə orqan heyifdi... Bilirsən nə pula gedəcək? Səndən elə yaxşı pullar qazanacağıq ki...
Karo qabağa düşüb gedir, hələ də bədəninin donu açılmayan, barmaqlarının sızıltısı kəsməyən Dürdanə paltarının ətəyindən su axa-axa onun arxasınca divardan tutub irəliləyir, yıxılanda sürünürdü... Güllə girib içində qalan ayağı elə şişmişdi ki, onu arxasınca güclə çəkirdi. Divardan yapışmaq istəyəndə dəmir qapının arasında sıxılmaqdan qatlaya bilmədiyi barmaqları ona dayaq ola bilmirdi... Sürünə-sürünə gəlib Karonun maşınına çatır:

-         Əsirsən, nə desələr ona tabesən. Gəl dedi, dalınca düşüb getməlisən. Otur dedi, mismarın üstündə də olsa oturmalısan. Karonun arxasınca düşüb getməkdən başqa yolum yox idi. Vladik dediyi kimi, Yerevana aparıb orqanlarımı çıxarıb satacaqdılar. Yox deməyə nə haqqım var idi ki? Heç məndən soruşan da yox idi axı... İçimdə çox qorxurdum, ürəyimdə deyirdim ki, kaş heç olmasa öldürüb sonra kəsələr... Onlar ki, elə insafsızdılar, diri-diri adamı yarıb böyrəyini, ciyərini çıxardarlar... Çox qorxurdum...
-         Karo ilə Yerevana gəldiz?
-         Yox, məni götürüb gətirdi Xankəndinə. Qəribə bir bina idi, yataqxanaya oxşamırdı, dəhlizi çox enli idi... Hara idi bilmirəm, amma Ağdərədən köçənləri ora yığışmışdı. Dəhlizdə vedrələrlə su yığmışdılar. Karo qabağa düşüb gedir, məndə ayağımı güclə çəkə-çəkə düşmüşəm onun dalınca...
-         Açıq sinə ilə?
-         Yox, orda bir kişi mənə sancaq verib demişdi ki, sinəni üst-üstə qoyub sancaqla...
-         Nə əcəb?
-         Məqsədi mənim namusumu güdmək, ya rəhm etmək deyildi. Özlərinə görə belə eləyirdilər... Yanlarında aparanda kimsə görüb deməsin ki, gör bir cansız qızı nə kökə salıblar... Mən də paltarın sinəsini sağdan çəkib gətirib sol tərəfdən sancaq vurmuşdum.
-         Karonun neçə yaşı olardı?
-         Hardasa 30, bəlkə də 35. Bəlkə də yaşlı idi, cavan görünürdü. Çox cəld, çevik adam idi. Həm də çox amansız, qəddar idi, çox söyüb, təhqir eləyirdi...
-         Haralı idi?
-         Əsgəranlı. Bizim dildə elə danışırdı ki, tər-təmiz!
Əsgəran həbsxanasından uzaqda olmağın bir üstünlüyü var idi ki, burda kişilərin nə işgəncələrə məruz qaldıqlarından, necə bağırmaqlarından xəbərsiz olursan. Amma günlərdir kəsmək bilməyən kişi bağırtıları Dürdanənin qulağından burda da getmirdi.
Hər an yıxıla biləcək halı ilə dəhlizdə yaralı ayağını sürüyən Dürdanəni görən Ağdərədən olan qadınlar qışqırmağa, hay salmağa başlayırlar. Qulaqları alışdığı söyüşlər, təhqirlər...

-         Nə deyirdilər?
-         Hamısı bir ağızdan “Allah sizə lənət elsin” deyirdilər...
Karo qadınlara fikir vermədən bir otağın qapısını açır. Dürdanəni içəri salıb, qapını arxadan bağlayır.
Otaq soyuq və səliqəsiz idi. Qapının yanında kiçik stolla bir stul var idi. Bir az aralıda isə üstü yığışılmamış dəmir çarpayı. Karo Dürdanəni otaqdakı tək stula oturdub, əllərini arxaya aparır. Əvvəl əllərini, sonra ayaqlarını, sonra isə bütöv bədənini iplə stula bağlayır.

-         Heyim yox, ayağım yaralı, özüm ayaqyalın, paltarımdan su damcılayır. Hara qaçasıydım? Niyə məni bağladı, bilmirəm. Məni stula bağlayandan sonra ordan bir şallaq götürüb başladı məni şallaqlamağa. Şallağın rezini yaralı bədənimə toxunduqca məni yandırıb tökür, bədənimin donunu, keyini açır, ağrılarımı daha da şiddətləndirirdi...
-         Orda da susurduz, yoxsa qışqırırdız?
-         O qədər işgəncə görəndə səsimi udmağa vərdiş eləmişdim ki, yenə dişimi sıxıb gözümü yummuşdum...
-         Karo sizi nə qədər şallaqladı?
-         Yorulana qədər... Tez-tez qalxıb məni şallaqlayır, yorulanda gedib çarpayıda uzanırdı...Su istədim, bir fincan suyu süzüb çırpdı üzümə. İçməyə imkan vermədi, elə üzümə çırpdı...
-         Sizi o otaqda nə qədər saxladı?
-         Həmin günü otaqdan çıxmadı. Stolun üstündə bıçaq, konserv, qara çörək, külqabı, siqaret və o vaxtkı köhnə araq butulkasından var idi. Bir də dədə-baba stəkanları var idi, kənarı cızıqlı, “qalın stəkan” deyirdik, ondan. “Qalın stəkan”ı araqla doldurub içir, konserv ilə çörək yeyir, uzanıb dincəlirdi. Əsirlikdə olduğum günlər bir yana, Xankəndiyə aparıldığım gün isə bir yanadır mənim üçün… İnsana nə qədər zülm eləyərlər? Elə arzulayırdım ki, yenə huşumu itirim…
Karo siqareti çəkib dizlərimə basırdı... Keyimişdim, amma onunla belə hər dəfə siqareti dizimə basanda canıma istilik keçirdi... Sonra Karo uzanıb yatdı. O yatandan sonra çalışdım əl-ayağımı açam...
-         Dediz axı qaçacaq halda deyildiz, niyə açmaq istəyirdiz?
-         Fikrim qalmışdı stolun üstündəki bıçaqda. Əlimi aça bilsəm, onunla Karonu öldürəcəkdim. Buna çalışırdım. Amma nə qədər elədim, bacarmadım. Kəndiri çox bərk sıxmışdı, mənimsə taqətim yox idi... Karo yorğana bürünüb səhərə qədər yatdı. Mənsə bütün gecəni stula bağlı, sulu, cırıq paltarda, soyuq otaqda qaldım. Dayaq verməyə bir yer də yox idi... Döyülməkdən, işgəncədən canım ağrıyır, hər yanım sızıldayırdı... Elə ürəyimdən keçirdı ki, bir yer ola söykənəm, uzanam. Lap daşın, qarın, suyun üstündə... Fərq etməz, təki uzanam, bədənimi boş buraxam. Bütün bədənim yerə yatıb rahatlansın. Artıq bədənimin məni saxlamağa gücü qalmamışdı...
Səhər Karo yuxudan qapının səsinə ayılır. Qapını açmaqla yekəpər bir erməni hərbçi içəri girır:

-         Hanı o qancıq?
Karo geri çəkilib stula bağlı Dürdanəni göstərır. Qapını bağlayıb, siqaret yandırır. Bir tərəfə çəkilib siqaretini çəkə-çəkə onlara tamaşa eləməyə başlayır. Zil qara saç-saqqalın arasında içindən nifrət yağan qara gözləri parıldayan erməni Dürdanənin saçlarından yapışıb divara çırpmağa başlayır:

-         Mən Bakıdan gəlmişəm! Bakıda var-dövlətim, milyonlarım, evim, qarajımda cüt-cüt  maşınlarım qalıb. Hamısına siz sahib çıxmısız! Bütün bu müsibəti siz başladız! Sizi lənətə gələsiz! Sizin hamınızı lənətə gələsiz!
Bakı ermənisi stula bağlı Dürdanəni münaqişənin günahkarı kimi söyür, döyür, təpikləyirdi...

-         Karo nə edirdi?
-         Vecinə də deyildi. Siqaret çəkə-çəkə baxırdı. İçkisi də yanında. Bakı ermənisi də döyürdü... Söyüşləri isə zərbələrindən ağır idi... Erməni məni döyəndən sonra dedi bu qızı Yerevana aparmaq lazımdı. Sonra Karo onunla ermənicə nə danışdı bilmirəm, kişi çıxıb getdi. Karo daha ondan sonra məni döymədi, halım qalmamışdı. Divara çırpılmaqdan başımda o qədər şiş vardı ki... Bax, burda, alnımda bir şiş hələ də qalır... Amma bilmirəm bunu nə vaxt, kim döyəndə olub...
Yeyib-içib-yatıb dincini alan, zavallı qıza min cür işgəncəsindən həzz alan Karo onu maşına mindirib geri qayıdır. Xocalıdan keçəndə soruşur:

-         Eviniz Xocalının harasındadır?
-         Şose yolunun qırağında, ikinci ev bizimdir...
Karo həmən ünvana yaxınlaşanda maşının qara pərdələrini qaldırır. Dürdanənin məhəllələrində ilk gördüyü yolun kənarında üst-üstə yığılmış insan meyitləri olur...

-         Eviniz qalırdı?
-         Evimiz iki mərtəbəli idi. Birinci mərtəbənin pəncərə yerləri qalırdı, ikinci mərtəbə isə tamamən dağılmışdı. Yəqin top düşüb... Çox evlər dağılmışdı. Amma hər evin qabağında bir maşın. Hamısına da yük yığırdılar. Kimi maşınla, kimi araba ilə evləri boşaldırdı...
Mal-qaranı qabağına qatıb aparan kim, toyuq-cücəni qucağına basıb gedən kim... Yol kənarındakı 3-3, 4-4 üst-üstə yığılan meyitlər Dürdanədən başqa heç kimin vecinə deyildi... Ermənilər acgözlüklə dağılmış evlərin daşlarını da söküb aparırdılar... Karo viran qalmış evləri göstərib soruşur:

-         Eviniz hansıdı?
-         O...
-         Bəh-bəh-bəh! Nə gözəl! Amma heyf, dağılıb... Bax, dağılmasaydı səni evinizə aparardım...
-         ...
-         Nədi? Son dəfə evinizdə olmaq istəmirsən?
İnsan doğma evinin viran qalması üçün sevinə də bilərmiş:

-         O anda elə sevindim ki, evimiz dağılıb. Baxmayaraq ki, onun divarındakı hər daşda nə qədər əmək olduğunu bilirdim. Amma ürəyimdə şükür elədim ki, evimiz dağılıb... Valideynlərim illərlə məni o evdən necə gəlin köçürəcəklərinin, çıraq başına hərləyəcəklərinin, ağ paltarımın o pillələrlə necə sürünəcəyinin xəyalını qurmuşdular. İndi atamın, anamın narahat ruhu dolaşdığı evimizə Karo ilə girmək istəmirdim... İçimdə belə bir inanc var idi ki, atamgil bunu görəcək...
-         Böyüdüyün məhəllədən əsir kimi keçmək necə duyğudur?
-         İnsanın ürəyi partlayır. Elə haldaydım ki, canımın ağrısı da yadımdan çıxmışdı. Öz küçəndən əsir kimi keçirsən. Öz torpağının üzərində əsir kimi gəzirsən. Qonşuların o evləri nə zülmlə tikiblər, nə müsibətlə içini alıb doldurublar. İndi soyğunçular sənin gözünün qabağında hər şeyi daşıyır, şənlənirlər. Bütün bunları həzm eləmək çox çətindi...
Karo Dürdanəni yenidən Əsgərana gətirib zirzəmidəki kameraya atır. Qonşu kamerada kişilər hələ də səs səsə verib bağırırdılar...
Başına gələn bütün müsibətlərə baxmayaraq Karonun onu Yerevana orqanlarını satmağa aparmamasına sevinirdi. O şəraitdə insanın yeganə sevinci hissələrə ayrılmamaqdan başqa nə ola bilər ki?
...Kameraya yeni döyüşçü girəndə Dürdanə ölü kimi bir tərəfə düşüb qalmışdı. Bu üz də yeni idi, hardasa 27-28 yaşlarında, idmançı bədənli, cüssəli biri...

-         Bu kim idi?
-         İlk dəfə idi görürdüm. İçəri girib məni aşağıdan yuxarıya süzdü. Elə bil düşdüyüm vəziyyətdən ləzzət alırdı. Axırda soruşdu “ismin ne?” Başa düşmədim...
-         Erməni idi?
-         Türkiyədən Əsgərana gələn ermənilərdən idi. Biz də o vaxtlar türkcəni anlamırdıq axı... Başladım baxmağa. Cürbəcür əndirabadi sözlər deməyə başladı.
-         O Əsgəranda nə edirdi?
-         Türkiyədən Yerevana, ordan da Əsgərana gəlmişdi. Döyüşürdü… O məni nə qədər döydü… Ölü kimiydim, tutub ayağa qaldırırdı, buraxan kimi sərilirdim yerə…
Türkiyədən gəlmiş erməni Dürdanəni hər dəfə divara dayayır, onun qarşısında duruş gətirə bilməyən qızcığaz isə hər dəfəsində sürüşüb aşağı, onun ayaqlarının altına düşürdü... Erməni hardasa bir saata qədər Dürdanəni döyəndən sonra təpiyi ilə yoğura-yoğura aparıb küncə dirəyir:

-         Lanet olası türk! Senin yerin şurası, köpek!
Əzabdan, ağrıdan yumağa dönən Dürdanə küncə sığınıb qalmışdı...

