NIALL GRIFFITS - "KÖTÜK"

2013-cü ildə ilk aldığım kitab adına ilk dəfə rast gəldiyim Niall Griffitsin "Kötük" əsəri oldu. Qeyri adi üz qabığı və əsərin adı mənə maraqlı gəldiyi üçün almadan keçmədim. Həmdə axır vaxtlar idi dilimiz yeni tərcümə olunmuş kitab axtarırdım. Xeyli vaxt olar ki, bookshoplara əvvəlki kimi sıx-sıx getmirəm. Və bilirəm ki, bir neçə təzə tərcümə olunmuş kitablar artıq rəflərdə məni gözdüyür :) sözün qısası keçək əsərə..

Əsər İngiltərədə cərəyan edən hadisələrdən bəhs eliyir. Narkomaniya, tüfeyil həyat və bir qolunu qanqrenadan itirən o "birqollu".. Onun həyatı, həyata baxışı, əlillərin cəmiyyətdə yeri, narkomanların, alkaqolların cəmiyyətdə yeri və s. kimi mövzulara çox ustalıqla toxunulub. Eyni zamanda bəxtmi deyim, talemi deyim, lazımsız hədiyyənin lazımı zamanda təqdim olunmasımı deyim.. Əvvəli ürəysıxıcı olsada son 30-40 səhifəni maraqla oxudum.

Əsərdə isə olduqca çox jarqon sözlərdən istifadə edilib. Söyüşlər, açıq ifadələr kitabın hər səhifəsində rast gəlinir. Hətta kitabın arxasını çevirərkən yazıçı haqqında olan təqdimat hissəsində belə bir ifadə oxudum "Mən bilirəm ki, valideynlərim mənim uğurlarıma çox sevinirlər, lakin kitablarımı onların oxumasını istəməzdim. Yeni kitablarım nəşr olunanda onların bir nüsxəsini anama və atama göndərirəm, eyni zamanda onlardan xahiş edirəm ki, bu kitabları oxumasınlar." - sitatın sonu :)
"Kötük" haqqında maraqlı şərhi keçənlərdə N.İbrahimin bloqunda da oxudum. Və onun qeyd etdiyi bir fikirlə tamamilə razıyam, necəki kinolarda +18 kimi xəbərdarlıqlar olur eləcə də kitablarda da o xəvərdarlığıb edilməsi vacibdir. Ən azından cəmiyyətimizin açıq söyüşlərə münasibəti birmənalı deyil.

İndi isə ənənəmə sadiq qalaraq karandaşla qaraladığım cümlələri paylaşım:

* Deyəsən, hamı tez və ya gec çıxıb gedir.

* Qəribədir, vallah. Çox maraqlıdır, nəyin bahasına olursa olsun, yaşamaq üçün nələr düşünmürlər, nələr etmirlər.

* ..bu nə sıxıntıdır. Bu sıxıntıya qalib gəlmər üçün nələr etmirik biz. Öz günlərimizi, uzun - uzun ağır iş günlərimizi, məyusluq günlərimizi, canlı ölüm günlərimizi - yer üzündə bizə ayrılmış zamanı, bizim dayaz, boş günlərimizi doldurmaq üçün nələr etmirik.

* "Sizin şikəstliyiniz bu cür işdə əngəl deyil" - deyəcəklər, hələ kim bilir daha nə cəfəngiyyat uyduracaqlar. Lakin onlar hansı şikəstliyi nəzərdə tuturlar? Məndə şikəstlik çoxdur, həm daxildə, həm xaricdə. Təkcə bir qolun olmaması ilə iş bitmir.

* Sənin qəlbin artıq ahənglə vurmur. Daxilində olan sən, artıq hissələrdən yığılıb bütövləşmir. Ruhun qafiyəsiz əsnəyir, səhv buraxır, qıcırdayır.