-         Əsirlərlə bağlı filmlərə baxıram, inanın, çox səthidir. Heç biri həqiqətə yaxın deyil. O Türkiyədən gələn erməninin mənə verdiyi işgəncə heç bir filmdə yoxdu. O məni döyüb gedəndən təxminən iki saat sonra mühafizəçi gəlib dedi ki, “Vladik səni çağırır”. Nə yeriməyə halım var, nə iməkləməyə, nə də sürünməyə. Artıq neçə vaxtdır əsir olduğumu da bilmirəm. Neçə il keçib bilmirəm. Günləri, ayları itirmişəm. Bircə onu bilirəm ki, gecə düşür, səhər açılır, kameraya girib məni döyənlərin, incidənlərin, işgəncə verənlərin üzü dəyişir...
Ayağa qalxır, yıxılır. Bir neçə dəfə qapıya qədər getməyə cəhd edir, hamısında qalxdığı kimi də yerə sərilir. Amma Vladik çağırırdısa, gedə bilməsə sürüyüb aparacaqlar... Necəsə özü getməsi lazımdı... Divardan tuta-tuta ayağını sürüməyə başlayır...
-         Hələ də çörək, su vermirlər?
-         Yox, istəyəndə su verirdilər. İyrənc bir vedrələri var idi, onu damın kənarından axan suyun altına qoyub, su yığırdılar. Ərinmiş qar suyu... Su istəsən onu içəcəkdin.
Vladikin oturduğu tanış otaq sobanın başına toplaşıb qızışan ermənilərlə dolu idi. Vladik onu çağırır:
-         Gəl, otur!
“Otur” deyəndə onun qarşısında diz çökməyi nəzərdə tuturdu. Dürdanə onsuzda əlini divardan çəkən kimi yerə çökürdü. Bu dəfə də yaralı ayaqları ilə 24 saat öncə siqaret söndürülmüş dizlərinin üstünə çökür...

-         Qancıq, Karo səni Xankəndiyə apardı?
-         Hə... Apardı...
-         Sonra gətirdi?
-         Hə... Gətirdi...
-         (İstehza ilə) Ona mən zəng elətdirdim ki, qızı gətir qoy Əsgərana. Bilirsən nyə?
-         Niyə?
-         Çünki sən burda lazımsan! “Svyazistka”san axı…
Vladikin son sözünə sobada qızışan ermənilər gülməyə başlayır...

-         Bu ələ salmaq, alçaltmaq idi. Onlar güləndə mən pis olmurdum. Daha budur, neyləyə bilərəm? Onlar lağlağı elədikcə başımı aşağı salırdım. Nə dedikləri mənim üçün vacib deyildi. İçimdə qorxurdum. Amma elə halda idim ki, o sözlər məni maraqlandırmırdı. Ölümümü gözləyən adam idim. Heyim, əlacım olsa elə bir hərəkət eləyərdim ki, öldürərdilər, canım qurtarardı...
Vladik qarşılarında dizi üstə çökən qızı xeyli ələ salıb güləndən sonra soruşur:

-         Demişdin sənin qardaşın burdadır, hə?
-         Bəli...
-         Adı nədir?
-         Elşad... Ağayev...
-         Hə... (Yanındakından soruşur) Ordan soruşun görün ölməyib? (Dürdanəyə) Biz çox cavanlar öldürmüşük. Baxaq görək, qardaşın da içlərindədirmi... (Mühafizəyə) Apar bu iti sal yerinə!
Dürdanəyə qardaşının nə öldüsünü, nə də qaldısını deyir, yenidən gətirib kameraya tullayıb gedirlər. Səhər açılır...

-         Yenə bir nəfər gəlib dedi ki, “dur ayağa mənimlə gedək”. Halım var getməyə? Dəhlizə çıxanda ayağım büdrədi, yerə çökdüm. Bu vaxt əlini atıb tutdu saçımdan, başladı sürüməyə. Saçım çox uzun idi. Başım keyiyib, amma saçım dartıldıqca elə bilirəm indi beynim qopacaq. Başım, bədənim döyülməkdən, soyuqdan keyiyib. Zibillikdən çıxardanda şüşələr bədənimi cırıb. Üstündən də taxta ilə döyüblər... Bütün bədənim cırıq-cırıq, cızıq-cızıqdır. Hissiyyatım açıldıqca göynəmələrim başlayır.
O erməni məni sürüyüb tualetə apardı.
-         Tualet uzaqda idi?
-         Kamera dəhlizin bu başında idi, tualet isə o başında. Hardasa 8 metr olardı. O 8 metr məsafəni məni sürüdü. Sürüyəndə bir anlıq qışqırdım, sonra yenə susdum...
Dürdanəni tualetə qədər sürüyən erməni dayanmadan qışqırırdı:

-         Qancıq! O kamera sənə artıqdır! İndi layiq olduğun yerdə olacaqsan! Türk qancığı!
Onu saçlarından sürüyüb gətirib tualetə tulladı:

-         Qapı ilə üz-üzə bir əlüzyuyan var idi, iki də unitaz. Unitazlar da nə gündə idi... Saçımdan tutub qaldırırdı, buraxan kimi leş kimi düşürdüm yerə... O dar yerdə məni o divardan bu divara, bu divardan o divara çırpdı... Hardasa bir saatdan çox... Axırda məni unitazın qarşısında oturdub, əllərimi məftillə unitaza bağladı, çıxdı. Qaldım o çirkli, natəmiz, üfunət iyi verən yerdə... İyrənc suyun içində oturub bundan sonra nə olacağını gözləyirdim... Deyirdim, kaş yenə huşumu itirərdim...
Kişilər öz kameralarında səs-səsə verib bağırırdılar...
Dürdanə o vəziyyətdə haradasa 4-5 saat qalır. Nəhayət, bir rus əsgəri gəlib çıxır...

-         Rusca nəsə soruşdu, başa düşmədim. Gənc əsgər idi. Onda bizim dildə soruşdu ki, səni bura kim bağlayıb? Nə deyim? Çiynimi çəkdim...
-         Rus da azərbaycanca bilirdi?
-         Mən o əsgəri yadıma saldım, bizdə, Xocalıda olmuşdu. Ruslar hər iki tərəfdə dolanırdılar axı... Harda çörək var idi, orda idilər. Bizdə yol kənarlarına səki çəkirdilər, onda həmin rus əsgər orda işləyirdi. Görünür, onda bir neçə söz öyrənibmiş. Bu kimisə çağırdı ki, burda əlləri bağlı qız var, gəlin açın. Heç kim gəlmədi. O da çıxıb getdi...
Axşam qaranlıq düşəndə erməninin biri fənərlə gəlib Dürdanənin qollarını açır:

-         Səni bura kim bağlayıb?
-         Bilmirəm...
Açıb, sürüyüb aparıb həmin kameraya saldılar... Deyəsən bu gün də belə bitdi, ya da sadəcə onun gözü qaralırdı...
Bir gün yenə Karo gəlib onu çağırdı:

-         Hər dəfə o gələndə, lap qorxurdum, az qalırdı ürəyim partlasın. Mənə o qədər əzab vermişdi ki... İndi də şəklini görəndə o hala düşürəm... Mənə necə əzab verirlər versinlər, razıyam. Bircə Karo gəlməsin... Heç yırtıcı heyvan da onun qədər əzazil ola bilməzdi...
Dürdanə yenə yalın ayağını sürüyə-sürüyə, paltarlarının suyu axa-axa Karonun dalınca düşdü. Karo Dürdanəni UAZ-ın arxa oturacağına oturdub, özü isə sürücünün yanına keçərək “Tərpənək” əmri verdi. Yenə hara, niyə getdiklərini açıqlamırdılar. UAZ Əsgəran qalasından Xocalıya tərəf qalxırdı...

-         Həm ağrıdan, həm də qorxudan tərpənə bilmirdim. Pəncərədə qara pərdə var idi, başımı ora söykəyirdim, sürücü baxan kimi düzəlirdim. Qorxurdum deyələr niyə söykənirsən... Arxada tək oturmuşam, amma hiss eləyirəm ki, məndən də arxada, baqajda kimsə var... Nəfəs hiss eləyirəm, qəribə səs gəlir. Bir də gördüm ki, bu tükürpədici səs çoxalır. Risk eləyib gözucu baxanda vahimələndim... Bu insan deyildi... Nəsə çox vəhşicə fınxırmaq səsi idi. Hər an adamı parçalaya biləcək bir heyvanın səsi... Ya quduz it idi, ya da nə isə başqa bir yırtıcı heyvan... Düz yanımda... Əmin oldum ki, bir azdan açıb üstümə buraxacaqlar...
İçində Karo, sürücü, Dürdanə və vəhşicə fınxıran “nəsə” olan UAZ Xocalıdan da keçib, Xankəndi ilə Xocalının arasındakı “Şuşa vağzalı” deyilən dəmir yolu vağzalına çatdı...

-         Vağzalın uzunluğu haradasa 2 kilometr olardı. Bütün o yolu bu başdan o başacan tanklar düzülmüşdü. Onda dedim, “Vay! Bunların nə qədər texnikası var imiş! Biz isə bu texnikanın qabağına az qala ov tüfəngi ilə çıxırıq...” Özü də onlarda çox qəribə avtomatlar var idi. O vaxtlar “izrailskiy” deyirdilər. İndi vəhabilərdə ona oxşayan silahlar göstərirlər. Qundağı dəmir, lüləsi torlu...

-         Texnika ancaq “Şuşa vağzalı” adlanan yerdə idi?
-         Yox, hələ Xankəndinə girəndə, şəhərin ayağında bir dairə var idi, ora çatanda gördüm küçələr hərbçi, tankla doludur. Orda qulağında sırğa olan zənci də gördüm. Karo dedi “Görürsən hərbçilərimizi? İçlərində ərəblər də var. Hamısını pulla tutmuşuq...” . Orda döyüşçü paltarında qızlar gördüm. Başları qara çalma ilə bağlı, dizə qədər uzunboğaz çəkmədə, əyinlərində güllə keçirməz jilet, çiyinlərində də silah. Karo onları mənə göstərib dedi “Bax, bizim qızlarımız sizin kişilərə güllə atır e! Çünki sizdə kişi yoxdu!” Ürəyim partlayırdı... Axı görmüşdüm bizim cəsur, igid oğullar necə əziyyət çəkir, döyüşür...
UAZ dikdə dayandı. Üzüaşağı dərə kimi görünən yer buz bağlamışdı. Karo aşağı enib maşının arxasına qoyduqlarını götürüb, maşından yük boşaldırmış kimi dikdən üzüaşağı buraxdı. Kisə kimi bükülü görünən “bağlama” buzun üstü ilə aşağı yuvarlananda əl qolunu açdı və indi məlum oldu ki, o da insan imiş... Yuvarlanıb gedib zərb ilə dərənin dibində üst-üstə yığılmış kubiklərə dəyib dayandı...
-         Mən onda bildim ki, bayaqdan yanımda inildəyən, fınxıran insan imiş... O nə gündə idi, ilahi! Üzünü seçə bilmədim, təkcə iki balaca cızıq bilinirdi. Hiss olunurdu ki, gözüdü. Qalan bütün sifəti şişmişdi. Ağız, burun seçilmirdi...
-         Əynində nə var idi?
-         Ayaqyalın, başıaçıq... Nazik bir köynəyi var idi...
Dərədən aşağı atılma növbəsi Dürdanəyə çatmışdı... Karo yaxınlaşıb maşının qapısını açanda Vladik Dürdanəni görür:

-         Karo, sənə deməmişəm bu qızı Əsgərandan çıxartma? Onu dəyişməyəcəyik.
Karo maşının qapısını açdığı kimi də örtür...
-         Demək sizi dəyişməyə aparıbmışlar?
-         Hə. O yazığı dərənin dibindəki ermənilər götürüb apardılar. Karo dedi Laçına aparırlar. Onda hələ Laçın işğal olunmamışdı... Demək, məni də Laçından dəyişəcəkmişlər. Vladik gəlib mane oldu...
-         Və Karo sizi yenidən Əsgərana qaytardı?
-         Hə, yenə Əsgəran polis şöbəsinə... Yenə o dəhlizlərlə kameraya apardılar.
-         Necə idi o dəhlizlər? Bir az oranı təsvir edin...
-         Elə bilirdin divarları qırmızı rəngdədir, amma hamısı insan qanı idi... Orda o qədər insan döymüşdülər ki, divarlar da, dəhliz də qan içində idi. Hər tərəf qan iyi verirdi... Bir dəfə məni kameradan çıxardıb əlimə süpürgə verdilər ki, şüşələr qırılıb kamerana tökülüb, get təmizlə.
-         Kameranın pəncərəsində şüşə var idi ki?
-         Kənarda bir-iki şüşə var idi, onları da Ağdamdan atılan qradlar silkələyib qırmışdı. Qoymurdular yerdə şüşə qırığı qalsın, deyirdilər birdən özümüzə qəsd edərik. Hər bombardmandan sonra  kameranı süpürtdürürdülər. Onda süpürgə dalınca çıxanda dəhlizdə bir hadisə gördüm, hələ heç nə məni elə dəhşətə gətirməmişdi...
-         Nə gördüz?
-         Əvvəlcə Canan dayının oğlu Xəqanini gördüm, dəhlizdə işləyirdi.
-         O kim idi?
-         Canan dayı bizdə mal həkimi idi, əsir düşmüşdü. Şərəfsizlər onu qaytardılar, balasını saxladılar...
-         Xəqanini vermədilər?
-         Vermədilər...
-         Neçə yaşı olardı Xəqaninin?
-         Təxminən 12-14 yaş arasında idi...
Xəqani bir əlində süpürgə, o birində xəkəndaz, yerə dağılmış şüşələri süpürüb yığırdı. Bu vaxt dəhlizlə ayağını sürüyə-sürüyə gələn Dürdanəni görəndə özünü saxlaya bilməyib içini çəkir:

-         Hiii! Dürdanə bacı, sən də burdasan?
-         Şşş! Danışdığımızı eşitsələr gəlib döyərlər...
-         (Pıçıltı ilə) Dürdanə bacı..., görən... bizi... buraxacaqlar...?
Dürdanə Xəqaniyə verməyə cavab tapmır... Bu vaxt arxadan gələn erməni onun əlinə süpürgə ilə xəkəndaz verib kameraya itələyir. Taqəti qalmayan Dürdanə kameradakı şüşə qırıqlarını süpürüb yığır, nəzarətçinin müşayiəti ilə bir neçə gün öncə özünün atıldığı zibilliyə tərəf yollanır... Zibilliyə gedən yola bir meyit atılmışdı....

-         Qadın, yoxsa kişi meyiti idi?
-         Kişi idi, amma nə hala salmışdılarsa, üzü hiss olunmurdu, qan içində idi. Əl-ayağından hiss olunurdu ki, orta yaşlı adamdı, qırışı yox idi... Və bu vaxt tualetə tələsən bir erməni gəlib meyitə çatdı... Daha tualetə getməyə özünə əziyyət vermədi... Elə oradaca... Meyitin üzərinə...
-         Bəlkə sizi qorxutmaq üçün idi?
-         Mən arxadan gəlirdim, o məni görmürdü... Hiss olunurdu ki, bu onların gündəlik həyatıdır...
-         Bəs Xəqaninin axırı necə oldu?
-         Xəqanidən bu günə qədər də xəbər yoxdu... Mən elə onu sonuncu dəfə dəhlizi süpürəndə gördüm. O qədər elə taleyi bilinməyən balalarımız oldu ki... Özləri deyirdilər ki,  əsir uşaqları aparıb həlak olan yaxınlarının məzarı üstündə başını kəsir, deyirdilər qanını aldıq...
-         Dəhşət...
-         Orda elə dəhşətlər, ağla gəlməyəcək qəddarlıqlar var idi ki... Monte adlı bir nəfər var idi. O gün Facebookda yazmışdılar, ordan bildim ki, indi ermənilərin milli qəhrəmanıdı, 40-45 yaşlarında, saçının qabağı tökülmüş, saqqallı adam idi. O məni necə qəddarca döyürdü... O qırılmışın hamısı bir-birindən amansız idi... Bir dəfə bir Bakı ermənisi kamerada məni elə döydü, elə bil it döyür... Meyit kimi qaldım yerdə. Dərhal da qışqırdı ki, “Aç ağzını!”. Avtomatın lüləsini xirtdəyiməcən saldı ki, səni güllələyəcəm, sevindim. Gördü sevinirəm, dedi biz səni belə asanlıqla öldürməyəcəyik. Güllə yaxşıdı, sən əzabla, sürünə-sürünə, ulaya-ulaya ölməlisən. Onlar başımıza gətirdikləri vəhşiliklərdən ləzzət alırdılar. Əsir əzab çəkməli, zillətlə ölməlidir deyirdilər...Avtomatı ağzımdan çıxardıb yenə qışqırdı “Aç ağzını!”. Bu dəfə məni divara dirəyib ayağını ayaqqabılı-zadlı basdı ağzıma. Az qaldı xirtdəyimə çatıb məni boğsun.
-         Əsgər çəkməsi idi?
-         Əsgər çəkməsi deyildi, amma çox kobud bir şey idi. Ağzıma da girmirdi, az qalırdı ağzım cırıla. Boğulurdum, nəfəsim çatmırdı. Gözlərim bərələ qalmışdı, öyüdüm... Ayağını ağzımdan çıxardıb sinəmdən təpiklə vurdu. “Siz türklər, it kimi gəbərməlisiz!” deyib çıxıb getdi... Ağzım torpaqla dolu idi...
Bir gün yenə Dürdanəni həmin o “sobalı otağa” çağırırlar. Bu dəfə dizi üstdə yox, otağın yuxarı başındakı stulda oturdurlar. Əllərini isə dizinin üstünə qoymağı əmr edirlər. Bu vaxt qapı açılır və qurşaqdan yuxarı soyundurulmuş, ayaqyalın 12 əsiri içəri salırlar...
-         Qardaşınız da onların içində idi?
-         Yox, Elşad yox idi. Amma hamısı seçmə cavanlar idi. Baxdım ki, heç birinin bədənində güllə yeri yoxdu, dedim yəqin qardaşım yaralıdır deyə onu gətirməyiblər...
-         Ölümünü düşünmədiz?
-         Ölümü yadıma salmaq istəmirəm. Mən ondan ata qoxusu alırdım, orda ölsəydi, ürəyim partlayardı. Əmin idim ki, Elşad yaşayır...
-         Bəs oradakı uşaqlardan tanıdığınız var idi?
-         Çoxunu üzdən tanıyırdım. Noyabrdan Xocalının işığı yox idi, amma biz rabitəçilər bütün məlumatı toplayırdıq. Rəisimiz yanacaq tapır, vedrə-vedrə gətirib generatora tökürdü ki, “Mənim rabitəm dayanmamalıdır!”. Bütün Xocalı camaatı da təzə xəbərləri bilmək üçün toplaşırdı başımıza. Ona görə də onlar hamısı məni tanıyırdılar. Uşaqları otağa salandan sonra arxalarınca da 5-6 saqqallı hərbçi girdi. Gözüm çıxdı kəlləmə, dedim yəqin indi hamımızı öldürəcəklər. Sonra fikirləşdim, elədirsə, məni niyə belə oturdublar?
-         Neylədilər?
-         Sən demə bu mənə əzab verməyin yeni metodu imiş. Mənim gözümün qabağında o uşaqları orda necə döydülər...
-         Nə ilə döyürdülər?
-         Dubinka ilə. Necə zərblə çırpırdılar uşaqları... Başı, gözü demirdilər, hara gəldi, necə gəldi... Uşaqlar divara dəyir, ordan sürüşüb yerə düşürdülər, divar al qana bolanırdı... Məni qoruyan Məleykə xala yadında?
-         Yadımda.
-         Bax onun oğlu da orda idi...
-         Adi nə idi?
-         Deyəsən Saleh idi. Çoxunu “filankəsin oğlu” kimi tanıyırdım, adlarını bilmirdim...
Məleykə xalanın oğlunu dubinka ilə vura-vura itələyib dəmir çarpayının altına salırlar. Altı az qala yerə yapışan çarpayının dəmir torunun üstündən çarpayının altına pərçim olunmuş gənci döyməyə davam edirlər. Oğlan heyini tamamən itirəndə isə sürüyüb oradan çıxardır, yenidən  başına güclü zərbə ilə vururlar. 

-         Gözlərinin qarası getdi, ağı qaldı... Sifətindən və başından qan üzüaşağı şoralanıb axırdı. Əllərimlə üzümü tutdum!..
Üzünü qapayan Dürdanənin əllərinə dubinka ilə döyür, bağırırdılar: “Bax!”
Gözünü yuman Dürdanənin başından vurur,  bağırırdılar: “Bax!”
Başını aşağı salan Dürdanənin saçından yapışıb qaldırır, bağırırdılar: “Bax!”

Dürdanə ilə bərabər “tamaşaçı” kürsüsündə əyləşən ermənilər araq içə-içə döyülən, qanı otağa yayılan əsirlərə baxıb həzz alır, gülürdülər. Sonda ermənilərdən biri bir saata qədər döyülüb otağa səpələnən əsirləri tapança ilə qolundan, ayağında yaralayıb, huşunu itirmək dərəcəsində olan gənclərin güllə yarasına verdikləri reaksiyaya gülürdülər...

-         Məleykə xalanın oğlu öldü?
-         Yox, sən demə özündən gedibmiş. Hamısının qolundan tutub, sürüyüb apardılar... Mənə ən pis təsir eləyən o oldu ki, o oğlanları hardasa bir saatacan döydülər, amma onlardan biri mənim qabağımda səsini çıxartmadı... Onları kameralarına yığıb başladılar məni döyməyə... Biri dedi əllərini qoy stolun üstünə, qoydum və başladı dubinka ilə vurmağa ki, niyə əlini üzünə tuturdun?
-         Oğlanların yanında sizi döymədilər?
-         Yox, elə üzümü örtdükcə dubinka ilə əllərimə çırpırdılar. Orda biri məni necə döydü... Söyə-söyə döyür, o biri erməni isə deyirdi “Bilirsən bu qardaşımız səni döymək üçün hardan gəlib? Fransadan! “Fransuzski erməni”dir, sizin üçün gəlib. Lənətə gəlmiş türkləri məhv eləmək üçün! Millətinin qisasını almaq üçün!”
Döyülməkdən taqəti qalmayan qızı sürüyüb gətirib kameraya atırlar. Həmin günü gecə yarısı qapı yenə açılır. Qara, uzun şinelli bir ermənini içəri salırlar. O bir küncə çəkilib, şinelinə bürünüb yatır...

-         O bir küncdə yatır, mənsə bu küncdə qorxudan ölürəm ki, görən bu kimdi, indi neyləyəcək? Gecəni belə keçirdik. O rahatca yatır, divarın o üzündə həmişəki kimi kişilərimiz bağırır, mənsə qorxudan canıma yer tapmıram... Səhər açıldı və bu oyandı. Məni hələ indi gördü. Yaxınlaşdı ki, “Axçi, əsirsən?”. Başımı tərpətdim. Ayağını qaldırıb çənəmdən bir təpik vurdu. Sonra başladı anamı, özümü söyməyə... O təpikləyə-təpikləyə söyür, mənsə üzümü qorumağa çalışır, “uf, uf” eləyirdim ki, qapı açıldı. Mühafizə onu çağırıb apardı... Gedə-gedə deyirdi ki, “Bilsəm gecədən burda türk qızı var, onunla başqa cür danışardım...”
-         O kim idi?
-         Adi vətəndaş imiş. Mühafizəçi dedi sərxoş olduğu üçün KPZ-yə salmışıq.
Bir gün kameranın qapısı açılır və Vladik içəri girir:

-         Səni buraxıram!
-         Qardaşım...
-         Sus! Tək buraxıram! Allahverdi ilə danışmışam, sizinkilər səni yaxşı qiymətə alırlar.
-         Qardaşımsız getməyəcəm... Öldürün, getməyəcəm...
-         Qudurmusan, qancıq?! Sən hələ şükür elə ki, mən “svyazistka”nı buraxıram. O biri azad elədiyim qancıqlarınız gedib orda deyiblər ki, “svyazistka” sağdır. Allahverdi də bütün günü bizdən səni tələb edir. Buraxmazdım, amma Allahverdiyə kişi kimi söz vermişəm ki, o qızı buraxacam. Ona görə buraxıram!
-         Mən qardaşımsız getsəm...
-         Sus, qancıq! Bunun mənə şərt qoymağına bax! Buraxıram, getmir! Ey, igidlər, görürsüz, türk qızı burda qalmaq istəyir. Cəzasını verin!
Vladik qəzəblə qapını çırpıb gedir. Erməni “igidləri” də onun arxasınca... Amma kameradan çıxmazdan əvvəl Dürdanəni huşunu itirənə qədər döyürlər...

-         Bir də gördüm anamla, qardaşlarımla qaranlıqda oturmuşam. Evimiz deyil, nə isə zirzəmiyə oxşayan yer idi. Bu vaxt atam gəlib dedi niyə qaranlıqda oturmusuz? Çıxdı, əlində kibrit və şamla qayıtdı, qoydu ortamıza. Yandırıb, özü çıxıb getdi. Qaldıq anamla biz, dörd uşaq. Onda özümə gəldim... Başladım ağlamağa ki, niyə ayıldım?
Bu dəfə qapı açılanda içəri girən Karo idi:

-         Ay qancıq, axırda səni buraxacaqlar. Deyirəm bəlkə qolundan-qılçandan bir parça kəsib burda saxlayaq? (Gülür) Nədi, yenə gözün böyüdü? Dur gəl, Vladik səni çağırır!
Yenə divarlarla sürünə-sürünə Karonun arxasınca “sobalı otağa” gəlir. Onun üçün artıq hara aparıldığının heç bir əhəmiyyəti yox idi:

-         O zülm qalmamışdı ki, mən onu görməmiş olum. Türk namusuna yaraşmayan təhqirləri gördüm. Tualetə bağladılar, zibilliyə atdılar, ağzıma çirkli ayaqqabı saldılar... Gənc idim, ərə getməmişdim. Kaş ki, ailəli olardım. Onda bəlkə məni belə yandırmazdı...
Yenə Vladikin qarşısında dizi üstdə çöküb:

-         Qardaşını görmək istəyirsən?
Dürdanə bu anın belə olacağını təsəvvür eləmirdi:

-         Elə bil başımdan qaynar qazanla su tökdülər. Məni bir həyəcan boğdu ki, ürək döyüntülərimi eşitməyə başladım. Elə bildim kimsə əlləri ilə boğazımı tutub, nəfəs ala bilmirəm. Ürəyimdə yalvarmağa başladım ki, bircə meyitin görməyim. Bircə sağ olsun...
Gənc erməni Vladikdən ermənicə tapşırıq alıb otaqdan çıxır. Bir neçə dəqiqə sonra qapı açılır və...