* Trans vəziyyətində elə rahatam ki. Bədənimdə başqa heç bir şey yoxdur, nə keçmiş, nə gələcək, nə yaddaş, nə dünya. Yalnız mən və döyünən ürəyim. Tam sıfırlanma, eqonun tam ölümü, heç bir şey, tam sakitlik. Çox yaxşıdır. Heyif ki, orada həmişəlik qalmaq olmaz.

* "İlahi, dəyişə bilməyəcəyim şeyləri qəbul etməyim üçün mənə - səbr, dəyişə biləcəyim şeyləri deyişməyim üçün - cəsarət, birini digərindən ayırmağım üçün - müdriklik ver."

* ..çünki mübarizə aparırsan. Çünki öz xatirələrindən yağışırsan. Çünki malik olduqlarından hər zaman narazısan və daima elə gəlir ki, sənin ağrın, sənin itkilərin - sənin bir hissən deyil, yad bir cisimdir, bıçaq kimi sənin həyatına sancılır, amma sən sadə yaşamalısan və sən bundan o qədər əminsən ki, çünki qışqırıq və ağrı içində doğulmusan və bundan sonra baş verənlər qazın üstündən su sürüşən kimi sənin üzərindən yuvarlanıb düşməlidir.

* Güllər qəşəngdirlər, düz sözümdür. Mən zəncirotuları hər zaman sevmişəm, sarı isə mənim sevimli rəngimdir. Birdə ki, gülün alaq otu olub-olmadığını kim müəyyənləşdirir? Alaq otu o deməkdir ki, gül öz yerində bitməyib. Demək istəyirəm ki, tutaq ki, sənin gicitikan tarlan var, birdən orda qızılgül bitir, bu zaman o alaq otu olacaq. Qızılgül. Başa düşürsən nə deyirəm? Alaq otu  - sadəcə sənə lazım olmayan yerdə bitən bitkidir. Vəssalam.

* Bu isti günlər də keçir, itir, əriyir, lakin onların məqsədsiz yaşandığını demək olmaz, çünki məqsəd var idi - vaxt öldürmək.

* Bir zamanlar düşünürdüm ki, hər cür cəfəgiyyatı qışqırmaq - həyatın sənin qarşına çıxardığı suallara vahid mümkün cavabdır, lakin indi bilirəm ki, bu özü cəfəngiyyatdır. Məğlubiyyətçilik cəfəngiyyatı.

* Biz isə SİYAHILAR tərtib etməyi, sadalamağı, bizi yavaş yavaş məhv edən quvvələri dəqiqliklə saymağı xoşlayırıq.

* Kafelər - yaşlı qadınlar üçündür. Qarılar - oturub söhbət etsinlər, tələbələr - hansısa inşanın üstündə oturub əsəbləşsinlər, dəbdəbəli pijonlar - bir fincan espresso içərək kitab oxusunlar. Yeri gəlmişkən, keçən həyatımda olmayan daha bir şey: kitablar. Mən düşünürdüm ki, oxumaq - sarsaqlıq etmək deməkdir. Mənim kitab oxumağa vaxtım yox idi, mən öz problemlərim haqqında düşünməli idim, ümumiyyətlə kitablara sərf olunmuş vaxt - içkidən alınmış vaxt deməkdir. Heç olmasa indi oxuyuram. Ayıqlıq sıxıntısı məni bürüyəndə etdiyim ilk iş bu oldu. Kitablarla ondan can qurtarmaq mümkündür. Kitablar dünyanı sənin üçün yenidən açır.

* Həyatımızın hər bir anı, hamısı - bizim xəstəliklərimizin, vicdan əzablarımızın, ölçülə bilməyən təəssüfümüzün, bizim biz olduğumuz üçün, dünyaya gəldiyimiz üçün kədərimizin qoxusunu verirlər.

_______________

Comments

Popular posts from this blog

ONUN SEVGİ MƏKTUBLARI

"NORVEÇ MEŞƏSİ" - Haruki Murakami

XATİRƏLƏR... XATİRƏLƏR... :)