-         Bacısı ölmüş qan içində girdi içəri... Üst dodağı döyülməkdən nar kimi partlayıb aralanıb. Üz-gözü şişib, qanı axır. Elə oturduğum yerdə ayaqlarını zorla çəkə-çəkə qabağıma gəldi. Ayaqlarını qucaqlayıb aşağı çökdüm, dilimi çıxarıb başladım yalın ayaqlarını yalamağa. “Bacı qurban” deyib başımı qaldırdım ki, üzünə baxım... Bu vaxt boynumun dalına dubinka ilə vurdular ki, “Sən sus! Danışma!”
Elə ordaca qardaşı Elşadın ayaqlarının altına çöküb qalır. Güclə də olsa Vladikin səsini eşidir:

-         Aparın bu itləri salın bir yerə! Döyməyin, qaytarılana qədər bir az adam sifətinə düşsünlər! Yoxsa, heç nə ala bilmərik! Həkim gətirin, yaralarını bağlasın...
Dürdanənin bütün ağrılarına şahid olmuş rütubətli kamerada bacı qardaş illərin yorğunu kimi divarın dibinə çöküb bir-birinə söykənib güclə çıxan səsləri ilə söhbət edirlər. Divarın o üzündən döyülən kişilərin bağırtısı gəlir, bu üzündə isə Elşad az qala kəsiləcək nəfəsi ilə soruşur:

-         Niyə qalmısan?
-         Səni atıb gedə bilməzdim...
-         Dəlisən sən? Mənə görə erməni əlində qalmaq...
-         Anamı itirdik... Güllə dəyəndə görüblər... Səni də itirə bilməzdim...
-         Dürü...
-         Nədi, bacı qurban...
-         Bəs görən Elmanla Eldəniz sağdı?
-         Əvvəlcə burdan çıxaq... Onlardan da xəbər tutacağıq...
-         Dürü... Tərpənə bilmirəm... Bizi çox döyürdülər...
-         Bacı sənə qurban... Neçə aydı burdayıq? Saya bilmisən?
-         Altıncı günümüzdü, Dürü...
-         Mən elə bilirəm illər keçib...
-         Dürü...
-         Ay can...
-         Sənə... neylədilər...?
-         Heç nə, bacı qurban, elə bir az döydülər, vəssəlam... Başqa heç nə..
Dürdanə Elşaddan gizlətmək üçün var gücü ilə sinəsi aşağıya qədər cırılıb, yaxasını sancaqla bərkitdiyi paltarının üstündən geyindiyi suyu daman gödəkcəsinə büründü... Yaralı, cızılmış və nəhayət qanı quruyub dizlərinə yapışmış ayaqlarını bir-birinin altında gizlətməyə çalışdı...
Səhər açılan hər ikisini Vladikin yanına apardılar. Vladik Dürdanənin qarşısına kağız qələm qoyub yazacağı məktubu diqtə edirdi:

-         Allahverdi Bağırovun adına məktub yaz! De ki, bizi buraxırlar, amma əvəzimizdə bir erməni verəcəksiz! Özü də biz kimi desək, onu! Yaz ki, qardaşınla sağsan, ikinizi də qaytaracağıq, amma benzin, çörək və siqaret biz deyən qədər olmalıdır!
Dürdanə indi bildi ki, ermənilər əsirləri yanacağa, çörəyə və siqaretə dəyişirlər...

Bu vaxt içəri 25-27 yaşlarında erməni qızı girir. Onu, Dürdanənin məktubda nə yazdığından bir daha əmin olmaq üçün tərcüməçi gətiriblər. Məktubu oxuyan qız hər şeyin qaydasında olduğunu deyıb çıxanda, gözü Dürdanənin yaralı və yalın ayağına sataşır...

-         Topuğum qapqara qaralıb, şişib. Neçə gündür içində güllə, mikrobun, suyun içində qalıb. Qız geri qayıdıb oturdu, əyilib ayağından uzunboğaz çəkməsini çıxartdı. Sonra öz corablarını çıxardıb çəkmələrini yalın ayağına çəkdi. Corablarını mənə uzadıb dedi ki, “mənim Xocalıda rus dili müəllimim olub, Cavanşir müəllim. Mənə həmişə “5” yazıb. Onun xətrinə bu corabları sənə verirəm, geyin ayağına”. Donub qaldım, şoka düşdüm.
-         Qız Xocalıdan idi?
-         Bilmədim, ilk dəfə idi onu görürdüm. Azərbaycanca təmiz danışırdı. Karo ona ermənicə, özü də hirslə, kobud nə isə dedi. Qız da ona nə isə cavab verib tez çıxıb getdi. Elə bu vaxt Valehi gətirdilər...Əllərinə baxanda dəhşətə gəldim. Barmaqları nə gündə idi... Sonradan bildim, sən demə onun əllərini sobaya basıb yandırıblar ki, sən Xocalının toylarını çalmısan. Daha neynirsən bu əlləri? Sizə elə toy tutmamışıq ki, bir də toy eləyəsiz!
Vladik Valehə onu da dəyişmək istədiklərini bildirir:

-         Bunları dəyişək, sonra da sən bir məktub yazarsan Allahverdiyə...
Valehin əvəzinə isə böyük məbləğdə pul istəyəcəkdilər...
Dürdanə nazik köynəyi döyülməkdən süzülən, şalvarının ətəyi cırılan ayaqyalın Valehin tir-tir əsdiyini görüb Vladikə yalvarmağa başlayır:

-         Yalvarıram, icazə verin bir söz deyim...
-         De, amma tez ol...
-         Qardaşımın həm pencəyi, həm də gödəkcəsi var. İcazə verin qardaşımın pencəyini çıxarıb Valehə geyindirim.
Dürdanə Elşadın pencəyini çıxarıb Valehə geydirəndə ermənilər onlara baxıb gülür, ələ salırlar. Bu gülüşlərin fərqində olmayan Dürdanə əyilib yenicə geyindiyi, hələ öz ayaqlarını qızdırmayan corabları çıxardıb Valehə verir. “Necə də olsa bizi buraxırlar, sən hələ burdasan” deyir... Bu vaxt Ağdamdan Əsgərana “qrad” atmağa başlayırlar, ermənilərin başı qarışır, onları otaqda qoyub hamısı bayıra qaçır...
Üç əsir boş otaqda tək qalırlar. Üçü də gözlərini yanan sobaya zilləyir, ora yaxınlaşıb qızınmaq, sularını qurutmaq istəyirlər. Hərəkət etməyə isə qorxurlar... Bu vaxt bir həftədir ac olan Dürdanənin gözü masanın üstündəki suxarı ilə qənddə sataşır...
Qənd də, suxarı da lap kiçik-kiçik doğranmışdı. Amma Dürdanənin gözünə bir qazan isti yemək kimi görünürdü. Dürdanə qorxa-qorxa sağında dayanan Elşada baxanda onun da eyni iştaha ilə qəndlə suxarıya baxdığını gördü. Baxışları ilə sola çevrildi, Valeh də gözünü sobadan ayırıb masaya zilləmişdi...
Kameradan döyülən əsirlərin fəryadı göyə ucalır, bayırdan tükürpədici qrad səsləri əks-səda verir, dəhlizlərdən gizlənməyə çalışan ermənilərin qaçhaqaçı yayılır, sobalı otaqda isə bir həftədir döyülməkdən üzləri tanınmaz hala düşən üç gənc masanın üstündəki suxarı ilə qəndə baxırdılar...


 

Əsirlər artıq səsdən bu “hüzur”un pozulmasına, ermənilərin iş başına keçmələrinə nə qədər qaldığını bilirdilər. Əgər səs çox bərkdən gəlirdisə, deməli hücum edən ermənilərdir, qrad mərmiləri təxminən on saniyə sonra “mənzil başına” çatacaqdılar. Yox, əgər uzaqdan guppultu kimi səs gəlirsə, deməli hardasa on saniyə sonra polis şöbəsinin divarları silkələnəcək. Ermənilər o uzaqdan gələn guppultunu eşidən kimi yerlərindən sıçrayır, sonra dəhlizdən qaçan ayaq səsləri gəlir, tükürpədici səslərdən bir neçə dəqiqə sonra isə təhlükə sovuşur, hərə öz işinin başına dönürdü. Eləcə də kimin əsirlərə işgəncə vermək növbəsidirsə, böyük həvəslə vəzifəsini icra edirdi.

Bu dəfə erməniləri bir saniyənin içində otaqları boşaltmağa vadar edən uzaqdan gələn guppultu idi. İndi isə o guppultular dəhşətli səsə çevrilmişdi... saniyələr öncə Ağdamdan atılan qradlar Əsgərana enirdi...
Dürdanə əmin idi ki, göydən bombaların yağdığı bir zamanda ermənilər otağa qayıtmayacaq. Bu ən yaxşı məqam idi. Bu fürsəti yaxşı dəyərləndirmək lazım idi.
Qızcığaz əlini masaya uzadıb ordakı qəndlə suxarının hərəsindən bir dənə götürür. Əllərini aşağı, çiyin çiyinə dayandığı Elşadla Valehin əlinin yanına salır. Suxarını Elşadın, qəndi isə Valehin ovcuna ötürüb yenə əlini masaya uzadanda sakitlik çökmüşdü... Bir neçə saniyə də çəkmədi ki, ayaq səsləri və söyüşlər eşidilməyə başladı.
Oğlanlar bir göz qırpımında Dürdanədən aldıqları bir tikəni ağızlarına qoyub əllərini aşağı saldılar. Səsin yaxınlaşmasından qorxan Dürdanə əlini ikinci dəfə masaya uzada bilməyib, pıçıldayır:

- Çeynəməyin, görərlər. Ağzınızda isladın, ərisin...

Valehi hələ bir aydan sonra buraxacaqdılar. Tək günahı Xocalı toylarında gitara çalmaq olan gənc, Dürdanə ilə Elşadın bu bir həftədə başına gələnləri hələ 4 həftə də artıq yaşayacaqdı... Bu bir tikə qənd onu hələ düz bir ay ayaqda saxlayacaqdı...
Vladik əsgərlərlə içəri girəndə elə əsəbi idi ki, masanın üstündəki “əksiyin” fərqinə varmadı:

- Bunlar niyə burdadır?! Aparın tullayın yerlərinə! Demədim bunlara həkim gətirin? İşin bu yerində bircə bunların ölməyi çatmırdı. Bilirsiz bunlar nə qədər çörək, siqaret, yanacaq deməkdi?

Bu, Valehlə əsirlikdə son görüşləri idi, hərəni öz kamerasına aparırlar. Ermənilərin dəmir qapıdan içəri itələdikləri bacı-qardaş üzüstə yıxıldıqları kamerada birtəhər qalxıb bir-birinə söykənirlər… Bu məzar kimi soyuq, kimsəsiz və qaranlıq kamerada onlar ancaq çiyinləri bir-birinə toxunanda özlərini insan sayırdılar…

- Dürü...
- Ay can...
- Suxarını udmamışam, indi yarısını sənə verəcəm...
- Mənim aclığım yoxdu, bacı qurban...

Açılan qapı Dürdanənin sözünü yarımçıq kəsir. Karo idi...

- Biz ermənilər mərhəmətli xalqıq. Ağlınız türklərə getməsin. Baxmayaraq ki, yaranız ağır deyil, yenə də humanistlik göstərib, sizə həkim gətirmişik. İndi o sizə il tibbi yardım göstərib, yaranızı bağlayacaq...

Düz bir həftədir bədənlərində gəzdirdikləri güllə yarasını sarımaq üçün başqa bir mərhəmətli xalqın nümayəndəsini gətirmişdilər...

- Həkim rus idi. Necə kobud adam idi, ilahi... Adamla elə davranırdı, elə bil mal həkimidi… Ayağımdakı yaranı aralayıb, spirti ora necə tökdü... Çığırdım...

Başına gəlməyən müsibət qalmayan qız ilk dəfə idi belə bağırırdı. Bu günə qədər bütün işgəncələrə səssiz qalmağa çalışmışdı... Rus həkim Dürdanənin üstünə ondan da bərk qışqırır:

- Xvatit!

Dürdanə susur... Karo isə dayanmadan danışır, minnət vururdu:

- Niyə həyasızlıq eləyirsən, ay qancıq?! Sənin xeyrinə eləyir də. İstəyirsən ayağın çirk eləsin, gedib özününkülərə deyəsən ermənilər elədi? Bunu istəyirsən? Bizə böhtan atmaq istəyirsən? Biz sizə rəhm eləyirik, sizsə… Nanəciblər!!!

Həkim ağ parça ilə Dürdanənin ayağını sarıyıb, Elşadı müayinə etməyə keçir.

- Qardaşımın böyrünə güllə qabaqdan girib, arxadan çıxmışdı. O vaxtdan bir böyrəyi işləmir. Elə güllə dəyəndə fəaliyyəti dayanıb. Rus bir məftilə pambıq doladı, spirtə batırdı, qabaqdan basdı Elşadın yarasına, məftil getdi o tərəfdən çıxdı. Bacısı ölmüş necə fəryad qopardı... O səs bu günə kimi qulağımdan getmir... Karo ilə həkim yenə düşdülər üstümüzə ki, sizə yaxşılıq yoxdur... Yaranın üstünü yapışdırıb getdi...

- Həkim ancaq rus dilində danışırdı?

- Hə, amma Karo bizimlə azərbaycanca, onunla rusca danışırdı.

Həkim işlərini bitirib fəxrlə Karoya dönür:

- Yaralılara ilk tibbi yardım göstərildi. Vəziyyətləri normaldır, hər dəqiqə düşmən tərəfə təhvil vermək olar!

Dəmir qapı yenə çırpıldı. Bacı ilə qardaş ağrıdan inildəyə-inildəyə pəncərədən düşən işığa çəkilib bir-birinə qısılırlar. Dürdanə həmişə çalışır ki, işıq birbaşa Elşadın üstünə düşsün. Mümkün qədər özünü Elşaddan gizlətməyə çalışır… Saatlar isə keçmək bilmir…

- Dürü…
- Nədi, bacı qurban?
- Həkim o məftili böyrəyimə tərəf uzadanda qorxudan udqundum, çörəyi də uddum…
- Canın sağ olsun, bacı qurban. Onsuz da buraxılırıq…
- Dürü… Bunlar nə qədər insafsızdılar…
- Ermənidə insaf nə gəzir?
- O gün gəlib məni, bir də başqa bir yaralı əsiri apardılar...
- Hara?
- Zibilliyə…
- Nə... Zibil... Zibillik hardadı ki?

Dürdanənin dili dolaşdı... Elşadın nə deyəcəyindən xəbərsiz olan qız həmən dəqiqə iki gün zibillikdə ölü kimi qaldığını düşündü... Öz-özünə “Bacısı ölmüş zibillikdə məni görüb, özümə demir... Allah məni öldürsün, görüb, görüb” deyir...

- Zibillik zirzəminin arxa qapısından çıxandadı, tualetin yanından keçib gedirlər ora...
- Həə...? Neylədiz orda bacı qurban?
- Zibil maşını gəlmişdi, əlimizə bel verdilər ki, zibili maşına yığın... Yığa bilmədik...
- Niyə... Nə gördüz ki, orda...?
- Yox, zibili qaldırmağa gücümüz çatmadı ki, ataq. Onlar da görəndə gücümüz çatmır, beş-altı nəfər birdən gəlib elə zibilliyin içində bizi saldılar dubinkanın altına. Sonra da sürüyüb gətirib atdılar kameraya...

Dürdanə rahat nəfəs aldı, sən demə Elşadın da zibilliklə bağlı öz acı xatirəsi var imiş… Dürdanədən fərqli olaraq onun xatirəsi açıb-ağartmalı idi…
Axşam qapı yenə açılır. İndi qapının hər dəfə açılması Dürdanə üçün əvvəlkindən də böyük təşviş idi. Hər qapı səsindən dik atılır, ürək səsləri qulağına gəlir, Elşad indi onun ürəyinin necə döyündüyünü eşidib hər şeyi başa düşəcək deyə ölüb-dirilirdi...
Qapını açan erməni içəri girməyib, elə ordan qışqırdı:

- Ey, türk qızı! Bura gəl!

Elşad Dürdanənin əlindən bərk-bərk yapışıb, çarəsiz halda deyir:

- Dürü, getmə... Getmə… Dürü…
- Çağırırlar axı, bacı qurban...
- Yox, çıxma kameradan, Dürü… Nə olar, getmə... getmə… Dürü…

Qapıdakı səs daha da bərkdən çağırdı... Baxışlarını Elşaddan gizlədib ayağını güclə sürüyərək qapıya doğru gedən Dürdanənin əli Elşadın əlindən sürüşüb çıxdıqca oğlan gücsüzlüyünün altında məhv olurdu. Elşadın o əldən yapışıb sıxmağa, onu saxlamağa taqəti yox idi... Bir kişi üçün, bir qardaş üçün, üstəlik düşmən əlində olan insan üçün bacısının əlindən süzülüb axması, getməsi bu günəcən fəryadlarını, bağırtılarını az qala bütün Əsgərana yayan işgəncələrdən də ağır idi...

Dürdanənin əlinə çirkli, əzik bir vedrə ilə dəmir parç verdilər:

- Apar bu suyu ver kişilərinizə. Gəl, kameranın qapısını açmışıq. Yaxşı sudu e, vedrəni səhərdən novun altına qoymuşuq, damdan əriyib tökülən qarın suyudu. Elə bil dağ suyudu... Şəlalədən axıb tökülüb...

Özünü aparmağa heyi olmayan Dürdanə su ilə dolu vedrəni yerdən güclə qaldırıb erməninin arxasınca düşür. Erməni qabaqda lağlağı edib gülə-gülə gedir, vedrəni əlində güclə saxlayan qız isə günlərdir bağırtılarını eşidib doğmalaşdığı əsirlərin hamısına su çatsın deyə elə ehmallıca davranırdı ki, o suyun bir damcısı da yerə dağılmasın...

- O kamera necə idi?

- Orda qapını açandan sonra bir də dəmir barmaqlıq var idi. Qapını açdılar, barmaqlıq qaldı. Mən parçı su ilə doldurub dəmir barmaqlıqdan əllərim əsib yerə dağıtmayım deyə ehtiyatla içəri uzadır, onlarsa alıb içirdilər... İçdikcə mənə dua edirdilər. Özləri də məndən beşbetər halda idilər, amma hamısı bir ağızdan deyirdi ki, allah yolunu açsın, bacı...

İçlərindəki yaşlı bir kişi suyu içib parçı Dürdanəyə qaytaranda gözlərini ondan yayındırmağa çalışaraq pıçıldayır:

- Sən də mənim qızım, elə elə ki...
- Neyləyim...?
- Bilmirəm bala, bilmirəm nə elə, amma elə elə ki, səni dəyişsinlər... Özü də tez dəyişsinlər...

Bədəninin açıq qalan yerlərini çamurla qan gizlədən qız bu halı ilə öz yerlilərinin qarşısına çıxmağın xəcalətini çəkə-çəkə kameraya qayıdır... Qapı açılır, Dürdanə içəri girir və Elşad dik atılır. Çırıq, çirkli paltarının, gödəkçəsinin ətəyindən su damcıları axan qızı təpədən-dırnağa süzüb bir addım geri çəkilib divara söykənir. Boğulurmuşcasına nəfəs alıb yerə çökür. Dürdanə də sakitcə onun yanına yaxınlaşıb, çiyinlərini qardaşını söykəyir:

- Su verdilər, kişilərin kamerasına apardım...
- Sonra...?
- Dəmir barmaqlıqdan su verdim içdilər, qayıtdım...

Dürdanə qaranlıqda cizgiləri güclə sezilən Elşadın nisbətən toxtadığını görür... Artıq əvvəlki kimi nəfəs almırdı, sakitləşmişdi...

- İki gün o vəziyyətdə qaldıq...

- Yenə ac-susuz?

- Hə, yeməyin adını tutan yoxdu, su da istəyəndə qar suyu gətirirlər. Bir səhər tezdən qapını açdılar ki, “Gəlin! Sizi buraxırıq!”
İnan, sevincdən uçuruq. Bilmirik nə edək, elə bir-birimizə baxırıq. Onlar da qışqırır ki, “Gəlin, maşın gözləyir!” Biz də bacı-qardaş qalxmışıq ayağa, ikimiz də ayaq üstdə dayana bilmirik, aşırıq... İndi bunlar qışqıranda ki, maşın gözləyir, birdən ürəklənib girdik qol-qola. Mən axsayıram, Elşad da böyrünü tutub, yarası incidir. Amma o lənətə gəlmiş zirzəmidən elə surətlə çıxmağa çalışırıq ki, elə bil ilan ağzından qurbağa qurtulur… Heç bilmirik bizi doğrudan dəyişməyə aparırlar, yoxsa indi də bu cür ələ salırlar, amma qol-qola girib alovdan, oddan qaçan kimi bacardığımız qədər tez oranı tərk eləməyə çalışırıq…

Palçığın, qanın içində olan bacı-qardaş qol-qola girib sevinclə ömürlərinin ən dəhşətli anlarını yaşadıqları zirzəmidən sanki qaranlıq dünyadan çıxırmış kimi çıxırlar. Ayaq üstdə dayanmağa halları olmasa da elə xoşbəxt idilər ki… Əsgəran milis şöbəsinin qarşısında dayanan UAZ maşınının yanında dayanan ermənilər qol-qola girib sevinən bacı-qardaşa baxıb gülür, ələ salmağa başlayırlar…

- UAZ-ın arxa qapısını açdılar, gördük içəridə də üç nəfər var...

- Onlar kim idi?

- Kəndçilərimiz. İki bacı və bir də Gülöyşə adlı qadın...

- Onlar nə halda idilər?

- Çox yaxşı halda idilər. Əsirin başına nələr gəldiyini görkəmindən bilmək olur. Biz bir-birimizdən yapışıb güclə ayaq üstdə dayanmışıq, üst-başımız cırıq, qan, palçıq... Baxan bilir ki, başımıza gəlməyən müsibət qalmayıb...

- Bəs onların üst-başı necə idi?

- Elə Xocalıdan, evdən çıxdıqları kimi...

- Onları incitməmişdilər? Bəs harda qalmışdılar bütün bu müddəti?

- Onları kənddə saxlayıblar. Erməni kəndlərində olan qız-qadının namusuna toxunmamışdılar. Ümumiyyətlə, kənddə saxlanılanlara qarşı heç bir pis hərəkət olmayıb. Hamısını evdə saxlayıblar. Qadın dedi məni incitməyiblər. Əyin başlarından da bilinirdi ki, yalan demir. Amma bizim əyin-başımıza baxan dərdimizə ağlayırdı...

- Axı kənd ermənisi ilə rayon ermənisinin fərqi nədə idi?

- Kəndə gedib-gələn az idi, onların beyninə çox şey doldura bilməmişdilər. Məsələn, bizi Əsgərana gətirəndə sadə xalq az qaldı ətimizi didə. Amma kənddəki ermənilər bizə nifrət eləmirdi. Onların sadəcə hüzurları pozulmuşdu. Fərq onda idi ki, rayon ermənilərini kənar qüvvələr qızışdırırdı, kənddəkilər isə heç kimi görmürdü. Onlara təsir edən yox idi…

- Maşındakıların içində rabitəçi var idi?

- Biz beş nəfər telefonçu idik. Mən, Səbinə var idi, əvvəlcədən helikopterlə çıxmışdı. Həmən gecə növbədə olan rəhmətlik Gülbahar... Meşədə şəhid oldu. Bir də Gülşən xala ilə Reyhan xala...

- Onlardan əsir düşən olmuşdu?

- Hə, amma əsirlikdə bir gün qalıblar. Bir gün qalanlara çox əzab verilməyib. Həm də onları da kənddə saxlayıblar. Elə qızıllarını, pullarını əllərindən alıb buraxıblar. Düzdü, əsir düşməyin qorxusu adama bəsdi, amma yenə bizimlə müqayisədə onlara şükür. Bizim başımıza gələnlərin çoxunu heç açıb deməli deyil… Bir şey deyim, bunu mütləq yaz. Mən həmişə bir şeylə fəxr eləmişəm ki, əsirliyə kişi kimi düşüb kişi kimi çıxmışam. Satqın olmamışam. Elə kişilərimiz var idi ki, vətənə xəyanətə görə həbs olundu. Axı ora cəhənnəmin özü idi, heç ordan kişilər belə mətin çıxa bilmirdi... O müsibətlərə duruş gətirmək asan deyildi. Birinci ona görə fəxr edirəm ki, son günəcən öz aparatımın arxasında əyləşmişəm, son günə qədər rabitəçi olmuşam. Müharibədə yararlı olmuşam, öz postumu tərk etməmişəm, son ana qədər “alo” demişəm, fəryad qopartmışam ki, “Bizə kömək edin!”
Bir də onunla fəxr eləyirəm ki, orda allah mənə güc verib, dözmüşəm, satqın olmamışam...

- Bəlkə bir neçə kəlmə də satqınlardan danışasız...

- Amma adını çəkməyəcəm. O kişini xocalıların hamısı yaxşı tanıyır. Atası müəllim idi. Gözümün qabağında ermənilərlə oturub çay içirdi.

- Harda gördüz?

- Məni döyməyə aparırdılar, dəhlizdən keçəndə gördüm. O da məni gördü. Mən nə gündə, suyum dama-dama keçirdim, o isə ermənilərlə danışıb-gülürdü. O orda bizim oğlanları necə satdı... Hələ özü bu vaxta qədər gəlib çıxmayıb.

- Buraxmayıblar, yoxsa...?

- Öz xalqına, vətəninə xəyanət edən adam düşmənin nəyinə lazımdı? Onsuz da hamımız bir cana borcluyuq, nə vaxtsa öləcəyik... Gərək dara düşəndə bunu unutmayasan. Beş-altı il bundan əvvəl televizorda belə bir xəbər verdilər ki, ermənilər onu dəyişmək istəyib. Sərhədəcən də gətiriblər. Sonra UAZ dönüb gedib, qaytarıblar.

- Niyə?

- Dedilər guya hansısa bir orqanı yox imiş, ona görə. Ya əlini kəsiblər, ya ayağını, bilmirəm. Hansısa orqanını çıxardıblar deyə, ermənilər qaytarıb aparıblar ki, guya bizimkilər onu qəbul eləməz.

- Cavan adam idi?

- O vaxtlar 30-a yaxın yaşı olardı. Amma gərək bir satqından danışanda beş də qəhrəman oğullarımızdan deyim. Xocalıda Faiq adlı var oğlan var idi. Gəncədə ali təhsilini yarımçıq qoyub döyüşməyə gəlmişdi. Əsir düşdü, erməni dedi torpağı öp, öpdü. Dedi denən torpaq ermənilərindi, dedi azərbaycanlılarındı. Elə o yerdə də ağzından güllələdilər.
Sinif yoldaşım var idi, Rüfət. Bakıda Pedaqoji Universitetdə oxuyurdu. Ara qarışanda qiyabiyə keçib Xocalıya qayıtdı ki, mənim bir anam var, onu qorumalıyam. Evin tək övladı idi, itkin düşdü. Atası da yox idi... Yazıq anası tək böyütmüşdü...

- Anası indi yaşayır?

- Anası çox yaşamadı, xərçəng oldu, döşünü kəsdilər, öldü. Övlad dərdi öldürdü onu. Bir bala saxlayasan, onu da erməni apara, ilim-ilim itə. Sağın boş, solun boş. Kimə övlad deyəsən? Heç olmasa meyiti gələ, dəfn edəsən, sonra gedib məzarında ağlayasan... Yoxsa bir ana tək övladının yolunu neçə il gözləyə bilər?
Şuxəddə xala... Üç oğul böyütmüşdü. Biri müharibədən əvvəl ölmüşdü, ikisi də əsir düşdü… Bu günə qədər də nə öldü xəbərləri gəlir, nə qaldı…

- O ana yaşayır?

- Son illər öldü... Pirşağıda dəfn elədilər.

- Kim?

- Kimi qalmışdı ki? Məzarını dövlət götürdü...

- Əsirlikdə onun oğlanlarına görmüşdüz?

- Hə, mənim yanımda döyüb yaralayıblar… Qonşumuzda Matan xala var idi. Üç oğlu ilə əsir düşmüşdü, qızıllarını, pullarını alıb onu buraxıblar.

- Bəs oğlanları?

- Matan xala ha yalvarıb ki, balalarımı da verin, verməyiblər. “Yaşlı qadınsan, get. Səni buraxırıq” deyiblər. Zakir, Elyar bir də Elşad. Üçünü də saxladılar…

- Oğlanların taleyindən xəbər çıxdı?

- Yox…

- Neçə yaşları olardı?

- Zakir olardı hardasa 25-26 yaşlarında. Elyarın 23-24 yaşı güclə olardı. Elşadın isə 16-17 yaşı olardı. Elə yaraşıqlı, mərifətli, qəhrəman uşaqlar idilər ki… Üçü də döyüşürdü…

- Ailə quranı var idi?

- Zakir evil idi, iki körpəsi qaldı…

- Matan xala necə, yaşayır?

- 6-7 il olar rəhmətə getdiyi… Allah heç bir anaya göstərməsin əli ilə balasını düşmənə verib qayıtmağı… Ürək qalar?

Dürdanə adları sadaladıqca mən “Əsir düşərgəsi” layihəsini nə qədər gecikdirdiyimi bir daha anlayıram...
O isə gördüyü işgəncələrdən danışır:

- Rabitəçi idim deyə dirənirdilər səndə məlumat çoxdur. Elə şeylər soruşurdular ki...

- Nələri soruşurdular?

- Rəhmətlik Əliflə (Əlif Hacıyev) bağlı çox soruşurdular. Bir də Elman (Elman Məmmədov) müəllimlə bağlı. Deyirdim bilmirəm kimdilər... Əlif qəhrəman oğul idi. O təmiz ermənicə bilən uşaqları yığıb hazırlayır, erməni kəndlərinə kəşfiyyata gedirdi...

Döyülməkdən yerdə düşüb qalan Dürdanənin başını ayaqlarının altına qoyub sıxırlar. Bir qulağı yerə dirənib. O biri qulağı isə ağır əsgər çəkməsinin altındadır. Erməni əlinə aldığı kəlbətinlə qızın dilini dartıb çıxardır, “Danış! Danış! Canavar, susma!” deyirdi...
Dürdanə nə qədər əzablı olsa da bunun son olacağını, daha bu əzaba tab gətirməyəcəyini, kəlbətinlə bir yerdə ağzından canının da çıxaracaqlarını sanıb, susur, ölümü dörd gözlə gözləyirdi...

- Dinmirdim ki, qoy öldürsünlər canım qurtarsın. Bir candır, kimdən artığam? Atamdan, anamdan, yoxsa meşədə ölənlərdən artığam?

Yenidən Əsgəran milis şöbəsinin qarşısında dayanmış UAZ-ın yanına qayıdırıq. Maşının arxasında beş nəfər üz-üzə oturub, dörd qadın və Elşad.
Ağdamın Qarağacı qəbiristanlığına çatanda maşından enirlər...

- Atamın uyuduğu qəbiristanlıq... Orda dəfn eləmişdik. Hər il anam bizi yığıb Xocalıdan Ağdama, atamın məzarı üstünə gətirirdi... O vaxtlar gündəlik tutmuşdum, ora ancaq atam haqda yazırdım...

- Məsələn, nə yazırdız?

- Yeniyetmə dövrüm idi. “Atalı xoşbəxt günlərim, atasız bədbəxt günlərim” yazırdım. İndi ayağımı UAZ-dan yerə, atam uyuyan torpağa qoyanda ilk ürəyimdən keçən bu oldu: “Allah, keç günahımdan. Atamı aldığın üçün çox ağlamışam, bağışla. Nə yaxşı ki, sən zamanında atamı aparmısan. Nə yaxşı ki, mən indi bu halımla erməni əlindən çıxıb qayıdanda məni orda, o başda atamın gözləmədiyini bilirəm. Allahım, sənə çox şükür ki, məni bu kökdə atama göstərmədin...” Ürəyimdə bunu deyə-deyə də ora-bura boylanıram ki, görüm atam görmür? Axı həmişə bura gələndə atamın yanına gedirəm demişəm. Elə bilmişəm mən gələndə ayağa qalxır, sevinir ki, “bacım gəlib”...

- Karo harda idi?

- Yanımızda! Son ana qədər yanımızda oldu. Vladiklə Karo həmin UAZ-la gəlmişdi. Amma postda bizə hardasa 15 nəfərəcən erməni hərbçi də qoşuldu. Xeyli adamıq...

Dəstənin başında Vladik gedirdi. Ondan sonra Karo, sonra isə bir neçə hərbçi… bir neçə hərbçi isə əsirləri nəzarətdə saxlayır, gözdən qoymurdular. Bir-bir əsirlərin əlindən tutub qarşıdakı xəndəyi də keçirdilər və “Qarağacı” qəbiristanlığında məzarların arası ilə beş nəfər – üçü sağlam addımlarla, ikisi isə sürünə-sürünə irəliləyirdilər...
Əsirlər uzaqdan Vladiklə söhbət edən adamları gördülər. Hər iki tərəfin nümayəndələri üz-üzə dayanıb nə isə danışırdılar...
Əsirlikdə sonuncu saniyələrini yaşayan gənclər sıra ilə düzülüb həyəcanla qabağa, Vladikin söhbətləşdiyi adamlara tərəf boylanır, sanki onların arasında öz doğmalarını axtarırdılar. Lap az qalmışdı, ermənilər elə indicə onları təhvil verib, alacaqlarını alıb, geri qayıdacaqdılar ki...

Vladik geriyə dönüb komanda verir:

- Əliboşdular! Deyirlər heç nəyimiz yoxdu, heç nə vermirik. Qaytarın bunları geri!

Cəmi bir neçə dəqiqə sonra onlar yenə UAZ-ın arxasında üz-üzə oturmuşdular… Köhnə maşın qradların darmadağın dağıtdığı yollarda silkələnir, ikinci dəfə əsir düşmüş beş nəfəri tale kimi atıb-tuturdu…

Təxminən saat 12 radələrində köhnə UAZ Xramort kəndində sadə, kiçik bir evin qarşısında dayanır. Maşının arxa qapılarını açıb onlara “Enin!” əmrini verəndə birinci sağlam əsirlər, ən axırda isə cır-cındır paltarlarının ətəyindən su damcılayan Dürdanə ilə Elşad ürkək-ürkək UAZ-dan düşürlər. Bacı-qardaş bir-birinə yapışıb, ilk dəfə əsir düşüb Əsgərana gətirildikləri günü xatırlayırlar. Sadə xalq onlarla necə amansız davranmışdı... İndi növbəti işgəncə başlayacaq deyə qorxudan tir-tir əsəndə maşın səsinə qaçaraq küçəyə çıxan altmış yaşını haqlamış bir erməni qadınının naləsi bütün kəndə yayılır:

- Bu uşaqları bu halda görən ana yazıq deyil? Niyə onları bu hala salmısız? Allahdan qorxmursuz? Nə idi onların günahı? Nə idi mənim günahım ki, balam gülləyə tuş gəldi? Mən onu sizin lənətə gəlmiş müharibəniz üçünmü böyütmüşdüm? Hamınızı lənətə gələsiz! Sizin də, onların da başda oturanları lənətə gəlsin ki, bizi, kasıb xalqı bədbəxt elədiz! Hər şeyləri var deyə qudurdular! Biz kasıblarınsa bircə balası var idi, onları da əlimizdən alıb güllə qabağına göndərdilər. Allah cəzanızı verəcək! Verəcək...!!!

Məlum olur ki, beş nəfər əsiri yanacaq, çörək və siqaretlə birgə həm də bir döyüşçü meyitinə dəyişmək haqda razılaşıblar. Allahverdi Bağırov Vladikə “Hələ heç nə hazır edə bilməmişik, ancaq axşama çatdıracağıq” deyəndən sonra onlar bir də Əsgərana qayıtmamaq qərarına gəliblər. Onlarla öz meyitinin arxasınca gələn erməninin dəvəti ilə Xramort kəndinə gedib, orda gözləmək daha sərfəli idi. Axı mümkün qədər yanacağa qənaət eləməli idilər...
Ana neçə müddətdir ölən balasının cəsədini alıb dəfn eləyə bilmirdi. Onun öz xalqına olan qəzəbini sırf bu üzdən xoş görən ermənilər susur, qadına cavab verməməyə çalışırlar. O isə oğul meyitini gözlədiyi halda qapısına gələn bu beş naməlum insanı, xüsusi ilə meyitdən də dəhşətli halda olan iki gənc bacı-qardaşı öz balasının yerinə qoyub əllərini dizlərinə çırpa-çırpa ağı deyir, nalə çəkirdı...
Onları içəri dəvət edirlər. Kiçik həyətdə iyirmi nəfərlik süfrə açılıb. Bu, nəhayət ki, meyitin gələcəyini gözləyən valideynlərin öz adətləri üzrə oğlanlarına açdığı ehsan süfrəsi idi...
Əsirləri və hərbçiləri həmin masaya, ehsan süfrəsinə dəvət edirlər. Hərbçilər süfrəyə oturan kimi iştahla yeyib-içməyə başlayırlar. Əsirlər isə süfrəyə əl uzatmırlar. Bunu görən ev sahibi süfrədəki bütün təamlardan bir-bir öz ağzına qoyub halına ağladığı əsirləri inandırmağa çalışır:

- Balamın adına and olsun ki, heç birinə zəhər qatmamışam. Tərtəmizdi, yeyin, rənginiz özünüzə gəlsin. Baxın, mən də yeyirəm, heç nə qatmamışam. Allah bu müharibə edənlərə lənət eləsin! Nə mənim günahım var idi, nə də sizin. Mən neynirəm o torpağı ki, onda oğul basdıracam.

Qadın danışdıqca əllərini dizinə döyüb ağlayır, eyni sözü təkrar edirdi:

- Nə sizdə günah var, nə də bizdə! Allah səbəbkara lənət eləsin! Bax, nə kasıbçılıqla böyütdüyüm oğlum öldü. Hələ meyitini də görməmişəm. Gör siz nə haldasız... Nə günah sahibisiz ki, axı siz? Sən allah yeyin, baxın, mən də yeyirəm, siz də yeyin...

Qadın gözünün yaşı yanağından axa-axa süfrədəki toyuq soyutmasını götürüb dişinə çəkir, üstündən də erməni süfrəsinin vazkeçilməzi olan turşudan yeyir, dayanmadan hökuməti söyüb, lənət oxuyur, yemək yemələri üçün əsirlərə yalvarırdı...
Sərhədə meyit dalınca gedib əliboş qayıdan erməni Elşadın qarşısındakı stəkana araq süzür:

- Oğul, bunu içək bizim şəhidin ruhuna!

Elşad böyüdüyü ailədə heç vaxt süfrədə spirtli içki görməmişdi. İçkinin dadını belə bilmirdi. Əlini tərpətmədi. Ev sahiblərinin qonaqpərvərliyindən, humanistliyindən təngə gələn Karo onların dərdinə şərik olmaq üçün sussa da, bu yerdə bağıraraq bütün acığını Elşada tökür:

- İç deyirlər, iç də! Zəhər deyil, zəqqutun deyil! İç!

Karonun məsələyə qarışmasından qorxan Dürdanə masanın altından ayağı ilə Elşada toxunur. Bu o demək idi ki, “iç...”
Elşad araqla dolu köhnə stəkanı dodaqlarına yaxınlaşdırır...

Ağlamağını kəsməyən qadın Elşadın içməyindən ürəklənib o biri əsirlərə üz tutur:

- Bilirəm, sizdə qadınlar içmir. Amma yeyin, qurban olum, bir tikə yeyin... Meyitini görmədiyim balamın ehsanıdır, yeyin, savab olsun. Yeyin...

Elşad içəndən sonra Karo qadınlara üz tutub qışqıraraq “yeyin” əmri verir...

- Neçə günün acı, yemək iylərindən çox pis ürəkbulanmam başlamışdı...

- Ölən cavan idi?

- Bilmədim, amma dedilər ki, rütbəsi böyük imiş...

- Qadın ki, sizə qarşı elə canıyananlıq elədi, nə əcəb qalın, isti paltar vermədi?

- Paltar vermədi, amma corab verdi.

- Əsirlərin içində ayaqyalın olanı bircə siz idiz?

- Hə. Bir Elşad, bir də mən. O birilərin əyni qalın idi. Bizsə corabsız və ayaqqabısız... Arvad mənə bir cüt corab, bir də qırmızı rəngli, damalı şərf verdi. Dedi corabı geyin, şərfi də bağla ayağına, soyuq olar. Cavan qızsan, özünü qoru... Corabı geyinib, şərfi bağladım ayağıma...

Hava qaraldı. Axşam təxminən saat 5-6 arası olardı ki, onlara “Qalxın!” əmri verilir. Qadın, əsirləri bir-bir bağrına basıb öpür, ən yaxın adamını uzaq səfərə yola salırmışcasına vidalaşırdı. Üst-başı palçıq, su və zir-zibil içində olan Dürdanəyə bərk-bərk sarılan qadın dua eləməyə başlayır:

- Allah köməyin olsun, bala. Allah bundan sonra yolunu açıq eləsin. Gedin, siz gedin ki, mənim də meyitim gəlsin. Gəlsin, onu dəfn edim. Anası ölmüşə toy eləməmişəm, heç olmasa yas eləyim...

Qaranlıqda köhnə UAZ Ağdamın “Qarağacı” qəbiristanlığında dayanır. Yenə Vladiklə Karo qabaqda, sonra hərbçilər, sonra da hərbçilərin müşayiəti ilə əsirlər irəliləməyə başlayırlar. Hər şey səhərki kimidir, bircə hava qaralıb və məzarlıqda qurd-quş ulayır... Dürdanə səkkiz gün əvvələ qədər bu səslərdən dəli olardı, indi isə bu səs onun ruhunu da incitmir. 8 gün qonşu kameradan gələn bağırtılar qulağından getmirdi, o səslərin yanında məzarlıqdan gələn səslər nə idi ki? Bununla ancaq uşaq qorxutmaq olardı. Kameradan gələn bağırtılar isə dünyanın ən vahiməli səsi idi...
Qaranlıqdan istifadə edən Dürdanə guya ayağına bağladığı şərfi bərkitmək üçün aşağı əyilir. Qalxanda əlini cibinə salır... Heç kim qızcığazın atasının qarışdığı torpaqdan bir ovuc “oğurlayıb” cibinə tökdüyünün fərqinə varmır...
Vladikgil onlardan aralanmışdı, qarşıda kiminlə nə danışdıqları görünmürdü. Martın ilk günlərində Ağdam məzarlığında hava soyumaqla bir şaxta başlamışdı ki, Dürdanə ilə Elşad şaxtadanmı, yoxsa sövdələşmənin bu dəfə də alınmayacağı qorxusundanmı titrədiklərini anlaya bilmirdilər... Qaranlıqda nə baş verdiyini görməyən əsirlər artıq bütün ümidlərini itirməyə başlamışdılar ki, isti çörək iyi gəlir... İsti çörək, “ev iyi” get gedə yaxınlaşır... və bir neçə dəqiqədən sonra erməni hərbçiləri kisələrə doldurulmuş Ağdamın zavod çörəyini əsirlərin yanından keçirib, maşına tərəf aparırdılar... Onların arxasınca bloklarla siqaret və böyük çəlləklərlə yanacağı daşımağa başladılar. Bu vaxt Karo onlara yaxınlaşıb Elşadın yaxasından tutub özünə tərəf çəkir:

- Get, bu qızın qanına qurban ol! O öz qanını satıb səni aldı. Əgər o qancıq olmasaydı, biz səni, döyüşçünü verməyəcəkdik! Səkkiz gündü əlimizdəsiz! Belə tezliklə heç bir döyüşçü əlimizdən qurtara bilməyib! Get, nəfəsin gələnə qədər bu qancığa sağ ol de...

Elşad növbəti dəfə məhv olmuşdu... Başqa bir hərbçi isə kinayə ilə “sağollaşdı”: “Gedin orda deyin ki, torpaqlarımızı azad edək, bir gün də Bakıya, neftimizin dalınca gələcəyik!”

- Bəs meyiti aparmaqlarını görmədiz?

- Mən görmədim. Elə çörək dolu kisələri yanımızdan aparanda iyi vurdu. Gözümüzə işıq gəldi... Ac adam çörəyi yeyəndə gözünə işıq gəlir, bizsə bir də geri qaytarılmayacağımızın sevincindən bilmirdik nə edək... Bloklarla siqaret, bir də rayonda hamı küçəyə, darvazasının qabağına qoyub zibil tökdüyü çəlləklərdən 4-5 dənə dığırlaya-dığırlaya aparıdılar. Bir də bir neçə 20 litrlik kanistr gördüm. Bəlkə də meyiti verməmişdilər...

Nəhayət... Batalyon komandiri Allahverdi Bağırov qollarını açıb onları qucaqlayır...

- Bizi elə qucaqladı, elə bil öz balasıyıq... Başladı ağlamağa...

- Orda başqa kim var idi?

- Atamın ögey qardaşı Haqverdi əmi Ağdamın Xalq Cəbhəsində idi. Allahverdi ilə bərabər döyüşürdü. O da orda idi...

- Bütün ümidinizi itirəndən sonra dəyişdirilmişdiz. Nə hiss edirdiz?

- Heç azad olduğumun fərqində deyildim, canıma vicvicə düşmüşdü.

- Niyə?

- Axı Allahverdi də, Haqverdi əmim də saqqallı idi, qorxurdum... Saqqal mənim üçün indi də ən qorxulu şeydi. Beynimə elə həkk olunub ki, bu gün də küçədə saqqallı adam görəndə, içimə qorxu dolur, az qalıram qaçıb gizlənəm...

Maşına minməzdən əvvəl Dürdanə əmisinə pıçıldayır:

- Əmi, gedək atamı görək..
- Hara tələsirsiz? Gedək evə, rahatlanın, sonra özüm sizi atanızla görüşməyə gətirəcəm...

Sonralar Elşad həmişə Dürdanəyə deyəcəkdi, “Dürü, gərək sonuncu dəfə atamla görüşərdik...”

Onları təcili yardım maşınına oxşayan bir maşına mindirib qəbiristanlıqdan surətlə uzaqlaşdırırlar. Maşın xeyli gedəndən, məzarlar görünməz olandan sonra yolun kənarına çəkilib dayanır, qapı açılır... Hələ də əsirlikdə yaşadıqları dəhşəti unutmayan Dürdanə ilə Elşad hər qapı səsindən qorxmağa alışdıqlarından bir-birinə sığınıb nə baş verəcəyini gözləyirdilər ki... maşına iki yeniyetmə, kiçik qardaşları Elmanla Eldəniz minir...
Tərpənməyə halı olmayan Elşadla Dürdanənin gözlərindən işıq parlayırdı. Demək ki, bu dünyada hansısa qapı açılanda ordan içəri insanın doğması da girə bilərmiş... Axı onlar bir-birlərinə deməsələr də, qayıdanda özlərini hamını ölmüş görəcəklərinə hazırlamışdılar.
Kiçik qardaşlar sevinclə əsirlikdən qayıdan bacı-qardaşına sarılır. Onlarınsa qolları artıq doğmalarını qucaqlamaq üçün belə tərpənmək gücündə deyildi... Hər ikisi kiçik qardaşlarının qolları arasında meyit kimi cansız dayanmışdılar... Dürdanə güclə eşidiləcək səslə soruşur:

- Anam... Anam... sağdı...?
- Hə Dürü, hamı sağdı!
- Elşad... Bizi aldadırlar...
- Allaha and olsun sağdır, özü də hospitaldadır. Güllə böyründən girib qalıb içəridə... Amma yaxşıdı... Sizi görüb lap yaxşı olacaq...

İçi əsirlərlə dolu maşın Ağdamın 1 may küçəsində Müxəstə arvadın evinin qabağında dayanıb üst-başları zir-zibil içində, saçları dağınıq iki gənci, Elmanla Eldənizi və bir neçə hərbçini maşından düşürdüb, yoluna davam edir...
Maşın səsinə qaçaraq küçəyə çıxan Müxəstə arvad hərbçilərlə qapının qabağında dayanan nəvələrinin görkəmini görəndə onları qucaqlamaq üçün açılan qollarını birləşdirib başına-başına döyməyə başlayır:

- Ay allah, cavan yaşında balamı aldın, günahım nə idi ki, indi də mənə belə dağ çəkirsən? Mənim balalarım kimə neyləmişdilər ki, bu hala düşdülər? Necə götürürsən? Niyə göydən daş yağdırmırsan? Mənim qız balamın nə kökə düşdüyünü görmürsən?

Qadın qışqırıb özünü döyə-döyə nalə çəkirdi...

- Ata nənəm sağlam qadın idi, onu bizim dərdimiz öldürdü... Bizi nə halda gördüsə əlini atıb dilini də cırmışdı, ağzı dolu qan idi. Üz-gözündə salamat yer qoymamışdı, sifəti qan içindəydi. Evə girdik ki, hamı yığılıb. Məlum, artıq Ağdamda qız-qadın yox idi. Ancaq ağbirçək qadınlar və kişilər. Hamı yığıldı başımıza. Dedim birinci anamı görmək istəyirəm ki, doğrudan sağdı? Nənəm dedi “Atanın goru haqqı sağdır”. Onda biz az toxtadım ki, nənəm yalandan atamın goruna and içməz.

Nənələri hərəsi Dürdanəni bir tərəfindən qucaqlayıb, ortalarında oturdurlar. Dürdanə Firuzə nənəsindən soruşur:

- Necə gəldin nənə? Yaralanmamısan?
- Yox, başına dönüm. Yaxşı gəlmişəm, heç “çust”umun burnu da palçığa batmayıb. Nənəsi boyuna qurban olmuş Elşad çaydan keçirəndə məni qucağına aldı, heç islanmadım da, qupquru gəlmişəm, narahat olma... Elə şalım belimdə, çalmam başımda, “pensiyam” da qoynumda. Pul kisəmi boynumdan asanda gülürdüz, görürsən? Bircə anana güllə dəydi, dedim qorxma Nübar, sənə kömək göndərəcəm. Getdim gördüm qabaqda bir hərbçi var, dedim qızıma güllə dəyib, ölür, gedin gətirin. Sağ olsunlar, gedib gətirdilər.
Neçə gündür “nəvələrimdən xəbər yoxdu” deyib boğazından tikə keçməyən nənə əriştə bişirmişdi:

- Neçə gündü acsız, mədəniz boşdu, əvvəl su için, sonra sulu yemək yeyin. Yeyin canınız qızsın, nənə qurban. Əvvəlcə suyunu için, mədəniz boşdu... 8 gün ac qalan adama birdən-birə yemək vermək olmaz.

Qaşığı ağzına aparan Dürdanənin yenə ürəyi bulanmağa başlayır. Nənəsi tez dillənir:

- Qorxma nənə qurban, neçə gündü acsan ona görə... Ye, ye keçəcək...

Müxəstə arvad Dürdanəni də götürüb həyətdəki hamama gətirir. Nəhayət, nənə ilə nəvə təklikdə qala bilirlər. Dürdanə sinəsi cırıq paltarının üstündən geyindiyi ağ gödəkçəsinin qabağını bağlayıb, üstündən də yaxasını əlləri ilə tutmuşdu ki, paltarının sinəsinin haracan cırıq olduğunu kimsə görməsin... Heç əriştə içəndə də gödəkçəsini soyunmamışdı...

Müxəstə arvad üfunət iyi verən gödəkçənin yaxasını dartıb açır. Dürdanə sinəsinin cırığı göbəyindən də aşağıya uzanıb gedən qırmızı paltarı ilə nənəsinin qarşısında dayanmışdı. Qadın Dürdanədən heç nə soruşmaddan cəld hərəkətlə qırmızı paltarın yaxasından dartıb qalan yerlərini də cırır, bir neçə saniyənin içində yumurlayıb hamamın bir küncünə tullayır:

- Bunların hamısını yandıracam! Nənə sənə qurban, heç birini görməyəcəksən! Hamısı yadından çıxacaq!

Atasının məzarı olan Qarağacı qəbiristanlığından götürdüyü bir ovuc torpaq da gödəkçənin cibində hamamın küncünə atıldı... Dürdanə nənəsinə torpaq haqda deyib onun dərdini təzələməmək üçün öz-özünə “Nənəm yandırmamış cibindən torpağı boşaldaram” deyə düşünür...

Müxəstə arvad hamamdakı vannanı su ilə doldurub bədəni qapqara və gömgöy olan Dürdanəni suya salır:

- Nənəm şampunu tökdü suya, köpük qalxdı... Saçlarım vannanın içinə dağıldı. Bədənim cızıq-cızıq, hər yanım göynəyir... Canımın ağrısı suda keyiməyə başladı...

Nənə əllərini yaralı nəvəsinin bədənində ehmalca gəzdirir, onu incitməmək üçün sanki yeni doğulmuş körpəni çimizdirirmiş kimi ehtiyatla davranırdı... Ürəyi parça-parça olan qadın bu templə çox dayana bilmir, tez-tez əllərini Dürdanənin bədənindən çəkib zərblə öz sinəsinə, başına, üzünə çırpır, fəryad qoparırdı: “Mən nənən ölsün, ay bala!”
Müxəstə arvadın naləsi hamamda əks səda verir, ordan da bomboş boşalmış Ağdamın səmalarına yayılırdı... Böyük şəhər o qədər kimsəsiz idi ki, qadının naləsini eşidən yox idi...

- Yazıq arvad o hamamda özünü nə günə qoydu…

Dürdanənin uzun, qara saçlarının palçığını yuyan Müxəstə arvad bu dəfə iki əli ilə sinəsinə döyməyə başlayır...

- Mən nənən ölsün, ay bala. 8 günün içində saçın ağarıb. İndi bildim sənin nələr çəkdiyini... Deməli sən orda bu ağaran saçlarının sayı qədər zülm çəkmisən. Özü də sol tərəfin ağarıb... Saçlar ürəkdən su içir axı...

Nənə Dürdanəni çimizdirib yarasını bağlayır, sonra evdən özü ilə gətirdiyi paltarları, yun kolqotkanı ona geydirib, cızıqlı, gömgöy olmuş bədəni tamamən qapayır. Bütün sirləri gizlətməyə çalışan qadın Dürdanənin saçlarını darayıb qurudur, hörür...
Gecə nənəsinin açdığı yumşaq yataqda Dürdanənin gözünə yuxu getmir... Tezliklə səhərin açılmasını, hospitala gedib anasını görməyi istəyirdi...
***
Səhər Dürdanə ilə Elşad yuxudan oyanıb mətbəxə keçəndə, artıq nənə stolun üstünə iki stəkan şirin şərbət hazırlayıb qoymuşdu:

- Nənə qurban, birinci şərbəti için, ürəyinizdə dursun. Halınız yoxdu...

Cəmi 8 günün içində dərdin, ağrının böyütdüyü uşaqlar yenidən nəvə olmuşdular, nənələri nazları ilə oynayır, qayğılarına qalırdı... Elşad şərbəti içə-içə:

- Nənə, Dürü orda mənə bir tikə çörək qurusu oğurlayıb verdi e...
- Allah məni öldürsün, allah məni öldürsün!!!

Müxəstə arvadın yenidən başına-gözünə döyməsi Elşadı ağzını açmağa peşman eləyir və oğlan susur.
Səhər yeməklərini yeyib, maşına əyləşib hospitala yola düşürlər. Müxəstə arvad çox rahat idi, necə də olsa Dürdanənin başına gələnləri bitdə-bitdə danışan görkəmini dəyişmiş, bədəninin bütün yaralarını gizlətmişdi. Onu bu halda anasına göstərmək olardı...

- Güllə hələ də ayağınızdadı? Sizə həkim baxmayıb?

- Hələ yox, güllə ayağımdadır. Axsaya-axsaya, sürünə-sürünə gəzirəm. Getdik hospitala. Ağdamda dəmir yolu vağzalında vaqonların içində hospital düzəltmişdilər... Anama yaxınlaşdıq...

Yataqda uzanan Nübar arvad gözlərini vaqonun tavanına zilləmişdi. Heç onların üzünə də baxmırdı...

- Biz gəlmişik...
- Neyləyim? Kim gəlmədi ki? Bircə mənim balalarım gəlib çıxmadı... (Ağlayır)Mənə mənim balalarım lazımdı, siz yox. Bəs onlar nə vaxt gələcək? Siz də orda mənim balalarımı görmədiz?
- Ana, biz gəlmişik....
- Ana, bizik... Mənəm, Elşaddır... Dürüdü... Gəlmişik, yaxşıyıq...

Elşad anasını qaldırır. Yaralı qadın gah oğlunu, gah da qızını öpməyə başlayır. Öpür, öpür və huşunu itirir...

- Üç-dörd gündən sonra da anam xəstəxanadan çıxıb nənəmgilə gəldi. Qəfil bombardman düşdü, aləm qarışdı bir-birinə, Xalq Cəbhəsi bizi bir avtobusa yığıb göndərdi Bakıya. Burda məskunlaşdıq.

- Bəs gödəkçənizin cibindəki torpaq?

- Heyf... O gödəkçəmin cibində qaldı...

- Güllə nə qədər ayağınızda qaldı?

- Bizi Bakıda xəstəxanada əməliyyat elədilər. Elşadın yarası neçə ay işlədi, mənim ayağımdakı yara isə bəlkə bir il işlədi. O vaxtlar 2 saylı tibb texnikumunun yataqxanasında məskunlaşmışdıq. İkinci mərtəbədə qalırdıq, yuxarı hamısı tələbələr idi. Bu çoxluqda sıxılırdım. Orda adımı demirdilər... “Əsirlikdən çıxan qız” deyirdilər, havalanırdım. İndiyəcən yadımda, bir dəfə toppuş bir qız yaxınlaşdı ki, əsirlikdən gələn qız sənsən? Özümə yer tapa bilmirdim... Bir dəfə anamla bir qonşu nəyinsə üstündə sözləşdi, çıxdım ki, ayıbdı, səs salmayın. Qonşu qayıtdı ki, sən səsini kəs, sən erməni əlində əsir olmusan... Söz tapmadım, üzümü tutub girdim içəri...

Bütün bu əzablara yenidən rabitəyə işə düzələndən sonra son qoyulur:

- Komutatorun qarşısında oturanda elə bildim yenə kənddəyəm. Toxtadım, güc aldım. Elə bil heç nə olmayıb... Axı işə gedəndə həmişə tələsirdim ki, tez çatıb oturum komutatorun qarşısında... Bütün həyatım orda keçib, 16 yaşımdan rabitəçi işləmişəm.

Dürdanə yataqxananın dar otağına dərdləri, sirləri ilə birgə sığınmışdı. Köhnə, işlənmiş bir rəngli televizor almışdılar. Bütün günü anası və nənəsi ilə yanaşı oturub ona baxırdılar...

- Gedib onu çıkkaçık burur, kanalları dəyişir, yenə gəlib otururduq. Gözüm televizorda, fikrim isə başqa yerlərdə olurdu. Anam baxıb deyirdi bir söhbət elə, niyə danışmırsan. Deyirdim nədən danışım? Anam elə hey çalışırdı məndən nə isə söz alsın, görürdü daşdan səs çıxır, məndən yox. Özümü onun yanında elə aparırdım ki, guya dünyanın ən xoşbəxtiyəm.

Bu müddət ərzində neçə il müalicə olunur. Oturduğu yerdə ürəyi gedir, dişləri kilidlənir, qıcolması tuturdu. Bütün pirləri gəzdirirlər, həkimə aparırlar...

- Həkim dedi ürəyində problem yoxdu, ərə getməlisən. Bizim həkimlər axı hər şey üçün “ərə get” deyirlər... Amma bir adamın ağlına gəlmədi ki, bu qız 8 gün erməni əsirliyində qalıb... Dildə 8 gün demək asandı, onu yaşamaq... Üstəlik də cavan qız üçün... Kişiyə nə var, qardaşım da əsir düşüb, amma mənim qədər əsəbi deyil... O bu həyata daha tez alışdı. Çünki heç kim ondan “Əsirlikdə sənə neylədilər” deyib soruşmurdu. Hətta neçə dəfə özümə qəsd eləmək istəmişəm...

Dürdanə düz yeddi il gələcəkdən bütün ümidini üzmüş halda yaşayır. Sabahından heç nə gözləmədən...

- Heç vaxt ağlıma gəlməzdi ki, mən ailə quraram, qucağıma övlad alaram.

26 yaşı olanda tanış olduğu adam rastlaşdığı ilk insan idi ki, onun erməni əsirliyində olduğunu biləndə əlavə sual verməmişdi... Evlənirlər, beş il övlad gözləyirlər...

- Həmişə bir evin xanımı, bir kişinin qadını və bir övladın anası olmağı hər şeydən çox istəmişəm. Qızım doğulanda sevincimin həddi-hüdudu yox idi... Əsirlikdə olanda bir gün bu qədər xoşbəxt olacağım ağlıma gəlməzdi... Sanki allah bütün əzablarına dözdüyüm üçün məni mükafatlandırdı... Dedi qoy könlün açılsın... Bir evdə xanım olmaq, bir evdə ana olmaq elə gözəl şeydir ki...

- İndi vəziyyətiniz necədi?

- O müsibətləri yaşayan adam necə olar? Başımda divara çırpılmaqdan yaranan şişlər hələ də qalır, ağrıları tutanda tərpənə bilmirəm. Şəkərim var, infarktım var. Hələ bunlar azmış kimi üç il əvvəl belimdən ağrılar tutdu, həkimlər dedi sənin onurğanda ləkə var. Çoxdan qaralıb, indi çürüyüb...

- Bu nə idi?

- O döyülməklərin altını mən neçə il sonra da çəkirəm demək... Elə pis olmuşdum ki, bu dərd məndən heç vaxt əl çəkməyəcək? Əsirlikdə olanda ölümdən qorxmurdum, tək canım idi. İndi isə balam var, onun üçün yaşamaq istəyirəm. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən razıyam, Allah da razı olsun, kömək elədilər. İranda üç dəfəyə əməliyyat eləyib, belimə bir kiloyacan platin yerləşdiriblər... Heç bilmirəm nazirimiz olmasa mən necə yaşayardım? Daim qayğısını hiss edirəm, özümlə də, ailəmlə də maraqlanır. Nazir Əli Abbasov məni “Fədakar rabitəçi” fəxri adına layiq görüb.
Bircə bu ağrılarım, xəstəliklərim olmaya... Bu ağrılarla keçən həyat yaşamaq deyil... Məni vurmuşdular. Onda cavan olmuşam, hiss eləməmişəm. Get-gedə onurğam qaralıb... İnsan kimi döymürdülər ki... Elə onların vurduğu ağrılardı, canımdan çıxmır... Pulum olanda yenidən İrana gedirəm, müalicə alıram, ağrılarım azalır, olmayanda belə zəlil halda çarəsiz qalıram...

Bu vaxt qapı aralanır və mən onda fərqinə varıram ki, artıq gecə düşüb... 12 yaşlı Ləman yaxınlaşır:

- Vüsalə xala, olar mən sizdən bir şey xahiş edim?

- Buyur...

- Sizdən xahiş eləsəm o yazacağınız yazının sonunda bir cümlə əlavə edərdiz?

- Əlbəttə!

Bu vaxt sevinirəm ki, nə yaxşı ki, Dürdanə söhbətlərin bir hissəsini pıçıldayaraq danışıb... Ləman səhərdən bizə qulaq asırmış... O kiçik stulunu gətirib yanımda əyləşir:

- Sizi dinləyib mən də təsirləndim. Bilirsiz necədir, ən yırtıcı heyvanla ən zəhərli heyvanı götürək. İlan. Ən zəhərlisinə “Qafqaz gürzəsi” deyirlər. Ən yırtıcı heyvan isə aslandır. O gün televizorda bir filmə baxdım. “Qafqaz gürzəsi”, siçan, bir də balası. O siçanı uddu, balasınınsa yanından sürünüb keçdi. Aslansa meymunu yedi, balasını pəncəsi ilə qaldırıb ağaca qoydu ki, yerə düşməsin. Sığalladı, oynatdı və getdi... Ermənilərsə ən zəhərli və ən yırtıcı heyvandan da betərdilər. Balaca uşağın əlinə güllə atmaq... (Gözləri dolur, davam edə bilmir...)

Dürdanə qızını qucaqlayıb, onun gözünü silir:

- Bu gün bütün sandığımı sənə açdım, lap dərində bir mücrü gizlədib saxlamışam, onu isə 16-17 yaşına çatanda Ləmanıma açacam. Cavan olmuşam, arzularım olub. İstəmişəm evimizdən hamı kimi vağzalı sədası altında çıxım. Ağ gəlinlik geyinim... Mən nə qız kimi qız oldum, nə də gəlin kimi gəlin. Bu mənim ürəyimdə qaldı, sona qədər də mənimlə gedəcək. Bunu qızım hələ başa düşən deyil. Mənim başıma bu hadisələr gələndə anam mən yaşda idi, 42 yaşı vardı...

- Ananız indi necədi?

- Yaxşıdı, qardaşlarımla yaşayır... Nəvələrini oynadıb, sevinir... Mənim də arzum odur ki, Ləmanımı aparıb doğulduğum torpağı göstərim. Atamın evindən ağ gəlinliklə çıxmaq, o həyətdə vağzalı sədası eşitmək qismət olmadı... Arzulayıram ki, balamı atamın evindən gəlin köçürəm...

SON
 

 


 

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)